Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-471/2023 13.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iş üzrə (Açar sözlər: qaz xəttinə qanunsuz qoşulma, təbii qazdan istifadə qaydalarının pozulması, əsassız hesablanmış borc, borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2028/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 yanvar 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən abonent kodu **********00791 olan sayğaca baxış keçirilən zaman abonentin sayğacdan kənar rezin boru vasitəsi ilə qeyri-qanuni kənar qazdan istifadə etdiyi aşkar edilmişdir. 30 yanvar 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin məzmunundan görünür ki, qaz sayğacına qanunsuz qoşulma nəticəsində itirilmiş qaz sərfiyyatının 8640 m3 olduğu, əsas kimi ******* №li xx.xx.2022-ci il tarixli akt qeyd olunmuşdur. Abonent saldosundan görünür ki, abonent İddiaçı aid ünvan üzrə qaz sayğacı xx.xx.2018-ci il tarixdə quraşdırılmış, sayğac üzrə qalıq borc 0, akt üzrə qaz sərfiyyatı 8640 m3, akt üzrə qalıq borc 1036,80 manat qeyd olunmuşdur. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akta görə adına hesablanmış 1036,80 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt əsasında onun adına ümumilikdə 1036,80 manat məbləğində cərimə yazılmışdır. Belə ki, o, ailə üzvləri ilə birlikdə faktiki olaraq ünvan 1ində yerləşən fərdi yaşayış evində yaşayır. Aktda qeyd edilmişdir ki, cərimənin yazılmasına səbəb təbii qazdan qeyri-qanuni istifadə etməyi olmuşdur. Buna görə də dəymiş ziyan hesablanmalıdır. O, həm cərimə, həm də ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktda qeyd edilənlər ilə qəti şəkildə razılaşmır. Həmin aktda tarix belə qeyd edilməmişdir. Onun xəbəri olmadığı üçün aktın hansı tarixdə yazılmasını da bilmir. Onun evinə verilmiş qaz xəttindən qonşusu-X3 istifadə etmişdir. Belə ki, qaz üçün pul ödəyən zaman həmin pulun təxminən 20-30 faizinin balansdan çıxdığını görmüşdür. Bunun üçün Cavabdeh İB-nin Abşeron rayonunda yerləşən İdarəsinə yaxınlaşmışdır. Ona abonentin saldosu təqdim edilmiş və heç bir məlumat vermədən 1036,80 manat borcunun olduğunu bildirmişlər. O, dəfələrlə xahiş etdikdən və gəlgetlərdən sonra tarixi olmayan aktın əslini əldə etmişdir. Daha sonra Cavabdeh İB-nın əməkdaşlarını dəfələrlə xahişlərdən sonra əraziyə baxış keçirilməsi üçün həm onun, həm də ki, qonşunun evinə dəvət etmişdir. Əməkdaşlar gəlmiş və qonşusu X3 da həmin qeyri-qanuni qaz xəttinin Məmmədova Günelə aid olduğunu və qazdan istifadə etdiyini etiraf etmişdir. Ona şifahi olaraq adındakı borcun Günel Məmmədovanın adına keçiriləcəyi bildirilmişdir. O, sərf etdiyi qaza görə yenədə sayğaca pul yükləyən zaman onun yüklədiyi pulun 20-30 faizi yenə də həmin cərimə məbləğinə çıxılır. Sonra ona məlum olmuşdur ki, Günel Məmmədovanında adına cərimə hesablanmış, lakin onun adında olan cərimə silinməmişdir. O, bir daha Cavabdeh İB-nin Abşeron filialına müraciət etmişdir. Ona şifahi olaraq tərtib etdikləri aktı ləğv edə bilmədiklərini, çünki həmin sənədin baş idarəyə göndərildiyini bildirmişlər. Ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2028/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu **********00791 olan, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə 30 yanvar 2022-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 1036,80 manat borcdan 345,60 manat saxlanılmaqla, qalanan borcun silinməsi qət edilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh təşkilatın nümayəndəsi 1036,80 manat cərimənin hesabat müddətinin 90 gün qəbul edilməklə hesablanmasını məhkəmədə əsaslandıra bilmədiyindən və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi Cavabdeh vəzifəsi olduğunu nəzərə alaraq cərimənin 30 gün müddət götürülməklə hesablanması işin faktiki hallarına uyğun gəlir. (1036,80 : 3 = 345,60 manat). Odur ki, Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********00791 olan, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə 30 yanvar 2022-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 1036,80 manat borcdan 345,60 manat saxlanılmaqla, qalan borc silinməlidir. Məhkəmə gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 2.2.2, 2.3.1,6.5, “Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun” 6.2-ci bəndinə istinad etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materialları, şahid ifadələri, AKT-nın abunəçinin iştirakı olmadan tərtib olunmasından da görünür ki, hesablanmış cərimə tam qanunsuzdur. Abunəçi hər hansı qeyri qanuni qazdan istifadə etməsi sübut olunmur. Tutaq ki, belə bir hal var idisə belə, məhkəmənin bu mövqeyindən belə başa düşülür ki, abunəçi bir aya, yanvar ayında 345.60 manat həcmində təbii qazdan istifadə edib? Məhkəmə yoxluyubmu ki, abunəçi əvvəlki aylarda, əvvəlki illərin eyni ayında (yanvar ayında) orta hesabla nə qədər qaz sərf edib?! Təbii ki, bu kimi halların heç birinə məhkəmənin qiymət verməmiş, araşdırmamışdır. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahat Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. İddiaçı məhkəmə iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, öz izahatında apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanunun: Maddə 6-2. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” Qaydaları: Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Maddə 4.5. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apelyasiya şikayəti məhkəmə aktının qismən (iddia tələbinin təmin edilməyən hissəsində) ləğv edilməsinə yönədliyindən, apellyasiya baxışının həddini mübahisələndirilən hissədə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəllillərini, iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, həmin hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, qeyd olunmalıdır ki, hazırki mülki iş üzrə cavabdeh tərəf iddiaçıya məxsus ünvan üzrə qaz sayğacna onun tərəfindən qanunsuz qoşulması halını əsas götürərək, itirilmiş qaz sərfiyyatına görə akt tərtib edərək, həmin akta əsasən dəymiş ziyan məbləği hesablamışdır, iddiaçı isə həmin məbləğin əsassız olduğunu əsas gətirərək, borcun silinməsini tələbini irəli sürmüşdür. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə sübutetmə yükü məhz cavabdehin üzərinə düşür. Belə ki, məhz cavabdeh tərəf iddiaçının təqsirli hərəkətləri-qaz xəttinə qanunsuz qoşulması nəticəsində qaz itkisinin baş verməsi və bunun nəticəsində ona maddi ziyan dəyməsi halını sübutetmək vəzifəsini daşıyır. Lakin iş materiallarından görünür ki, qeyd edilən halın müəyyən edilməsi ilə bağlı cavabdeh tərəfindən heç bir mötəbər sübut vasitəsi məhkəməyə təqdim edilməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin çölündə yerləşdirilmişdir. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, cavabdeh tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş və akta fotoşəkil əlavə edilmişdir. Məhkəmə kollegiyası həmin aktla bağlı onu qeyd edir ki, qeyd edilən aktın tərtib edilməsində istehlakçı qismində çıxış edən iddiaçının iştirakı təmin edilməmiş, həmin akt cavabdehin özü tərəfindən tərtib edilmişdir ki, bu hal isə qeyd edilən aktın mötəbərliyini şübhə altına alır. Həmçinin, həmin akta bir neçə fotoşəkil əlavə edilsə də, həmin fotoşəkillər əsasında da iddiaçıya məxsus ünvan üzrə qaz sayğacına qanunsuz müdaxilə olub-olmaması halının müəyyən edilməsi mümkün olmamışdır. Cavabdeh tərəfindən isə həmin akta əlavə heç bir sübut (videoçəkiliş və sair) əlavə edilmədiyindən, habelə məhkəməyə qeyd edilən halın müəyyən edilməsi ilə bağlı heç bir mötəbər sübut təqdim edilmədiyindən, həmin aktın mötəbər sübut qismində qiymətləndirilməsi mümkün olmamışdır. Bununla da, hazırki mülki iş üzrə iddiaçının təqsirini, onun hərəkətləri nəticəsində qaz sayğacına qanunsuz müdaxilə olması halını, habelə bu müdaxilə nəticəsində cavabdehə maddi ziyan vurulması, vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması halının müəyyən edilməsi mümkün olmamışdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməyən hissəsində düzgün nəticəyə gəlməmiş, qeyd edilən hissədə işin halları tam aydınlaşdırılmamış, sübutlara düzgün qiymət verilməmiş, nəticə etibarilə iddia tələbinin təmin edilmıyən hissəsində düzgün olmayan qətnamə qəbul edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli,apellyasiya baxışının predmeti olan iddia tələbinin təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, qeyd edilən hissədə yeni qətnamə qəbul edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az məbləğ (iddianın qiyməti 345,60 manat) təşkil etdiyindən, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci madddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür;119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir;124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar və 9.1.14cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə kollegiyası hesab edir ki, MPM-in 119-cu maddəsinin tələbi baxımından hazırki mülki iş üzrə apellyasiya şikayəti verən şəxsin və cavabdehin dövlət rüsumu ödəməkdən azad olunması halının nəzərə alınması zəruridir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2028/2022 nömrəli qətnaməsi mübahisələndirilən (iddia tələbinin təmin edilməyən) hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi 345,60 manat məbləğində borcun silinməsinə aid hissədə təmin edilsin. Cavabdeh tərəfindən iddiaçı abonent İddiaçı yaşadığı, abonent kodu **********00791 olan, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı üzrə 30 yanvar 2022-ci il tarixli, ******* saylı akt əsasən hesablanmış 345,60 (üç yüz qırx beş manat 60 qəpik) borc silinsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-471/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-471/2023
13.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver