Məhkəmə qərarları › İş №2(105)-517/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-517/2021

10.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-517/2021 10.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı aktın ləğv olunması və akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Xızı rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(068)-94/2020 saylı qətnaməsindən cavabdeh “Cavabdeh” İB tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xızı rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) iddianın qismən təmin edilməsi, cavabdeh “Cavabdeh” İB-nin X2 İstismarı İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında İddiaçı Əlövsət oğluna məxsus Xızı rayonu, Xələnc kəndində yerləşən fərdi yaşayış evinə hesablanmış 208,80 manat məbləğində borcun silinməsi sayğacın dəyəri 91,21 manat pulun cavabdeh “Cavabdeh” iB-yə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh “Cavabdeh” İB qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “aktın ləğv olunması və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xızı rayonu, Xələnc kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx xxxxxxx 2019-cu il tarixli, ******* saylı aktın ləğv olunması, həmin akt əsasında hesablanmış 208,80 manat pulun silinməsi və sayğacın dəyəri 91,21 manat pulun cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Xızı rayonu, Xələnc kəndində yerləşən fərdi yaşayış evində yaşayır. xx xxx 2019-cu il tarixdə “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları ona məxsus həyətə gələrək, qaz sayğacını çıxarıb növbəti dövlət yoxlamasına göndərmiş və bununla əlaqədar olaraq qaz nəzarətçiləri akt tərtib etmişlər. Bundan sonra, “Cavabdeh” İstehsalat Birliyinin qaz sayğacının yoxlanılması barədə xx xxxxxxxx 2019-cu il tarixli aktına əsasən “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib” rəyi verilmiş və təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxxx 2019-cu il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin rəyə əsasən sayğacın qeydə almadığı qazın bərpası məqsədilə 2088 kub metr həcmində, yəni 208,80 manat dəyərində qaz itkisi hesablanaraq kod hesabına daxil edilmişdir. O, qaz nəzarətçilərinə bu məsələdən xəbərinin olmadığını və qaz sayğacına heç bir müdaxilə etmədiyini bildirmişdir. Onlar isə sayğacı kəsib laboratoriyaya göndərdiklərini və borcun həmin rəyə əsasən hesablandığını ona bildirmişlər. Sonradan qaz nəzarətçiləri gəlib ona məxsus sayğacı dəyişərək yeni qaz sayğacı quraşdırmışlar. Lakin, Cavabdeh İB-nin işçiləri tərəfindən akt əsasında yazılmış qanunsuz cərimə onun üzərində qalmışdır. Bu barədə dəfələrlə Cavabdeh İB-nin əməkdaşlarına müraciət etsə də, hərəsi bir bəhanə edərək, ona heç bir köməklik göstərməmişlər. Məcbur olub bu barədə məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, o, əsassız olaraq cavabdeh tərəfindən sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsində günahlandırılmış və əsassız olaraq ona borc hesablanmışdır. Qeyd olunan aktın əsassızlığı barədə cavabdeh təşkilata bildirsə də, hər hansı nəticə olmamışdır. Əksinə ona qarşı qərəzli mövqe saxlayan cavabdehin nümayəndələri onun arqumentlərinə əhəmiyyət verməmişdir. Hansı əsasla, hansı qanunvericilik müddəasına görə qaz sayğacına olan müdaxiləyə görə onun məsuliyyət daşımalı olduğunu izah edə bilməmişlər. İlk növbədə bildirir ki, sayğac necə yararsızdır ki, Xaçmaz Qİİ-nin nəzarətçiləri ayda iki dəfə olmaqla sayğaca baxış keçirmiş, o, həmin sayğacın göstəricilərinə uyğun istifadə olunan qaza görə ödənişləri müntəzəm olaraq ödəmişdir. Bu qanunsuzluq cavabdeh təşkilat tərəfindən digər istehlakçılara qarşı çox istifadə olunur və cavabdeh qanunla üzərinə düşən vəzifəni istehlakçının üzərinə qoymağa çalışır. Həmçinin, istifadə olunan qaz xəttinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən ona məxsus evin daxilində deyil, hasarın çöl tərəfində yerləşdirilmişdir. Bu səbəbdən də, həmin sayğacın hər hansı bir ehtimal ediləcək kənar müdaxilədən qorunmasının onun tərəfindən təmin edilməsi heç bir məntiqə sığmır. Belə ki, cavabdehin ona qarşı tələbi bəhanədən başqa bir şey deyildir. Bildirir ki, tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə olmamışdır. Digər tərəfdən belə müdaxilənin qarşısının alınmasını təmin etmək iqtidarında olması qeyrimümkündür. Belə olan halda onun hər hansı bir şəkildə ehtimal olunan müdaxiləyə görə məsuliyyət daşıması absurddur. Sayğaca hər hansı bir müdaxilə varsa belə bu cür müdaxilə hər hansı bir kənar şəxslər tərəfindən oluna bilər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ “Cavabdeh” X1 rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsi məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xızı rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini iddiaçı tərəfindən sayğaca qəsd və ya ehtiyatsızlıqdan hər hansı müdaxilə edilməsinin öz təsdiqini tapmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan “Cavabdeh” İB vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İşdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərək aktın ləğv edilməsi və əsassız hesablanmış qaz sərfiyatı məbləğinin silinməsini xahiş edir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli qərarının 4.2. bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7. bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8. bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qeyd etmək lazımdır ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib, quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə qərar qəbul edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində hər hansı borc məbləği kimi pul qaz sayğacının dəyəri abonentdən tələb edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsilə qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb 2000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Xızı rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar