Məhkəmə qərarları › İş №2(105)-552/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-552/2021

10.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-552/2021 10.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil X1, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X3 cavabdehlər “xxxx” ASC-nin Şimal RETSİ-nin Quba Elektrik Şəbəkəsinə və “xxxx” ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinə qarşı artıq hesablanmış enerji sərfiyyatı borcunun silinməsi və aktın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-375/2020 saylı qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Quba rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddia tələbinin təmin edilməsi, “xxxx” ASC tərəfindən İddiaçı abunə koduna (**********9) hesablanmış 8192,61 manat məbləğində borcun həmin hesabdan silinməsi qət edilmişdir. Cavabdeh “xxxx” ASC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı X6 cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.842 manat 71 qəpik əsassız hesablanmış borcun X3 **********9 saylı abonent kodundan silinməsi və xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmuş AKT R №028077 saylı aktın və onun hüquqi nəticələrinin etibarsız sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 məhkəməyə dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək, iddia tələbinin 8192 manat, 61 qəpik hissəsində təmin edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu, Qaraçay qəsəbəsi ərazisində Sumqayıt Elektrik Şəbəkə ASC ilə bağlanmış abonent kodu **********9 olan müqaviləyə əsasən soyuducu anbarına quraşdırılmış 10 kv gərginlikli sayğacın c fazasının gərginlik qoruyucusunun yoxluğu səbəbindən sayğacın c fazasından keçən yükü qeyd etməməsi barədə «xxxx» ASC- nin əməkdaşları tərəfindən xx xxxxxx 2019cu il tarixdə AKT R №028077 saylı akt tərtib edilmiş və bundan sonra xx xxxxxx 2019cu il tarixdə US 022809EİQ pozulması 1 tipli akta əsasən 6.942 manat 89 qəpik, 1.249 manat 72 qəpik ƏDV ilə birlikdə cəmi 8.192 manat 61 qəpik enerji sərfiyyatı borcunun olması, xx xxxxxx 2019-cu il tarixə qalıq borcunun 10.842 manat 71 qəpik olması və ödənilmə müddətinin xx xxxxxx 2019-cu il tarixinin müəyyən edilməsi barədə № ********* saylı hesab ödəniş vərəqi göndərilmişdir. Halbuki «xxxx» ASC-nin № ********* saylı hesab ödəniş vərəqində xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixinədək olan müddət üçün sərfıyyatın 2.245 manat 85 qəpik və 404 manat 25 qəpik olmaqla cəmi 2.650 manat 10 qəpik olduğu göstərilmiş və ödənilmə müddəti xx xxxxxx 2019-cu il tarixi müəyyən edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh “xxxx” ASC apellyasiya şikayəti verərək Quba rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmış, məhkəmə tərəfindən heç bir araşdırma aparılmamışdır. Birinci instansiya məhkəməsi işin həqiqi hallarına və məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək, cavabdehin apellyasiya şikayətini qəbul etməyərək, şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil X4 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini və tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticəni aktın Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X2 Qaydaları»nın tələblərinə uyğun tərtib edilməməsi, aktın kim tərəfindən təsdiq olunduğunun müəyyən olunmaması, hal şahidlərinin iştirakının təmin edilməməsi, məişət abonenti aktı imzalamaqdan imtina etmişdirsə bu barədə aktda müvafiq qeyd aparılmaması ilə əsaslandırmışdır. Cavabdeh bu nəticədən narazı qalaraq apellyasiya şikayəti vermiş, qətnaməni mübahisələndirmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3. maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-nin 24.2. maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd edilən maddənin məzmunundan müəyyən edilir ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyəti – işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və.s) yoxlamalıdır. Bununla yanaşı hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən, onların üçünün də yoxlanılması zəruridir. Halbuki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin “hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır” prinsipini rəhbər tutaraq, iddia ərizəsini icraata qəbul etsə də, yaranan mübahisəyə hansı məhkəmədə baxılmasını (kommersiya və ya ümumi), yəni mübahisənin məhkəmə aidiyyətini nəzərdə tutan prosessual hüquq normalarını pozaraq, mübahisə üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətinin xarakterini nəzərə almalı olduğu halda, buna əməl etməmiş və nəticədə qanunvericiliyin yuxarıda qeyd normalarının tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi məqsədi ilə hazırkı mülki iş üzrə Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsində sadalanan xüsusiyyətlər üzrə araşdıraraq, işin məhkəmə aidiyyəti ilə bağlı aşağıdakı nəticələri qeyd etməyi zəruri hesab edir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi vəkil X4 iddiaçı X3 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirdiyini və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etdiyini bildirmişdir. Mülki Prosessual Məcəllənin 26.1. maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-nin 44.2.2. maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi iddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs və cavabdeh hüquqi şəxs arasında öhdəlik münasibətlərindən yarandığından birinci instansiya məhkəməsi aidiyyət qaydalarını pozmaqla işi icraata götürərək qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli 1325 №li Sərəncamına əsasən kommersiya və inzibati məhkəmələri yaradılmışdır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2019-cu il 9 iyul tarixli 1633-VQD nömrəli Azərbaycan Respublikasının qanununa əsasən ismin müvafiq hallarında “inzibati-iqtisadi məhkəmə” sözləri ismin müvafiq hallarında “kommersiya məhkəməsi” sözləri ilə, ismin müvafiq halında “inzibati-iqtisadi məhkəmələr” sözləri ismin müvafiq halında “kommersiya məhkəmələri” sözləri ilə əvəz edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 24.2., 26.1., 44.2.2., 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ Cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Quba rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia tələbi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar