Məhkəmə qərarları › İş №2(105)-461/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-461/2023

14.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-461/2023 14.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: tikilinin boşaldılaraq sökülməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh və nümayəndəsi Nümayəndə1 iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(074)-90/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin boşalıdılaraq cavabdehin vəsaiti hesabına sökülməsi tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Şamaxı şəhəri, DƏDƏQorqud küçəsində İddiaçı balansında və istismarında olan, diametri 315 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında, kəmərdən 1,5 metr məsafədə 2 (iki) mərtəbəli fədi yaşayış evi inşa olunan tikilinin cavabdehin öz vəsaiti hesabına boşaldılaraq sökülməsi, kəmərin mühafizə zonasının bərpa edilməsi, ödənilmiş 10 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının cavabdehdən alınıb İddiaçı İB-in hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ərazisində Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq İddiaçı balansında və istismarında olan, diametri 315 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında 2 mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Tikili diametri 315 mm-lik orta təzyiqli qaz kəmərində 1,5 metr məsafədə yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə gətirib çıxara bilər. Tikilinin inşa olunması qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, orada çalışan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır. Bu səbəbdən tikili təxirə salınmadan sökülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özüllərinə qədər məsafəsi 4 metr, aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Şamaxı Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(074)-90/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Şamaxı şəhəri, DƏDƏQorqud küçəsində yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evinin boşaldılması, Şamaxı şəhəri, DƏDƏQorqud küçəsində yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evinin Cavabdeh öz hesabına (əvəzi ödənilmədən) sökülməsi, mühafizə zonasının bərpa edilməsi, 10 (on) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının Cavabdeh alınaraq İddiaçınə ödənilməsi, Cavabdeh keçirilmiş ekspertizanın dəyəri 102 manatın alınıb X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE******************** saylı hesaba köçürülməsi qət edilmişdir (hakim etibari Hümbətov). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 147.8, 180.1, 180.4-cü maddələrinə, Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci və 2-ci hissəsinə, 84-cü maddəsinin 1-ci və 3-cü hissəsinə, 111-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na istinad edərək iddianı təmin etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-90/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, iddia və çıxarılmış məhkəmə qətnaməsi əsassızdır. Belə ki, qətnamədə qeyd edilir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçının balansında və istismarında olan 315 mm-lik aşağı təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa edilmişdir. Hansı ki, məhkəmə qanuni və ədalətli araşdırma aparsaydı ən azından o halı da araşdırardı ki, onun evi tikməsi vaxtı, həmçinin İddiaçıın xətt çəkməsi vaxtı arasında necə bir fərq var. Bu halı ona görə vurğulayır ki, onda olan Şamaxı Rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin rəyindən də göründüyü kimi dövlət orqanı onun torpaq sahəsində fərdi yaşayış evi tikməsinə etiraz etmir. Bundan başqa həmçinin 30 iyun 2007-ci il tarixli DTXK Şamaxı rayon şöbəsinin rəyində qeyd edilir ki, DTXK Şamaxı rayon şöbəsi Respublika Prezidentinin müvafiq olaraq fərdi yaşayış evi tikmək məqsədi ilə vətəndaş Cavabdeh 0,08 ha torpaq sahəsi Bələdiyyənin mülkiyyəti olmaqla satılmasına etiraz etmir. Göründüyü kimi onda zəruri sənədlər olduğu halda məhkəmə bu sənədlərə qiymət verməmişdir. Bu halları araşdırmaq zərurəti belə görməmişdir. Necə hesablaya bilərdi ki, nə vaxtsa İddiaçı İB həmin zonadan xətt çəkəcək. Ən azından İddiaçı xətt çəkməyə başladığı bir vaxtda gəlib həmin əraziyə baxış keçirtməmişdir. Keçiribsə də orada inşa etdiyi evi görməli və bu barədə hansısa zəruri tədbirlər görməli, xəbərdarlıq etməli, etiraz edilməli idi. Onlar da ona uyğun hansısa addımlar ata bilərdi. Görünən odur ki, İddiaçı qəsdən belə bir addım atmamışdır ki, sonradan ona qarşı bu cür iddia ilə məhkəməyə müraciət edə bilsin. Yenə də qeyd edir ki, məhkəmə fərdi yaşayış evinin daha öncə, yoxsa ki, qaz xəttinin daha öncədən çəkildiyini araşdırmadı. Onlarda olan arayışlardan, kommunal ödənişlərdən və s. sənədlərdən də görünür ki, onların evi tikmə vaxtı və yaşama vaxtı qaz xəttinin çəkilmə vaxtından daha əvvəldir. Bundan başqa bildirir ki, onda olan hüquqmüəyyənedici sənədlərdən də göründüyü kimi torpaq sahəsi onun adınadılr, baxmayaraq ki, çıxarış almayıb, lakin çıxarışın alınması üçün də bir maneə yoxdur, sənədləri çıxarış alınması üçün kifayət edir, göründüyü kimi potensial mülkiyyətçidir, bu da onu deməyə əsas verir ki, onun üzərindəki tikili də onundur, həmin torpaq və evlə bağlı gözlənilən mülkiyyət hüququ var, potensial mülkiyyətçidir. Sadəcə qeydiyyata alınması üçün müraciətlər edilməmişdir, ona görə də özbaşına tikili olması və bu əsasla da həmin tikilinin sökülməsi qanunauyğun deyildir. Bütün bu qeyd etdiklərindən də göründüyü kimi məhkəmə qanuni və ədalətli araşdırma aparmamış, iş üçün əhəmiyyətli olan heç bir halı araşdırmamışdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, o, evini 2007-ci ildə ev tikib. Həmin ərazidə tikili ola-ola 2011-ci ildə qaz xəttini evinin yaxınlığından çəkiblər. Hazırda onun evini sökmək istəyirlər. Halbuki onun evi tikiləndə həmin ərazi mühafizə zolağına daxil deyildi. Onun evinin çıxarışı yoxdur, torpağa dair bələdiyyə sənədi var. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(074)-90/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, həmin qaz xətti çəkiləndə onların evi artıq tikilmişdi. O, sənədlərini, qonşuların şahidliyi ilə tərtib olunmuş aktı məhkəməyə təqdim edib. Evə dair çıxarışları yoxdur. Onlar evi tikəndən sonra prokurorluqdan gəlib bildirdilər ki, burada ev tikmək olmaz. Qaz xətti mətbəxin divarına bitişib. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(074)-90/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı İB-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək bildirir ki, qətnamə qanuni və əsaslıdır. İş üzrə ekspert rəyindən görünür ki, tikili ilə qaz xətti arasındakı məsafə 2,3 metrdir. Sözügedən ərazidə qaz xətti 1973-cü ildə çəkilib, 2003-cü ildə həmin xətt əsaslı şəkildə təmir olunub. Bununla bağlı məhkəmə sorğusuna da rəsmi cavab verilib. Evin tikinti prosesindən məlumatları olmayıb, bu səbəbdən vətəndaşa tikinti getdiyi vaxtda xəbərdarlıq edilməyib. Qaz xəttinin ətrafında hər hansı şərti işarə yoxdur. Qaz xətti yeraltı qaz xəttidir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(074)-90/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlara dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, malqara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sortsınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları daxildir. 46-cı maddəsinin 2-ci hissəsinə əsasən göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normative hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər vəqurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinə əsasən qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. 22-ci maddəsinə əsasən bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çoxsaylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; boru kəmərlərinin sualtı keçidləri xətti boyunca su səthindən onun dibinə qədər olan məkanda, paralel müstəvilər arasında, kənar xəttin orta oxundan hər tərəfə 100 m mühafizə zonası ayrılır; kondensatın saxlanması, qazdan ayrılması üçün tutumların, neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır; baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır. Həmin Qaydaların 2 saylı əlavəsinə əsasən orta təzyiqli (qazın təzyiqi 0,05 kqq.sm2dən 3,0 kqq/sm2-ə qədər) yeraltı qaz kəmərlərindən binalara və tikintilərə qədər olan məsafə (mühafizə zolağı) 4,0 m təyin olunur. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarına əlavə edilmiş İddiaçı Ağsu RQİİ-nin Şamaxı Xidmət sahəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, 315 mm-lık, qaz kəməri ünvan 1 ərazisində yaşayan Cavabdeh 2 mərtəbəli fərdi yaşayış evinin ərazisindən keçir. İş materiallarına əlavə edilmiş Ağsu RQİİ tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2021-ci il tarixli məktubla, diametri 315 mm-lık, orta təzyiqli qaz xəttinin mühafizə zonasında yaşayış evi inşa edildiyindən həmin tikilinin 10 gün müddətində sökülərək qaz xəttinin mühafizə zonasından çıxarılmasının təmin edilməsi bildirilmişdir. İş üzrə keçirilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/66 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ünvan 1ndə Cavabdeh məxsus yanaşı yerləşən tikililərin (yanaşı bitişik olmaqla iki ədəd fərdi yaşayış evinin və inşası başa çatmamış yarımçıq tikilinin) arxa divarı ilə, tikililərə paralel olmaqla tikililərin uzununa boyunca orta təzyiqli diametri 315 mm-lik yeraltı polietilen qaz xəttinin keçdiyi müəyyən edildi. ünvan 1ndə Cavabdeh məxsus yanaşı yerləşən tikililərin arxa divarı ilə tikililərə paralel olmaqla, tikililərin uzununa boyunca orta təzyiqli diametri 315 mm-lik yeraltı polietilen qaz xəttinin keçdiyi yerlə tikililər arasında olan məsafənin 2,3 m təşkil etdiyini nəzərə aldıqda, Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə əsasən həmin tikililər (yanaşı bitişik olmaqla iki ədəd fərdi yaşayış evinin və inşası başa çatmamış yarımçıq tikili) diametri 315 mm-lik yeraltı polietilen qaz xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. İddiaçı balansında və istismarında olan diametri 315 mm-lik qaz kəmərinin mühafizə zonasında cavabdehin yaşayış evi inşa etdiyini iddia etmişdir. Bundan başqa ekspert rəyi ilə cavabdehə məxsus ünvan 1ndə yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin diametri 315 mm-lik yeraltı polietilen qaz xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Müəyyən olunmuşdur ki, cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçının balansında və istismarında olan 315 mm-lik aşağı təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ünvan 1ndə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evi boşaldılmalı, ünvan 1ndə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evi Cavabdeh öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonası bərpa edilməli, 10 (on) manat məbləğində ödənilmiş dövlət rüsumu dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı Cavabdeh alınaraq İddiaçınə ödənilməlidir. Məhkəmə eyni zamanda hesab etmişdir ki, keçirilmiş ekspertiza üzrə xərc cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə qeyd edilənlərə əsasən iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində qeyd olunan dəlillərə məhkəmə tərəfindən araşdırılaraq qiymət verilmişdir. Bundan başqa Cavabdeh evini tikdikdən sonra qaz borusunun çəkildiyini qeyd etsə də buna dair hər hansı bir sübut təqdim edə bilməmişir. Belə ki, cavabdeh onun ev tikdiyi ərazidən qaz kəmərinin keçəmədiyini qeyd etsə də məhkəmə kollegiyasının icasında cavabdehin nümayəndəsi bildirmişdir ki, onlar evi tikəndən sonra prokurorluqdan gəlib bildirdilər ki, burada ev tikmək olmaz. Bundan başqa cavabdehin məhkəmə kollegiyasına təqdim etdiyi 25 noyabr 2022-ci il tarixli aktdan görünür ki, cavabdeh 2007-ci ildə eəvin tikintisinə bşlamış, qaz xəttinin çəkilişi isə həmin ərazidə təxminən 2010-2011-ci ildən başlanılmışdır, qaz xəttinin çəkilişi zamaqnı ərazidə artıq yaşayış evini divarlarının hörüdlməsi işləri başa çatdırılmışdır. Məhkəmə kollegiyası bu akta tənqidi yanaşır. Belə ki, həmin aktdan belə məlum olur ki, cavabdehin iddia etdiyi kimi qaz xətti 2010-2011-ci ildə çəkilmiş olsa belə həmin vaxt onun evi tam tikilib qurtarmamışdı. Bundan başqa iş materiallarından cavabdehin iddia etdiyi kimi qaz xəttinin sonradan çəkilməsinə dair hər hansı bir orqana müraciəti və ya şikayət etməsi müəyyən olunmur. Bundan başqa İddiaçı Ağsu RQİİ-nin məhkəmə kollegiyasının sorğusuna daxil olmuş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutunun işçi layihəsinə əsasən Şamaxı şəhərinin Dədə Qorqud küçəsinə 1973-cü ildə qaz xətti çəkilmiş, 2003-cü ildə isə həmin ünvanda qaz kəmərinin yenidən bərpası müvafiq qaydada həyata keçirilərək qaz xətləri istismara verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Şamaxı Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(074)-90/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. CavabdehFəxrəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar