Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-538/2023 21.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş üzrə (Açar sözlər: qanunsuz inşa edilən tikilinin sökülməsi) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Qafari və X1 ibarət tərkibdə, Nigar Natiq qızı Təhməzlinin katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh3 və Cavabdeh1, Cavabdeh3 vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “qanunsuz inşa edilən tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(012)-4120/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qanunsuz inşa edilən tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən inşa edilən özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Yaşadığı fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətdədir. Evin arxa tərəfində, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini kobud şəkildə pozmaqla 0.06 ha torpaq sahəsinin bütün hissəsini əhatə edən qeyri-yaşayış obyektinin inşası həyata keçirilir. Sözügedən tikiliyə dair tikinti niyyəti ilə bağlı aidiyyəti qurumlara müraciət olunmamış, tikintiyə icazə icraatı həyata keçirilməmiş, aparılan işlərə dair heç bir hüquqi sənəd bugünə kimi iddiaçıya təqdim olunmamışdır. Bundan əlavə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.3-cü maddəsinə əsasən yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi qədər ara məsəfəsinin gözlənilməsi tələb olunsa da, hər mərtəbəsinin hündürlüyü 4 metrdən artıq olacaq tikilidə heç bir ara məsafəsi gözlənilməmiş, tikili tamamilə torpaq sahəsinin perimetr boyu sərhədlərinin üzərində inşa edilməkdədir. Bu isə tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitarepidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməməsi deməkdir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli, 51 saylı qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 4-cü maddəsinin 4.13-cü bəndinə əsasən ərazinin tikinti əmsalı 80%-dən çox olmamalıdır. Lakin bu tələblərin heç biri gözlənilməmişdir. Aparılan qanunsuz tikinti işləri ilə bağlı Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinə, Abşeron Rayon İcra Hakimiyyətinə bir neçə dəfə müraciət etməsinə baxmayaraq, bu günə kimi hər hansı əməli tədbir həyata keçirilməmişdir.
3. İddiaçının vəsatəti əsasında Cavabdeh4 cavabdeh qismində işə cəlb edilmişdir.
4. Cavabdeh3 vəkili, Cavabdeh4 nümayəndəsi Vəkil tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.
5. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etsə də, belə bir tələblə məhkəməyə müraciət etmək hüququnun olması barədə hər hansı sübutu iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 1 mülkiyyət hüququ ilə X7 məxsusdur. İddiaçı həmin ərazidə mülkiyyət hüquq ilə məxsus hər hansı daşınmaz əmlakın olması, habelə təqdim etdiyi çıxarışa əsasən X7 məxsus olan fərdi yaşayış evi ilə hər hansı bağlılığının olması və ya həmin evdə daimi qeydiyyatda olmaqla istifadə hüquqlarının mövcud olması barədə hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli arayışda isə hər hansı dəqiq ünvan qeyd edilmədən İddiaçı Abşeron rayonu, Masazır kəndində yaşaması göstərilmişdir. Qeyd edilən arayış tərəfin hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olmasını təsdiq etmir. Belə ki, qeydiyyat yalnız notarial qaydada verilmiş ərizə əsasında mülkiyyətçinin razılığı ilə müvafiq qaydada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən aparılır və istifadə hüququ olmazsa, hələ qeydiyyat özü də belə bir iddianın qaldırılması üçün əsas hesab edilə bilməz. Buna görə də iddiaçının hazırk iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün hər hansı subyektiv hüququ mövcud deyildir. Bundan əlavə, iddiaçı tələbində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən inşa edilmiş tikilinin sökülməsini xahiş etsə də, həmin şəxslər tərəfindən belə bir tikilinin inşa edilməsi barədə sübutları da iddia ərizəsinə əlavə etməmişdir. Qeyd edilməsi zəruridir ki, cavabdehlər tərəfindən adıçəkilən ərazidə hər hansı özbaşına tikili inşa edilmədiyindən cavabdeh qismində həmin şəxslərin göstərilməsi düzgün olmamışdır. Belə ki, iddiaçının iddia etdiyi ərazidə yerləşən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə Cavabdeh4 məxsusdur. Cavabdehlərin həmin fərdi yaşayış evi ilə hər hansı hüquqi bağlılıqları mövcud deyildir. Buna görə də, iddia təmin olunacağı təqdirdə belə, başqasının mülkiyyətində olan daşınmaz əmlakın söküntüsünü həyata keçirmək qanuni və əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0315 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 158 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evinin yerləşdiyi 0.00971 ha torpaq sahəsi isə Bələdiyyə mülkiyyətində olmaqla, istifadədir.
8. Fərdi yaşayış evinə dair daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh4 məxsus ünvan 7 evin texniki pasportu tərtib edilmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2023-cü il tarixli ekspert rəyindən görünür ki: Qərardadın birinci sualı üzrə: ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə mindiyi tarixdən (1 yanvar 2013-cü il) öncə inşa olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu bəndinin tələblərinin, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə şamil olunmadığı müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: ünvan 6 ünvanda inşa edilmiş qeyri-yaşayış tikilisinin xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsin 69.5.3. bəndinin tələbinə uyğun olmadığı müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: ünvan 5 ünvanında yerləşən tikili ilə qonşuluqda yerləşən, ünvan 6 ünvanda inşa edilmiş tikili arasında ara məsafəsinin 3,37 metr olduğu müəyyən edilmişdir. Həmçinin qeyd olunur ki, qanunvericilikdə tikililər arasındakı məsafə deyil, tikililər ilə həmin tikililərin inşa olunduğu torpaq sahəsinin sərhəddinə qədər olan məsafənin tənzimlənməsi nəzərdə tutulmuşdur ki, bununla da ünvan 6 ünvanda inşa edilmiş qeyri-yaşayış sahəsinin xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsin 69.5.3. bəndinin tələbinə uyğun olmadığı müəyyən edilmişdir. Qərardadın dördüncü sualı üzrə: ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin ünvan 6 ünvanda inşa edilmiş qeyri-yaşayış tikilisi istiqamətində hasar tikilisinin və fərdi yaşayış evin divarının üzərində nəmlənmə və çatlama izlərinin olduğu müəyyən olundu. Nəmlənmə izlərinin yaranması, qeyri-yaşayış tikilisinin inşa olunması nəticəsində həmin hissəyə günəş şüalarının və havanın daxil olmasına məhdudiyyətlər yaranması səbəbindən baş verməyə xarakterikdir. Qərardadın beşinci sualı üzrə: ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin ünvan 6 ünvanda inşa edilmiş qeyri-yaşayış tikilisi istiqamətində 3 pəncərənin və 2 nəfəsliyin olduğu müəyyən edilmişdir. Qərardadın altıncı sualı üzrə: ünvan 6 ünvanda inşa edilmiş qeyri-yaşayış tikilisinin hündürlüyünün (8,7 metr), ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin hündürlüyündən (7.1 metr) çox olduğunu və qeyri yaşayış sahəsinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsin 69.5.3. bəndinin tələbinin pozulduğunu nəzərə alaraq, cavabdeh tərəfindən inşa olunan qeyriyaşayış tikilisinin, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin təbii işıqlanmasına və havalanmasına məhdudiyyət yaratdığı müəyyən olunur. Lakin yaranan məhdudiyyətin hansı dərəcədə olması həmin sahə üzrə müvafiq mütəxəssislər cəlb edilməklə müəyyən oluna bilər.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(012)-4120/2022 nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı qanunsuz inşa edilən tikilinin sökülməsi tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında inşa edilən tikilinin sökülməsini tələb etmək üçün iddiaçı subyektiv hüquqa malik olmadığından iddia tələbi əsassızdır və təmin edilməməlidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 170.1, 170.2 və 178.1-ci maddələri, Mülki Prosessual Məcəlləsinin 4.1, 107, 119.1, 124.2, 14.2, 77.1, 78.1, 80, 81, 88, 217.4, 216- 220, 227, 233, 358, 360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
14. Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(012)-4120/2022 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-4120/2022 nömrəli 10 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə onun və ailə üzvlərinin qeyd edilən ünvanda yaşamağını və həmin ünvanda pasport qeydiyyatında olmasını nəzərə almayaraq onun subyektiv hüququnun olmaması qənaətinə gəlməsi tamamilə qanunsuzdur. Məhkəmənin subyektiv hüququ bəhanə edərək qanunsuz olaraq həyata keçirilən tikinti işlərini müdafiə etməsi isə qanunla, ədalətlə heç bir araya sığmır. Onun yaşadığı ünvanda yaşamaq hüququ məhdudlaşdırılır. İnşa edilən qanunsuz tikili yaşadığı evə birləşdirilir. Məhkəmə isə əsassız olaraq təqdim edilmiş sübutların heç birini araşdırmır və işdə cavabdeh olan şəxslərin həmin tikili ilə əlaqələri olması faktını ört-basdır eləməyə çalışır. Məhkəmə mövcud mübahisə məsələsini həll edilərkən formal mülahizələrdən çıxış edərək, özbaşına tikintinin sökülməsi tələbi ilə bağlı kimi işin əhəmiyyətli hallarını araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Cavabdehin vəkili Vəkil tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
17. Etiraz onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edən iddiaçının belə bir tələblə müraciət etməsi üçün hər hansı subyektiv hüququ mövcud deyildir. Belə ki, həmin şəxs Abşeron rayonu Masazır kəndində yaşayır və qeydiyyatdadır. Lakin şəxsin həmin evə mülkiyyət və ya hər hansı qanuni istifadə hüququnun olması iş materialları ilə öz təsdiqini tapmamışdır. İddiaçı iddia edir ki, onun yaşadığı evin mülkiyyətçisi onun qohumudur və həmin evdə kommunal xərclər iddiaçı və onun ailə üzvləri tərəfindən ödənilir. Qeyd edilməsi zəruridir ki, hər hansı yaşayış yerində məskunlaşma və qeydiyyata alınma həmin evə dair qanunla müəyyən olunmuş qaydada istifadə hüququnun yaranması üçün əsas hesab edilmir. Belə olan halda, hansı əsasla digər şəxsə mülkiyyət hüququ ilə məxsus olan evdə yaşayaraq üçüncü şəxslərə iddia qaldırmaq olar?! Qanunverici belə bir tələb tanımır və bununla bağlı Konstitusuya Məhkəməsinin mövqeyi bir sıra qərarlarda öz əksini tapmışdır. Qeyd olunanlardan əlavə iddiaçı mülkiyyət hüququ ilə başqasına məxsus olan torpaq sahəsinin üzərində yerləşən tikilinin sökülməsini hazırkı cavabdehlərdən hələb edir ki, bu da qanunla yolverilməzdir. Cavabdehlər hansı əsasla başqa şəxsin mülkiyyətində olan əmlakı sökə bilərlər?! Eyni zamanda qeyd olunması mütləqdir ki, ünvan 7 ünvana inşa edilmiş tikili mülkiyyət hüququ ilə fiziki şəxsə məxsus olan torpaq sahəsi üzərində inşa edilmişdir. Onun inşası zamanı müvafiq icra orqanları bunu görmüş və tikintisinə mane olmamışdır. Qeyd olunanları nəzərə alaraq apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
18. İddiaçı apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
19. Cavabdeh3 və onun vəkili Vəkil apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər.
20. Cavabdeh1 apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
21. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan və eləcə də mübahisənin predmeti bölünməz olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kim sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
27. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
28. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
29. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.
30. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.0315 ha torpaq sahəsi X5 mülkiyyətindədir. Hazırda İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.0315 ha torpaq sahəsinin ona məxsus olduğunu, fərdi yaşayış evi və torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığını, həmin fərdi yaşayış evi və torpaq sahəsinin qonşuluğunda ünvan 3 ünvanında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən özbaşına tikinti işləri aparıldığını, həmin özbaşına aparılan tikinti işlərinin onun hüquqlarını pozduğunu bildirərək, cavabdehlər tərəfindən inşa edilən özbaşına tikilinin onların öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin məhkəmənin təklif etməsinə və cavabdeh tərəfin mübahisələndirməsinə baxmayaraq, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.0315 ha torpaq sahəsinin ona məxsus olması, onun həmin fərdi yaşayış evinə və torpaq sahəsinə sahiblik və istifadə hüququnun olması, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malik olması, cavabdehlər tərəfindən həmin hüququn pozulması barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iş materiallarından və proses iştirakçılarının izahatlarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının ailə üzvü olmadığı qardaşı oğlu X5 adınadır və iddiaçı həmin evə sahiblik və istifadə hüququnun olması barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
32. Qeyd olunan əsaslara görə birinci instansiya məhkəməsi iddiaçının müvafiq subyektiv hüquqa malik olmaması əsası ilə iddianı rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir.
33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin halları məhkəmə tərəfindən hərtərəfli araşdırılaraq eyni zamanda iddia tələbinin əsaslı olmadığı müəyyən edilmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mülkiyyət hüququ var, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Lakin Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.
35. Bu baxımdan Mülki Məcəllənin aşağıda şərh olunan normalarının nəzərdən keçirilməsini məhkəmə kollegiyası zəruri hesab edir.
36. Mülki Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
37. Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.
38. Mülki Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
39. Mülki Məcəllənin 172.3-ci maddəsinə əsasən əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir.
40. İşin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisəli tikili ilə iddiaçının yaşadığını iddia etdiyi fərdi yaşayış evi qonşu sahələrdir.
41. Qanunvericiliyin göstərişinə əsasən qonşu əmlakın mülkiyyətçiləri bir-birinə qarşılıqlı hörmət əsasında hərəkət etməli, qonşuluq hüququnu həyata keçirilməsini təmin etməlidirlər.
42. Həmçinin qanunvericiliyin tələbinə görə hüquqlarının əhəmiyyətli dərəcədə pozulduğu halda əmlak mülkiyyətçisinin bu pozuntunun aradan qaldırılmasını tələb etmək hüququ istisna deyildir.
43. Göründüyü kimi qanunverici əmlak mülkiyyətçisinin pozulmuş hüquqlarının aradan qaldırılması tələb etmək hüququnu tanımışdır.
44. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müvafiq subyektiv hüquqa malik olduğunu ehtimal etsək belə işin hərtərəfli, obyektiv və tam araşdırılmasının təmin edilməsi məqsədə ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizanın yuxarıda şərh olunmuş rəyi ilə cavabdeh tərəfindən mübahisəli tikintinin aparılması nəticəsində qonşu sahənin mülkiyyətçisinin hüquqlarının əhəmiyyətli dərəcədə pozulması müəyyən edilməmişdir. Fərdi yaşayış evinin təbii işıqlanmasına və havalanmasına məhdudiyyət yaranması, nəm izlərinin və çatların olması mülkiyyətçisinin hüquqlarının əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməsi isə əsaslı sayıla bilməz.
45. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hüquqlarının əhəmiyyətli dərəcədə pozulduğunu hesab etdiyi halda mülki qanunvericiliyin göstərişinə uyğun olaraq mülkiyyətçinin pozuntunun aradan qaldırılması ilə bağlı pul formasında müvafiq kompensasiya tələb etmək hüququ qanunla tanınır.
46. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Ekspertiza təhqiqatının dəyərinin əvəzi olaraq 50 (əlli) manat İddiaçı alınaraq SAP (XİİS) hesabı X2 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməlidir.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(012)-4120/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Ekspertiza təhqiqatının dəyərinin əvəzi olaraq 50 (əlli) manat İddiaçı alınaraq SAP (XİİS) hesabı X2 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.