Məhkəmə qərarları › İş №2(105)-496/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-496/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-496/2023 27.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X5-Bank Kredit Təşkilatı ċavabdehlər Həmzaliyev Qədir Bayramşah oğlu, X4, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, evin boşaldılması və açıq hərracda satılması, satışdan əldə olunan məbləğdən borcalanın İddiaçı X5-Bank Kredit Təşkilatına olan borcunun əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması, ipoteka) X3 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı "xxxx" X5-Bank Kredit Təşkilatının nümayəndəsi X9, cavabdeh Həmzaliyev Qədir Bayramşah oğlunun nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 Nurkişi oğlunun iştirakı ilə Qobustan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(026)-52/2018 nömrəli qətnaməsindən Həmzaliyev Qədir Bayramşah oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. "xxxx" X5 Bank Kredit Təşkilatı ilə Həmzaliyev Qədir Bayramşah oğlu arasında bağlanmış 13 yanvar 2014-cü il tarixli **********0394 saylı kredit müqaviləsinin surətindən görünür ki, Həmzaliyev Qədir Bayramşah oğluna illik faiz dərəcəsi 21 faiz olmaqla 36 ay müddətinə 51000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. 13 yanvar 2014-cü il tarixli **********0***-******* və **********0***-******* saylı zaminlik müqaviləsinin surətinə əsasən X4 və Cavabdeh2 ilə "xxxx" X5 Bank Kredit Təşkilatı arasında zaminlik müqavilələri bağlanmışdır.

3. 29 dekabr 2013-cü il tarixli ipoteka müqaviləsinin surətinə əsasən, "xxxx" X5 Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında 29 dekabr 2013-cü il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan ev 24, mənzil 39 ünvanda yerləşən, ümumi sahəsi 60,1 kv.m, yaşayış sahəsi 38,3 kv.m, yardımçı sahəsi 21,8 kv.m olan 3 otaqlı mənzili "xxxx" MMQBKT-nm xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin qiyməti tərəflərin razılığı ilə 43000 manat məbləğində müəyyən edilmişdir.

4. RX seriyalı ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətində göstərilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan ev 24, mənzil 39 ünvanda yerləşən, ümumi sahəsi 60,1 kv.m, yaşayış sahəsi 38,3 kv.m, yardımçı sahəsi 21,8 kv.m olan 3 otaqlı mənzil 36 ay müddətinə "xxxx" X5 Bank Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

5. 05 sentyabr 2016-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, Həmzaliyev Qədir Bayramşah oğlunun 13 yanvar 2014-cü il tarixli **********0394 saylı kredit müqaviləsi üzrə "xxxx" X5 Bank Kredit Təşkilatına 32477,62 ABŞ dolları borcu vardır.

6. 10 noyabr 2016-cı tarixli bildirişdən görünür ki, "xxxx" X5 Bank Kredit Təşkilatı tərəfindən cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin cavabdehlər heç bir ödəniş etməmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə .Ekspertizası Mərkəzinin 09 mart 2018-ci il tarixli 16143 nömrəli ekspert rəyinə əsasən 05 sentyabr 2016-cı il tarixə Həmzaliyev Qədir Bayramşah oğlunun "xxxx" X5 Bank Kredit Təşkilatına borcu 32477,62 ABŞ dolları məbləğində müəyyən edilir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı "xxxx" X5-Bank Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ċavabdehlər Həmzaliyev Qədir Bayramşah oğlu, X4, Cavabdeh2 kredit müqaviləsi üzrə 32477,62 ABŞ dolları əsas borc və 60 manat dövlət rüsumu və xidmət haqqı alınıb İddiaçı X5-Bank Kredit Təşkilatına ödənilməsi, tutmanın borcun təminatı olaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan ev 24, mənzil 39 ünvanda yerləşən mənzilə yönəldilməsi, həmin evin boşaldılması və açıq hərracda satılması, satışdan əldə olunan məbləğdən borcalanın İddiaçı X5-Bank Kredit Təşkilatına olan borcunun əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Həmzaliyev Qədir Bayramşah oğlu ilə aralarında bağlanmış 13 yanvar 2014-cü il tarixli **********0394 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 21 faiz olmaqla 36 ay müddətinə qaytarmaq şərtilə Həmzaliyev Qədir Bayramşah oğluna 51000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borclu hər ay müvafiq olaraq 1921 ABŞ dolları olmaqla, cəmi 69531 ABŞ dolları məbləğində ödəniş etməli olduğu halda bu günə qədər yalnız 36752,14 ABŞ dolları məbləğində ödəniş etmişdir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminatı olaraq X1 və Cavabdeh2 arasında 13 yanvar 2014-cü il tarixli **********0***-******* saylı və eyni tarixli **********0***-******* saylı zaminlik müqaviləsi bağlanmış, zaminlik müqaviləsinin 2-ci bəndinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. "xxxx" X5 Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında 29 dekabr 2013-cü il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan ev 24, mənzil 39 ünvanda yerləşən, ümumi sahəsi 60.1 kv.m, yaşayış sahəsi 38,3 kv.m, yardımçı sahəsi 21,8 kv.m olan 3 otaqlı mənzilini "FİNCA Azerbaijan” MMQBKT-nm xeyrinə ipoteka ilə yüklü etmişdir. Borcun ödənilməsi ilə əlaqədar cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini vaxtında icra etməmişdir. Cavabdeh Həmzaliyev Qədir Bayramşah oğlunun hazırkı vaxta əsas borcu üzrə 32477,62 ABŞ dolları borcu vardır.

10. Qobustan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(026)-52/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Həmzaliyev Qədir Bayramşah oğlu, X4 və Cavabdeh2 13 yanvar 2014-cü il tarixli **********0394 saylı kredit müqaviləsi üzrə 32477,62 ABŞ dolları əsas borc və 60 manat dövlət rüsumu və xidmət haqqı alınıb "xxxx" X5 Bank Kredit Təşkilatına ödənilməsi, tutmanın borcun təminatı olaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan ev 24, mənzil 39 ünvanda yerləşən, ümumi sahəsi 60,1 kv.m, yaşayış sahəsi 38,3 kv.m, yardımçı sahəsi 21,8 kv.m olan 3 otaqlı mənzilə yönəldilməsi, həmin ev boşaldılması, həmin ev açıq hərracda satılması, satışdan əldə olunan məbləğdən borcalanın "xxxx" X5 Bank Kredit Təşkilatına olan borcunun əvəzinin ödənilməsi və Həmzaliyev Qədir Bayramşah oğlu, X4 və Cavabdeh2 50 manat ekspertiza xərci alınıb Məhkəmə-Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakim Mirələm Quliyev)

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.1, 445.2, 448.1, 449.1, 472.1, 472.2, 739.1, 739.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

12. Həmzaliyev Qədir Bayramşah oğlu qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qanunu düzgün təfsir etməyib və sübutlara düzgün hüquqi qiymət vermədən subyektiv mülahizə əsasında qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə nəzərə almayıb ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmayıb, buna görə də məhkəmə iclaslarında iştirak etməyib. İş üzrə tam, hərtərəfli araşdırma aparılmayıb. Belə ki, prosessual qanunvericilikdə nəzərdə tutulmuş araşdırma aparılsaydı müəyyən olunardı ki, iddiaçının tələb etdiyi məbləğlə kedit müqaviləsindəki məbləğ və onun faiz hissəsi arasında böyük fərq var.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. İddiaçı "xxxx" X5-Bank Kredit Təşkilatı apellyasiya şikayətinə yazılı etiraz verərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60.1 kv.m olan mənzil üzərində "xxxx" MMM QBKT-nin (bundan sonra, “Təşkilat”) mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində № ********** nömrəli çıxarışla dövlət qeydiyyatına alınmışdır.

15. Kredit müqaviləsi üzrə borclular öz üzərlərinə düşən öhdəlikləri kredit müqaviləsi ilə razılaşdırılmış qaydada icra etmədiyindən, Təşkilat tərəfindən Qobustan Rayon Məhkəməsinə müraciət olunmuş, müraciətin nəticəsində cavabdehlərdən 32477,62 ABŞ dolları məbləğində əsas borcun və 60 manat ödənilmiş dövlət rüsumu və xidmət haqqının tutularaq Təşkilatın xeyrinə ödənilməsi, həmçinin, tutmanın borcun təminatı olan mənzilə yönəldilməsi barədə qətnamə qəbul edilmişdir. Sözügedən qətnamənin 21 may 2018-ci il tarixində qəbul edilməsinə baxmayaraq, borclular, o cümlədən, hazırki iş üzrə cavabdeh Həmzaliyev Qədir Bayramşah oğlu tərəfindən kredit öhdəliyinin ödənilməklə bağlanması istiqamətində hər hansısa tədbir görülməmişdir.

16. Qobustan Rayon Məhkəməsinin borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi barədə qəbul etdiyi 21 may 2018-ci il tarixli qətnaməsinin icrası hal-hazırda davam etməkdədir. İpoteka predmeti olan mənzilin Təşkilatın mülkiyyətinə keçirilməsinə baxmayaraq, cavabdehlər hazırki günədək həm borc öhdəliyinin ödənilməsini təmin etmir, həm də artıq mülkiyyətində olan əmlakın boşaldılmasına fərqli üsul və vasitələrlə mane olmağa çalışır, onunla aparılan danışıqlar artıq neçə ildir ki heç bir nəticə vermir.

17. Nəzərə alınsa ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə Qobustan Rayon Məhkəməsinin yuxanda qeyd olunan qərarının qəbul edilməsindən artıq 4 ildən artıq müddət keçib, hazırkı iş üzrə cavabdeh Həmzaliyev Qədir Bayramşah oğlunun Qobustan Rayon Məhkəməsinin qəbul etdiyi qətnaməsindən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verməsi onun üçün borc öhdəliyinin icrasından yayınmağın alternativ vasitəsi olduğunu hesab edirlər.

18. Cavabdeh Həmzaliyev Qədir Bayramşah oğlu şikayətində Qobustan rayon məhkəməsinin subyektiv mülahizə əsasında qanunsuz qərar qəbul etdiyini qeyd edib. Halbuki Qobustan rayon məhkəməsi işə əlavə olunan kredit müqaviləsi, ipoteka müqaviləsi, maliyyə arayışı və mühasibatlıq ekspertizasının rəyi əsasında obyektiv olaraq qanunvericiliyin tələbləri əsasında işə baxmış və qətnamə qəbul etmişdir.

19. Cavabdeh Həmzaliyev Qədir Bayramşah oğlu şikayətində məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmadığını qeyd edib. Halbuki cavabdeh məhkəmə prosesinin vaxtı və yeri barəsində lazımınca məlumatlandırılmışdır. Belə ki, Qobustan rayon məhkəməsinin qətnaməsinin 3-cü səhifəsində cavabdeh Həmzaliyev Qədir Bayramşah oğlunun məhkəmə prosesində iştirak etdiyi və məhkəmədən məhkəmə mühasibatekspertizasının keçirilməsini xahiş etdiyi qeyd olunub.

20. Cavabdeh Həmzaliyev Qədir Bayramşah oğlu şikayətində iddiaçının tələb etdiyi məbləğlə kredit müqaviləsi arasında böyük fərqin olduğunu qeyd edib. Cavabdeh Həmzaliyev Qədir Bayramşah oğlu kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 21%-lə 51.000 ABŞ dolları kredit götürmüş və ümumilikdə 69.531 ABŞ dolları məbləğində pulun ödənilməsi öhdəliyini üzərinə götürərək kredit müqaviləsini və ödəniş cədvəlini imzalamışdır. Müqavilə və ödəniş cədvəlinin bir nüsxəsi cavabdehə təqdim olunmuşdur.

Apellyasiya icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında cavabdeh Həmzaliyev Qədir Bayramşah oğlunun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 Nurkişi oğlu apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" X5-Bank Kredit Təşkilatının nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

24. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh X4 məhkəmə iclasına gəlməmişdir.

25. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdeh X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

30. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

31. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

32. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

33. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

34. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

35. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

44. Apellyasiya şikayətindən görünür ki, Qobustan Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli 2(026)-52/2018 nömrəli qətnaməsini cavabdehlərdən Həmzaliyev Qədir Bayramşah oğlu mübahisələndirmişdir.

45. Ona görə də kollegiya Qobustan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin yalnız cavabdeh Həmzaliyev Qədir Bayramşah oğluna münasibətdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

47. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, FİNCA Azerbaijan” X5 Bank Kredit Təşkilatı ilə Həmzaliyev Qədir Bayramşah oğlu arasında bağlanmış 13 yanvar 2014cü il tarixli kredit müqaviləsinə əsasən Həmzaliyev Qədir Bayramşah oğluna illik faiz dərəcəsi 21 faiz olmaqla 36 ay müddətinə 51000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq X4 və Cavabdeh2 zamin durmuşlar. Xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmişdir.

48. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdeh Həmzaliyev Qədir Bayramşah oğlu həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir.

49. Cavabdeh Həmzaliyev Qədir Bayramşah oğlu tərəfindən verilmiş apellasiya şikayətinin dəlillərindən biri, kredit müqaviləsindəki məbləğ və onun faiz hissəsi arasında böyük fərq olmasıdır.

50. Kollegiya həmin dəlilə münasibət bildirərək, hesab edir ki, borclu Həmzaliyev Qədir Bayramşah oğlunun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə 32477,62 ABŞ dolları əsas borc işdə olan ekspert rəyi ilə öz təsdiqini tapır.

51. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədə göstərilən qaydada iddianı qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”

53. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.

54. Apellyantın apellyasiya şikayətində göstərdiyi digər dəlili ondan ibarətdir ki, o, birinci instansiya icraatı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmamışdır. Halbuki, iş materiallarından (cild 1, səh. 39, 51) görünür ki, Həmzaliyev Qədir Bayramşah oğlu xx.xx.2017-ci il, xx.xx.2017-ci il tarixlərində məhkəmə iclaslarında iştirak etmiş, hətta məhkəməyə ekspertizanın keçirilməsi barədə yazılı vəsatət vermişdir.

55. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi bu dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

56. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Həmzaliyev Qədir Bayramşah oğlu tərəfindən verilmiş apellyasiya şikayəti ilə məhkəmə aktının mübahisələndirilən hissəsində birinci instansiya məhkəməsi işin bütün hallarını düzgün müəyyən etmiş, nəticə etibarıilə həmin hissədə mübahisəni düzgün həll etmişdir.

57. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Qobustan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(026)-52/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh Həmzaliyev Qədir Bayramşah oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(026)-52/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar