Məhkəmə qərarları › İş №2(105)-510/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-510/2022

07.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-510/2022 07.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən, məruzəçi hakim), Məmmədov Telman Qədir oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(028)-311/2021 saylı qərardadından iddiaçının şikayətinə apellyasiya qaydasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(012)-331/2021 saylı qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 157,40 manat məbləğində pulun və dövlət rüsumu üçün 10 manatın tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod: 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı bu qətnamədən apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(028)-311/2021 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin Məhkəmənin 18 noyabr 2021-ci il tarixli, 2(028)-311/2021 saylı qərardadı ilə İddiaçı Abşeron Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(012)-331/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı şikayət vermiş, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(028)-311/2021 saylı qərardadı ilə qərardaddan verilmiş şikayət elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Bundan sonra isə İddiaçı elektron kabinet vasitəsilə Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(028)-311/2021 saylı qərardadından şikayət vermiş, Abşeron Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(028)-311/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(105)-4133/2021 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(028)-311/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında İddiaçı İB-nin nümayəndəsi X3 şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh rəsmi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilmiş, lakin bildiriş “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işdə iştirak edən şəxsin izahatını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(028)-311/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılmasının mümkün hesab edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(105)- 4133/2021 saylı qərardadı ləğv edilməli, apellyasiya şikayəti üzrə apellyasiya baxışı qeyrimümkün hesab edilməli, iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, mülki işin materiallarından görünür ki, birinci instansiya məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(028)-311/2021 saylı qərardadı ilə İddiaçı Abşeron Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(012)-331/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı şikayət vermiş, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(028)- 311/2021 saylı qərardadı ilə qərardaddan verilmiş şikayət elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Bundan sonra isə İddiaçı elektron kabinet vasitəsilə, lakin Abşeron Rayon Məhkəməsinin 18 noyabr deyil, 29 noyabr 2021-ci il tarixli, 2(028)- 311/2021 saylı qərardadından şikayət vermişdir. Bundan əlavə, həm müddətin bərpası barədə ərizədən, həm də 18 noyabr 2021-ci il tarixli, 2(028)-311/2021 saylı qərardadından verilmiş şikayətdən görünür ki, hər iki sənəd iddiaçının nümayəndəsi kimi Ç.Dibirov yazılsa da, onun tərəfindən imzalanmamışdır. Mövcud qanunvericiliyə görə isə bu cür ərizə və şikayətə baxılması prosessual cəhətdən yolverilməzdir. İşə baxan məhkəmə bu hallara düzgün qiymət verməmiş, hər iki sənədi imzalanmaması əsası ilə geri qaytarmaq əvəzinə, onları başqa əsaslarla həll etmişdir. Ərizə və ya şikayət imzalanmamışsa, onun mahiyyəti üzrə həll edilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-nin 266.1-ci maddəsinə əsasən məhkəmənin ayrıca akt şəklində çıxardığı müvəqqəti təminat tədbirinin tətbiqi və ya ləğvi barədə qərardadı həmin gündən gec olmayaraq, digər qərardadları isə qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir. Həmin Məcəllənin 267-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Beləliklə, göründüyü kimi birinci instansiya məhkəməsi daha öncə qeyd olunan məsələlərə diqqət yetirməmiş və əhəmiyyət verməmiş, iddiaçı tərəfindən imzalanmamış şikayətdəki çatışmazlığı aradan qaldırmaq əvəzinə, onun 18 noyabr 2021-ci il tarixli qərardaddan verilmiş şikayət kimi qəbul edərək mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərmişdir, halbuki yuxarıda da qeyd edildiyi kimi, məhkəmə həmin çikayətin imzalanması üçün iddiaçıya şərait yaratmalı, bu mümkün olmadıqda isə həmin əsasla onun şikayətini geri qaytarmalı idi. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, qərardaddan verilmiş şikayətin imzalanmaması məsələsi araşdırılarkən birinci instansiya məhkəməsi məhkəmə kollegiyasının mübahisə üzrə gəldiyi nəticəni və müəyyən etdiyi göstərişləri mütləq nəzərə almalı, məsələnin düzgün və qanuni həllini tapmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş şikayətə apellyasiya qaydasında baxılması hazırki halda qeyri-mümkün hesab edilməli, əvvəlki mümkünlük qərardadı ləğv edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.2, 402.1 və 402.2.5-ci maddələrinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 360, 361, 365, 366, 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(105)-4133/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(028)-311/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və o, qəbul olunmamış hesab olunsun. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar