Məhkəmə qərarları › İş №2(105)-532/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-532/2023

14.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-532/2023 14.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı mülki iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsinə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X10 və X5 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X2, nümayəndəsi və vəkili X8, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1943/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* nömrəli Çıxarışa əsasən xx.xx.2018-ci il tarixdən mülkiyyət hüququ əsasında ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin X3 adına olan abonent hesabına yazılmış 3999,40 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən ev X4 məxsus olmuşdur. Həmin yaşayış evi alqı-satqı müqaviləsinə əsasən alıb. Həmin alqısatqı müqaviləsi Quba Rayon Məhkəməsinin 2(027)-1044/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə təsdiq edilmişdir. Lakin razılaşmaya əsasən X6 başqa yaşayış yeri olmadığına görə o həmin evdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış alana kimi yaşamalı, daha sonra isə həmin evdən çıxmalı, o ailəsiylə birlikdə həmin evə köçməli idi. X6 14 oktyabr 2014-cü il tarixdə vəfat etmişdir. O, qeyd edilən evə xx.xx.2018-ci il qeydiyyat tarixli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarış alıb və bundan sonra evə köçüb. Lakin həmin evə köçdükdə xx.xx.2014-cü il tarixdə vəfat etmiş X3 adına **********00420 saylı abonent hesabının olması və həmin abonent hesabında isə borcun olmasını görüb. O 2018-ci ilin sentyabr ayından uşaqları və azyaşlı nəvələri ilə birlikdə həmin evdə yaşayır. Bundan sonra ididaçı yeni abonent hesabı açıb, yeni sayğac quraşdırılmasını Cavabdeh İB-nin X15 İdarəsindən dəfələrlə tələb etsə də, ondan əvvəl yaşamış X3 qeyd edilən evə qaz borcu yarandığından onun adına yeni abonent hesabı açmaqdan və yeni sayğac quraşdırılmasından imtina etmişlər. Bundan sonra o Cavabdeh İBnə qarşı alqı-satqı müqaviləsinin bağlanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)- 1663/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, mülkiyyətində olan ünvan 2 fərdi yaşayış evinə dair qazın alqı-satqı müqaviləsinin bağlanması öhdəliyi Cavabdeh İBnə həvalə edilmsi qət edilmişdir. Daha sonra 22 yanvar 2022-ci il tarixdə Cavabdeh İB nin Xaçmaz RQİİ ilə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə bağlanmışdır. Qeyd edi ki, X3 Azəriqaz iB-nə olan borcunun ona heç bir bağlılığı yoxdur. Ona görə ki, Cavabdeh İB ilə onun arasında 22 yanvar 2022- ci il tarixli müqavilə bağlanmışdır. O qeyd edilən ünvan 2 fərdi yaşayış evini Quba Rayon Məhkəməsinin 2(027)-1044/2011 saylı, xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi əsasında alıb, həmin qətnamə qanuni qüvvəyə minmiş və adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmalkın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixdə çıxarış verilmişdir. Həmçinin o mülkiyyət hüquqları əsasında özünə məxsus evə köçəndə X3 ailəsi tərəfindən ona işlətdiyi qaza görə ödənilmiş 24 dekabr 2013-cü il tarixli, 14 oktyabr 2014cü il tarixli və 02 yanvar 2015-ci il tarixli ödəniş çeklərini də təqdim etmişlər. Həmin ödəniş çeklərinə əsasən X6 1270 manat məbləğində işlətdiyi qaza görə pul ödəmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Quba Rayon Məhkəməsinin 2(027)-1943/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən xx.xx.2018-ci il tarixdən mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh əməkdaşları tərəfindən X3 adına olan abonent hesabına 01 noyabr 2017-ci il tarixədək yazılmış 3127 manat 40 qəpik məbləğində pul vəsaitinin abonent bazasından silinməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim İ.Məmmədov). Birinci instansiya məhkəməsi mövqeyini bu cür əsaslandırmışdır ki, qaz borcunun ödənilməsi vaxtaşırı ödənişlərə aid olduğundan, vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir və həmin müddətlərin keçməsi qanunun birbaşa göstərişinə görə öhdəliyə xitam vermə əsası kimi müəyyən olunduğundan iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.3, 551.2.1-ci maddələri və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 11-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh İB qətnamədən apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 2(027)-1943/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Məhkəmə heç bir hüquqi əsası olmayan iddianı təmin etməklə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Mülki Məcəllənin 551-ci maddəsində öhdəliklərin xitamı üçün müddətlər təsbit edilmiş, vaxtaşırı ödənişlər haqqında tələblərin qüvvəsinin itirilməsi üçün beş il müddət göstərilmişdir. Məhkəmə bu müddəti tətbiq edərək iddianı qismən təmin etməklə abonentin son beş ildən əvvəlki borclarının silinməsi barədə qətnamə çıxarmışdır. Məhkəmənin tələbin icra müddətini tətbiq etməklə iddianın qismən təmin edilməsi hissəsində gəldiyi nəticə səhvdir .Belə ki, həmin Məcəllənin 553-cümaddəsində Öhdəliklərin xitamı üçün müddətin kəsilməsi halları təsbit edilmişdir. 553.1.1 maddəsində qeyd edilmişdir ki, mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə öhdəliyin xitamı üçün müəyyən edilən müddətlər kəsilir. Debitor borcunun çox olmasını nəzərə alaraq İddiaçı öz təşəbbüsü ilə onun üçün 2021-ci ilin aprel ayında “ZENNERG4T SMART” tipli, **********724 saylı sayğac quraşdırılmış, abonentlə ödədiyi məbləğin 50 %-nin borcdan çıxılması barədə razılığa gəlinərək 3E Proqramına keçirilmişdir. Hal-hazıradək bu Proqram vasitəsi ilə iddiaçı 90 dəfə ödəniş həyata keçirmiş, ödədiyi 833 manat məbləğin 416,5 manatı əvvəlki illərdən qalan borcdan çıxılmışdır. Bu hal mükəlləfiyyətli şəxsin tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə icra etməsidir və öhdəliklərin xitamı üçün müddətin kəsilməsinə səbəb olan haldır. Göründüyü kimi məhkəmə işin bu halına lazımi qaydada diqqət yetirməmiş və əsassız nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Bahadur Seyfullayev şikayətin dəlillərini müdafiə edərək bildirdi ki, məhkəmə qətnaməni iddia ərizəsindəki əsaslarla yox Mülki Məcəllənin 551-ci maddəsinə istinad edərək təmin edib. Həmin maddədə icra müddətinin keçməsindən bəhs olunur. Lakin məhkəmənin bu hissədə də mövqeyi düzgün əsaslandırılmamışdır. Belə ki, Mülki Məcəllənin 553.1.1-ci maddəsinə əsasən mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə, öhdəliklərin xitamı üçün müddət kəsilir. Cari işdə iddiaçı həmin borc məbləğini hissə-hissə ödəmək üçün razılığa gəlib. Onun ünvanına 2021 ci ilin iyun ayında smart tipli sayğac quraşdırılıb. Həmin sayğaca ödənilən məbləğin 50 faizi borcdan çıxılır, 50 faizi isə sərfiyyata hesablanır. Bu da bir daha sübut edir ki, iddiaçı öz təşəbbüsü ilə mükəlləfiyyətli şəxs kimi borcu hissə-hissə ödəməyə razılaşmışdır. Artıq 3 ildir ki, o, hissə-hissə ödəniş edir. Məhz bu hal öhdəliklərin icrası üçün müddətin kəsilməsinə səbəb olan haldır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi İsmayıl İskəndərov apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)-1943/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Elgün Əlixanlı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı tərəfindən borcdan heç bir ödəniş olmayıb, iddiaçı borcu ödəmək üçün öhdəlik götürməyib. Hazırda mübahisələndirilən borc məbləği ev alınanda mövcud olan borc olub. Yəni borc iddiaçı tərəfindən istifadə edilmiş qaz sərfiyyatının əvəzi deyildir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)-1943/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 425.1 öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2 öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Qanunun qeyd edilən maddəsinin 9-cu bəndinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun qeyd edilən maddəsinin 9-cu bəndinin tələblərinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Qaydaların 5.2-ci maddəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Smart-kart» tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Hazırkı iş üzrə qətnamədən iddianın təmin edilməyən hissəsində iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini, həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarını nəzərə alaraq hesab edir ki, hazırda qətnamə yalnız mübahisələndirilən hissədə və hədlərdə apellyasiya baxışının predmetidir. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-1943/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmalkın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, Seriya RX, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********56 reyestr nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 134.6 kvm olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-1663/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 2 fərdi yaşayış evinə dair qazın alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Azəriqaz İB-nə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan Qazdan istifadə qaydalarına əsasən “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”sinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli 305xx-xx-2022 nömrəli müqavilə bağlanmışdır. İş materiallarında olan 24 dekabr 2013-cü il tarixli, 14 oktyabr 2014-cü il tarixli və 02 yanvar 2015-ci il tarixli ödəniş qəbzlərindən Vahidi İsrafil adından 1340 manat qaz borcu ödənilib. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə birlikdə əlaqəli şəkildə araşdıraraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbində silinməsini tələb etdiyi borc məbləğinin ona deyil, həmin abonent kodunun aid olduğu ünvanın əvvəlki sahibinə hesablandığını bildirmiş və qeyd olunan əsasla borcun silinməsini tələb etmişdir. Lakin işdən görünür ki, qeyd olunan ünvana iddiaçının təşəbbüsü ilə 2021-ci ilin aprel ayında “ZENNERG4T SMART” tipli, **********724 saylı sayğac quraşdırılmış, abonentlə ödədiyi məbləğin 50 %-nin borcdan çıxılması barədə razılığa gəlinərək 3E Proqramına keçirilmişdir. Hal-hazıradək bu Proqram vasitəsi ilə iddiaçı müxtəlif vaxtlarda müxtəlif məbləğdə ödənişlər etmiş, edilmiş ödənişlər isə razılaşmaya uyğun olaraq yarı həcmdə əvvəlki borcdan silinmişdir. Məhkəmə kolegiyası onu da qeyd edir ki, iddiaçı mübahisəli yaşayış evində ailə üzvləri ilə birlikdə 2018-ci ildən yaşadığını qeyd etsə də, iş materiallarından müəyyən olunur ki, mübahisəli evə dair tərəflər arasında alqı-satqı Məhkəmə kollegiyası qeyd edir ki, belə olan halda birinci instansiya məhkəməsinin hazırkı işə Mülki Məcəllənin 551-ci maddəsini tətbiq edərək, iddia tələbinin qismən təmin edilməsi barədə mövqeyi işin faktiki hallarına uyğun gəlmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdeh təşkilat qarşısında öhdəliyi yaranmışdır. O, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbinin dəlillərini sübut edə bilməmiş, cavabdeh isə apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-1943/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. AR MPM-in 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh İB-nin apelllyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-1943/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən kasssiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar