Məhkəmə qərarları › İş №2(105)-485/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-485/2024

31.01.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-485/2024 31.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Quba Rayon İcra və probasiya şöbəsi və Cavabdeh3nə qarşı qiymətləndirmə və hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddianı təmin etmə tədbiri barədə Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-2150/2021 nömrəli qərardadının ləğv edilməsi haqqında Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-2008/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon İcra və Probasiya şöbəsinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-1711/12 nömrəli, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(102)-1680/14 nömrəli və Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)- 2091/2014 nömrəli icra sənədləri üzrə ona məxsus Quba Rayonu, Aşağı Xuc kəndində 4 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3784.2 kv.m olan, əmlak kompleksinin hərracda satılması zamanı onun hazırkı bazar dəyərinin müəyyən edilməsinin, həmin əmlakın ******* (üç milyon doqquz yüz min) manata hərracda satılmasına dair "xxxx" MMC tərəfindən açıq hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılana kimi Quba Rayonu, Aşağı Xuc kəndində 4 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 3784.2 kv.m olan əmlak kompleksinin açıq hərracda satılmasına dair açıq hərracın keçirilməsinin "xxxx" MMC-nə və Quba Rayon İcra və Probasiya Şöbəsinə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-2150/2021 nömrəli qərardadı ilə iddianı təmin etmə tədbiri barədə ərizə təmin edilmiş və işə mahiyyəti üzrə baxılana kimi Quba Rayonu, Aşağı Xuc kəndində 4 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 3784.2 kv.m olan əmlak kompleksinin açıq hərracda satılmasına dair açıq hərracın keçirilməsi "xxxx" MMC-nə və Quba Rayon İcra və Probasiya Şöbəsinə qadağan edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-2008/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2-yə qarşı qiymətləndirmə və hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-2008/2023 nömrəli qərardadı ilə Quba Rayon Məhkəməsinin 2(027)-2150/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsi, iddianı təmin etmə tədbiri barədə ərizənin təmin edilməməsi qərara alınmışdır (hakim Rahim Həsənov). İddiaçı həmin qərardaddan şikayət verərək Quba rayon Məhkəməsinin 2(027)- 2008/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, 24 noyabr 2014-cü il tarixində "xxxx" MMC tərəfindən İddiaçı məxsus Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3784,2 kv.molan əmlak kompleksi açıq hərraca çıxarılmış, alıcı olmadığı üçün hərrac baş tutmamış, təkrar hərracdan sonra ipoteka predmeti ipoteka saxlayana təklif edilmişdir. Habelə "xxxx" MMC-nin 08 iyun2015-ci il tarixli, №1336 saylı məktubundan göründüyü kimi keçirilən hərraclar zamanı əmlaklar satılmadığına görə əmlakı almaq ipoteka saxlayan "xxxx" ASC-yə təklif olunmuş, lakin bank ipoteka predmetini almaqdan imtina etmişdir. Beləliklə də ipoteka saxlayan ipoteka predmetini almaqdan imtina etdiyi üçün Qanunun 43.8-ci maddəsinə görə ipoeteka müqaviləsinə də xitam verilmişdir. Bu səbəblə də xitam verilmiş olan ipoteka müqaviləsi üzrə müvəqqəti müdafiə tədbirinin tətbiq edilməsi hüquqazidd olmuşdur. Beləliklə də daşınmaz əmlak ipotekada predmeti olaraq hərraca çıxarılmış və ipoteka saxlayan tərəfindən əldə edilməmişdir. Belə olan halda eyni əmlak predmeti eyni kreditorun eyni tələbi üzrə eyni borca münasibətdə təkrarən hərraca çıxarıla bilməz. Hər nə qədər də Quba Rayon Məhkəməsi 2(027)-2150/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadını həmin qərardada əsas olmuş iddia tələbinin geri götürülməsi səbəbi ilə ləğv etmiş olsa da yenə də məhkəmənin hüquqi mövqeyi düzgün olmamışdır. Quba Rayon Məhkəməsini xx.xx.2023-cü il tarixli 2(027)-2008/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)- 2008/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Göründüyü kimi qanunverici müvəqqəti təminat tədbirinin iddia baxılmamış saxlanıldığı halda bu barədə məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılmasını müəyyən etmişdir. Hazırkı işin halları isə ondan ibarətdir ki, Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2-yə qarşı qiymətləndirmə və hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Belə olanda halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq mübahisələndirilən nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-2008/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-2008/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar