Məhkəmə qərarları › İş №2(105)-556/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-556/2024

30.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-556/2024 30.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X5 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların vəkili (eyni zamanda Cavabdeh1 nümayəndəsi) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı fərdi yaşayış evindən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılması, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi tələbinə dair Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(012)-3685/2023 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən birgə qaydada verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində 0,0198 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Onun adına xx.xx.2023-cü il tarixli A 896521 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur.

2. İşdə olan "xxxx" MMC-nin tərtib etdiyi planlaşdırma sənədindən görünür ki, Əliyeva X3 rayonu, Masazır kəndindəki özünə məxsus 0,0198 ha torpaq sahəsində 202,8 kv.metrlik iki mərtəbəli yaşayış evi inşa etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia əriəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,0198 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evindən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılması, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,0198 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evi cavabdehlər tərəfindən əsassız və qanunsuz olaraq zəbt edilmişdir. O, dəfələrlə cavabdehlərdən evdən çıxmalarını, torpaq sahəsini və evi boşaldaraq ona təhvil vermələrini tələb etsə də, nəticəsi olmamışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişlər ki, onlar mübahisəli evi və torpaq sahəsini iddiaçıdan və ərindən 122.000 manata almağa razılaşmışlar. xx.xx.2023-cü il tarixdə ilkin ödəniş kimi 30.000 manat nağd ödəniş etmişlər. Qalan məbləği isə aprel ayının axırına kimi ödəməli idilər. Lakin mart ayında onlara qarşı dələduzluq əməli törədilmiş və əllərindəki pul vəsaiti başqa şəxs tərəfindən mənimsənilmişdir. Bu səbəbdən qalan pulu ödəyə bilməmişlər. Evdə yanvar ayından başlayaraq təmir işləri aparmış və buna 40.000 manat vəsait xərcləmişlər. Beləliklə, onlar bu əmlakı zəbt etməmişlər və oradan çıxmaq fikirləri də yoxdur.

6. Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(012)-3685/2023 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddianın təmin edilərək İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0198 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evindən Cavabdeh2 və Cavabdeh1 əşyaları ilə birlikdə çıxarılmaları, həmin torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılaraq İddiaçı təhvil verilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat pulun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı verilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 60-cı maddələri, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində, Mülki Məcəllənin 152.1 157.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

8. Cavabdehlər qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişlər.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əri İsrafil Əliyev evlər tikib onun satışı ilə məşğul olur. Onlar da, iddiaçının mübahisələndirdiyi torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 200 kv.metr fərdi yaşayış evini İddiaçı Cəmal qızı və onun əri İsrafil Əliyevdən şifahi alqı-satqı yolu ilə 122.000 (yüz iyirmi iki min) manata almışlar. Razılıq əsasında 10 yanvar 2023-cü il tarixdə evə ilkin ödəniş olaraq 30.000 (otuz min) manat məbləğində pulu nağd şəkildə Cavabdeh2, X4 qəsəbəsi, “Qurtuluş” ərazisində yerləşən ofisində əmisi Ədalət Qənbərovun və makler Azadın şahidliyi ilə iddiaçının əri İsrafil Əliyevə vermişdir və qalan 92.000 (doxsan iki min) manatı isə aprel ayının sonuna qədər ödəməklərini öhdələrinə götürmüşlər, İsrafil Əliyev onlara bildirmişdir ki, evin pulunun hamısını ödədikdən sonra evi rəsmi alğı-satqı edərək onların adına rəsmiləşdirəcəkdir. Onlar tələb etmişlər ki, ilkin ödənişi icra etmələrini təsdiq edən qəbz versin və müqavilə bağlasınlar, lakin İsrafil Əliyev bildirmişdir ki, çoxmənzilli evlər tikib satır, narahat olmasın heç bir problem olmayacaqdır. İndi rəsmiləşdirmə etsələr müəyyən ödənişlər və vergilər ödəməli olacaqdır, ən yaxşısı pulun hamısını verdikdən sonra rəsmiləşdirməni edərlər. Onlar da, əmisi Ədalət Qənbərov da ev tikintisi ilə məşğul olduğundan əlavə problem olmayacağına inanıb evi alarkən ilkin ödəniş kimi 30.000 (otuz min) manatı verməklərini təsdiq edən heç bir müqavilə və ya sənədləşmə etməmişlər. İsrafil Əliyev onlara bildirmişdir ki, artıq ev onlarındır, rahatlıqla evi təmir edib köçə bilərlər, qalan pulu isə aprel ayının sonuna kimi ödəyərlər. Beləliklə, onlar iddiaçının əri ilə şifahi formada əqd bağlamış, İddiaçı və əri İsrafil Əliyevin rəftarından Mülki Məcəllənin 329.3-cü maddəsinə uyğun olaraq əqdi bağlamaq iradələri məlum olduğu aydın görünmüşdür. Evi aldıqdan sonra dərhal təmir işləri aparmışlar və təmirə 40.000 (qırx min) manat pul xərcləyərək evi yaşamağa tam şəraitli vəziyyətə gətirmişlər və aprel ayında evə köçmüşlər. Hətta evin təmiri zamanı divar kağızlarının yapışdırılması üçün İsrafil Əliyev onlara öz ustalarını da göndərmişdir. Lakin sonradan X2 tərəfindən onlara qarşı törədilmiş külli miqdarda dələduzluq cinayəti ilə əlaqədar bütün əmlaklarını itirmişlər və müflis olmuşlar. Buna görə də, evin qalan pulunu vaxtında ödəyə bilməmişlər. Lakin qalan pulun ödənilməsindən imtina etmirlər. Belə olan halda necə ola bilər ki, onların iddiaçının mübahisələndirdiyi torpaq sahəsini və evi zəbt edsinlər. Zəbt edilmədən söhbət gedə bilməz iddiaçı ilə qarşılıqlı şifahi əqd bağlamışlar, tərəf isə indiyədək susmuşdur. Bunların hamısı mülki qanunvericiliyin normalarına uyğun olaraq əqdin bağladıqlarını təsdiq edir. Mülki Məcəllənin 329.4-cü maddəsinə uyğun olaraq iddiaçının susması bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların vəkili (eyni zamanda Cavabdeh1 nümayəndəsi) Vəkil2 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdilər.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

13. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

14. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...)

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (...) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

16. Maddə 144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi

144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.

17. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

18. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

Maddə 157. Mülkiyyətin müdafiəsi

19. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

20. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

22. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (...)

23. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

25. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. İş materialları ilə müəyyən olunur ki, hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndində 0,0198 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Onun adına xx.xx.2023-cü il tarixli A 896521 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur.

29. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 boşaldılması tələb edilən yaşayış evini və evin yerləşdiyi torpaq sahəsini iddiaçı və onun ərindən 122.000 manata almağa dair razılaşdıqlarını, xx.xx.2023-cü il tarixdə ilkin ödəniş kimi 30.000 manat nağd ödəniş etdiklərini, qalan məbləğin isə aprel ayının axırına kimi ödəməllərini öhdəlilərinə götürdüklərini, evdə yanvar ayından başlayaraq təmir işləri apararaq ümumilikdə yaşayış evinə 40.000 manat vəsait xərclədiklərini və bu razılaşmalarını şifahi əqd əsasında iddiaçı tərəfindən bəyənildiyini və bağladıqlarını göstərmişlər.

30. İddiaçı torpaq sahəsinin və onun üzərində inşa olunmuş yaşayış evinin onun mülkiyyətində olduğu halda onunla heç bir razılaşmanın mövcud olmadığını və cavabdehlərin onun mülkiyyətində olan daşınmaz əmlakdan çıxarılmasını tələb etməkdədir.

31. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

32. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

33. İddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin mübahisəli fərdi yaşayış evinin iddiaçıya aid olması işin mübahisəsiz halıdır.

34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddia tələbini irəli sürməsi üçün hüquqi əsas vardır. Belə ki, cavabdeh tərəfin faktiki istifadəsində olan fərdi yaşayış evi iddiaçının mülkiyyətində olan torpaq sahəsində olmaqla ona məxsusdur və cavabdehlərin həmin evə dair hər hansı hüquqları mövcud deyildir.

35. Mübahisəli torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 200 kv.metr fərdi yaşayış evini İddiaçı və onun əri İsrafil Əliyevdən cavabdehlərin şifahi alqısatqı yolu ilə 122.000 manata almaları, razılıq əsasında 10 yanvar 2023-cü il tarixdə evə ilkin ödəniş 30.000 manat məbləğində pulun bir hissəsinin ödənildiyi, qalan 92.000 manatın isə aprel ayının sonuna qədər ödəməklərini öhdələrinə götürmələri barədə razılığın mövcudluğunun faktiki alğı-satqının baş tutmasını təsdiq etməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir.

36. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd etibarsızdır. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

37. Yuxarıda sadalanan Mülki Məcəllənin tələblərindən də göründüyü kimi daşınmaz əmlakla bağlı alğı-satqı müqaviləsinin bağlanması üçün daşınmaz əmlak sahibinin adına mülkiyyət hüququ ilə bağlı dövlət reyeterində müvafiq qeydiyyat olmalı və alğı-satqı barədə əqd notariat qaydasında təsdiq edilməlidir.

38. Cavabdehlər daşınmaz əmlakı nisyə aldıqlarını göstərsələr də, işin araşdırılmış halları ilə müəyyən olunur ki, onlar daşınmaz əmlakın alğı-satqısı ilə bağlı Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərə və tələblərə uyğun olan əqd bağlamamışlar. İstinad olunan şifahi müqavilə heç bir hüquqi nəticə yaratmamış, daşınmaz əmlaka sahiblik və istifadə hüququnun cavabdehlərə keçməsinə əsas verməmişdir.

39. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

41. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

43. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(012)-3685/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar