Məhkəmə qərarları › İş №2(105)-540/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-540/2025

20.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-540/2025 20.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X9 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, onun vəkili və nümayəndəsi Vəkil, İddiaçı3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4538/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V- 106 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 vərəsələri: İddiaçı1, İddiaçı3, İddiaçı2 və onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDX-nin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X3 verilmiş **********31-05101- 09306 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 74.1 kv/m olan mənzildən ibarətdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə, 12 saylı evin, 12 saylı mənzilinin 1/3 hissəsi İddiaçı1 adına ********** qeydiyyat nömrəsi, **********31-05101- 093067 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 137 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydə alınmış, qalan 1/3 hissəsi İddiaçı2 və 1/3 hissəsi isə İddiaçı3 mülkiyyətinə verilmişdir.

3. Asan 5 tərəfindən verilmiş xx.xx.20023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 12 saylı evin, 12 saylı mənzildə İddiaçı1 ilə birlikdə İddiaçı2, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 da qeydiyyatdadırlar.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6838 saylı rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 12 saylı evin, 12 saylı mənzilinin tərəflər arasında 1/3 hissədə paylara uyğun olaraq təcrid mənzillər şəklində üç hissəyə bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4. 2.7 və 2.9.-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətlərində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 12 ünvanında yerləşən 12 №-li mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X4 istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməklə xitam verilməsi, evin boşaldılaraq onlara təhvil verilməsi və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən onların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil mərhum anası X2 vəfatından sonra qanun üzrə vərəsəlik qaydasında onların mülkiyyətinə keçmişdir. O və bacısı İddiaçı3 razılığı ilə həmin mənzildə qardaşı və ailəsi qalmışdır. Həmin mənzildə İddiaçı2 həyat yoldaşı xx.xx.1971-ci ıl təvəllüdlü Cavabdeh1, qardaşının qızları xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh2 qeydiyyatdadırlar. Qardaşı İddiaçı2 tərəfindən Cavabdeh1 qarşı nikahın pozulması tələbinə dair iddia irəli sürmüşdür. Mənzil hər üçünün də mülkiyyətindədir. Hal-hazırda cavabdehlərin həmin mənzildən istifadəsi onların mülkiyyət hüququndan istifadə etmələrinə maneəçilik yaradır. Nəticədə mülkiyyət hüququ kobud şəkildə pozulur.

7. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, o, 2 övladı Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 12 ünvanında yerləşən 12 №-li mənzildə yaşayır. Onların yaşamağa başqa evləri yoxdur. Həmçinin sözügedən evdə yaşamaq onların qanuni hüququdur. Bundan əlavə Abşeron Rayon Məhkəməsinin qətnaməsinə əsasən, onunla İddiaçı2 arasında olan nikah baldızı İddiaçı1 təsirləri nəticəsində pozulmuşdur. Lakin o, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. O, uşaqlarının atasını heç vaxt mənzildən qovmamışdır. Odur ki, İddiaçı2 həmin mənzildə onlarla yaşamasına etiraz etmir. Lakin o, mənzildən istifadə hüquqlarına xitam verilməsinə razı deyildir.

8. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, atası İddiaçı2 içki aludəçisidir. Bir müddət əvvəl bibisi İddiaçı1 atasını evdən aparmışdır. Onların qalmağa başqa evi yoxdur. Bundan əlavə qarşı tərəfin təklif etdiyi hərəsinə 10000 manat olmaqla, cəmi 30000 manat pul vəsaiti ilə 3 nəfərin yaşaması üçün ev tapmaq qeyri-mümkündür. Odur ki, o, iddianın təmin edilməməsini xahiş etmişdir.

8. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-4538/2024 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia təmin edilməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəf cavabdehlərin kompensasiya verilməklə evdən çıxarılmaları barədə iddia qaldırsa da, tələbinin əsaslılığına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. İş materiallarında cavabdehlərin ağlabatan müddət (2-3 il) ərzində mübahisəli evə uyğun eyni şəraitdə kirayədə yaşaya bilmələri məqsədilə tələb olunan məbləğ barədə hər hansı sənəd (qiymətləndirmə rəyi, konkret ərazi üzrə kirayə haqları barədə arayış, məlumat və s.) mövcud deyildir. Eyni zamanda iddiaçılar kompensasiya məbləğinin cavabdehlərə qabaqcadan deyil, mübahisəli evin satılmasından əldə ediləcək pulun verilməsini izahatlarında bildirmişdirlər. Göründüyü kimi iddiaçılar iddia tələbinə dair sübutlar təqdim etməməklə bərabər, cavabdehlərə kompensasiya məbləğinin nəğd şəkildə verilməsi imkanlarının olmadığını bildirmişlər

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152, 157.1, 157.2, 157.4, 157.8, 178.1, 178.2, 228.2, 228.5-ci maddələrinə, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 124.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdirlər.

12. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə heç bir araşdırma aparmamış, tamamilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarına əsasən birinci instansiya məhkəməsi belə işlərə baxarkən iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Qeyd olunanlardan da göründüyü kimi kompensasiya məbləği məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə isə buna heç təşəbbüs belə göstərməmişdir. Bundan əlavə, məhkəmə iclasında iddiaçıların verdikləri izahatlar tamamilə təhrif olunmuş şəkildə qeyd etmişdir. Halbuki, məhkəməyə ünvanlanan suala cavab olaraq, məhkəmə iclasında bildirmişdirlər ki, onlar hər bir cavabdehə 10.000 manat məbləğində ödəniş edə bilər. Bu ödənişləri kredit götürərək edəcəklər və gələcəkdə ev satılarsa, həmin pulla krediti bağlayacaqlar. Lakin məhkəmə qətnamədə idiaçıların izahatını yanlış olaraq qeyd edib və qeyd edib ki, “hal-hazırda kompensasiya verməyə pulu yoxdur, lakin qərar çıxarsa, ev satıldıqdan sonra hər bir cavabdehə 10.000 manat məbləğində kompensasiya verə bilər”. Bu tamamilə yanlış və təhrif olunmuş bir izahatdır. Halbuki, onlar kompensasiya ödəyəcəklərini bildirmişdirlər. Məhkəmə iddia tələbini rədd edərkən əsas kimi iddiaçılar tərəfdən heç bir sübutun təqdim olunmadığını və verdikləri izahatları götürmüşdür. Halbuki, onlar kifayət qədər sübut təqdim etmişirlər. Məhkəmə qanunvericiliyin tələblərini tamamilə pozmuş, iş üzrə kompensasiyanın məbləğini müəyyənləşdirmək və iş üzrə zəruri halları araşdırmaq üçün heç bir təşəbbüs belə göstərməmişdir. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğini məhkəmə özü müəyyən etməlidir. Məhkəmə isə belə qənaətə gəlmişdir ki, məbləğ iddiaçılar tərəfindən müəyyən edilməlidir. Məhkəmənin qərarı həm izahatların yanlış yazılması, həm də işin düzgün araşdırılmaması səbəbindən ziddiyyətli və qeyri-dəqiq olmuşdur. Məhkəmə, məsələyə dair heç bir əsaslı və obyektiv araşdırma aparmadığı üçün, nəticədə düzgün qərar qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarına əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında iddiaya baxan birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarına müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Həmin Qərara əsasən dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 42-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Beləliklə, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləği ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Yuxarıda da qeyd etdiyi kimi məhkəmə yalnız onlardan hansı məbləğdə kompensasiya ödəyə biləcəklərini və necə ödəyəcəklərini soruşmuşdur. İddiaçılar isə hər bir cavabdehə münasibətdə 10000 manat ödəmək istədiklərini və bunu kredit götürərək edəcəklərini bildirmişdirlər. Məhkəmə isə onların izahatını tamamilə fərqli dəyərləndirmiş, belə qənaətə gəlmişdir ki, onlar kompensasiyanı hal-hazırda ödəyə bilməyəcəklər. Məhkəmənin izahatı yanlış yazması və bunu əsas kimi götürməsi hüquqlarını kobud şəkildə pozmuşdur. Qeyd etmişdir ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı2 ilə Cavabdeh1 arasındakı nikah pozulmuşdur. Xüsusilə qeyd etmişdir ki, mülkiyyət hüququ cavabdehlər tərəfindən kobud şəkildə pozulur. Onlar tərəfindən mütəmadi olaraq şər, böhtana, təhqirlərə məruz qalır. Ev üzərində heç bir mülkiyyət hüququndan istifadə edə bilmirlər. Ev hal-hazırda tamamilə cavabdehlərin istifadəsindədir. Bu da onların mülkiyyət hüququnun kobud şəkildə pozulmasına səbəb olur. Cavabdehlər evi tamamilə mənimsəmiş, ididaçıların hər hansısa bir mülkiyyət hüquqlarını sərbəst istifadə etməklərinə heç vaxt imkan verməmişdirlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, onun vəkili və nümayəndəsi Vəkil, İddiaçı3 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdilər.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh3 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. (...)

18. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...) 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)

19. Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (...) 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

20. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. (...) 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

22. “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Konstitusiya Məhkəməsi adı çəkilən qərarında həmçinin göstərmişdir ki, kompensasiya institutu yaşayış sahəsindən istifadənin elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli məbləğin konkret miqdarı müəyyən olunmasa da, əsas meyar olaraq bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir.

23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Həmin qərarda Plenum qərara almışdır ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

25. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

26. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

28. Maddə 220. Qətnamənin məzmunu (...) 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.

29. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

31. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir.

34. İddia tələbinin mahiyyətindən aydın olur ki, iddiaçıların tələbi kompensasiya institutundan istifadə etməklə öz hüquqlarının bərpa edilməsindən, yəni cavabdehlərə müvafiq kompensasiya ödəməklə onların istifadə hüquqlarına xitam verilməsindən və evin boşaldılaraq onlara təhvil verilməsindən ibarətdir.

35. Asan 5 tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.20023-cü il tarixli ******* №-li arayışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə, 12 saylı evin, 12 saylı mənzildə İddiaçı1 ilə birlikdə İddiaçı2, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 da qeydiyyatdadırlar.

36. İşdən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə, 12 saylı evin, 12 saylı mənzilin 1/3 hissəsi İddiaçı2 mülkiyyətinə verilmişdir. Mənzildə hazırda qeydiyyatda olmaqla yaşayan Cavabdeh1 onun keçmiş arvadı, Cavabdeh2 və Cavabdeh3 isə onların övladlarıdır. Onların mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək hüquqları vardır.

37. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6838 saylı rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 12 saylı evin, 12 saylı mənzilinin tərəflər arasında 1/3 hissədə paylara uyğun olaraq təcrid mənzillər şəklində üç hissəyə bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4. 2.7 və 2.9.-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

38. Kollegiya qeyd edir ki, istər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və iddiaçı tərəf öz əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquq vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, hər bir mülkiyyətçi özünə məxsus olan əmlak üzərində qanunveriliklə müəyyən edilmiş qaydada hüquqlardan istifadə etmək üçün subyektiv hüququn daşıyıcısıdır.

39. Kollegiya bildirir ki, qeyd olunan mövqe mübahisənin həllinə təsiri baxımından önəmli olmaqla, kompensasiya institutu ilə uzlaşır.

40. Apellyasiya icraatı zamanı məhkəmə iclasında iddiaçı tərəf cavabdehlərin mübahisəli mənzilə olan istifadə hüquqlarına 35000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsini xahiş etdilər.

41. Cavabdeh tərəf isə iddiaçıların təklif etdiyi kompensasiya məbləği ilə razılaşmır və etirazın əsası kimi onu göstərirlər ki, həmin məbləğlə normal şəraiti olan yaşayış sahəsi ilə təmin edilmək mümkün deyil, onlar ümumiyyətlə iddianı qəbul etmir və mənzildə yaşamaq hüquqlarının təmin edilmələrini istəyirlər.

42. Göründüyü kimi hazırkı iş üzrə iddiaçılar cavabdehlərlə birlikdə yaşamağın mümkünsüzlüyündə israrlıdırlar.

43. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır.

44. Konstitusiya Məhkəməsinin mövqeyinə görə kompensasiya məbləği mənzil istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzilin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca mənzilin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni, mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şəraiti yaradılmalıdır.

45. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, kompensasiya almaq hüququ yaşayış sahəsinin istifadəçisinə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etməyə əsas vermir. Bununla belə, mənzilin mülkiyyətçisi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə (şəxslərə) onun (onların) istifadə hüququna xitam verilməsi üçün elə məbləğdə kompensasiya verməlidir ki, həmin kompensasiya istifadəçiyə (istifadəçilərə) müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona (onlara) xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Tərəflər (mülkiyyətçi və istifadəçi) kompensasiyanın məbləği barədə razılığa gələ bilmədikdə həmin məbləğ məhkəmə tərəfindən müəyyən olunmalıdır. Eyni zamanda məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.

46. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmamışdır. Kompensasiya məbləğinin isə bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi təsbit olunmuşdur.

47. Sadalananlara əsasən kollegiya qeyd edir ki, iddiaçıların cavabdehlərə təklif edildiyi sonuncu məbləğ, yəni 35000 manat kompensasiya məbləği mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün əhəmiyyətli maddi dəstəkdir və bu, işin hallarına və mülkiyyətçi kimi iddiaçıların qanunla qorunan hüquqlarının təmin edilməsi baxımından hər iki tərəfin mənafeyinə uyğundur.

48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.

49. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib olunmuş Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/70696 nömrəli arayışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə, 12 saylı evin, 12 saylı mənzilinin xx.xx.2023-cü il tarixinə real bazar dəyəri 65000 (altmış beş min) manat təşkil edir.

50. Eyni zamanda Daşınmaz Əmlakın Alqı-satqı ofisinin (X5) 101 nömrəli 07 may 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə, 12 saylı evin, 12 saylı mənzilinin hazırkı orta bazar qiyməti təmir vəziyətindən asılı olaraq 70000 (yetmiş min) manat 80000 (səksən min) manat aralığında dəyişir.

51. Beləliklə kollegiya hesab edir ki, iddiaçılar tərəfindən təklif olunan məbləğ cavabdehlərə ağlabatan müddət ərzində başqa yerdə mübahisəli mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının təmin olunmasına kifayət edir.

52. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

53. İşin yuxarıda qeyd olunan hallarını və birinci instansiya məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməli, iddiaçıların mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə, 12 saylı evin, 12 saylı mənzildən cavabehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinə 11666 (35000:3) manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməli və mənzil boşaldılaraq iddiaçılara təhvil verilməli, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat cavabdehlərdən alınaraq iddiaçılara ödənilməlidir.

54. Kollegiya həmçinin hesab edir ki, cavabdehlərin mənzilin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və mənzilin cavabdehlər tərəfindən boşaldılması kompensasiyanın ödənilməsi ilə eyni vaxtda icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-4538/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 12 saylı evin, 12 saylı mənzildən cavabehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinə 11666 (on bir min altı yüz altmış altı) manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilsin və mənzil boşaldılaraq iddiaçılara təhvil verilsin. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat cavabdehlər cavabehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilsin. Cavabdehlərin mənzilin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və mənzilin cavabdehlər tərəfindən boşaldılması kompensasiyanın ödənilməsi ilə eyni vaxtda icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar