Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-457/2023 07.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə (Açar sözlər: övladlığa götürmə və öhdədə olma faktının müəyyən edilməsinə dair) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X19 və X10 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 2(105)-4618/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 1969-cu ildə X7 tərəfindən övladlığa götürülməsi və onun öhdəsində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1966-cı il iyul ayının 8-də Bakı şəhərində anadan olmuşdur. Bioloji anası X4, atası isə X11r. Lakin 6 aylıq körpəliyindən 3 yaşınadək, yəni anası Fəzilə Xəlilova öldükdən sonra o, 1 saylı körpələr evinə verilmişdir. Atası bir müddət işlədiyi üçün ona baxa bilməmiş və 1 saylı körpələr evinə vermişdir. Sonradan Adıgözəlova (Qasımova) Minayə Paşa qızı onu övladlığa götürmüş və ona analıq etmək istədiyini bildikdə atası da onunla evlənmişdir. 3 yaşından etibarən onu anası (övladlığa götürən) Adıgözəlova (Qasımova) Minayə Paşa qızı böyütmüş, tərbiyə etmiş, ona qulluq göstərmişdir. Lakin hazırki tarixədək onun doğum haqqında şəhadətnaməsində anası kimi bioloji anası X4 göstərilmişdir. Hazırda onun övladlığa götürülmə faktının təsdiq edilməsinə və onun Adıgözəlova (Qasımova) Minayə Paşa qızının himayəsində böyüməsinin məhkəmə qaydasında təsdiq edilməsinə ehtiyac vardır. Çünki məhkəmədən başqa bu faktı təsdiq edə biləcək dövlət qurumu yoxdur. Onu övladlığa götürən Adıgözəlova (Qasımova) Minayə Paşa qızının ölümündən sonra miras əmlak qalmışdır. Həmin əmlaka dair vərəsəlik hüquqlarının qeydiyyata alınması üçün onun Adıgözəlova (Qasımova) Minayə Paşa qızı tərəfındən övladlığa götürülməsi faktının təsdiqlənməsinə ehtiyac vardır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin 2(105)-4618/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qətnaməsi ərizə təmin edilməmişdir (hakim Məlahət Abbasova). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ərizəçinin qeyd edilən faktın təsdiq edilməsi üçün mötəbər sübutları məhkəməyə təqdim edə bilməməməsini, şahid ifadələrinin hazırki ərizəsinin təmin edilməsi üçün yetərli olmamasını müəyyən edərək ərizəni təmin etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.2, 307.2.3, .07.2.11, 308, MPM-nin 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Ərizəçi apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(105)- 4618/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ərizənin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qət edərkən maddi hüquq normalarının tələblərini düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi şahid ifadələrina şübhə ilə yanaşaraq ərizəni təmin etməmişdir. Hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən, hazır ki Abşeron Rayon Məhkəməsinin qərarı ləğv edilməli və ərizənin təmin edilməsi barədə yeni qətnamə qət olunmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Ərizəçi apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, X3 övladı yoxdur. Onun ölümünə qədər bir yerdə yaşayıblar. Yas mərasimi ilə özü məşğul olub. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(105)-4618/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.2-ci maddəsinə əsasən məhkəmə şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 2(105)- 4618/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. Əvvəllər yaşadıqları evi dəyişdirmiş, o ev də pis şəraitli olduğu üçün "AAAF Parkdan" yeni ev almışlar. Atası evi onun adına rəsmiləşdirmək istəmiş, lakin onun 14 yaşı olduğu üçün analığı Minayənin adına rəsmiləşdirmişdir. Minayənin uşağı olmamış, onun atasından sonra Minayə başqa şəxslə evlənmişdir. Onlara görə Minayənin ailəsi ondan imtina etmişdir. Minayənin ikinci əri hazırda sağdır və ona məxsus evdə yaşayır. Mübahisəli evin yuxarısını özü üçün tikdirmişdir. Təsdiq edir ki, həqiqətən də, 1969-cu ildən X7 bacısını övladlığa götürmüş, bacısı onun öhdəsində olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X8 ifadəsində bildirmişdir ki, ərizəçinin qonşusudur. Əvvəllər qonşular elə bilirdilər ki, Minayə Şəlalənin və Lətifənin xalasıdır. Lakin sonradan məlum olmuşdur ki, Minayə onların analığıdır. O, özü burada 2000-ci ildən yaşayır, lakin Minayəgil bundan da öncə oraya köçmüşlər. Minayə vəfat edib. Təsdiq edir ki, həqiqətən də, X7 ərizəçini övladlığa götürmüş, ərizəçi onun öhdəsində olmuşdur. İş materillarına əlavə olunmuş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966cı il tarixdə Bakı şəhərində doğulmuşdur. 1170402 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. X6, anası X2r. AZE 03046584 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1939-cu il tarixdə Yevlax şəhərində doğulmuşdur. AZ-İ 963360 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə Xırdalan şəhərində ölmüşdür. AZ-İİ 242793 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində ölmüşdür. 17 may 2022-ci il tarixli, 05/Q-645/70 saylı arayışdan görünür ki, X16 ilə X9 nikahı Abşeron Rayon Məhkəməsinin xx.xx.1980ci il tarixli qətnaməsilə pozulmuş və xx.xx.1980ci ildə 75 saylı akt qeydi ilə Abşeron rаyоn qеydiyyаt şöbəsində dövlət qeydiyyatına alınmışdır. Qeydiyyat vəsiqəsindən və fərdi yaşayış fonduna daxil olan yaşayış evinin oktyabr 1989-cu il tarixdə tərtib edilmiş 14449 saylı texniki pasportunun surətindən görünür ki, Quşçuluq yaşayış massivindəki 124,5 kv.metrlik yaşayış evi X3 adına qeydə alınmışdır. Abşeron rаyоn qеydiyyаt şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X16 ilə X9 nikahı xx.xx.1967-ci il tarixdə 462 saylı aktla Yasamal rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Bakı şəhərində doğulmuş. X6, anası X2r. X1 Minayə Paşa qızı ilə xx.xx.1967-ci il tarixdə nikaha girmiş və onların nikahı Abşeron Rayon Məhkəməsinin xx.xx.1980-ci il tarixli qətnaməsilə pozulmuş, ərizəçi 1969-cu ildə X7 tərəfindən övladlığa götürülməsi və onun öhdəsində olması faktının müəyyən edilməsini xahiş etsə də, qeyd edilən faktın təsdiq edilməsi üçün mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən hissədə gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, ərizəçi özünün övladlığa götürülməsini bildirsə də buna dair hər hansı sübutu təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də ilkin olaraq ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli idi. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarında X21 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68) Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X21 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyən etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçi öz tələbini sübuta yetirə bilməmişdir. Bundan başqa məhkəmə kollegiyası şahid ifadələrinə qiymət verərək hesab edir ki, həmin ifadələr ərizənin təmin edilməsi üçün əsaslı hesab edilə bilməz. Belə k. şahidlərdən biri ərizəçinin bacısı olmaqla onun maraqlarına xidmət etdiyindən onun ifadəsi əhəmiyyət kəsb edə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməklə əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki,apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(105)-4618/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(105)-4618/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın Ərizəçi apelyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-457/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-457/2023
07.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver