Məhkəmə qərarları › İş №2(105)-557/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-557/2025

21.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-557/2025 21.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X5) Cavabdeh qarşı borcun tutulması tələbinə dair dair mülki iş üzrə (Açar sözlər: borcun tutulması tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2628/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.2023-cü il tarixli abonentin kartından görünür ki, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə İddiaçı ASC-yə (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X5) 616,31 manat borcu vardır.

2. xx.xx.2023-cü il tarixli ətraflı abonent kartından görünür ki, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə İddiaçı ASC-yə (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X5) 686,31 manat borcu vardır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ASC (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X5) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 616,31 manat borcun tutularaq **********009 saylı abonent koduna və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq İddiaçı ASC-nin(Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X5) hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "Azərsu” ASC (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X5) tərəfindən Cavabdeh (abonent kodu **********009) su təchizatı sistemindən su buraxılması tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2023-ci il tarixinə 616,31 manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan 1 ünvanında cavabdehə məxsus evdə müvafiq olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. İddiaçı ASC (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X5) tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Bundan əlavə cavabdehin bugünədək olan borcu 681,31 manat təşkil edir. 2020-ci ilin iyun ayından borc hesablanır, lakin cavabdeh ödənişdən yayınır.

5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2628/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh (**********009 saylı abonent kodu) su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 616,31 manat borc və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq İddiaçı ASC-nin (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X5) hesabına ödənilməsi qət edilmişdir (hakim Elman Məmmədov).

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 445.1, 448.2-ci maddələrinə, “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61-ci maddəsinin 1-ci bəndinə, 62-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 4.1.3, 7.4-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 217.3 və 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2628/2023 nömrəli qətnaməsini ləğv edib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbinin təmin olunması ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2628/2023 saylı qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, həmin qətnamədə iddia tələbinin təmin edilməsinin əsası kimi ona istinad edilmişdir ki, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə İddiaçı ASC-yə (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X5) 616,31 manat borcunun olması iş materiallarında olan abonentin kartı ilə sübuta yetirilmişdir. Bundan əlavə xx.xx.2023-cü il tarixli ətraflı abonent kartına əsasən, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə İddiaçı ASC-yə (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X5) 686,31 manat borcu vardır. Lakin iddiaçı şirkət hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2023-cü il tarixində müraciət etdiyindən, məhkəmə hesab edir ki, iddia tələbinə məhkəmə müraciət edildiyi tarixədək olan borc həcmində qiymət verilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 616,31 manat borc və 30 manat dövlət rüsumu üzrə xərclər tutularaq İddiaçı ASC-nin(Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X5) hesabına ödənilməlidir.

9. Məhkəmənin mövqeyi ilə razılaşmayaraq ilk öncə qeyd edir ki, göstərilən ünvan 1 ünvanında yerləşən evdə yaşamamışdır. Həmin ev başqa şəxsin adınadır. O həmin evdə yaşamamasına baxmayaraq iddiaçı heç bir əsas olmadan ondan 616,31 manat borcun tutulmasını tələb etmişdir. O, evi aldıqdan sonra sonra həmin ünvana İddiaçı ASC-dən (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X5) abonent kodu almış, lakin orada yaşamadığına görə sudan istifadə etməmiş, 2 ay sonra evi başqa şəxsə satmış, həmin şəxs də öz adına həmin ünvana dair yeni abonent kodu açdırmış, onun adına açılmış abonent kodu isə İddiaçı ASC (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X5) tərəfindən bağlanmamış, aktiv qalmış, lakin həmin abonent kodu üzrə sudan istifadə edilməmiş, buna baxmayaraq İddiaçı ASC-nin (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X5) əməkdaşları tərəfindən ünvana baxış keçirmədən, həmin evin Cavabdeh sahiblik və istifadəsində olub-olmadığı və həmin evdə onun tərəfindən sudan istifadə edilib-edilmədiyi yoxlanılmadan iddiaçının əməkdaşları tərəfindən onun guya su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəsi əsas götürülməklə ona əsassız olaraq borc hesablanmışdır. Bununla bağlı nümayəndəsi İddiaçı ASC-yə (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X5) müraciət edərək onun həmin evə heç bir aidiyyəti olmadığı halda, ona su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 616,31 manat borcun nəyə görə hesablandığını soruşduqda iddiaçının əməkdaşları tərəfindən həmin borcun səhv olaraq onun adına aktiv olmayan abonent koduna hesablandığı, həmin kodun açılması üçün əsas olan müqavilənin ləğv edildiyi bildirilmiş və bu barədə ona ətraflı abonent kartı barədə məlumatlar təqdim edilmişdir. Lakin işi araşdıran birinci instansiya məhkəməsi onun məhkəmədə həmin evdə yaşamaması barədə izahatında göstərilən xüsusatları, həmçinin həqiqətən də həmin ünvana dair başqa şəxsin adına abonent kodu verilib-verilmədiyini araşdırmamış, iddiaçının təqdim etdiyi formal arayışa istinad etməklə cavabdeh ondan su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 616,31 manat borcun tutulması barədə qətnamə çıxarmışdır.

10. Mülki qanunvericiliyin qeyd olunan normalarından göründüyü kimi, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, onun sudan istifadə etməsini təsdiq edən hər hansı mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Lakin işə baxan məhkəmə tərəfindən iş üzrə düzgün araşdırmanın aparılması təmin edilməmiş və qanunvericiliyin qeyd olunan normalarının tələbi pozulmuşdur.

11. Məhkəmə iş materiallarında olan və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə obyektiv qiymət verilməmiş, cavabdehə münasibətdə qərəzli və birtərəfli yanaşmışdır. Qətnaməni yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı olsa da, onun izahatında göstərilənlər araşdırılmamış, nəzərə alınmamış, sənədlər təqdim etməsinə şərait yaradılmamışdır. Buna görə də məhkəmə tərəfindən qəbul edilmiş qətnamə əsaslandırılmamışdır. Nəticədə qanunvericiliyin qeyd olunan normasının tələbi pozulmuşdur.

12. Birinci instansiya məhkəməsində iddia tələbinin əsası cavabdehin sudan istifadəyə görə yaranmış borc olmuşdur. İddiaçı ASC (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X5) onun tərəfindən sudan istifadə edilməsini və su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun yaranmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməsə də məhkəmə işin qeyd olunan hallarını nəzərə almamış, onun həmin ünvanda yaşamadığını deməsinə baxmayaraq həmin xüsusatları yoxlamamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçınin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu

15. Maddə 61 (bənd 1). Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

16. Maddə 62. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı “Sudan istifadə Qaydaları” haqqında Qərarının

17. Maddə 1.6. Su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir.

18. Maddə 2.1.4. İstehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələrindən biridir.

19. Maddə 5.1.5. Verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarıdır.

20. Maddə 7.4. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.birinci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

31. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Əliyev X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2628/2023 nömrəli qətnaməsini ləğv edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Belə ki, məhkəmə araşdırmaları ilə Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə İddiaçı ASC-yə (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X5) 616,31 manat borcunun olması iş materiallarında olan abonentin kartı ilə sübuta yetirilmişdir.

34. Cavabdeh apellyasiya şikayətinin dəlillərində onun sözügedən evdə yaşamamasını, əslində başqasının yaşamasını və su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcun da həmin şəxsə aid olmasını bildirsə də buna dair mötəbər hər hansı sübutu təqdim etməmişdir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”

37. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.

38. Qeyd edilməlidir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

39. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, apellyant öz dəlillərini sübut edə bilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini tam təmin etməklə, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 616,31 manat borc İddiaçı ASC-nin (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X5) xeyrinə tutmuşdur.

40. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2628/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar