Məhkəmə qərarları › İş №2(105)-549/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-549/2024

06.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-549/2024 06.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı yaşayış yerindən çıxarılma və köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 2-1469/2003 nömrəli qərardadından Maraqlı şəxs nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2003-cü il tarixli qətnaməsi ilə (hakim Q.Baxşıyev) iddiaçının iddiasının təmin edilməsi, qətnamənin təsviri hissəsində şərh olunan obyektiv səbəblər üzrə bu qətnamənin icrasını Cavabdeh məxsus mənzil boşaldılanədək möhlət verilməsi, iş üzrə əlavə cavabdeh müəssisə rəhbərliyinə bir vəzifə olaraq, cavabdehin mübahisəli mənzili qaçqın tərəfindən boşaldılanadək yaşayış hüququ bərpa edilməsi üçün İddiaçı ona verilmiş order üzrə eyni sahəsi və şəraitli yaşayış sahəsi ilə təmin edilməsi, mübahisəli mənzil cavabdeh tərəfindən boşaldıqda isə heç bir maneə olmadan o, həmin order üzrə nəzərdə tutulmuş mübahisəli otağa köçürülməsi qət edilmişdir. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs nümayəndəsi Vəkil tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2003-cü il tarixli 2-1469/2003 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin prosessual müddətinin bərpası barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Maraqlı şəxs həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2-1469/2003 nömrəli, 20 dekabr 2023-cü il tarixli qərardadından Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, onu ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 5, 17 saylı yataqxana, otaq 6-ya köçürülməsini, Cavabdeh isə ailə üzvləri ilə birlikdə həmin otaqdan çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Maraqlı şəxs Sumqayıt Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli qərardadını ləğv etməklə apellyasiya şikayəti müddətini bərpa edilməsi və apellyasiya şikayətinin sənədlərlə birlikdə apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, çıxarılmış qərardadla qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Sözügedən qətnaməni xx.xx.2003-cü il tarixdə almamışdır. Bundan başqa o, 2003-cü il tarixli mülki iş üzrə tərəf olmamışdır, həmin məhkəmə çəkişməsi zamanı iş üzrə tərəf olması üçün subyektiv hüquqa malik olmamışdır. Mübahisəli evlə bağlı üzərindən müddət keçdikdən sonra mülkiyyət hüququ dəyişilərək onun mülkiyyətinə keçmişdir. Ev onun mülkiyyətinə keçərkən sözügedən qətnamədən məlumatı olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli və onunla bağlı 17 yanvar 2024-cü il tarixli qərardadları ləğv edilməli, apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsini ərizədə qeyd olunan xüsusatların müddətin bərpası üçün əsas olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakılara əsaslara görə qanuni və əsaslı hesab etmir. Məlum olduğu kimi birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (Mülki Prosessual Məcəllənin 357.1. maddəsi). Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər (Mülki Prosessual Məcəllənin 357.2. maddəsi). Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Qanunun mənasına görə birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan işdə iştirak edən şəxslər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilərlər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Göründüyü kimi birinci instansiya məhkəməsi işdə iştirak etməyən şəxslər tərəfindən apellyasiya şikayəti verilərkən ilk növbədə qəbul edilən qətnamənin onun hüquq və vəzifələrinə toxunub-toxunmamasını aydınlaşdırmalı, bundan sonra isə bu Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinəuyğunluğu yoxlanılmaqla məhkəmə aktı qəbul edilməlidir. Lakin birinci instansiya məhkəməsi Maraqlı şəxs hüquq və mənafelərinə toxunmasını müzakirə etməmiş, nəticədə prosessual statusu belə olmayan şəxsin müddətin bərpası barədə vəsatətinə baxaraq şikayətin qəbul edilməsindən imtina etmişdir. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il qərarında göstərmişdir ki, MPM-in 361, 363 və 366-cı maddələrində apellyasiya şikayətinə dair müəyyən edilmiş şərtlər (irəli sürülmüş tələbin və şikayətin hüquqi əsaslarına dair şərtlərlə yanaşı) həmin şikayətin müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən verilib-verilməməsinin araşdırılmasına yönəlmişdir. Həmçinin həmin qərarda göstərmişdir ki, belə hüquqa malik olan şəxs apellyasiya şikayətində mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun hüquqlarını məhdudlaşdıran və ya üzərində vəzifələri müəyyən edilən dəlilləri əsaslandırmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli və onunla bağlı 17 yanvar 2024-cü il tarixli qərardadları ləğv edilməli, qərardadın təsviri və əsaslandırıcı hissəsində qeyd olunan halları ətraflı araşdırmaqla Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti prosessual qanunverciliyin tələblərinə uyğunluğu məsələsinə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli və onunla bağlı 17 yanvar 2024-cü il tarixli qərardadları ləğv edilsin. Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qərardadın əsaslandırıcı hissəsində göstərilən məsələlər aydınlaşdırılıb hüquqi qiymət verilməklə məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar