Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-478/2025 02.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı evin təmirinə xərclənmiş pulun qaytarılması tələbinə dair qarşılıqlı iddialara dair mülki iş üzrə (Açar sözlər: kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, təmir-tikintiyə sərf olunmuş xərc tələbi-sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X19 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X13, İlk İddiaçı, Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3364/2024 nömrəli qətnaməsindən cavabdeh-iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları:
1. Abşeron rayon Məhkəməsinin e-2(012)-930/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı X6, Cavabdeh, X2 qarşı mənzildən çıxarma tələbinə dair ilkin iddia qismən təmin olunmuş, cavabdehlər X7 və X1 mülkiyyət hüququ İddiaçı məxsus olan ünvan 1-də yerləşən fərdi yaşayış evindən çıxarılmaları, Cavabdeh İddiaçı qarşı istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası təmin olunmuş, Cavabdeh mülkiyyət hüququ İddiaçı məxsus olan ünvan 1 ünvanına istifadə hüququnun tanınması, X5 İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.
2. Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş icra işindən görünür ki, Abşeron rayon Məhkəməsinin e-2(012)-930/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə tələbin könüllü icrası barədə bildiriş tərəflərə göndərilmiş, xx.xx.2023-cü il tarixində İddiaçı tərəfindən yazılmış ərizəyə əsasən, o, Abşeron rayon Məhkəməsinin e-2(012)-930/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində qeyd olunan tələb tam icra olunduğundan həmin icra sənədinə xitam verilməsini xahiş etmiş və xx.xx.2023-cü il tarixli qərar ilə Abşeron rayon Məhkəməsinin e2(012)-930/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir.
3. “X20” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Əliyar Əliyev küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 343,0 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 10 otaqdan ibarət 2 saylı fərdi yaşayış evinin xx.xx.2024-cü il tarixinə olan aylıq kirayə dəyəri 180 manat təşkil edir.
4. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Əliyar Əliyev küçəsi, 2 saylı ev ********** qeydiyyat nömrəsi ilə, **********12- 10301 reyestr nömrəsi ilə, xx.xx.2021-ci il tarixində xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.
5. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 29, mənzil 58, Cavabdeh isə ünvan 2 ünvanında qeydiyyatdadır. Apellyasiya icraatı zamanı tərəflərin hər birinin təqdim etdiyi şahid ifadələri:
6. X4 ifadəsində bildirdi ki, qeyd olunan evdə atası Dağbəyi Cəfərovla birlikdə usta işləri görmüşlər. Onlar tikintiyə başlamamışdan əvvəl Abşeron rayonu, Saray qəsəbəsindəki ev hazır vəziyyətdə idi. O, dəfələrlə həmin evdə olub, İddiaçı də onu orada görmüşdür. Digər dostu olan Vüsal adlı şəxs də həmin evdə elektrik, santexnik işlərini görmüşdür. Evin ikinci mərtəbəsinin təmir işlərini görmüşlər. Cavabdeh kirayədə qalırdı, həmin evin ikinci mərtəbəsinin təmir işlərini görürdülər ki, Zaur ora köçsün. Evin ikinci mərtəbəsinin təmir işlərini görəndən və Cavabdeh ora köçəndən sonra həyətdə beton, suvaq işləri görmüşlər. Onları usta kimi Cavabdeh dəvət edib, materialı da özü alırdı, onlara ödənişi də o edirdi. 1 otağın təmirini təxminən 5-6 min manat civarında edirdilər.
7. X25 Nikolayeviç ifadəsində bildirdi ki, qeyd olunan evi fundamentdən, dam örtüyünə qədər, evin hər iki mərtəbəsinin təmirinə, evin içərisinin təmirinə qədər işləri özü həyata keçirmişdir. Masallı rayonundan qayınatası, bir də 5 nəfər şəxs olmaqla briqada gətirib. Evin alçipanın vurulması, elektrik işi, kombi sistemi işini özü etmiş, qalan işləri də Masallı rayonundan gətirdiyi briqada görmüşdür. Evin ikinci mərtəbəsində otaqların sayı evin birinci mərtəbəsində olduğu kimidir. Belə ki, 1 zal, 1 yataq otağı, 1 uşaq otağı, mətbəx və hamam-tualet var. Ortada uzun zaldır, dəhlizdir. Evin çöl ölçüləri 11x12,50-dir. Evin içərisinin təmir işlərini briqada edib. Briqadada Mehman adlı şəxs yox idi. Əmək haqqını, xərcləri İddiaçı verirdi. Hətta zəhmət haqqı əvəzi İddiaçı ona “Çeşka” furqon avtomobil bağışlamışdı.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan tələbin artırılması ilə məhkəməyə müraciət edərək “6000 manat kompensasiya ödənilməklə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, Əliyar Əliyev küçəsindəki 2 saylı evdən istifadə hüququna xitam verilməsi və əşyaları ilə birlikdə həmin evdən çıxarılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İlk İddiaçı iddiasını onunla əsaslandırıb ki, o, 1989-cu ildə X7 ilə nikaha daxil olmuşdur. Bu nikahlarından 2 övladları - xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh və 1990-cı il təcəllüdlü X8 anadan olmuşdur. O, X6, Cavabdeh və X2 qarşı mənzildən çıxarma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7, oğlu Cavabdeh və onun ailəsi X3, X15 və X9 mülkiyyət hüququ ona məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh ona qarşı istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X7 ona qarşı birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlak olan ünvan 1-nin 1/2 hissəsində ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı onun, 1/2 hissəsinə onun payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(012)-930/2023 saylı qətnaməsi onun X6, Cavabdeh, X2 qarşı mənzildən çıxarma tələbinə dair ilk iddia qismən təmin olunmuş, cavabdehlər X7 və X3 mülkiyyət hüququ İddiaçı məxsus olan ünvan 1-də yerləşən fərdi yaşayış evindən çıxarılmaları, Cavabdeh ona qarşı istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası təmin olunmuş, Cavabdeh mülkiyyət hüququ ona məxsus olan ünvan 1 ünvanına istifadə hüququ tanınması, X5 ona qarşı birgə nikah dövründə əldə olunmuş 2 əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və artıq icra edilmişdir. Cavabdeh anası və ailəsi ilə birlikdə hazırda ünvan 3 ünvanında yaşayır. Lakin arabir mübahisəli evə gəlib-gedir. Hər dəfə gələndə isə həm ata, həm də mülkiyyətçi kimi onu saymır və onu əsəbiləşdirir. Cavabdeh evin faktiki olaraq ikinci mərtəbəsindən istifadə edir, evdən gedəndə pəncərə və qapını bağlamır, elektrik enerjisini ayırmır, bu kimi birgə yaşayış qaydalarına zidd hərəkətlər edir. Bu isə mülkiyyətçi kimi onun hüquqlarını pozur. Hesab edir ki, cavabdehin həmin mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməlidir. Cavabdehin qeydiyyatda qalması onun mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. O, cavabdehə görə adambaşına hesaba alınan kommunal xidmət haqları ödəməli olur. Odur ki, ilk iddia təmin edilməlidir.
10. Cavabdeh öz növbəsində, İddiaçı qarşı məhkəməyə müraciət edərək, “mübahisəli evin təmirinə xərclənmiş 30000 manat, hüquqi yardıma görə verilmiş 320 manat və dövlət rüsumu kimi verilmiş 182 manat pul vəsaitin qaytarılması barədə” qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Qarşılıqlı iddia onunla əsaslanıb ki, ilk iddia əsassızdır. Cavabdeh İddiaçı oğludur. Cavabdeh 2013-cü ildən etibarən ünvan 1-də yerləşən fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evinin tikilmə və təmir xərclərində müxtəlif tarixlərdə olmaqla 30000 manatdan artıq vəsait Cavabdeh tərəfindən xərclənmişdir. Cavabdeh hal-hazırda başqa yaşayış yeri yoxdur. İddiaçı təklif etdiyi 6000 manat kompensasiya qəbul etməsi mümkün deyildir. Cavabdeh uzun müddət atası ilə münasibətləri yaxşı olmuş, buna görə də yaşadıqları evi öz evi kimi qəbul etmiş, özünün və ailəsinin ehtiyacları üçün evin ikinci mərtəbəsinə, həyətinə kifayət qədər xərc çəkmişdir. Əmlakın dəyərini xeyli (əhəmiyyətli dərəcədə) artıran yaxşılaşdırmanın edilməsi və bu yaxşılaşdırmanın məhz münasibətlərin yaxşı olduğu dövründə Cavabdeh tərəfindən edilməsi bu gün əmlakın dəyərinin artmasına səbəb olmuşdur. Nəzərə alınmalıdır ki, kompensasiya istifadə hüququn əvəzi kimi verilə bilər. İstifadə hüququ subyektiv hüquq olaraq bir davranış imkanıdır, ona görə də hüququn kompensasiyası deyiləndə “imkanın əvəzləşdirilməsi” başa düşülür. Əvvəlcə “imkan” müəyyənləşdirilməlidir. “İmkan” müxtəlif amillərlə müəyyənləşdirilir: mənzildə istifadəçiyə xas olmuş şərait və s. Bundan sonra “imkana” uyğun olan “əvəz” müəyyənləşdirilməlidir. “Əvəz” də müxtəlif amillərlə müəyyənləşdirilir: mənzil bazarındakı kirayə qiymətləri, istifadəçinin maddi vəziyyəti, sosial vəziyyəti, istifadəçinin özünə yaşayış sahəsi əldə edə bilməsi üçün zəruri olan müddət və s. Göstərilən amilləri məhkəmə araşdırması keçirmədən müəyyən etmək mümkün deyil. Heç kəs kompensasiyanın məbləğini qabaqcadan müəyyən etmək qabiliyyətinə malik deyil, heç bir normativ-hüquqi aktda bu məbləğ göstərilməmişdir. İlk iddia üzrə iddiaçının göstərdiyi məbləğ tikinti və təmir xərclərindən çox aşağıdır. Cavabdeh mübahisəli mənzilə qoyduyu təmir xərcləri həmin məbləğdən dəfələrlə çoxdur. Buna əsasən həmin məbləğin qəbul edilməsi mümkünsüzdür. Göstərilənlərə əsasən, ilk iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir.
12. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3364/2024 nömrəli qətnaməsi ilə (hakim H.Əhmədov) ilk iddia təmin edilmiş, qarşılıqlı iddia isə təmin edilməmişdir.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbə ə/d, Saray qəsəbəsi, Əliyar Əliyev küçəsində yerləşən 2 saylı ev ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətindədir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə Cavabdeh bu evdən istifadə hüququ tanınmışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6000 manat kompensasiya ödənilməklə Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, Əliyar Əliyev küçəsindəki 2 saylı evdən istifadə hüququna xitam verilməsi və əşyaları ilə birlikdə həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdən görünür ki, mübahisəli evin mülkiyyətçisi İddiaçı ilə Cavabdeh arasında münasibətlər hazırda pisləşmişdir və onların birgə yaşaması mümkünsüzdür. Belə olan halda isə həmin daşınmaz əmlakdan istifadə hüququna malik cavabdehin bu hüququ əmlakın mülkiyyətçisinin verəcəyi kompensasiya ilə əvəzləşdirilməlidir. Məhkəmə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün mübahisəli yaşayış sahəsinin şəraitindəki evin kirayə qiymətlərini müstəqil qiymətləndirici vasitəsilə müəyən edən rəyi qənaətbəxş hesab edib. Belə ki, “X20” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Əliyar Əliyev küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 343,0 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 10 otaqdan ibarət 2 saylı fərdi yaşayış evinin xx.xx.2024cü il tarixinə olan aylıq kirayə dəyəri 180 manat təşkil edir. İddiaçı iddia ərizəsində kompensasiyanın məbləğini 6000 manat göstərsə də, məhkəmə iclasında ən çoxu 7000 manat vəsait verə biləcəyini bildirmişdir, məhkəmə isə onun tərəfindən təklif edilən 7000 manat kompensasiya məbləğini məqbul hesab edib. Məhkəmənin qənaətinə görə bu məbləğ mübahisəli evə oxşar şəraitli yaşayış sahəsilə ilə uzun müddət (təqribən 38 ay) təmin olunmağa kifayət edir. Digər tərəfdən məhkəmə ilk iddia üzrə Cavabdeh digər yaşayış sahəsi ilə artıq təmin olunmasını da nəzərə alır. Qarşılıqlı iddiaya gəlincə məhkəmə hesab edib ki, Cavabdeh öz tələbinin əsasını təşkil edən dəlillərlə bağlı məhkəməyə mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə qarşılıqlı iddianın təmin edilməməsi nəticəsinə gəlib.
14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2, 228.5-ci maddələrinə, Mülki Məcəllənin 228.2-ci maddənin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 124.1, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
15. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3364/2024 nömrəli qətnaməsindən cavabdeh-iddiaçı Cavabdeh apellyasiya şikayəti vermişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh uzun müddət cavabdeh olan atası ilə münasibətləri yaxşı olmuş, buna görədə yaşadıqları evi öz evi kimi qəbul etmiş, özünün və ailəsinin ehtiyacları üçün evin ikinci mərtəbəsinə, həyətinə kifayət qədər xərc çəkmişdir. Əmlakın dəyərini xeyli (əhəmiyyətli dərəcədə) artıran yaxşılaşdırmanın edilməsi və bu yaxşılaşdırmanın məhz münasibətlərin yaxşı olduğu dövründə Cavabdeh tərəfindən edilməsi bugün əmlakın dəyərinin artmasına səbəb olmuşdur. Hal-hazırda yaxşılaşdırmaları ayırmaq mümkün olmadığı üçün mülkiyyətçi İddiaçı oğlu Cavabdeh çəkdiyi məsrəflərin əvəzini ödəməlidir. Lakin birinci instansiya məhkəməsi qeyd olunanlara qiymət verilməmiş, işə səthi yanaşmışdır. Cavabdeh və onun azyaşlı uşaqlarının hal-hazırda yaşamaq üçün başqa yaşayış yerləri olmadığına görə məhkəmə tərəfindən müəyyən edilmiş çox az miqdarda olan kompensasiya ilə onların oxşar imkanlarda yaşaması mümkün deyildir. Hal-hazırda Cavabdeh yaşadığı evin ətrafında aylıq icarə haqqları 450-550 AZN arasındadır. İddiaçı tərəfindən təqdim olunan qiymətləndirmə rəyinə etiraz etməyinə baxmayaraq məhkəmə həmin rəyi əsas almış və qətnaməni həmin rəyə uyğun əsaslandırmışdır. Məhkəmə öz qətnaməsini “X20” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatına əsaslandırmasına baxmayaraq elekton məhkəmə sistemində sənədlər qismində qeyd olunan qiymətləndirmə hesabatı mövcud olmamış, həmin sənədin hansı formada məhkəməyə təqdim edildiyi qeyri-müəyyən olaraq qalmaqdadır. Məhkəməyə vəsatət verilərək Cavabdeh tərəfindən təmir işlərinin görülməsi ilə əlaqədar olaraq Mehman Cəfərovun (AA2349315) və Dağbəyi Cəfərovun (AZE********) məhkəmə iclaslarında şahid qismində dindirilməsinə şərait yaradılması xahiş edilmiş, lakin məhkəmə buna şərait yaratmamışdır. Halbuki birinci instansiya məhkəməsi xüsusən şahidləri dindirməklə işin obyektiv araşdırılmasını təmin edə bilərdi. Qarşılıqlı iddianın araşdırılması üçün ekspertiza keçirilməsi zəruri olmasına baxmayaq, ekspertiza keçirilməsi üçün verilmiş vəsatət əsassız olaraq təmin edilməmişdir. Hətta 27 yanvar 2025-ci il tarixdə mülki işin materilları ilə tanış olarkən məlum olmuşdur ki, vəsatət iş materiallarına əlavə edilməmiş, protokollarda öz əksini tapmamışdır. Qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsi e-2(012)-930/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində göstərilmişdir ki, “iddia tələbinin Cavabdeh və onun ailəsi X1 övladları X15 və X9 evdən çıxarılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır, belə olan halda, cavabdehlərin uşaqlarının valideynlərinin hansının himayəsində olması barədə sübut olmadığından və habelə uşaqların ataları Cavabdeh qarşılıqlı iddia tələbi təmin edildiyindən bu hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir.” Həmçinin həmin qətnamədə göstərilmişdir ki, “Məhkəmə iclasında şahid X10 ifadəsində göstərdi ki, tərəflərin qonşusudur. Onlar 2008-ci ildə, tərəflər isə 2013-cü ildə Abşeron rayonu Saray qəsəbəsində yaşamağa başlamışlar. Evin tikilməsinin, tərəflərin ora köçməsinin şahidi olmuşdur. Ev tikilib qutarmamış Rəsulun atası vəfat etmişdir. Bir qonşu kimi mərhuma keçirilən yas mərasimində iştirak etmişdir. Bir neçə nəfər yığışaraq lotereya oynamağa başladıqda Zaur da ona yaxınlaşaraq evin ikinci mərtəbəsini düzəltməyə pul lazım olduğunu, onlara qoşulmaq istədiyini bildirmişdir. Lotereya 1 il ərzində davam etmişdir. Sonra Zaura çatası pulu Zaurun özünə vermişdir. İradənin dediyinə görə verilən pul evin ikinci mərtəbəsinin inşasına xərclənmişdir.” Qeyd olunan qətnamədən görünür ki, Cavabdeh və onun övladları olan X15 və X9 ünvan 1-də evdən çıxarılması təmin edilməmiş, uşaqlara ataları ilə birlikdə yaşamaq hüququ verilmişdir. Yuxarıda qeyd olunanlar məhkəmə tərəfindən araşdırılmamış, işə səthi yanaşılmışdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, məhkəmə qətnaməsi ilə qət edilmiş kompensasiya məbləği ilə razı deyil. Həmin məbləğ ədalətli və əsaslı deyildir. Kompensasiya məbləğinin 15000 manat məbləğində müəyyən edilməsini istəyir. Əks halda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdein (qarşılıqlı iddiaçının) nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iş üzrə birinci instansiya məhkəməsində icraat zamanı qarşı tərəfin təqdim etdiyi qiymətləndirmə haqqında hesabata əsaslanmaqla məhkəmə qətnamə qəbul edilmişdir. Həmin qiymətləndirmə haqqında hesabatla razılaşmırlar. Belə ki, hesabatda kirayə haqqı çox aşağı – aylıq 180 manat məbləğində göstərilmişdir. Məhkəmə tərəfindən yenidən qiymətləndirmə keçirilməsinə şərait yaradılmamışdır. Hal-hazırda onların əldə etdiyi qiymətləndirmə barədə mütəxəssis rəyində həmin ərazi üzrə kirayə haqqına dair məlumatlarla məhkəmənin istinad etdiyi hesabatdakı qiymətləndirmədə əsaslı fərq mövcuddur. Bundan başqa fərdi yaşayış evinin ikinci mərtəbəsinin tikintisi, orada təmir işlərinin görülməsi ilə əlaqədar şahidlərin dirindirilməsinə məhkəmə şərait yaratmamışdır. Hazırda həm kompensasiya məbləği hissəsində, həm də evin təmirinə çəkilmiş xərclərlə bağlı tələbin təmin olunmaması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyildir. Əgər bazar qiyməti əsas götürülsə, kompensasiya olaraq 15000 manat, təmirə çəkilmiş xərclər əsas götürülsə, 30000 manat, ortaq məxrəcə gəldikdə isə cavabdehə 20000 manat məbləğində pul verilməlidir. Hazırkı vəziyyətdə hüquqlarını müdafiə etdiyi şəxs uşaqları ilə birlikdə 7000 manata özünə mənzil şəraiti qura bilməz. Hazırda Cavabdeh uşaqları mübahisəsi gedən evə qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsi bu hallara qiymət verməmişdir. Göstərilənlərə əsasən vəkili və nümayəndəsi Vəkil sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mübahisəli evi 2013-cü ildə briqada tikmişdir. Həmin vaxt cavabdehin 20 yaşı var idi və qeyd etdiyi məbləğdə evə vəsait xərcləməsi mümkün deyildir. Onun qeyd etdiyi şəxslər həyətə beton töküblər. Onun cavabdehlə birlikdə yaşaması mümkün deyildir. Bu səbəbdən cavabdehin kompensasiya qarşılığında mübahisəli evdən çıxarılmasını tələb edir. Kompensasiya məbləği kimi maksimum 8000 manat verməyə razıdır.
Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı: Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Habelə, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayətindən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3364/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilməsini və ilk iddianın rədd, qarşılqılı iddianın isə təmin olunmasını xahiş etmişdir.
25. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə tam və hərtərəfli araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız ilk iddia üzrə kompensasiyanın məbləğinə münasibətdə dəyişdirilməlidir.
27. Hazırkı işdən bəlli olur ki, ilk iddia tələbi cavabdehin mübahisəli mənzildən kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və çıxarılması, qarşılıqlı iddia tələbi isə evin təmirinə çəkilmiş maddi xərcin tutulması barədədir.
28. İşin mübahisə olunmayan hallarından görünür ki, mübahisəsi gedən Abşeron rayonu, Saray qəsəbə ə/d, Saray qəsəbəsi, Əliyar Əliyev küçəsində yerləşən 2 saylı ev tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.
29. İşin mübahisə olunmayan digər halından görünür ki, tərəflərin etimadlı ailə üzvü kimi münasibətləri pozulduğundan Abşeron Rayon Məhkəməsinin e-2(012)-930/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən; - İddiaçı “mənzildən çıxarma “ tələbinə dair ilkin iddia qismən təmin olunmuş, cavabdehlər X7 və X1 mülkiyyət hüququ İddiaçı məxsus olan ünvan 1-də yerləşən fərdi yaşayış evindən çıxarılmaları, -Cavabdeh “istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiası təmin olunmuş, Cavabdeh mülkiyyət hüququ İddiaçı məxsus olan ünvan 1 ünvanına istifadə hüququnun tanınması, X5 İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.
30. Göründüyü kimi, iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğu kimi, cavabdeh də həmin evdə istifadə hüququ olan şəxsdir. Kollegiya bildirir ki, qeyd olunan mövqe mübahisənin həllinə təsiri baxımından önəmli olmaqla, kompensasiya institutu ilə uzlaşır.
31. İddiaçı cavabdehlə bir mənzildə yaşamaqlarının mümkün olmadığına görə cavabdehə 7000 kompensasiya verilməklə onun mənzilə istifadə hüququna xitam verilməsini xahiş edir. Sonradan apellyasiya icraatı zamanı isə bu məbləği bir az da qaldıraraq 8000 manat müəyyən etmişdir.
32. Cavabdeh tərəf isə iddiaçının təklif etdiyi kompensasiya məbləği ilə razılaşmır və etirazının əsası kimi onu göstərir ki, həmin məbləğlə normal şəraiti olan yaşayış sahəsi ilə təmin edilməsi mümkün deyil, ən azı 15000 min manat kompensasiya verilərsə, iddianı qəbul edər. Bundan əlavə cavabdeh bildirir ki, sözügedən evin ikinci mərtəbəsinin təmirinə xeyli məbləğdə xərc çəkmişdir.
33. Kollegiyanın araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdeh iddiaçının oğlu olmaqla, ailəlidir və hazırda iddiaçı onlarla birlikdə yaşamağın mümkünsüzlüyündə israrlıdır.
34. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır.
35. Konstitusiya Məhkəməsinin mövqeyinə görə kompensasiya məbləği mənzil istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzilin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca mənzilin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni, mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şəraiti yaradılmalıdır.
36. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, kompensasiya almaq hüququ yaşayış sahəsinin istifadəçisinə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etməyə əsas vermir. Bununla belə, mənzilin mülkiyyətçisi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə (şəxslərə) onun (onların) istifadə hüququna xitam verilməsi üçün elə məbləğdə kompensasiya verməlidir ki, həmin kompensasiya istifadəçiyə (istifadəçilərə) müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona (onlara) xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Tərəflər (mülkiyyətçi və istifadəçi) kompensasiyanın məbləği barədə razılığa gələ bilmədikdə həmin məbləğ məhkəmə tərəfindən müəyyən olunmalıdır. Eyni zamanda məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
37. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmamışdır.
38. Hətta Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında da bu müddətin nə qədər olması müəyyən edilməmişdir. Eləcə də, mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə hər hansı norma yoxdur. Qanunvericilikdə həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi təsbit olunmuşdur
39. Ona görə də iddiaçının cavabdehə təklif edildiyi sonuncu məbləğ, yəni 8000 manat kompensasiya məbləği mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün əhəmiyyətli maddi dəstəkdir və bu, işin hallarına və mülkiyyətçi kimi iddiaçının qanunla qorunan hüquqlarının təmin edilməsi baxımından hər iki tərəfin mənafeyinə uyğundur.
40. Cavabdehin bununla bağlı apellyasiya şikayətində qeyd etdiyi digər dəlilləri şəxsi mülahizələr hesab edən apellyasiya kollegiyası həmin dəlillərlə razılaşmır və hesab edir ki, hazırkı işdə işin halları aşkardır. Belə ki, mülkiyyətçinin özü yaşlı olmaqla Saray qəsəbəsində yerləşən yeganə yaşayış yerinə görə oğluna kompensasiya təklif etməklə istifadə hüquqlarına xitam verilməsini tələb edir. Ona görə apellyasiya şikayətinin dəlilləri bu hissədə keçərli deyil.
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
42. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.
43. Göründüyü kimi, hazırki ilk iddia tələbi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqe mövcuddur. Belə ki, formalaşmış bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verməklə yanaşı onun real olaraq həyata keçirilməsi imkanına da şərait yaratmışdır.
44. Apellyasiya instansiya məhkəmsi cavabdehin “qarşılıqlı iddia tələbinin təmin olunmaması ilə bağlı” sərgilədiyi mövqe ilə də razılaşmayaraq aşağıdakıları qeyd edir.
45. Belə ki, Cavabdeh mübahisəli evin ikinci mərtəbəsinin onun tərəfindən təmir edildiyini bildirsə də, kollegiya tərəfindən təklif olunmasına baxmayaraq bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
46. Kollegiya mübahisənin mahiyyətini və işin tam və obyektiv araşdırlması baxımından tərəflərin ayrı-ayrılıqda təqdim etdikləri şahidlərin ifadəsini dinləmiş, sonra şahidlərin vermiş olduğu ifadə ilə yerdəki (mübahisəli evdəki) vəziyyəti yoxlamaq məqsədilə mübahisəli yaşayış evinə tərəflərin iştirakı ilə yerli baxış keçirmişdir (i/m 2-ci cild sə 46-52 yerli baxış protokolu, foto şəkillər və mübahisəli evin video çəkilişi).
47. Yerli baxış zamanı tərəflər arasında mübahisə predmeti olan evə (o cümlədən evin ikinci mərtəbəsinə) ərtaflı baxış keçirilmiş və təmir-tikinti işləri ilə məşğul olan ustaların (iş üzrə dindirilmiş şahidlərin) məhkəmə iclasında vermiş olduqları ifadələrlə yaşayış evindəki vəziyyət qarşılıqlı şəkildə təhlil edilmişdir.
48. Baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli ev iki mərtəbədən ibarətdir. Evin ikinci mərtəbəsinin yerləşmə vəziyyəti – girişdən sağda bir yataq otağı, sonra mətbəx, daha sonra sanitar qovşağından (biryerdə), girişdən sol tərəfdə qonaq otağı (zal) və bir yataq otağından, ümumilikdə 3 otaq, bir mətbəx və sanitar qovşaqdan ibarətdir.
49. Yerli baxış zamanı müəyyən edilmişdir ki, evin ikinci mərtəbəsinin yerləşmə vəziyyəti, təmiri, otaqlara çəkilmiş divar kağızının rəngi, taxta, onun rəngi, qapılar və onların forması, otaqların tavan hissəsinin hansı fiqur şəklində olması, paduqaların hazırlanma materialı, sanitar qovşağın kafel-metlaxının rəngi, vurulma forması, qapısının ağ plastik materialdan olması kimi məlumatlar ilk iddiaçı Rəsul .Zülfəliyevin məhkəməyə təqdim etdiyi şahid Andrey Oreçkinin vermiş olduğu ifadələrlə eynilik təşkil edir, digər şahid (qarşılıqlı iddiaçının təqdim etdiyi) Mehman Cəfərovun təsvir etdiyi hallar isə öz təsdiqini tapmamışdır.
50. Belə ki, baxış zamanı evin ikinci mərtəbəsinin girişdən sağda yerləşən yataq otağının tavan hissəsinin ürək formalı fiqurdan, qonaq otağının tavan hissəsinin iddiaçı tərəfin şahidinin məhkəmə iclasında təsvir etdiyi fiqur formasında, qalan otaqların tavan hissəsinin isə düz formalı olması, qapıların şam taxtasında olmaqla, ortasında şüşə olması, eyni zamanda sanitar qovşağın vəziyyəti, yəni qapısının ağ plastikdən hazırlanması, içəri daxil olan kimi sol tərəfdə unitaz, sağ tərəfdə əl-üz yuyan yer, duşun qarşı hissədə, ən əsası isə divar kafellərinin iki rəngdə – aşağı hissəsinin açıq çəhrayı, yuxarı hissəsinin isə açıq süd rəngli kafellərdən ibarət olması müəyyən edilmişdir.
51. Mübahisəli yaşayış evinə yerli baxış keçirərkən həmçinin müəyyən edilmişdir ki, evin ikinci mərtəbəsinin açarları daim cavabdeh (qarşılıqlı iddiaçı) tərəfdə olmuş, iddiaçı tərəfin həmin mərtəbəyə, demək olar ki, giriş-çıxışı olmamışdır. Bu isə onu deməyə əsas verir ki, İddiaçı məhkəmə gedən ərəfədə həmin mərtəbədə olan otaqlar və onun vəziyyəti barədə məlumat əldə etmək imkanı olmamış, bütün deyilənlər təmir-tikinti zamanına təsadüf edir.
52. Beləliklə kollegiya qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə görə, sübutların qiymətləndirilməsinin məntiqi (daxili) və hüquqi (zahiri) tərəfləri mövcudur. Bütövlükdə götürüldükdə bu, təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materiallarının həm qanunun tələblərinə uyğunluğunun, həm də tamlığnın, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi işin mahiyyəti üzrə həll edilərək qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübutlara rəsmi və hüquqi nəticələr doğuran qiymətləri yalnız məhkəmə verir. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Obyektivlik sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Heç bir sübutun məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəsi yoxdur. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhə mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim olunmasını təklif etməli, zərurət olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullarından biri isə müxtəlif sübutların müqayisə edilməsidir
53. Məhkəmə kollegiyası işin qeyd olunan hallarını ağlabatanlıq meyarları əsasında təhlil edərək hesab edir ki, bu hal ağlabatan mühakimə əsasında iddiaçının səmimi olduğu və həqiqəti bəyan etdiyi qənaətinə gəlməyə əsas verir.
54. Beləlilkə bütün yuxarıda qeyd olunanlara rəğmən kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia ilə bağlı kompensasiyanın məbləğinə və bu hissədə icra üsulu qaydasına münasibətdə dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır..
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh-iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3364/2024 nömrəli qətnaməsi ilk iddia ilə bağlı kompensasiyanın məbləğinə münasibətdə dəyişdirilsin. Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, Əliyar Əliyev küçəsindəki 2 saylı evə olan istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması ilə bağlı təklif olunan kompensasiyanın məbləği 8000 (səkkiz min manat) müəyyən edilsin. Mənzildən çıxarılma kompensasiyanın ödənilməsi eyni vaxtda icra edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.