Məhkəmə qərarları › İş №2(105)-537/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-537/2021

23.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-537/2021 23.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı əqdin etibarsız sayılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2420/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-2420/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Elman Məmmədov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-2420/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 ilə onun arasında bağlanan x xxxx 2015-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsi üçün ödənilmiş olan 36400 manat pul vəsaitinin, 20000 manat maddi zərərin, 50000 manat mənəvi zərərin və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdeh X1 alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, torpaq alarkən Rahib adlı şəxs torpaq sahəsini ona göstərərək bildirmişdir ki, torpaq sahəsi Xəyaləddinə məxsusdur.Onun təkidi ilə Məmmədov Xəyaləddinlə təklif olunan torpaq sahəsinin qiyməti və təyinatı ilə bağlı məsələləri aydınlaşdırmaq üçün bir yerdə görüşüb sövdələşmişlər. Sövdələşmə zamanı hər sot torpaq üçün 2800 manat olmaqla 0,13 ha torpaq üçün 36400 manat pul məbləği qarşılığında ona fərdi ev tikmək üçün yararlı olan torpaq sahəsini göstərmişdir. O, Abşeron rayon Xırdalan şəhər 1 saylı notariat kontorunda Rahib və Xəyaləddinlə görüşərək x xxxx 2015-ci il tarixli AN-İ №0490867 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlamışlar. 1 nömrəli notariat kontorunda alqı-satqı etdikdən sonra o, İsmayılov Rahibin yanında Məmmədov Xəyaləddinə 36400 (otuz altı min dörd yüz) manat pul vermişdir. Alqı-satqıdan sonra çıxarış alan zaman ona məlum olmuşdur ki, Məmmədov Xəyaləddin onun etibarından sui-istifadə edərək aldatma yolu ilə ona qarşı dələduzluq etmişdir. Belə ki, koordinatların dəqiqləşdirilməsi zamanı ona məlum olmuşdur ki, Məmmədov Xəyaləddinin göstərdiyi torpaq sahəsi ilə sənəd üzərində olan torpaq sahəsi üst-üstə düşmür və sənəd üzərində əks olunun koordinatlar tamamilə gölün içinə düşür, həmçinin əkin təyinatlı olmaqla Dövlət Neft şirkətinin mühafizə olunan ərazisinə təsadüf edir. Aralarında olan razılaşmaya əsasən Xəyaləddin Məmmədov 36400 manat pul müqabilində ona 0.13 ha fərdi ev tikintisi üçün yararlı olan torpaq sahəsi verməli idi. Xəyaləddin onun torpaqa dair sənədlərindən anlayışı olmadığından onun inam və etibarından sui-istifadə edərək onu aldatmış, tikinti üçün yararlı torpaq sahəsini göstərmiş, faktiki olaraq isə göl olan ərazini satmışdır. Məmmədov Xəyaləddinin onu aldatdığını öyrəndikdə artıq gec idi. Bundan sonra Xəyaləddin və Rahiblə görüşüb məsələni aydınlaşdırılması və həll edilməsi üçün dəfələrlə cəhd etsə də Xəyaləddinin hər səfərində onu aldadaraq vəd verməsindən başqa heç nəyə nail ola bilməmişdir. Cavabdehin bu hərəkətləri nəticəsində ona təxminən 36400 manat məbləğində maddi zərər dəymişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, alqı-satqı müqaviləsində adları sadalanan şəxslərin şikayətlərinə əsasən AR Baş Prokurorluq yanında X7 Baş İdarəsinin İstintaq idarəsində X13 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi istintaq edilərək baxılması ücün məhkəməyə göndərilmişdir. Həmin cinayət işində onun kimi pul verərək aldadılmış X15, X3 və X9 zərər çəkmiş şəxs olaraq tanınmışlar. Məmmədli kənd bələdiyyəsində torpağa nəzarət müfəttişi vəzifəsində işləmiş X11 etdiyi əməllərə görə məsuliyyətə cəlb edildiyi halda, hansısa səbəbdən Məmmədli bələdiyyəsinin sosial daimi komissiyasının sədri işləmiş Məmmədov Xəvaləddin məsuliyyətdən kənarda qalmışdır. Artıq hüquqlarının pozulduğunu bildikdən sonra hüquq mühafizə orqanlarına müraciət etmişdir. Onun hüquqlarının pozulmasını bildiyi ana gəldikdə isə bu an göstərilən torpağın alınan torpaqla üst-üstə düşmədiyi, yəni həmin ərazinin mübahisəli olduğu İsmayılov rahibin cinayət məsuliyyətinə cəlb olunduğu məqamdan başlayır. Prokurorluq orqanlarına müraciətləri nəticəsiz qaldıqdan sonra məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, qanunvericilik alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il müddət müəyyən etmişdir. O, bu hüququndan istifadə edərək dəfələrlə prokurorluq orqanlarına müraciət etmişdir. Odur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2420/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 məhkəmə iclasında ifadəsində bildirdi ki, o, ev alqı-satqısı ilə məşğuldur. 2015-ci il tarixdə İddiaçı torpaq sahəsi almaq istədiyini bildirmişdir. Onda olan məlumata görə Cavabdeh boş torpaq sahəsi var idi və Cavabdeh torpağı hissələrə bölərək satırmış. Buna əsasən, o, iddiaçıya Məmmədli kəndi ərazisində boş torpaq sahəsi olduğunu demiş və torpağa baxış keçirildikdən sonra torpağın hər sotu 2800 manat olmaqla 13 sot torpağa 36400 manata razılaşmışlar. Torpaq alqı-satıqısı üçün notariusa getdikdə Xəyalətdin onlara müqavilənin qiyməti 5000 manatdan çox olduqda banka pul qoyulmalı olduğunu demişdir, bu səbəbdən də müqavilədə torpağın dəyərini az göstərmişlər. Alqı-satqı müqaviləsi bağlanan zaman fərdi ev tikmək üçün yararlı olan torpaq sahəsini göstərilmiş, əslində isə Məmmədov Xəyaləddinin göstərdiyi torpaq sahəsi ilə sənəd üzərində olan torpaq sahəsi üst-üstə düşməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 İddiaçı həyat yoldaşının dostudur. İddiaçı həyat yoldaşı 2007-ci il tarixdə vəfat etdikdən sonra iddiaçını hər yerə o aparmış, 2015-ci ildə Bahar torpaq almaq istədiyini bildirdikdə, o, Məmmədli kənd ərazisində torpaq axtarmağa başlamışdır.O Cavabdeh torpaq alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımış, Xəyalətdin ona torpaq sahəsini göstərdikdən sonra 13 sot torpağ 36.400 manata almağı razılaşmışlar. Belə ki, ilkin olaraq 3400 manat notariusda ödəniş olunmuş, qalan məbləği isə daha sonra cavabdehə şəxsən verilmişdir. Lakin torpağı aldıqdan bir neçə ay sonra hasar çəkmək istəyəndə Bahara satılan torpağın başqa şəxsə aid olduğu məlum olmuşdur. Belə ki, çıxarışla iddiaçıya satılan torpaq sahəsinin 7 sotu SOCAR-ın neft borusunun mühafizə zonasına, digər 4 sotu isə gölün içərisinə düşmüşdür. Bu səbəbdən də torpaq sahəsindən Bahar istifadə edə bilməmişdir. İş materiallarında olan AN-İ № ******* saylı, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, satıcı X4 ilə alıcılar İddiaçı, X16, X10 və X6 arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən satıcı, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2.6 ha torpaq sahəsinin 0.13 ha hissəsini 3900 manata alıcı İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 1i ünvanında sahəsi 0.13 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi Abşeron rayon Xırdalan şəhər 1 saylı notariat kontorunda İddiaçı ilə X4 arasında x xxxx 2015-ci il tarixli AN-İ №0490867 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlanmasını, həmin müqaviləyə əsasən X8 rayonu, Məmmədli kəndi ünvanında yerləşən 0.13 ha torpaq sahəsini 3900 manata İddiaçı satmasını, əslində isə qeyd olunan torpaq sahəsi üçün İddiaçı Xəyaləddin Məmmədov hər bir sot torpaq sahəsi üçün 2800 (iki min səkkiz yüz) manat olmaqla 0.13 ha torpaq sahəsi üçün ümumilikdə 36400 (otuz altı min dörd yüz) manat pul almasını, alqı-satqı müqaviləsi bağlanan zaman fərdi ev tikmək üçün yararlı olan torpaq sahəsi göstərilməsini,əslində isə Məmmədov Xəyaləddinin göstərdiyi torpaq sahəsi ilə sənəd üzərində olan torpaq sahəsi üst-üstə düşməməsini, lakin,bu hallların baş verməsindən beş ildən çox bir müddət keçməsini müəyyən edərək iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericlik normalarına uyğundur və məhkəmə qeyd edilən əsasla iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iş materialları ilə təsdiq edilir ki, Abşeron rayon Xırdalan şəhər 1 saylı notariat kontorunda İddiaçı ilə X4 arasında x xxxx 2015-ci il tarixli, AN-İ №0490867 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlanmış, həmin müqaviləyə əsasən X8 rayonu, Məmmədli kəndi ünvanında yerləşən 0.13 ha torpaq sahəsini 3900 manata İddiaçı satmış, əslində isə qeyd olunan torpaq sahəsi üçün İddiaçı Xəyaləddin Məmmədov hər bir sot torpaq sahəsi üçün 2800 (iki min səkkiz yüz) manat olmaqla 0.13 ha torpaq sahəsi üçün ümumilikdə 36400 (otuz altı min dörd yüz) manat pul almış, alqı-satqı müqaviləsi bağlanan zaman fərdi ev tikmək üçün yararlı olan torpaq sahəsi göstərsə də,əslində isə Məmmədov Xəyaləddinin göstərdiyi torpaq sahəsi ilə sənəd üzərində olan torpaq sahəsi üst-üstə düşməmişdir. Tərəflər arasında müqavilə xx xxxx 2015-ci il tarixdə bağlansa da, iddiaçı müqavilənin etibarsızlığı ilə bağlı məhkəməyə xx.xx.2020-ci il tarixdə, yəni 5 il 2 ay keçdikdən sonra müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsində etibarsız əqdlər üzrə müddətlər göstərilmişdir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi qanunvericilik alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il müddət müəyyən etmiş və iddiaçı da bu halllardan məlumatlı olmuşdur. Lakin iş materiallarından görünür ki, iddiaçı müqavilənin bağlandığı vaxtdan 5 il 2 ay sonra məhkəməyə müraciət etməklə müəyyən edilmiş müddəti ötürümüşdür. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlili, polis və prokurorluq orqanlarına müraciət etməsi, müraciətlərinin heç bir nəticəsi olmayandan sonra məhkəməyə müraciət etməsini bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, vətəndaşın polis və prokurorluq orqanlarına müraciəti məhkəməyə iddia ərizəsi ilə müraciəti kimi qəbul edilə bilməz. Eyni zamanda polis və prokurorluq orqanlarına müraciət edilməsi məhkəməyə müraciət edilməsi üçün müəyyən edilmiş müddətin axımını dayandıra bilməz. Qanunun tələbinə görə iddia müddətinin axımı o hallarda kəsilir ki, yalnız məhkəmədə iddia qaldırılmış olsun. Polis və başqa hər hansı orqana müraciət edilməsi məhkəmədə iddia qaldırmağa bərabər tutulmadığı üçün məhkəmədən kənar hər hansı orqana müraciət edilməsi iddia müdətinin axımının kəsilməsinə əsas ola bilməz Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi müddətin keçirilməsi əsası ilə iddianınn müqavilənin etibarsız hesab edilməsinə dair hissəsinin təmin edilməməsində haqlı olmuşdur. Bundan başqa məhkəmə kolelgiyası qeyd edir ki, iddia tələbinin torpaq sahəsi üçün ödənilmiş olan 36400 manat pul vəsaitinin, 20000 manat maddi zərərin, 50000 manat mənəvi zərərin ödənilməsi barədə tələb tərəflər arasında bağlanmış müqavilənin etibarsızlığından doğan tələb olduğundan və həmin hissədə iddia tələbi təmin edilmədiyindən qeyd edilən hissələrdə də tələb təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər qanuni və əsaslı olan qətnamənin ləğvi üçün əsas sayıla bilməz. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-2420/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1 və 393, 405və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-2420/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı qızının apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Telman Quliyev Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar