Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-493/2024 12.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “İcbari Sığorta Bürosu” X8 Cavabdeh qarşı (Açar sözlər: sığortaçının subroqasiya hüququnun yaranması, sübutların tədqiqi və qiymətləndirilməsi) X2 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X12 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Cavabdeh iştirakı ilə İddiaçı “İcbari Sığorta Bürosu” X8 Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(060)- 6518/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları:
1. "xxxx" ASC-nin ödəniş qəbzinin surətindən görünür ki, X5 750 manat, X9 2300 manat və X4 1500 manat sığorta ödənişi ödənilmişdir.
2. xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarın surətindən görünür ki, X10, X6 və X1 yol-nəqliyyat hadisəsi zamanı xəsarət almaları faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur.
3. xx.xx.2019-cu il tarixli “İcbari Sığorta Müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan “Kia Rio” markalı, ** HS *** dövlət nömrə nişanlı avtomobili xx.xx.2019cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər icbari sığorta etdirmişdir.
4. Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, X13 idarə etdiyi Mercedes Benz E270 CDİ minik markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobillə 30 may 2020-ci il tarixdə saat 12:40 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi ilə hərəkət edən zaman Sülh və Nərimanov küçələrinin kəsişməsində Cavabdeh idarə etdiyi Kia Rio minik markalı, ** HS *** i/o dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində piyadalar X7, X6 və X11 müxtəlif dərəcəli xəsarətlər almışlar.
5. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-212/2021 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan mərhum edilməklə 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı “İcbari Sığorta Bürosu” X14 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 5300 manat və ödənilmiş dövlət rüsumuna görə 73 manat, ümumilikdə 5373 (beş min üç yüz yetmiş üç) manat pulun iddiaçı “İcbari Sığorta Bürosu” HŞİ-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbini onunla əsaslandırmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Cavabdeh adına sığortalanmış KİA RİO markalı, 10HS133 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 5/30/2020-ci il tarixində Sumqayıt şəhəri, Sülh və Nərimanov küçələrinin kəsişməsi ünvanında Cavabdeh tərəfindən idarə olunarkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində əmlaka zərər dəymiş və xəsarət alan şəxslər də olmuşdur. Qeyd edilən hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən əmlakına maddi ziyan dəymiş bir zərərçəkənə 2300 (iki min üç yüz) manat və “İcbari sığortalar haqqında” Qanunun 14-cü və 56.1-ci maddəsinə uyğun olaraq, sağlamlığa dəymiş yüngül xəsarətlərə görə iki zərərçəkənin hərəsinə 750 (yeddi yüz əlli) manat və ağır xəsarətə görə isə bir zərərçəkənə 1500 (min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və digər qaydada istismar etməyə hüququ olmamışdır. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Sumqayıt şəhər Polis idarəsinin “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli Qərarından (əlavə olunur) məlum olur ki, yol nəqliyyat hadisəsi baş verərkən onun barəsində “sürücülük hüququndan məhrum edilmə” ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-739/2018 saylı xx.xx.2018-ci il tarixli Qərarı qüvvədə olmuşdur. Bu səbəbdən də, Cavabdeh barəsində İXM-nin 332.4-cü maddəsi ilə inzibati protokol tərtib edilməsi tövsiyə edilmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
8. Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(060)-6518/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh subroqasiya hüququ ilə əlaqədar ödənilmiş 5300 (beş min üç yüz) manat pulun və ödənilmiş 73 (yetmiş üç) manat dövlət rüsumunun, ümumilikdə 5373 (beş min üç yüz yetmiş üç) manat məbləğində pulun tutularaq iddiaçı “İcbari Sığorta Bürosu” X8 xeyrinə ödənilməsi qət edilmişdir.
9. Məhkəmə hesab edib ki, cavabdeh tərəfindən yol-nəqliyyat hadisəsi törədilmiş, iddiaçı zərəçəkmiş şəxlərə dəymiş ziyanı tam ödəmişdir. Buna görə də iddia tələbi əsaslıdır və təmin edilməlidir.
10. Məhkəmə öz mövqeyini “İcbari sığortalar haqqında” qanununun 25.1 və 25.1.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 936.1, 936.2, 936.5, 1096, 1108, 1108.3-cü maddələrinə və Mülki Prosessual Məcəllənin 80, 119, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(060)-6518/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbini təmin edən məhkəmə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı cavabdehin yol-nəqliyyat hadisəsi baş verərkən nəqliyyat vasitəsini idarə etmək, istifadə etmək və digər qaydada istismar etmək hüququnun olmamasını əsas gətirərək ödənilmiş sığorta ödənişlərinin subroqasiya qaydasında ondan tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbinin hüquqi əsası kimi Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-739/2018 saylı, 26 fevral 2018-ci il tarixli qərarının guya qüvvədə olmasına istinad etmişdir ki, həmin məhkəmə qərarına əsasən cavabdehin nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Halbuki, sözügedən məhkəmə qərarından şikayət verilmədiyi üçün qanuni qüvvəsini almış və icra da edilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə ondan subroqasiya qaydasında geri ödənilməsini tələb etdiyi sığorta ödənişini etdiyi pul məbləğinin ödənilməsinə səbəb olmuş sığorta hadisəsi isə 30 may 2020-ci il tarixində baş vermişdir. İşə baxan məhkəmə tamamilə yanlış olaraq avtonəqliyyat hadisəsinin baş verdiyi zaman Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 739/2018 saylı, 26 fevral 2018-ci il tarixli qərarının qüvvədə olması, yəni cavabdehin sürücülük hüququnun məhdudlaşdırılması şəklində inzibati cəzanın hələ də qüvvədə olması qənaətinə gəlmişdir. Məhkəmə iddiaçının iddia ərizəsində bildirdiyi Sumqayıt Şəhər Polis İdarəsinin “cinayət işinin başlanımasının rədd edilməsi haqqında” 17 iyul 2020-ci il tarixli qərarına istinad etmişdir ki, həmin qərarda cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən inzibati protokolun tərtib edilməsi tövsiyə edilmişdir. Halbuki, iddiaçının sığorta hadisəsi baş verərkən onun avtonəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığına dair istinad etdiyi Sumqayıt Şəhər Polis İdarəsinin “cinayət işinin başlanımasının rədd edilməsi haqqında” 17 iyul 2020-ci il tarixli qərarı hadisə nəticəsində xəsarət almış şəxslər tərəfindən edilmiş şikayətlər əsasında sonradan ləğv edilərək barəsində cinayət işi başlanılmış və nəticədə məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Nə cinayət işinin materiallarında, nə də məhkəmənin azadlıqdan məhrum edilməsi barədə çıxarılmış hökmündə məlum avtonəqliyyat hadisəsi baş verərkən cavabdehin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı sübutunu tapmamışdır. Ancaq iş üzrə təqdim olunmuş sübutların ziddinə olaraq məhkəmə yanlış nəticəyə gəlinərək iddia tələbini əsassız olaraq təmin etmişdir. Beləliklə hazırkı iş üzrə subroqasiya tələbi üçün əsas yaranmadığı halda olan halda məhkəmə əsassız olaraq bu hüququ tanımış və qanunsuz qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə qətnaməsi əsassızdır. Belə ki, iddia ərizəsində iddiaçı onun yol-nəqliyyat hadisəsi baş verərkən nəqliyyat vasitəsini idarə etmək hüququnun olmamasını əsas gətirərək ödənilmiş sığorta ödənişlərinin subroqasiya qaydasında ondan tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının hazırkı iddia tələbi ilə ondan subroqasiya qaydasında geri ödənilməsini tələb etdiyi sığorta ödənişini etdiyi pul məbləğinin ödənilməsinə səbəb olmuş sığorta hadisəsi isə 30 may 2020-ci il tarixində baş vermişdir. Hesab edir ki, iddia tam əsassızdır, ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.
15. İddiaçının nümayəndəsi Əziz Quliyev məhkəməyə ərizə ilə müraciət edərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin;
14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəyə əsasən ümumi iddia müddəti on il təşkil edir. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (maddə 1096.2). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
18. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun
Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbarı sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sğortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır; Sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərkətlərinin nəticəsi olduqda (maddə 25.1.1.) İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istfadə etməyə, idarə etməyə, işlətməyə və diğər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. (maddə 25.1.3.)
19. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun: 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(060)-6518/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Hazırda mübahisələndirilən məsələ baş vermiş yol - nəqliyyat hadisəsi nəticəsində zərərçəkənlərə ümumilikdə ödənilmiş 5300 manat məbləğin subroqasiya qaydasında cavabdehdən tutulması barədədir.
25. Məhkəmə kollegiyası razılaşır ki, hazırki işdə cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olmaqla, sonuncunun barəsində təqsirli olmasını təsdiq edən müvafiq məhkəmə hökmü mövcuddur.
26. Bundan əlavə hazırki işdə cavabdehin inzibati və ya cinayət məsuliyyəti deyil, deliktə görə mülki məsuliyyət daşıması araşdırılmalı, onun mülki məsuliyyət daşıyıbdaşımamasına hüquqi qiymət verilməlidir.
27. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin baş vermiş yolnəqliyyat hadisəsində təqsiri mülki qanunvericiliyin deliktlə əlaqədar normalarına uyğun müəyyən edilməlidir.
28. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddiaçı tərəfindən sığortalanmış avtomobilə vurulmuş zərərə görə mülki məsuliyyətin müəyyən olunması məqsədi ilə işdə olan bütün sənədləri tədqiq etməklə və onlara hüquqi qiymət verməklə düzgün nəticəyə gəlmişdir.
29. Araşdırılan işin mübahisəsiz hallarından müəyyən edildi ki, X13 idarə etdiyi Mercedes Benz E270 CDİ minik markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobillə 30 may 2020ci il tarixdə saat 12:40 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi ilə hərəkət edən zaman Sülh və Nərimanov küçələrinin kəsişməsində Cavabdeh idarə etdiyi Kia Rio minik markalı, ** HS *** i/o dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində piyadalar X7, X6 və X11 müxtəlif dərəcəli xəsarətlər almışlar. Habelə yol nəqliyyat hadisəsinin baş verməsində cavabdeh təqsirli olmaqla, sonuncunun barəsində təqsirli olmasını təsdiq edən məhkəmə hökmü mövcuddur.
30. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-212/2021 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan mərhum edilməklə 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
31. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi cavabdeh tərəfindən vurulmuş zərərə görə mülki məsuliyyətin müəyyən olunması məqsədi ilə işdə olan bütün sənədləri tədqiq etməklə və onlara hüquqi qiymət verməklə düzgün nəticəyə gəlmişdir.
32. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsaslı olmadığından təmin edilməməlidir.
33. Əvvala ona görə ki, apellyasiya şikayətinin dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamışdır.
34. Bundan əlavə cavabdeh apellyasiya şikayətində hadisənin törədildiyi vaxt sürücülük hüququnun və avtomobili idarə etmək üçün səlahiyyətinin (etibarnaməsinin) olduğunu bildirir.
35. Kollegiya şikayətin bu dəlili ilə də razılaşmır və qeyd edir ki, apellyartorun mübahisələndiridiyi dəlillərlə bağlı artıq qanuni qüvvədə olan məhkəmə hökmü vardır.
36. Nəzərə alınmalıdır ki, MPM-in 82.4–cü maddəsinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir
37. Digər tərəfdən. apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, cavabdehin iddiaçıya sığorta ödənişini ödəməkdən imtina etməsi sığorta hüququnun ümumi prinsiplərinə ziddir. Çünki, bu imtina sığorta institutunun mahiyyətinə zidd olmaqla ədalətli hesab edilə bilməz. Bu cür münasibət ayrı-ayrı şəxslər tərəfindən sığorta institutlarına və sığorta təşkilatlarına olan inamın və etibarın itirilməsi ilə nəticələnə bilər. Nəticədə isə, bu inamın və etibarın itirilməsindən ən çox sığorta təşiklatları zərər çəkə bilər. Çünki, iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd cavabdehin hüququnu həyata keçirməsi və aralarında yaranmış mülki hüquq münasibətlərini nəzərə almaq istəməməsi yalnız və yalnız hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər.
38. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi, iddiаnın təmin оlunmamаsı və yeni qətnаmə qəbul edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə dəyişdirilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(060)-6518/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.