Məhkəmə qərarları › İş №2(105)-478/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-478/2022

03.03.2022 · Müqavilələrin ləğv edilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-478/2022 03.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5812/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5812/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh kredit müqaviləsinə əsasən 22.225 manat məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, habelə gecikdirilmiş vaxt üçün həmin məbləğin illik beş faizinin alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməmişdir.(hakim Əfqan Ələkbərov) Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5812/2021 saylı, 23.09.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı kredit müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddiası AR MPM-nin 259.0.1-ci maddəsinə əsasən 02.03.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsində baxılmamış saxlanılmışdır. (hakim Əfqan Ələkbərov) İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 02.03.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu 02.03.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 22.225 manat məbləğində pulun, onun tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, habelə gecikdirilmiş vaxt üçün həmin məbləğin illik beş faizinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 02.03.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 22.225 manat məbləğində borc pul vermişdir. Həmin müqavilənin 2ci bəndinə əsasən Cavabdeh krediti 2 (iki) il müddətinə, yəni 02.03.2021-ci il tarixə qədər borc verənə hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 9-cu bəndinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Bundan əlavə həmin müqavilənin 10-cu bəndinə əsasən bu müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Müqavilənin şərtləri düzgün olaraq yazılmamışdır. Razılıqları belə olmuşdur ki, Cavabdeh hər ay ona 900 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin bu müqavilə iki il müddəti əhatə etməli olduğu halda, müqavilədə həmin borc məbləğinin 02.03.2021-ci il tarixə qədər ödənilməli olduğu qeyd edilmişdir. Müqavilədə belə boşluq olmasından istifadə edərək Cavabdeh bu müddət ərzində borc verdiyi 22.225 manat məbləğindən ümumiyyətlə ödəniş etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı iddia ərizəsilə eyni məzmunlu apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5812/2021 saylı mülki iş üzrə 07 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iş üzrə iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasınıxahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı onun bacısının əridir, birgə biznes qurmaq istəsələr də, iflasa uğramış, ziyana düşmüşlər. İddiaçı onu aldadıb müqaviləyə imza etdirib. O, pul almamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında oan 02.03.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 22.225 manat borca pul vermiş və cavabdeh həmin pul məbləğini 2 (iki) il müddətinə, yəni 02.03.2021-ci il tarixə qədər borc verənə hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Yenə işdə olan İddiaçı cavabdehə ünvanlanan pretenziya məktubundan görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Yenə də işdə olan Sumqayıt şəhəri 1 saylı Notariat Ofisinin məhkəmənin şifahi sorğusuna əsasən təqdim edilmiş 14.09.2021-ci il tarixli, 790 №-li cavab məktubundan görünür ki, 02.03.2020-ci il tarixində ünvan 1i ünvanında yaşayan İddiaçı ilə Cavabdeh arasında kredit ( borc ) müqaviləsi Sumqayıt şəhəri 1 saylı notariat ofisində rəsmiləşdirilmişdir. Kredit (borc) müqaviləsini tərəflər şəxsən özləri imzalamış, borc məbləği borcluya notariusun depozit hesabı vasitəsi ilə bankdan verilmişdir. Müqavilə 2 il müddətinə rəsmiləşdirilmişdir. Müqavilədə borcun qaytarılma tarixində texniki səhvə yol verilərək 02.03.2021-ci il yazılmışdır. Bu texniki səhvdir. 2022-ci il göstərilməli idi. İşə əlavə edilmiş "xxxx" ASC Sumqayıt Filialının müdiri Abdullayev E.A tərəfindən ünvan 2 ünvanlanmış, məktubla göndərilmiş məxaric qəbzindən görünür ki, 22.225 manat məbləğində pul vəsaiti Cavabdeh verilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edildiyi kimi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5812/2021 saylı, 23.09.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı kredit müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddiası AR MPM-nin 259.0.1-ci maddəsinə əsasən 02.03.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsində baxılmamış saxlanılmış, həmin qərardad mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5812/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, Cavabdeh 02.03.2020ci il tarixli kredit müqaviləsinə əsasən 22 225 manat məbləğində pul alınaraq İddiaçı verilməli, qalan hissədə iddia təmin edilməməlidir. İşə baxan birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, müqavilədə borc alanın borc verilmiş kreditin hissə-hissə qaytarmağı öhdəsinə götürdüyü qeyd olunsa da, bunun hansı məbləğdə və müddətdə icrası göstərilməmişdir. Odur ki, borcalan kredit müqaviləsinə əsasən borcu iki ilin sonunda qaytarmaq öhdəliyinin daşıyıcısıdır. Eyni zamanda müqavilədə kreditin vaxtından əvvəl tələb edilməsi, həmçinin, bunun hansı şərtlər mövcud olduqda həyata keçirilməsi nəzərdə tutulmamışdır. Kredit müqaviləsi ləğv edilmədiyindən, həmçinin kreditin vaxtından əvvəl tələb olunması nəzərdə tutulmadığından, bunun üçün qanunvericilikdə təsbit olunmuş şərtlər mövcud olmadığından, habelə, borc alanın əmlak vəziyyətinin pisləşməsinə, borcun qaytarılması tələbi üçün təhlükə yaranmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən və bu hallar iş materialları ilə təsdiqlənmədiyindən kreditin vaxtından əvvəl tələb olunması əsassızdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, işin tədqiq olunan faktiki hallarından göründüyü kimi İddiaçı Cavabdeh 22.225 manat borca pul vermiş və cavabdeh həmin pul məbləğini 2 (iki) il müddətinə, yəni 02.03.2021-ci il tarixə qədər borc verənə hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə təkcə onun hərfi mənası baxımından deyil, iş üzrə tərəflərin qarşılıqlı münasibətləri, müqaviləyə qədərki və sonrakı danışıqları, onun digər şərtləri və mənası baxımından qiymət verilməlidir. Qeyd edildiyi kimi müqavilədə borcun hissə-hissə və iki il müddətinə qaytarılması əsas dispozitiv şərt kimi nəzərdə tutulmuşdur. Doğrudur, müqavilədə son tarix kimi texniki səhv olaraq 02.03.2021-ci il göstərilməsinə baxmayaraq məhkəmə kollegiyası həmin müddəti 02.03.2022-ci il kimi qəbul edir. İddiaçı iddia ərizəsində özü də bu halı təsdiq edir. İşdən göründüyü kimi cavabdeh müqavilə müddəti ərzində həmin borc məbləğindən heç bir ödəniş etməmiş, əksinə borcu olmadığını bildirməyə başlamışdır. Baxmayaraq ki, həmin müqaviləni mübahisələndirməmişdir. Belə olan halda, yəni borclunun borcu qaytarmaqdan açıq-aşkar imtina etməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin daha öncə qeyd olunan əsaslarla iddianı rədd etməsi əsassızdır. Xüsusilə qeyd olunmalıdır ki, hazırda tərəflər arasında bağlanmış kredit müqaviləsinin icra müddəti də bitmişdir. Ona görə də həmin müqavilənin vaxtından əvvəl ləğvi tələbi də əhəmiyyətini itirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, cavabdeh kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Yenə həmin Məcəllənin 740.2-ci maddəsinin tələblərinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşdən göründüyü kimi tərəflər arasında borc müqaviləsi yazılı bağlanmış və notarial qaydada təsdiq edilmişdir. Başqa sözlə, iç üzrə cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması mötəbər sübutla öz təsdiqini tapır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Şərh olunanlara əsasən,məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 22225 manat borc pul tələbində haqlıdır. Bununla yanaşı, məhkəmə kollegiyası gecikdirilmiş vaxt üçün həmin məbləğin illik beş faizinin alınıb ona verilməsi tələbində iddiçı ilə razılaşmır. Bununla bağlı iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmiş, ümumiyyətlə həmin tələb formal şəkildə irəli sürülmüş, əsaslandırılmamışdır. Ona görə də, qeyd olunan tələb təmin oluna bilməz. Məhkəmə kollegiyası iş üzrə cavabdehin dəlillərini əsassız hesab edir. Bu dəlillər yuxarıda sadalanan sübutlarla tam təkzib olunur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi, həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə kollegiyası yuxarıda qeyd olunan hüquq normalarına əsasən hesab edir ki, iddia tələblərinə etirazının əsası kimi istinad edilən halları, yəni pul almadığını sübut etmək vəzifəsi cavabdehin vəzifəsi olduğundan və onun dəlilləri təqdim olunmuş hər hansı bir mötəbər və letim sübutla təsdiq olunmadığından, formal mülahizələrə əsaslandığından qəbul edilə bilməz. Yuxarıda sadalanan təkzibedilməz sübutlarla cavabdehin dəlilləri tam təkzib olunur. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri işdə olan sübutlarla əlaqəli qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5812/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, Cavabdeh 02.03.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 22 225 manat məbləğində pul alınaraq İddiaçı verilməli, qalan hissədə iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddianın və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 45 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5812/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 02.03.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 22 225 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. İddianın və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 45 manat dövlət rüsumu Cavabdeh tutulub İddiaçı verilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar