Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-474/2024 19.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeḣnə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X7 Məmmədov və X2 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh ”zaq̇ ırəzA“ İstehsalat Bı̇ rlı̇ yı̇ nə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(028)-628/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına (abunəçi kodu **********08100) Cavabdeh İB tərəfindən hesablanmış 2041 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat yaşadığı ünvanda qaz sayğacının yoxlaması barədə 30 may 2023-cü il tarixli akt və təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edərək dəymiş ziyanın bərpasına dair tələbnamə vermişdir. Həmin aktlara və abonent saldosuna, tələbnaməyə görə cavabdehə 17280 m3 qaz sərfiyyatı dəyərində borcu olduğunu göstərilmişdir. Sayğaca baxış zamanı müəyyən olunmuşdur ki, sayğacın daxilindəki plastmas boruda deşik aşkarlanıb. Buna görə də sərfiyyatı normadan artıq-nisbi xətayla işləyir və sayğac istismara yararsızdır və onlara 2041 manat dəyərində borc hesablanmışdır. Onların mənzilinə sayğac 2022-ci ilin avqust ayında quraşdırılmış və sayğaca onlar müdaxilə etməmişlər. Onun yaşadığı evə qazdan istifadə üçün quraşdırılmış sayğac evin içərisində deyil, çöldə yerləşir. Mənzilinə kommunal ödənişləri babasının - Məhərrəmov İzzətin və atası - Məhərrəmov Bəhmənin adına ödənildiyindən aktlar və tələbnamə babanın adına tərtib olunmuşdur. Babası 2011-ci ildə, atası isə 2021-ci ildə rəhmətə getmişdir. QİS-nin əməkdaşlarının istədikləri vaxt sayğaca baxış keçirtmək imkanı var. Onun sayğacın salamatlığına nəzarət etməsi mümkün deyil. Cavabdeh tərəfindən 17280m3 sərfiyyat hesablansa da, bunun heç bir hüquqi əsası yoxdur.
3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Azərbaycan Respublikası DNŞ-nin Cavabdeh İByi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 1602AZ**********19 saylı sayğaca baxış keçirildi. Sayğacın çıxış plastmas borusu deşilib. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda-100% nisbi xətayla işləyir. Kamera ilə sayğacın daxilinə baxış keçirildi, plastmas boruda deşik aşkar olundu. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Dəymiş ziyan həcmi 17280 m3 .
5. Cavabdeh İB-yi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, Metrologiya Departamentinin rəyinə əsasən G-4 markalı 1602AZ**********19 nömrəli sayğaca baxış keçirildi. Sayğacın çıxış plastmas borusu deşilib. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda-100% nisbi xətayla işləyir. Kamera ilə sayğaçın daxilinə baxış keçirildi, plastmas boruda deşik aşkar olundu. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır.
6. Abonentin saldosundan görünür ki, 2023-cü il tarixə abunəçi kodu **********08100 olan abonentin qalıq və aktlar üzrə 2073,60 manat borcu var.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
7. Qubadlı Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(028)-628/2023 nömrəli qətnaməsi ilə (hakim Vladimir Ruvinov) iddianın təmin edilməsi, ünvan 1 ünvanına (abunəçi kodu **********08100) Cavabdeh İB tərəfindən hesablanmış 2041 manat məbləğində borcun silinməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.2, 4.5, 4.7, 4.8, 4.9, 6.7 və 6.5-ci bəndləri, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, Qubadlı Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(028)-628/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddia tələbinin təmin edilməməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə ”Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt QİS-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında X4 (iddiaçının babası) məxsus sayğacın istismar müddətinin bitməsi ilə əlaqədar 1602AZ**********19 nömrəli Smart tipli sayğac çıxarılmış və yeni sayğacla əvəz edilmişdir. Çıxarılan sayğac Dövlət yoxlamasına göndərilmişdir. Sənaye və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanması barədə 30 may 2023-cü il tarixli MSK-14-2-2/3-5-5543/2023/Q001 saylı Aktına əsasən “Sayğaca baxış keçirildi. Sayğacın çıxış plastmas borusu deşilib. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda -100% nisbi xətayla işləyir. Kamera ilə sayğacın daxilinə baxış keçirildi. Plastmas boruda deşik aşkar olundu. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır” qeyd olunmuşdur. Bununla bağlı xx.xx.2023-cü il tarixli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən Sumqayıt QİS-nin əməkdaşları tərəfindən “Dəymiş ziyanın bərpasına dair tələbnamə” tərtib edilərək X3 (iddiaçının babası) Sumqayıt QİS-nin abonent bazasındakı **********08100 nömrəli abonent koduna 17280 m3 – 2073.60 (iki min yetmiş üç manat altmış qəpik) manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. X1 (iddiaçının babası) abonent koduna hesablanmış 2073.60 (iki min yetmiş üç manat altmış qəpik) manat itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Abonentlə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, Qətnamə çıxarılarkən tərəflərindən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız Qətnamə çıxarılmışdır. Bundan əlavə iddiaçının iddia ərizəsi və məhkəmə bildirişi də onlara təqdim olunmamışdır. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İstehlakçı hazırkı vəziyyətdə dəymiş zərərin əvəzini ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. İstehlakçı tərəfindən bu Müqavilənin, “Qazdan istifadə Qaydaları”nın tələblərinin pozulduğu hallarda, həmin halların aradan qaldırılmasını ondan tələb etmək İstehlakçıya hazırkı vəziyyətdə dəymiş zərərin əvəzinin ödənilməsi barəsində bildiriş göndərilmişdir. Təqdim edilmiş sənədlər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
13. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunu: Maddə 9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları” 4.2-ci bənd - Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.5-ci bənd - qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bənd - sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bənd - fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bənd – istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. 6.7-ci bənd - qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, cavabdeh təşkilat iddiaçının yaşadığı ünvanda qaz sayğacının yoxlaması barədə 30 may 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edərək 2073.60, manat dəyərində borc hesablanmışdır.
20. Göründüyü kimi iddiaçı tərəfindən həmin akt əsasında hesabanmış 2041 manat borc məbləği mübahisələndirilmişdir.
21. Birinci intansiya məhkəməsi iddia tələbi həddində işə baxaraq hesab etmişdir ki, məhkəmədə qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutlar cavabdeh təşkilat tərəfindən təqdim edilmədiyindən iddia təmin edilməlidir.
22. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermişdir.
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
25. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanıb, Cavabdeh İB iddiaçının ünvanında quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Sayğacda müdaxilənin aşkar edilməsi halı isə özlüyündə mənzildən kənarda quraşdırılmış sayğaca müdaxilənin abonent tərəfindən edilməsi nəticəsinə gəlməyə əsas verən hal kimi qiymətləndirilə bilməz. Qeyd edildiyi kimi fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına qaz paylayıcısı cavabdehlik daşıyır.
27. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq bu nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Qubadlı Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(028)-628/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
28. Kollegiya qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(028)-628/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.