Məhkəmə qərarları › İş №2(105)-561/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-561/2022

05.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-561/2022 05.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camələddin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh1 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(012)-4219/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(012)-4219/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 17ci mərtəbəsində, ümumi sahəsi 58,97 kv.m, 1 (bir) otaqdan ibarət 147B nömrəli mənzil tikintisi haqqında 24 sentyabr 2020-ci il tarixli, 147B №-li müqavilə və 24 sentyabr 2020-ci il tarixli arayış etibarsız hesab edilmişdir. (hakim C.Səfiyeva) Qətnamədən narazı qalan Cavabdeh1 ondan apelyasiya şikayəti verərək ləğv edilməsini, iddianın isə rədd olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 17-ci mərtəbəsində, ümumi sahəsi 58,97 kv.m, 1 (bir) otaqdan ibarət 147B nömrəli mənzilin tikintisi haqqında 24 sentyabr 2020-ci il tarixli, 147B №-li müqavilənin və 24 sentyabr 2020-ci il tarixli arayışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında Cəmiyyətin ünvan 2 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 17-ci mərtəbəsində, ümumi sahəsi 58.97 kv.metr, 1 (bir) otaqdan ibarət 147B nömrəli mənzilin tikintisi haqqında 24 sentyabr 2020-ci il tarixində müqavilə bağlanmışdır. Cavabdeh1 adına guya onun həmin mənzilin dəyərinin ödənilməsi barədə 24 sentyabr 2020-ci il tarixində maliyyə arayışı yazılaraq verilmişdir. Əslində cavabdehin adına müqavilə və həmin mənzilin dəyərinin ödənilməsi barədə 24 sentyabr 2020-ci il tarixində maliyyə arayışı yazılsa da, müqavilənin 3.3-cü bəndinə görə 33.337 (otuz üç min üç yüz otuz yeddi) manat Cəmiyyətə ödənilməmişdir. Razılaşmaya görə cavabdehin adına olan başqa mənzillə dəyişmək xahişi nəzərə alınmaqla Cəmiyyətə mənzil verilməsi barədə öhdəlik götürülmüşdür. Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün müqavilənin və maliyyə arayışının ləğv olunması və həmin sənədlərin əsillərinin qaytarılması barədə xəbərdarlıq olunsa da, ona bu barədə bildiriş göndərilsə də, cavabdeh göstərilən sənədləri geri qaytarmayıb bundan imtina etmiş və həmin sənədlərin əsilləri cavabdehdə qaldığı üçün cavabdeh bu fürsətdən istifadə etməklə əsassız varlanmaq niyyətinə düşmüşdür. Göründüyü kimi mənzil tikintisi üçün pul tam ödənilmədiyindən, müqavilə və maliyyə arayışı başqa əqdi pərdələmək və görünüş üçün bağlandığından həmin sənədlər etibarsız hesab edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, qətnamədə cavabdehin adından göstərilən izahat Cavabdeh1 izahatından fərqli məzmunludur. O, izahatında göstərmişdir ki, "xxxx" MMC ilə aralarında mənzil tikintisi haqqında 15 iyun 2006-cı il tarixli müqavilə MMC tərəfindən icra edilməmiş, buna dair tərəfindən şikayət ərizəsi ilə prokurorluq orqanlarına müraciət edilmiş, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində təsisçinin qardaşı Fəxrəddin Hüseynov ondan özünün təsisçi olduğu İddiaçı MMC-də münasib qiymətə ev almağı təklif etmiş, bundan sonra sonuncunun təklifinin onun üçün münasib olduğunu nəzərə alaraq Fəxrəddin Hüseynovdan şikayətini dayandırmış, daha sonra İddiaçı MMC ilə müqavilə bağlamış və müqavilə üzrə ödəməli olduğu pul məbləğini tam olaraq MMC-yə ödəmişdir. Qeyd olunan xüsusatla bağlı Abşeron Rayon Məhkəməsinə protokola qeydin verilməsinə dair ərizə də göndərilmişdir. Abşeron Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə istinad etməklə yalan əqd bağlandığını, başqa əqdin real olaraq pərdələndiyini göstərmişdir. Halbuki, cavabdeh məhkəmədə izahat verən zaman müqavilədə nəzərdə tutulmuş ödənişin edilməklə mənzil əldə etdiyini bildirmişdir. İddiaçı birinci instansiya məhkəməsində iddia tələbini müdafiə edən zaman 15 iyun 2006-cı il tarixli müqavilənin icrasını cavabdehin xahişinə əsasən nəzərə alaraq 2020-ci il tarixdə müqavilə bağlamasını qeyd etmişdir. Halbuki, iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik tam icra edilmişdir. Buna baxmayaraq iddiaçının nümayəndəsi tərəfindən müqavilə və MMC tərəfindən tətib edilərək imzalanmış maliyyə arayışının tamamilə ziddinə izahat verilmiş, cavabdehin izahatı isə onun sözlərinə uyğun olmamışdır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddia isə rədd olunmalıdır. Apellyasiya baxışı zamanı (iştirak etdikləri məhkəmə iclasında) Cavabdeh1 və onun nümayəndəsi vəkili Nümayəndə1 apelyasiya şikayətini müdafiə edib şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, qətnamə qanunidir və apellyasiya şikayəti əsassızdır, buna görə də şikayət təmin edilməməli, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarına əlavə eilmiş Kommersiya qurumunun X6 görünür ki, İddiaçı MMC hüquqi şəx olaraq 25.01.2016-cı ildə dövlət qeydiyyatına alınmış, təsisçisi 100% pay sahibi X3r. Yenə iş materiallarına əlavə edilmiş “İcraçı” İddiaçı MMC ilə “Payçı” Cavabdeh1 arasında bağlanmış 24 sentyabr 2020-ci il tarixli, 147-B saylı Mənzil tikintisi haqqında müqavilədən görünür ki, “İcraçı” İddiaçı MMC ünvan 3 ünvanında yerləşən 5-ci blok, 17-ci mərtəbə, 147B nömrəli izolə olunmuş 1 (bir) otaqdan ibarət mənzili bir pay kimi “Payçıya” verməyi öz öhdəsinə götürür. Mənzilin sahəsi 58.97 kv.m-dir. Mənzilin 1 kv.m-nin dəyəri 565 (beş yüz altmış beş) manatdır. Mənzilin ümumi dəyəri 33.337 (otuz üç min üç yüz otuz yeddi) manatdır. Mülki işin materiallarında olan 24 sentyabr 2020-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cəfərov X11 rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən binanın 5-ci blok, 17-cı mərtəbəsində, ümumi sahəsi 58.97 kv.m olan 1 (bir) otaqlı 147 B saylı mənzilin pay dəyəri payçı Cavabdeh1 tərəfindən 33.337 (otuz üç min üç yüz otuz yeddi) manat tam ödənilmişdir. MMC-yə borcu yoxdur. Yenə iş materiallarında olan Cavabdeh1 tərəfindən İddiaçı MMCyə ünvanlanan ərizəsindən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 24 ünvanında yerləşən torpaq sahəsində inşa edilməsi nəzərdə tutulan binadan X4 borclu qaldığı məbləğin əvəzi olaraq ünvan 5 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus çoxmərtəbəli yeni yaşayış binasında 5-ci blok, 17-ci mərtəbə, 58.97 kvadrat metr, 1 (bir) otaqlı, 147B saylı mənzilə, hər kvadrat metrinin dəyəri 565 manat olmaqla ümumi dəyəri 33337 (otuz üç min üç yüz otuz yeddi) manat təşkil edən mənzil ilə əvəzlənməsinə etiraz etmir. X1 barəsində heç bir şikayəti olmayacaq. Yenə də iş materiallarında olan "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış 15 iyun 2006-cı il tarixli, Yaşayış binasında Mənzil Tikintisi haqqında müqavilənin kserosurətindən müəyyən edilir ki, "xxxx" MMC Yeni Yasamal yaşayış massivi 3-də yerləşən "xxxx" MMC-nin tikilməsi nəzərdə tutulmuş binasında 1-ci giriş, 2-ci mərtəbə, ümumi sahəsi 56 kv.m olan 1 (bir) otaqdan ibarət mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Mənzilin ümumi dəyəri 16800 (on altı min səkkiz yüz) ABŞ dolları məbləğində müəyyən olunmuşdur. İşə əlavə edilmiş "xxxx" MMC tərəfindən 15.06.2006-cı il tarixdə verilmiş maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi 3-də inşa olunması nəzərdə tutulmuş yaşayış binasının İ giriş, İİ mərtəbəsində ümumi sahəsi 56 kv.m olan 1 (bir) otaqlı, mənzili pay dəyərindən 13000 (on üç min) ABŞ dolları Cavabdeh1 tərəfindən ödənilmişdir. Bugünə qalıq 3800 (üç min səkkiz yüz) ABŞ dollarıdır. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(012)-4219/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmamalıdır. Yaranmış mübahisə üzrə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından göründüyü kimi, İddiaçı MMC onunla Cavabdeh1 arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 17-ci mərtəbəsində, ümumi sahəsi 58,97 kv.m, 1 (bir) otaqdan ibarət 147B nömrəli mənzilin tikintisi haqqında 24 sentyabr 2020- ci il tarixli, 147B №-li müqavilənin və 24 sentyabr 2020-ci il tarixli arayışın etibarsız hesab edilməsi barədə məhkəmədə tələb irəli sürmüşdür. İddiaçı öz tələbinin əsası kimi, mənzilin tikintisi üçün pulun ödənilmədiyi, müqavilə və maliyyə arayışının başqa əqdi pərdələmək və görünüş üçün bağlandığını bildirərək, həmin sənədlərin etibarsız hesab edilməli olduğuna istinad edir. İşin tədqiq olunan faktiki hallarına qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə mübahisəli mənzilə dair müqavilənin etibarsızlığına əsas verən hallar müəyyən edilməmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Eyni Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. İşin tədqiq olunan faktiki hallarından görünür ki, iş üzrə Cavabdeh1 ilə "xxxx" MMC arasında 15 iyun 2006-cı il tarixdə bağlanmış müqavilə əsasında sonuncu Yeni Yasamal yaşayış massivi 3-də tikilməsi nəzərdə tutulmuş binada ümumi sahəsi 56 kv.m olan 1 (bir) otaqdan ibarət mənzili alıcıya, yəni Cavabdeh1 verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 16800 (on altı min səkkiz yüz) ABŞ dolları məbləğində müəyyən olunmuş, mənzilin dəyərindən 13000 (on üç min) ABŞ dolları Cavabdeh1 tərəfindən MMC-nin təsisçisi və direktoru Ələkbər Hüseynova ödənilmiş, 3800 (üç min səkkiz yüz) ABŞ dolları ödənilməmiş qalmışdır. "xxxx" MMC öhdəliyini yerinə yetirmədiyi üçün Cavabdeh1 Baş Prokurorluq yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etmiş və Ələkbər Hüseynov barəsində cinayət işi başlanılmışdır. Bundan sonra Ələkbər Hüseynovun qardaşı, X2 100% pay sahibi olduğu İddiaçı MMC ilə hazırki müqavilə bağlanmışdır. Başqa sözlə, Ələkbər və Fəxrəddin Hüseynov qardaşlarının razılığı əsasında, hər bir halda X10 Cəfərov qarşısında öhdəliyinin icrası məqsədilə bu müqavilə bağlanmışdır. Cavabdeh1 apellyasiya baxışı zamanı da bu faktı təsdiq edərək İddiaçı MMC-yə pul ödəmədiyini, pulu "xxxx" MMC-nin sahibi Ələkbər Hüseynova ödədiyini bildirdi. İddiaçı hazırkı tələbi irəli sürərkən, tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337.2, 337.3, 337.4 339.2, 340.1 və 340.2-ci maddələrinə istinad etmiş, işə baxan məhkəmə də iddianı təmin edərkən maddi hüquq norması kimi əsas olaraq Mülki Məcəllənin 340.2 və 339.4-cü maddələrinə istinad etmişdir. Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 339.4-cü maddəsinə görə isə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. İşə baxan məhkəmə qeyd edilən maddələrə istinad etsə də, işin faktiki hallarının həmin maddələrin dispozitiv şərtlərinə uyğun olub-olmamasına əhəmiyyət verməmiş, demək olar ki, heç bir əsaslandırma aparmadan yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmənin müqaviləni etibarsız hesab edərkən mübahisələndirilən əqdin yalan, yaxud zorakılıq və ya hədələmə nəticəsində bağlanması qənaətinə gəlməsi aydın olmur. Həmin maddələr fərqli dispozisiyaya malik olmaqla, məzmunu işin sadalanan faktiki hallarına uyğun gəlmir. Yəni, mübahisələndirilən müqavilənin yalan, yaxud bağlanarkən zorakılıq və ya hədələmənin nədə ifadə olunması bəlli olmur. Məhkəmə kollegiyası hesab edir ki, Ələkbər və Fəxrəddin Hüseynov qardaşlarının razılığı əsasında, X10 Cəfərov qarşısında öhdəliyinin icrası məqsədilə bağlanmış müqavilə yalan, yaxud zorakılıq və ya hədələmə nəticəsində bağlanmış müqavilə kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, müqavilə üzrə öhdəliyin icra edilməməsi, pulun ödənilməməsi onun etibarsızlığı üçün yox, iddia təsdiqini tapdığı halda ləğvi üçün əsas ola bilərdi. Sadalanan maddi hüquq normalarına istinad edən məhkəmə kollegiyası nəzərə alır ki, qanunda nəzərdə tutulan əqdin etibarsız hesab edilməsi üçün əsaslardan heç biri mövcud olmadığı halda birinci instansiya məhkəməsi maddi normanın tətbiqində səhvə yol verərək, iddia tələbini təmin etmişdir. İddia ərizəsindən göründüyü kimi iddiaçı mübahisələndirilən müqaviləninin etibarsızlığı ilə yanaşı, onunla bağlı maliyyə arayışının da etibarsızlığını tələb etmiş və işə baxan məhkəmə bu tələbi də təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, etibarsızlıq anlayışı əqdlərə aiddir, maliyyə arayışı isə əqd deyildir. Digər tərəfdən həmin maliyyə arayışı hazırda mübahisələndirilən müqavilə ilə bağlıdır. Qeyd edildiyi kimi hazırki formada mübahisələndirilən müqavilənin etibarsızlığı üçün əsaslar olmadığına görə, həmin müqavilənin tərkib hissəsi kimi verilmiş maliyyə arayışının da hazırda qiymətləndirilməsi mümkün deyildir. Beləliklə, iddiaçı məhkəmədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(012)- 4219/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu İddiaçı MMC-dən tutularaq ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(012)-4219/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh1 qarşı mənzil tikintisi haqqında 24 sentyabr 2020-ci il tarixli, 147B №-li müqavilənin və 24 sentyabr 2020-ci il tarixli arayışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı MMC-dən tutularaq Cavabdeh1 qaytarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar