Məhkəmə qərarları › İş №2(105)-5/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-5/2023

27.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-5/2023 27.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı X1, Cavabdeh2 iştirakı ilə, İddiaçılar X1 və Cavabdeh1 Cavabdeh2 qarşı tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-823/2018 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar X3 və Cavabdeh1 iddia ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsində Cavabdeh2 tərəfindən tikilmiş özbaşına tikintinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər və tələblərini onunla əsaslandırmışlar ki, iddiaçı X3 Cavabdeh2 ilə 14 oktyabr 2015-ci il tarixdə yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsi bağlamaqla Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsi, 85 B saylı fərdi yaşayış evini almışdır. Müqavilənin şərtlərinə əsasən Cavabdeh2 118 kv.metr torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 83,8 kv.metr, yaşayış sahəsi 54,2 kv.metr olan Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsi, 85 B saylı iki mərtəbəli evi onun mülkiyyətinə vermişdir. Həmin ev 14 oktyabr 2015-ci il tarixli, 538/ZGBF saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditor-ipoteka saxlayana ipotekaya verilmişdir. Həmin müqavilə əsasında ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 17 oktyabr 2015-ci il tarixdə tərtib edilmiş texniki pasport verilmişdir. Həmin çıxarış və texniki pasportda torpaq sahəsinin ölçüsü 118 kv.metr göstərilmişdir. Evi aldıqdan sonra məlum olmuşdur ki, satılan evin yerləşdiyi torpaq sahəsi çıxarışda qeyd olunan sahədən təxminən 18 kv.metr azdır. Cavabdeh həmin sahədə ev tikərək üçüncü şəxsə satmışdır. Cavabdehə xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Abşeron Rayon Məhkəməsinin 18 iyul 2018-ci il tarixli, 2(012)-823/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim İlham Kərimli) iddiaçılar X1 və Cavabdeh1 Cavabdeh2 qarşı tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə X1 iddiasının təmin edilməsi, X2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,0118 ha torpaq sahəsinin 17,885 kv.m hissəsində tikilmiş özbaşına tikintinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi, Cavabdeh1 iddiasının rədd edilməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə qətnaməni yalnız Cavabdeh2 mübahisələndirmişdir. Bu səbəbdən qətnamə yalnız cavabdehin apellyasiya şikayəti həddində yoxlanılacaqdır. xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasında iddiaçı X3 məhkəmə kollegiyasına ərizə ilə müracət etmiş və iddia tələbindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə görə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinin tələbinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə bu barədə məhkəmə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1 - 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X1 iddiadan imtinası qanuna zidd olmadığından və digər şəxslərin mənafeyinə toxunmadığına görə məhkəmə tərəfindən qəbul edilməli, bununla bağlı birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-823/2018 nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-265, 365, 384.0.5, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı X1 iddiadan imtinası qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-823/2018 nömrəli qətnaməsi iddiaçı X1 iddiasının təmin edilən- X2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,0118 ha torpaq sahəsinin 17,885 kv.m hissəsində tikilmiş özbaşına tikintinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi hissəsində ləğv edilsin. İddiaçı X1 Cavabdeh2 qarşı ona mülkiyyət hüququ ilə məxsus torpaq sahəsində tikilmiş özbaşına tikintinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar