Məhkəmə qərarları › İş №2(105)-497/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-497/2022

24.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-497/2022 24.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddia ərizəsinin təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu **********03190 olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 2018ci ilin yanvar, mart və aprel aylarını əhatə edən dövr üçün aktlar əsasında ümumilikdə hesablanmış 1390,40 manat cərimənin silinməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "'Azəriqaz" İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 1391,70 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh "'Azəriqaz" İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 1390,40 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü ildə oğlunun, Türkiyə Respublikasında doktorantura təhsilini başa vurduqdan sonra Bakıda işləyəcəyini düşünərək Hökməli qəsəbəsi, M.Hüseynzadə 15 A ünvanında yerləşən yarımtikilini almışdır. Yarımtikili alındığı zaman Azəriqaz sayğacı quraşdırılmış vəziyyətdə olmuşdur. Həmin vaxtdan yarımtikilidə 1 ildə heç kim yaşamamışdır. İştirakları olmadan sayğaclar müxtəlif vaxtlarda dəyişdirilmişdir. 2020-ci ildə evi təmir edərək həmin evə köçmüşdür. Qazın ödəniş qəbzi gəldiyində onlara 1390,40 manat cərimə yazıldığını görmüşdür. Ona görə də qaz idarəsinə yaxınlaşmışdır. Orada ona məlum olmuşdur ki, 2018-ci ilin yanvar, mart və aprel aylarında onun adına akt tərtib olunaraq guya kənar xətt istifadə edildiyi üçün 1390,40 manat cərimə yazılmışdır. Onun həmin aktlardan xəbəri olmamış, heç bir akt atasına təqdim olunmamış və yuxarıda qeyd etdiyi kimi həmin dövrlərdə sözügedən fərdi yaşayış evində ümumiyyətlə yaşayış olmamış və bu Hökməli qəsəbə nümayəndəsi tərəfindən verilmiş rəsmi arayışla da təstiqini tapır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi Ç.N.Dibirov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. İlkin olaraq iddiaçı öz tələbini sübuta yetirməlidir. Sayğac quraşdırılarkən evdə kiminsə olması mütləq deyildir. İddiaçı 2020-ci ilin oktyabr ayından ödənişlərə başlamışdır. 2020-ci ilin mart ayında sonuncu sayğac quraşdırılmışdır. Ünvana mexaniki sayğac quraşdırılmış və borc ilə bağlı iddiaçıya bildirişlər təqdim edilmişdir. 2018-ci ilin borclarını 2021-ci ildə mübahisələndirməsi səbəbindən iddia müddətinin tətbiqini xahiş etmişdir. Abonent kənar xətdən istifadə etdiyi üçün barəsində 3 akt tərtib edilmiş və 1390,40 manat cərimə yazılmışdır. Aktlar kənar xətdən istifadəyə görə tərtib edilmiş və aktlar 2018-ci ilin yanvar, mart və aprel aylarını əhatə edir və ümumilikdə 1390,40 manat manat cərimə yazılmışdır. Saldoya əsasən, iddiaçının hazırda debitor bocu yoxdur. Məhkəmə bunları nəzərə almamışdır Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(012)-4909/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərək, borcun qanuna uyğun hesablanmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi Ç.N.Dibirovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Başçısının X6 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 08.10.2021-ci il tarxli, 3345 №-li arayışdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Hüseynzadə 15 A ünvanında özünə məxsus tam sənədləşdirilməmiş fərdi yaşayış evi olan X5 11.07.2014-cü ildən göstərilən evi aldıqdan sonra yaşayış olmamışdır. Qonşulardan alınan aktın əsasında qeyd olunan fərdi yaşayış evində 2020-ci ilin avqust ayında yaşayış olmuşdur. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı adına abonent kodu **********03190 olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə görə Cavabdeh tərəfindən 2018-ci ilin yanvar, mart və aprel aylarını əhatə dövrlər üçün sayğacdan kənar xətdən istifadəyə görə aktlar tərtib edilərək ümumilkdə abonent 1390,40 manat cərimə edilmiş və bu hal iş materiallarında İddiaçı adına olan abonentin saldosu ilə təstiq olunur. İddiaçı tərəf aktlara görə yazılmış cəriməni mübahisələndirdiyinə görə məhkəmə tərəfindən həmin aktların mötəbərliyinə qiymət verilməsi üçün məhkəmə tərəfindən Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsinə sayğacdan kənar xətdən istifadəni təstiq edən hər hansı bir digər sübutları, fotoşəkilləri, video görüntüləri, o cümlədən aktların tərtibində iştirak etmiş şəxləri məhkəməyə təqdim etməyi təklif olunsada, bununla bağlı hər hansı bir sübut təqdim edilməmiş, əvəzində nümayəndə 3 il keçdiyinə görə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə yuxarıda qeyd olunan faktiki halllara istinad edərək hesab edir ki, İddiaçı adına abonent kodu **********03190 olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 2018-ci ilin yanvar, mart və aprel aylarını əhatə edən dövrlər üçün sayğacdan kənar qaz xəttinin olması aktlardan başqa hər hansı bir sübutla təstiqini tapmadığından, məhkəmə həmin aktların mötəbərliyinə tənqidi yanaşaraq hesab edir ki, həmin akrlar əsasında hesablanmış 1390,40 manat cərimə silinməlidir. Bundan başqa Cavabdeh nümayəndəsinin 3 illik iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisə müqavilə öhdəlikləri ilə bağlı olmadığı üçün həmin xüsusatla iddianın rədd edilməsinə əsas vermir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarıınbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, məişət qaz qurğusu ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu, sənaye qaz qurğusu isə ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.4-cü maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçıya aid edilmiş vəzifədir. Azərbaycan Respublikası MPM-nin 402-1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 20 oktyabr 2021-ci il tarixli 2(012)- 4909/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar