Məhkəmə qərarları › İş №2(105)-510/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-510/2024

19.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-510/2024 19.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: təbii qazla təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi, sübutetmə yükü) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə məhkəmə iclas katibi X2 İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı qaz borcun silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(012)-4536/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. xx.xx.2020-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış İtron markalı G-4 tipli 1002AQ**********9 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın ekranı söndüyüdən həmin sayğac Zenner markalı G-4 tipli **********3 nömrəli sayğacla əvəz olunmuşdur.

2. Abonent kodu **********19130 olan, İddiaçı adına olan abonent saldosundan görünür ki, ünvan 1 ünvanına xx.xx.2023-cü il tarixdə Zenner G4 İtron Diafraqma 1502AZ**********50 nömrəli sayğac quraşdırılmış, cihazlar: 3 gözlü qaz plitələri (PQ- 3)(1/1) Qənaətli su qızdırıjı(1/1) İran istilik qaz peçi (1/1). Aktlara əsasən hesablanmış, abonentin 2022-ci ilə aid olan borcu 1067,55 manat göstərilmişdir

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə qarşı qaz borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi, mənzil 913 aid olan **********19130 nömrəli abonent koduna yazılmış 1067.55 (min altmış yeddi manat 55 qəpik) manat cərimə borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

4. İddia onunla əsaslanmışdır ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə dair abonent kodu **********19130 olan sayğaca ümumilikdə 1067.55 manat məbləğində cərimə yazılmışdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Qaz sayğacının yoxlanılması barədə 29/1710-00864-1 MSK nömrəli akta qeyd edilmişdir ki, “Sayğaca baxış keçirilmiş, sayğacın klapanı işlək deyil, Yivli birləşmələr korreziyaya uğramışdır. Sayğaca plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Sayğacın elementi bitib, müvəqqəti element quraşdırılmışdır. xx.xx.2020-ci il tarixə elektron göstərici 14799 m3 olmuşdur. Sayğacın yaddaş arxivi oxunmuşdur. Sayğacda istismar müddətində ALARM -1 rejimi aşkar olunmayıb”. Sayğacın qorunması və sayğaca nəzarət vətəndaşa aid deyildir. Nazirlər Kabinetinin 80 saylı qərarına .əsasən Sayğacın qorunması və nəzarəti Cavabdeh baılansındadır. Belə olan halda sayğaca baxış zamanı göstərilən nüanslar, yəni sayğacın klapanın işləməməsi, Yivli birləşmələrinin korreziyaya uğraması, qayka plobmu üçün nəzərdə tutulmuş qulaqcığın qırılmasına, sayğacın elementinin bitməsinə görəvətəndaş yox Azəriqaz İB nəzarət etməlidir və məsuliyyəti Azəriqaz İB daşımalıdır. Ona görə də o bütün bu qeyd edilənlərlə razı olmadığı üçün onun adına tətbiq edilmiş və əsassız şəkildə yazılmış cərimə məbləğinin silinməsini istəyir və bu onun qanunla qorunan haqqıdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

5. Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(012)-4536/2023 nömrəli qətnaməsi ilə (H.Əhmədov) iddianın təmin edilərək, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 1067,55 (min altmış yeddi manat əlli beş qəpik) manat borc abonent kodu **********19130 olan İddiaçı məxsus abunə hesabından silinmiş və. Cavabdeh İB-dən dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı mülki iş üzrə tədqiq edilmiş materiallardan və iddiaçının izahatı əsasında iddiaçıya məxsus sayğacın onun mənzilindən kənarda quraşdırılması öz təsdiqini tapmışdır. İddiaçıya məxsus mənzilə quraşdırılmış qaz sayğacına nəzarət etmək qaz paylayıcısının vəzifəsi olduğu halda “Qaydalar”ın tələblərinə uyğun olaraq, qaz sayğacına 30 gündən bir dəfə olmaqla nəzarət etmək öhdəliyini icra etməmişdir. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktına əsasən İddiaçı yaşadığı ünvanda quraşdırılmış İtron markalı G-4 tipli 1002AQ**********9 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın ekranı söndüyüdən həmin sayğac Zenner mexaniki markalı G-4 tipli **********3 nömrəli sayğacla əvəz olunması müəyyən olunmuşdur. Göründüyü kimi, tərtib olunmuş akt iddiaçıya məxsus evə quraşdırılmış qaz sayğacının qüsurlu işləməsi nəticəsində dəyişilməsi ilə nəticələnsə də, sayğaca kənar müdaxilələrin olması cavabdeh tərəfindən sübut edilməmişdir. Bu da öz növbəsində, iddiaçı tərəfindən sayğaca hər hansı bir müdaxilə olunmadığını təsdiq edir. Məhkəmə araşdırması zamanı eyni zamanda, müəyyən olunmuşdur ki, iddiaçıya məxsus evə quraşdırılmış qaz sayğacı xx.xx.2020-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktına əsasən İddiaçı yaşadığı ünvanda quraşdırılmış İtron markalı G-4 tipli 1002AQ**********9 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın ekranı söndüyüdən həmin sayğac Zenner mexaniki markalı G-4 tipli **********3 nömrəli sayğacla əvəz olunmuşdur. Göründüyü kimi, sayğacın dəyişilməsinə dair tərtib olunmuş akt sayğacın kənar təsir nəticəsində yaranmış qüsura görə tərtib olunmamışdır. Bunun da abonent tərəfindən müdaxilə olunmaqla edilməsi inandırıcı deyildir. Yəni, abonent tərəfindən sayğaca müdaxilə edilməsi, abonent maraqlı olsa belə, nüfuz edilməsi mümkün deyildir.

7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş Qazdan istifadə Qaydalarının müvafiq bəndlərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 107, 119.1, 124.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

8. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermişdir.

9. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. İddiaçının abonent saldosuna hesablanmış 1067,55 manat məbləğində borc sayğac vasitəsilə istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qazın dəyəridir. Belə ki, istehlakçının ünvanında quraşdırılmış elektron (əvvəlcədən ödənişli) qaz sayğacına xx.xx.2023-cü il tarixində baxış keçirilən zaman müəyyən olunmuşdur ki, qeyd olunan sayğacda texniki nasazlıq baş vermiş və bunun da nəticəsində sayğacın klapanı bağlanmadığı üçün (sayğac mənfiyə işlədiyi üçün) istehlakçı tərəfindən ödəniş aparılmadan təbii qazdan istifadə olunmuşdur. Bu səbəbdən də həmin tarixdə istehlakçının sayğacı yenisi ilə əvəz edilmiş və bununla bağlı ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmişdir. Tərtib edilmiş aktda sayğacın mənfiyə işlədiyi, həmin tarixə mexaniki göstəricisinin 22697 m3 qaz sərfiyyatı olduğu qeyd olunmuşdur. Daha sonra aktda qeyd olunan məlumatlarla elektron bazada olan məlumatlar qarşılıqlı yoxlanılmış və müəyyən edilmişdir ki, əvəzlənən sayğac üzrə istehlakçı tərəfindən cəmi 14830 m3 qaz sərfiyyatının dəyəri ödənilmişdir. Qeyd olunan göstəricilər arasındakı fərq 7867 m3-dir və həmin sərfiyyatın da dəyəri 1067.55 manat təşkil edir. Göründüyü kimi qeyd olunan məbləğ iddiaçı tərəfindən dəyəri ödənilmədən sayğac vasitəsilə istifadə edilmiş təbii qazın dəyəridir. Belə olan halda məhkəmə iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmişdir. Qeyd olunan hallar məhkəmənin diqqətinə çatdırılsa da məhkəmə bu hallara diqqət yetirməmiş və əsassız iddia tələbini təmin etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, şikayət əsassızdır. O Abşeron rayonu, Masazır kəndi, ev 0Ada yerləşən 913 saylı mənzili “Asan Kommunal”-da yoxlatmaqla mənzilin heç bir kommunal borcu olmadığını bildikdən sonra almışdır. Lakin sonradan ona qazdan istifadə üzrə borc ödənişi olması barədə bildiriş göndərilmişdir. Mənzildə yerləşən qaz sayğacına onun tərəfindən hər hansı kənar müdaxilə olmamışdır. Qaz sayğacında yaranmış texniki nasazlığa görə o cavabdeh ola bilməz. Hazırda qaz sayğacı smartkart tipli olmaqla karta ödədiyi ödəniş əsasında təbii qazdan istifadə edir. İşə baxan məhkəmə əsaslı və qanuni qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi səbəbini bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

13. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir(“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9 -cu bəndləri).

14. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.

15. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər..

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətindən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(012)-4536/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı ona əsassız akt yazıldığını və bunun müqabilində hesablanmış borcun silinməsini mübahisələndirir.

22. İddianı təmin edən birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, araşdırma zamanı mülki iş üzrə tədqiq edilmiş materiallardan və iddiaçının izahatı əsasında iddiaçıya məxsus sayğacın onun mənzilindən kənarda quraşdırılması öz təsdiqini tapmışdır. İddiaçıya məxsus mənzilə quraşdırılmış qaz sayğacına nəzarət etmək qaz paylayıcısının vəzifəsi olduğu halda “Qaydalar”ın tələblərinə uyğun olaraq, qaz sayğacına 30 gündən bir dəfə olmaqla nəzarət etmək öhdəliyini icra etməmişdir.

23. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, borcun hesablanmasına əsas olan tələbnamə və akt cavabdeh təşkilat tərəfindən qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə düşür.

24. Araşdırılan işin faktiki hallarından göründüyü kimi, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı evdən kənarda quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır, qaz sayğacında texniki nasazlığın aşkar olunması, sayğacın mənfiyə işləməsi iddiaçının təqsirli hərəkətləri nəticəsində baş verməmiş, eyni zamanda Cavabdeh nümayəndəsi iddiaçının təqsirli hərəkətləri nəticəsində sayğacda qüsurun yaranması barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Sayğacın hesablama mexanizmində baş verən qüsurun istehlakçının təqsirli hərəkətləri (kənar müdaxiləsi) nəticəsində baş verdiyi müəyyən edilmədiyi halda, kifayət qədər əsas olmadan itirilmiş qazın bərpası üçün hesablanmış maddi ziyanın iddiaçıdan tutulması qərara alınmışdır.

25. Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməsi, sayğacların üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsi fiziki şəxs olan istehlakçıların sayğaclarına münasibətdə qaz paylayıcısının vəzifəsi olduğu, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığı, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması qaz paylayıcısının həyata keçirdiyi dəqiq və aydın şəkildə göstərilmişdir. Qaz sayğacının zədələnməsi istehlakçının təqsiri üzündən baş verdikdə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilə bilər. Lakin məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən cavabdehin qaz sayğacına qanunsuz müdaxilə etməsi və məhz bu qanunsuz müdaxilə nəticəsində iddiaçının cavabdehə maddi ziyan vurmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, cavabdeh tərəf öz etirazının əsaslarını yalnız formal mülahizələrlə əsaslandırmağa çalışmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus olan sayğaca edilmiş kənar müdaxilənin məhz iddiaçının özü tərəfindən törədilməsi barədə cavabdehin dəlilləri ilə razılaşa bilmədiyindən və cavabdeh tərəfə ziyan dəyməsi, bununla bağlı zərərin həddinin müəyyən edilməli olması barədə də apellyasiya şikayətinin dəlilləri ilə razılaşa bilmir. Çünki, ikinci hal birinci halla bağlıdır. Başqa sözlə, əgər iddiaçı sayğaca müdaxilə edilməsində təqsirli deyilsə, buna görə zərəri də ödəməli deyil.

27. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(012)- 4536/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

28. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.

29. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(012)-4536/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar