Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-53/2025 12.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Eyvazov Tahir Mahir oğluna qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X14 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-102/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli DEN-00003-17/21A saylı əsas kredit müqaviləsindən görünür ki, Bank tərəfindən cavabdehə 72 ay müddətinə illik 35 faiz ödəmək şərti ilə 500000 (beş yüz min) manat məbləğində kredit xətti açılmışdır.
2. Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli RPS 00003-17/21A saylı əlavə kredit müqaviləsindən görünür ki, Bank tərəfindən cavabdehə illik 23 faizlə 36 ay müddətinə 211098 manat məbləğində kredit verilmişdir.
3. xx.xx.2020-ci il tarixli DENG-0003417/20A saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanlı fərdi yaşayış evi "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli DEN -00034-17/20A saylı kredit müqaviləsi üzrə ipoteka qoyanın öhdəliklərinin icrasının təmin edilməsi üçün evi "xxxx" ASC-nin “Sumqayıt” filialı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli DEN - 00034- 17/20A saylı ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin “Sumqayıt” filialının xeyrinə ipotekaya qoyulmuşdur.
4. xx.xx.2021-ci il tarixli DENG-0003417/21A saylı sonrakı ipoteka müqaviləsinin 2.1ci bəndindən görünür ki, Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli DEN-00003-17/21A saylı əsas kredit müqaviləsi ilə əlaqədar tərəflər arasında sonrakı ipoteka müqaviləsi bağlanmış, kredit müqaviləsinin şərtləri orada qeyd edilmişdir.
5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi şəxsinin çıxarışının surətindən görünür ki, Şəhəri, 16-cı mikrorayon, ev 23B ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Bank "xxxx" ASCnin Sumqayıt filialına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatı aparılmışdır.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9149 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödənişləri əks etdirən hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli DEN-00003-17/21A saylı saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 Bank "xxxx" ASC-yə olan sual üzrə xx.xx.2023-cü il tarixə olan borcu üzrə 184429.71 manat məbləğində müəyyən edilir: əsas borc üzrə 157945.84 manat və faiz borcu üzrə 31483.87 manat təşkil edir.
8. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01/298 nömrəli 22 avqust 2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixə olan bazar dəyəri 185000 manat, likvid dəyəri 156000 manat məbləğində qiymətləndirilmişdir.
9. xx.xx.2023-cü il tarixli, AİD-2023/1956 saylı xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2 və Cavabdeh1 yazılı bildirişlər ünvanlanmışdır.
10. xx.xx.2020-ci il tarixli, **********056 nömrəli, xx.xx.2020-ci il tarixli, **********062 nömrəli, xx.xx.2020-ci il tarixli, **********063 nömrəli, xx.xx.2020-ci il tarixli, **********064 nömrəli, xx.xx.2020-ci il tarixli, **********065 nömrəli ərizələrin surətlərindən görünür ki, X7, X8, X11, X1 Bəhruz Mahir oğlu qeydiyyatda olduğu Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin Bank "xxxx" ASC-yə ipotekaya (girov) qoyulmasına etiraz etməmişdirlər.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/5170 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh2 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 02 fevral 2021-ci il tarixli, DEN-00003-17/21A saylı Əlavə Kredit Müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 xx.xx.2023-cü tarixə banka olan borcu əsas borc üzrə 157.908,31 manat, faiz borcu üzrə 32.081,70 manat müəyyən edilir. Ekspert xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli məhkəmə ekspertizasının aparılmasında imtina edilməsi barədə məlumatdan görünür ki, məhkəmə-əmtəəşünaslıq aparılmasından imtina edilir.
13. Ekspert xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. (iş mat səh 212)
Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RPZ-00003-17/21A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə olan 150960.34 manat əsas borc, 36804.82 manat faiz borcu, 7357.76 manat dəbbə borcu, ümumilikdə 195122.92 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 485.12 manat dövlət rüsumu, 0.40 manat bank xidməti haqqının və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh2 Bank "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə bağlanan xx.xx.2021-ci il tarixdə iddiaçıyla bağlanan DENG-00003-17/21A saylı sonrakı ipoteka müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Daha sonra iddiaçı Bank "xxxx" ASC məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış, xx.xx.2021-ci il tarixli RPZ-0000-17/21A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2023cü il tarixinə hesablanmış və ödənilməmiş 150960.34 manat əsas borcun, 36804.82 manat faiz borcunun, 7357.76 manat dəbbə borcunun ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 485.12 manatın və 0.40 manat bank xidmət haqqının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutulması, tutmanın X9 məxsus ünvan 5 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən 194.80 kv metr sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan gəlir hesabına Cavabdeh2 Bank "xxxx" ASC-yə olan borcuna ödənilməsi, satışdan əldə olunan vəsait kreditin ödənilməsinə bəs etmədikdə qalıq məbləğin birgə qaydada cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı Bank "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli DEN-00003- 17/21A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 211098 manat məbləğində krediti illik 35 faizlə 72 ay müddətinə Cavabdeh2 mülkiyyətinə vermiş, Cavabdeh2 isə həmin kreditdən şəxsi istifadə məqsədi ilə istifadə etməyi və krediti xx.xx.2027-ci il tarixinədək faizi ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı qismində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2021-ci il tarixdə iddiaçı ilə DENG-00003-17/21A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq ünvan 1 ünvanlı fərdi yaşayış evini Sumqayıt şəhərində bağlanmış xx.xx.2021ci il tarixli, DEN-00003-17/21A saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-nin cavabdehlər X12 və X13 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, DENG-00003-17/21A saylı sonrakı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.11-ci və ipoteka müqaviləsinin 8.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 150960.34 manat, faizlərin məbləği 36804.82 manat, dəbbə borcu 7357.76 manat təşkil edir. Beləliklə cavabdehin xx.xx.2023-cü il tarixinə ümumi borcu 195122.92 manat təşkil edir. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
17. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-102/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, RPZ-00003-17/21A saylı kredit müqaviləsi üzrə 150960,34 (bir yüz əlli min doqquz yüz altmış manat otuz dörd qəpik) manat əsas və 31483,87 (otuz bir min dörd yüz səksən üç manat səksən yeddi qəpik) manat faiz borcu, 500 (beş yüz) manat dəbbə borcu olmaqla, ümumilikdə 182944,21 (bir yüz səksən iki min doqquz yüz qırx dörd manat iyirmi bir qəpik) manat məbləğində borcun və iddia qaldırılması üçün ödənilmiş 485,12 (dörd yüz səksən beş manat on iki qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidməti haqqının tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh1 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun mənzilin satışından əldə olunacaq vəsait hesabına Bank "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh2 tutulması, ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 185.000 (bir yüz səksən beş min) manat, likvid qiyməti 156.000 (bir yüz əlli altı min) manat müəyyən edilməsi, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olaraq Cavabdeh2 100 (bir yüz) manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva).
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5, 317.1, 319.1, 442, 443.1, 445.2.1, 462.1, 739.1, 743, 746.1-ci maddələri, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 36.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 103, 119.1, 88, 206, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh2 apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(060)-102/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, apellyasiya şikayətində göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mənzilə qoyulmuş qiymətlə razı deyil və yenidən ekspertiza keçirilməli və mənzilin qiyməti likvid bazar qiyməti ilə müəyyən olunmalıdır. Bildirmək istəyir ki, qeyd olunanlarla bağlı müvafiq ekspertiza təyin olunsa da qanuni və əsaslı rəy verilməmiş və təkrar ekspertiza təyin olunmamışdır. Hesab edir ki, bu mövqe qərəzli hesab olunmalı və qətnamə ləğv edilməlidir. Məhkəmə tərəfindən cavabdehin müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirə bilməməsi üçün əsas olmuş hallar lazımi qaydada araşdırılmamışdır. Məhkəmə mübahisəsi zamanı məhkəmə tərəfindən dəfələrlə prosessual hüquq normalarının pozulması hallarına yol verilmişdir. Belə ki, təkrar ekspertiza təyin olunmasını tələb etsə də məhkəmə əsassız olaraq rədd etmişdir. Məhkəmə qərəzli mövqe nümayiş etdirmiş iddiaçı tərəfindən təqdim olunmuş elektron qaimələri araşdırmış və cavabdeh tərəfindən təqdim olunan heç bir sübut araşdırılmamışdır. Məhkəmə qətnaməsi mülki hüquq öhdəliklərinin pozulması nəticəsində tərəfə vurulmuş ziyanla bağlı əhatə olunmuş, lakin fors major halları və qarşısı alınmaz hadisələr, cavabdehdən asılı olmayan hadisələrin baş verməsi faktları, bir sözlə işin faktiki halları araşdırılmamışdır. Birinci instansiya məhkəməsi açıq-aydın birtərəfli mövqe nümayiş etdirmiş, iddianı qismən təmin etsə də, faktiki olaraq iddiaçının bütün istəyini dolayı yolla təmin etmişdir. Mülki Məcəllənin öhdəliklərin icra olunması müddəalarına istinad etməklə iddiaçının mənafelərini təmin etmək istəyini dolayı yolla əsaslandırmağa çalışmışdır. Lakin, qeyd olunan müddəaların heç biri hazırki iş üzrə tətbiq olunmalı norma ola bilməz. Ona görə də qətnamədə tətbiq olunmalı olmayan normaların təıtbiq olunması ilə gəlinən nəticə hazırki iş üzrə faktiki hallara uyğun deyildir və işin mahiyyəti obyektiv araşdırılmadan qiymət verilmişdir.
21. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 7357.76 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə təmin edilməli deyil. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9149 saylı rəyi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin 157945.84 manat əsas və 31483.87 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Qeyd etmək istəyir ki, mənzilə qoyulmuş qiymətlə razı deyil və yenidən ekspertiza keçirilməli və mənzilin qiyməti likvid bazar qiyməti ilə müəyyən olunmalıdır. Təkrar ekspertiza keçirilməmişdir. Səhhəti ilə əlaqədar məhkəmə prossesində iştirak etmədiyi üçün ərizə versə də ekspert rəyinə münasibətdə təkrar ekspertiza tələb etmək hüququ pozulmuşdur. Qeyd etmək istəyir ki, mənzilə qoyulmuş qiymətlə razı deyil və yenidən ekspertiza keçirilməli və mənzilin qiyməti likvid bazar qiyməti ilə müəyyən olunmalıdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər.
24. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
25. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
30. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
31. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
32. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
33. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
34. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
35. Maddə 34.1.1. Öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır.
36. Maddə 36.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.
37. Maddə 34.1.1. Öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır.
38. Maddə 39.3.3. Məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
42. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.
43. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
44. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
49. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
50. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh2 qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-102/2024 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir.
52. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli əsas və xx.xx.2021-ci il tarixli əlavə kredit müqavilələri və həmin müqavilələrdən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilələr üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh2 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır.
53. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehdən 150960.34 manat əsas borc, 36804.82 manat faiz borcunun tutulmasını xahiş etsə də, birinci instansiya məhkəməsinin icraatı zamanı əldə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9149 saylı rəyi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin 157945.84 manat əsas və 31483.87 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi isə iddia tələbinin həddinə uyğun olaraq iddia qismən təmin edib, Cavabdeh2 150960.34 manat əsas və 31483.87 manat faiz borcu iddiaçının xeyrinə tutmuşdur.
54. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi mütəxəssis rəyi əsasında ipoteka predmetinin bazar qiymətinin 185000 manat, likvid dəyərinin isə 156000 manat olması müəyyən etmişdir. Apellyator isə apellyasiya şikayətində bundan narazılığını ifadə edərək, rəylə razı olmadığını bildirmişdir.
55. Apellyasiya icraatı zamanı cavabdeh tərəfindən verilmiş şikayətin dəlillərini yoxlamaq üçün müvafiq ekspertiza təyin edilmiş, ekspert rəyi əldə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli 9/5170 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh2 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 02 fevral 2021-ci il tarixli, DEN-00003- 17/21A saylı Əlavə Kredit Müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 xx.xx.2023cü tarixə banka olan borcu əsas borc üzrə 157.908,31 manat, faiz borcu üzrə 32.081,70 manat müəyyən edilir. Ekspert xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.
56. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
57. Lakin ekspert rəyi ilə əsas və faiz borcun məbləği birinci instansiya məhkəməsi tərəfindən qətnamə ilə təmin olunan məbləğdən artıq olduğundan, kollegiya işə yalnız apellyasiya baxışı hədlərində baxdığından, həmin ekspert rəyi kollegiya tərəfindən nəzərə alına bilməz.
58. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli məhkəmə ekspertizasının aparılmasında imtina edilməsi barədə məlumatdan görünür ki, məhkəmə-əmtəəşünaslıq aparılmasından imtina edilir.
59. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməsində “ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 185.000 (bir yüz səksən beş min) manat, likvid qiyməti 156.000 (bir yüz əlli altı min) manat” müəyyən etməklə səhvə yol vermişdir.
60. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 39.3.3.-cü maddəsinə əsasən, məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
61. Qeyd olunan Qanunun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
62. Lakin birinci instansiya məhkəməsi qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini bazar dəyəri həcmində müəyyən etməklə səhvə yol vermişdir.
63. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-102/2024 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 156000 manat müəyyən edilməlidir.
64. Eyni zamanda iş üzrə aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 100 manat pul vəsaiti Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-102/2024 nömrəli qətnaməsi “İpoteka predmeti olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 185.000 (bir yüz səksən beş min) manat, likvid qiyməti 156.000 (bir yüz əlli altı min) manat müəyyən edilməsi” hissəsində dəyişdirilsin. İpoteka predmeti olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 156.000 (yüz əlli altı min) manat məbləğində müəyyən edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 100 (bir yüz) manat pul vəsaiti Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.