Məhkəmə qərarları › İş №2(105)-560/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-560/2022

22.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-560/2022 22.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Rəhimov Elman Gülbala oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh1, onun nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, şəhadətnamənin ləğv olunması, birgə nikah dövründə əldə olunmuş əmlaka payın müəyyən olunması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(060)- 5772/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 ilə X1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli “OPEL ASTRA” markalı, **-CP-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsinin ləğv edilməsi, birgə nikah dövründə əldə edilmiş “OPEL ASTRA” markalı, **-CP-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi üzərində paylar ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh1 olmaqla müəyyən edilməsi, ekspertiza işinin aparılması üçün təyin edilmiş 400 manat məbləğində xidmət haqqı 200 manat İddiaçı, 200 manat isə Cavabdeh1 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddia tələbi qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh1 və AR DİN Baş X4 İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, şəhadətnamənin ləğv olunması, birgə nikah dövründə əldə olunmuş əmlaka payın müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “OPEL ASTRA” markalı ** CP *** nömrə nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixdə Cavabdeh1 ilə digər şəxs arasında bağlanımış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və bu müqavilə əsasında verilmiş AC270188 nömrəli nəqliyyat vasitəsinə dair şəhadətnamə ləğv olunmaqla “OPEL ASTRA” markalı ** CP *** nömrə nişanlı nəqliyyat vasitəsinə ½ hissədə pay hüququnun tanınması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə, 07 aprel 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 04 fevral 2019-cu il təvəllüdlü X3 oğlu adlı bir övladları var. Birgə nikah dövründə yəni ki, 15 iyul 2020-ci il tarixdə “OPEL ASTRA” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobili almışlar və həmin avtomobil Cavabdeh1 adına AD819769 saylı şəhadətnamə ilə qeydiyyata alınmışdır. 21 may 2021-ci il tarixli Vəkil Sorğusuna əsasən aldıqları 01 iyun 2021-ci il tarixli 62059/221 saylı cavaba əlavə olunmuş kompyuter çıxarışından ona məlum olmuşdur ki, onun razılığı və məlumatı olmadan xx.xx.2021-ci il tarixdə “OPEL ASTRA” markalı ** CP *** dövlət nömrə nişanlı avtomobil alqı-satqı müqaviləsi əsasında qeydiyyatdan çıxarılmış və avtomobili alan şəxsin adına AC270188 nömrəli nəqliyyat vasitəsinə dair şəhadətnamə verilmişdir. Bildirir ki, “OPEL ASTRA” markalı ** CP *** dövlət nömrə nişanlı avtomobilə ½ hissədə pay hüququ var, lakin buna baxmayaraq əri Cavabdeh1 ilə digər şəxs arasında bağlanmış alqısatqı müqaviləsi barədə məlumatı və razılığı olmamışdır. “OPEL ASTRA” markalı ** CP *** dövlət nömrə nişanlı avtomobillə bağlı alqı-satqı müqaviləsi bağlanarkən onun mülkiyyət hüquqları kobudcasına pozulmuş və nəticədə qanunsuz olaraq alqı-satqı müqaviləsi bağlanmışdır. Göründüyü kimi birgə nikah dövründə əldə olunan nəqliyyat vasitəsinə dair onun məlumatı və razılığı olmadan alqı-satqı müqaviləsi bağlandığı üçün “OPEL ASTRA markalı ** CP *** nömrə nişanlı nəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixdə Cavabdeh1 ilə digər şəxs arasında bağlanmış alqı-satqı müaviləsi etibarsız hesab olunmalı və bu müqavilə əsasında verilmiş AC270188 nömrəli nəqliyyat vsitəsinə dair şəhadətnamə ləğv olunmaqla “OPEL ASTRA” markalı ** CP *** nömrə nişanlı nəqliyyat vasitəsinə ½ hssədə pay hüququ tanınmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən işin bu halı düzgün qiymətləndirməyərək, məhkəmə səhv nəticəyə gəlmişdir. Məhkəməyə rəsmi qaydada təqdim olunmuş Yol Polisinin kompüter bazasından çıxarışlardan aydın olur ki, nikahdan qabaq 2014-cü il tarixdə həmin il buraxılış ili olan avtomaşın adına rəsmiləşib. Həmin vaxt onun avtomaşın almağa gəliri olmamışdır. Əslində bu maşın valideynlərinin gəliri hesabına ona hədiyyə olaraq alınmışdır. O, 2010-2012-ci illər dövründə orduda xidmət etmişdir. 2014-cü il Ali təhsil müəssisəsində oxuduğu dövrə təsadüf edir. Ali təhsili 2015-ci ildə bitirmişdir. Bu faktlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Nikahdan qabaq valideynlərinin aldığı avtomaşının satışı nəticəsində əldə etdiyi vəsait hesabına mübahisəli avtomaşını almağı məhkəmə tərəfindən araşdırılmamışdır. 2009-2014-cü illərdə onun gəliri ümumiyyətlə olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı da öz növbəsində barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tərəflərin təqdim etdikləri ərizələri nəzərdən keçirib məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında barışıq əldə edildiyindən, ərizələri təmin edilməli, barışıq sazişi təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Apellyasiya icraatı zamanı tərəflər 22 iyun 2022-ci il tarixli barışıq sazişi təqdim edərək, və bununla əlaqədar olaraq iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılması barədə razılığa gəldiklərini bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 370.1. maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Mülki Prosessual Məcəllənin 370.2. maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Mülki Prosessual Məcəllənin 191.2. maddəsinə əsəsən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs öz hüquqlarının və qanunlar qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Əgər şəxs irəli sürdüyü iddianı müdafiə edərsə, tələbinin əsaslı olmasına dair istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tələbin sübut ediləcəyi təqdirdə iddianı təmin edilməsi qənətinə gəlməlidir. İddia tələbi üzrə irəli sürülmüş tələblər üzrə yekun məhkəmə aktı qəbul edilmədən başa çatdırılması halları mövcuddur ki, bu hallarda da tələb üzrə qətnamə qəbul edilmədən, iş üzrə icraata qərardad qəbul edilməklə yekun nəticə verilir. Belə hallardan biri də barışıq sazişi bağlanmasıdır. Bu halda iddia tələbi üzrə icraata qətnamə qəbul edilmədən qərardad ilə xitam verilir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, barışıq sazişini tərəflər şəxsən imzalandığından, bununla da qeyd edilən barışıq sazişi iddiaçı və cavabdehin iradə ifadəsi ilə verildiyindən təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5. maddəsinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilə bilər. Azərbaycan Respublikası MPM-nin 262.4. maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda, apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağlamış olduqları barışıq sazişi qanuni və əsaslı olduğu üçün təsdiq edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.4. maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 370.1., 384.0.4., 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş ərizələr qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və AR DİN Baş X4 İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, şəhadətnamənin ləğv olunması, birgə nikah dövründə əldə olunmuş əmlaka payın müəyyən olunması tələbinə dair mülki iş üzrə İddiaçı və Cavabdeh1 arasında bağlanmış 22 iyun 2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Cavabdeh1 hər ay 300 (üç yüz) manat həcmində pul vəsaitini Allahverdi (Nəsibova) Türkan Mehman qızına verməyi öhdəlik götürür. Pul vəsaiti cəmi 3000 (üç min) manat olmaqla 10 (on) ay müddətində icra ediləcəyinə razılaşırlar. Allahverdi (Nəsibova) Türkan Mehman qızı bu sazişin birinci bəndinin şərtlərini qəbul edir. Bu sazişi qəbul etdiyi üçün Allahverdi (Nəsibova) Türkan Mehman qızı bu mülki iş üzrə iddia tələbindən və digər tələblərlə əlaqədar Cavabdeh1 qarşı tələbdən imtina edir. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra hər iki tərəf sazişin şərtlərini yerinə yetirməyə öhdəlik götürür. Tərəflər razılaşırlar ki, saziş icra məhkəmə qərarı qanuni qüvvə aldıqdan sonra həyata keçiriləcəkdir. Hər iki tərəf Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələbləri baxımından barışıq sazişinin hüquqi nəticələri onlara aydın olduğunu bildirərək, bu sazişin şərtlərini könüllü surətdə qəbul etdiklərini bəyan edir. Hər iki tərəf olaraq məhkəmədən xahiş olunur ki, barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunsun. Barışıq sazişin hüquqi nəticələri hər iki tərəfə aydındır. İddiaçı cavabdehlər Cavabdeh1 və AR DİN Baş X4 İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, şəhadətnamənin ləğv olunması, birgə nikah dövründə əldə olunmuş əmlaka payın müəyyən olunması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar