Məhkəmə qərarları › İş №2(105)-506/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-506/2023

01.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-506/2023 01.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, ilkin İddiaçı, qarşılıqlı iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İlkin İddiaçı ilkin iddia üzrə Cavabdeh İB-yə qarşı borcun silinməsi barədə ilk, qarşılıqlı iddiaçı Cavabdeh İB-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı borcun tutulması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə çıxarılmış Abşeron Rayon Məhkəməsinin 2(012)-4356/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) ilkin iddianın qismən təmin edilməsi, İddiaçı yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********06838) dair hesablanmış 2494,92 manat borc silinməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 451,7 manat və dövlət rüsumu üçün 49,47 manat pul tutularaq Cavabdeh hesabına ödənilməsi, ilkin iddia və qarşılıqlı iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh İB qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İlkin İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair ilkin iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib edilmiş aktlara əsasən qanunsuz hesablanmış 2952 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Abşeron rayonu, Masazır qəsəbəsində Asif Həsənov küçəsində ailəsilə birliklə fərdi yaşayış evində yaşayır. Həmin evdə qaz sayğacı olmamışdır. O, həmin evdə 2021-ci ilin noyabr ayının 14-dən qazdan istifadə etməyə başlamışdır. Qaz sayğacı olmadan qazdan istifadə etməyə başlamağının səbəbi, dəfələrlə Cavabdeh İB-yə müraciət etməsinə baxmayaraq sayğac quraşdırmamaları olmuşdur. 31 yanvar 2022-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları onlar evdə olmayan vaxt gələrək baxış keçirmiş və 2952 manat cərimə tətbiq etmişlər. Onun evinə cavabdehin təqsiri ucbatından sayğac quraşdırılmamışdır. Bundan başqa, ona yazılan cərimə borcu şişirdilmiş rəqəmdir, belə ki ona hər aya görə 1000 manatdan artıq borc hesablanmışdır. Ailəsi təbii qazdan təkcə 3 gözlü qaz plitəsi və İran istehsallı soba vasitəsilə istifadə edir. Belə vəziyyətdə ona hər ay qaz sərfiyyatına görə 1000 manat məbləğində borc yazılması ağlabatan və ədalətli olmamışdır. İlkin İddiaçı MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə ərizə ilə müraciət etmiş, xx.xx.2021-ci il tarixli akt əsasında hesablanmış 944,64 manat, xx.xx.2021-ci il tarixli akt əsasında hesablanmış 354,24 manat, xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 354,24 manat və xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 1296 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Qarşılıqlı iddiaçı Cavabdeh İB qarşılıqlı iddia təqdim edərək, cavabdeh İddiaçı tərəfindən iddiaçı "Azəriqaz” İB-yə vurulmuş 2946,62 manat zərərin və 49,47 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 2996,09 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı "Azəriqaz” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu ərazisində "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan İddiaçı tərəfindən qaz xəttinə dəfələrlə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli gələn hal birliyin əməkdaşları tərəfındən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı birliyin əməkdaşları tərəfindən "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 944,64 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 354,24 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 354,24 manat və xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 1296 manat olmaqla, cəmi 2949,12 manat məbləğində "Azəriqaz” İB-yə maddi zərərin dəyməsi müəyyən olunmuşdur. Həmin zərərdən abonent tərəfindən 2,50 manat ödəniş edilmişdir. Beləliklə, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumilikdə 2946,62 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qarşılıqlı iddiaçı Cavabdeh İB Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qətnaməsinin ilkin iddia tələbinin təmin edilmiş, qarşılıqlı iddia tələbinin rədd edilmiş hissəsində ləğv edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1-ci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin qismən ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir (iş materiallarında vardır). Daha sonra həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda 1-ci instansiya məhkəməsi iddia tələbini tam təmin etməyərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar qarşılıqlı iddia tələbinin tam təmin edilməsinə əsas verdiyi halda, 1-ci instansiya məhkəməsi əsassız yerə qarşılıqlı iddia tələbini tam təmin yox, qismən təmin etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın təmin edilmiş hissəsində rədd edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin İddiaçı apellyasiya şikayətinin qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İlkin iddia və qarşılıqlı iddia tələblərini qismən təmin edən birinci instansiya məhkəməsi İddiaçı yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində Asif Həsənov küçəsində yerləşən fərdi həyət evində (abonent kodu: **********06838) sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edilməsi və həmin fakt üzrə Cavabdeh tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablanması, lakin buna baxmayaraq borc məbləğinin artmasına şərait yaradılması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh İB vermiş olduğu apellyasiya şikayətində qətnaməni ilkin tələbinin təmin, qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmiş və qətnamənin həmin hissələrdə ləğv edilməsini, qarşılıqlı iddia tələbinin tam təmin, ilkin iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Baxılan iş üzrə ilkin iddia tələbi borcun silinməsi, qarşılıqlı iddia tələbi isə borcun tutulması barədədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.2.1, 3.2.2-ci bəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunverciliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndlərində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi akın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli, qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.1., 21.2. maddələri). "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 4.2. bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qeyd etmək lazımdır ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İşdən göründüyü kimi ilkin iddiaçı tərəfindən qanunsuz qoşulma nəticəsində təbii qazdan istifadə olunmuşdur. Deməli, cavabdeh qanunvericiliyin tələblərinə görə yaşadığı ünvan üzrə quraşdırılmış qaz sayğacının toxunulmazlığına cavabdeh olan şəxs hesab olunmaqla, həmin sayğaca müdaxilə, o cümlədən qanunsuz qoşulma nəticəsində paylayıcı Cavabdehnə dəymiş ziyana görə məsuliyyət daşıyır. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi məhkəmə kollegiyası tərəfindən qiymətləndirilməlidir. Lakin qeyd edilən pozuntunun, yəni qanunsuz xətlə təbii qazdan istifadə edilməsinin məişət abonentinin iradəsindən kənar edilməsi istisna edildiyindən, məişət abonenti istehlak etdiyi təbii qazın tam dəyərini ödəmək vəzifəsi daşıyır. Qarşılıqlı iddiaçı müəssisə tərəfindən məhz cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın dəyəri hesablanaraq müvafiq aktlarda qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddiaçının mülkiyyətində olan yaşayış evinə sayğacdan kənar qanunsuz qoşulma faktı öz təsdiqini tapsa da, qaz sayğacından kənar qanunsuz qoşulma nəticəsində tutulmalı olan məbləğin artmasına məhz qaz paylayıcı olan qarşılıqlı iddiaçının hərəkətsizliyi səbəb olduğundan, eləcə də vurulmuş zərərin hesablanması zamanı gün ərzində 24 saat qaz işlədicisindən istifadə etməsinin inandırıcı olmaması və orta hesabla yaz-yay fəslində 4-6, payız-qız fəslində isə 8-10 saat istifadə etməsi nəzərə alınaraq iddiaçı tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış ümumilikdə 451.7 manat pulun ilkin iddiaçıdan tutularaq qarşılıqlı iddiaçıya verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 385.2., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar