Məhkəmə qərarları › İş №2(105)-564/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-564/2023

31.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-564/2023 31.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İskəndərova Sıma Sabır qızının cavabdeh İsgəndərov Əbıl Sabır oğluna, maraqlı şəxslər Azərbaycan Respublıkası Əmlak Məsələləri Dövlət Komıtəsınin yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xıdmətınin 14 saylı Şamaxi Ərazı İdarəsinə və Şamaxi Regıonal "Asan Xıdmət" Mərkəzınin notarıat ofısinə qarşı mülki iş üzrə (Açar sözlər: müvəqqəti təminat tədbirlərinin ləğv edilməsi) X8 Süleymanovanın sədrliyi və məruzəsi, X7 Qafari və X2 ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi ilə, İddiaçı İskəndərova Sıma Sabır qızının cavabdeh İsgəndərov Əbıl Sabır oğluna, maraqlı şəxslər Azərbaycan Respublıkası Əmlak Məsələləri Dövlət Komıtəsınin yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xıdmətınin 14 saylı Şamaxi Ərazı İdarəsinə və Şamaxi Regıonal "Asan Xıdmət" Mərkəzınin notarıat ofısinə qarşı «vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, imtina ərizəsinin etibarsız hesab edilməsi və vərəsə kimi tanınma tələbinə dair» mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(074)- 38/2021 saylı qərardadından iddiaçı İskəndərova Sıma Sabır qızının tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh1, maraqlı tərəflər X16 Xidmət Mərkəzinin Notariat Ofisi, ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, imtina ərizəsinin etibarsız hesab edilməsi və vərəsə kimi tanınma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon notariat kontorunun xüsusi notariusu X11 tərəfindən verilmiş 07 fevral 2018-ci il vərəsəlikdən imtina barədə ərizələrinin etibarsız hesab edilməsi, İddiaçı atası X1 və anası X3 qalan hissəsinə düşən Şamaxı şəhəri N.Nəcəfov küçəsi 17 saylı evə və xx.xx.1993-cü il tarixli Şamaxı rayon İctimai iaşə müəssisələri birliyi ilə Şamaxı rayonu "xxxx" sahibkar müəssisəsi arasında bağlanmış müqaviləyə əsasən Çuxuryurd kəndində yerləşən “Su sexi” və həmin sexin tikintisi üçün ayrılmış torpaq sahəsinin Şamaxı rayonu "xxxx" sahibkar müəssisəsinə verilmiş, Çuxuryurd bələdiyyəsi ilə X4 arasında bağlanmış 03 mart 2001-ci il tarixli 03 nömrəli “Torpaqların alqı-satqısına” dair AKT-a əsasən 0,5 ha torpaq sahəsinə dair miras əmlaka vərəsə kimi tanınmağı barədə qətnamə çıxarılması, mübahisə məhkəmədə baxılıb qanuni qüvvəsini alanadək Şamaxı şəhəri N.Nəcəfov küçəsi 17 saylı evə dair çıxarışın verilməsi və həmin evin başqa şəxsin adına özgəninkiləşdirilməsinin qadağan edilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinə və müvafiq ərazi idarəsinə iddianın təmini tədbirinə dair dərhal qərardad çıxarılaraq göndəriş məktubu ilə birlikdə göndərilməsini xahiş etmişdir.

2. Eyni zamanda İddiaçı məhkəməyə iddianın təmini tədbiri barədə ərizə ilə müraciət edərək, atası X1 və anası X3 qalan onun hissəsinə düşən Şamaxı şəhəri N.Nəcəfov küçəsi 17 saylı evə və xx.xx.1993-cü il tarixli Şamaxı rayon İctimai iaşə müəssisələri birliyi ilə Şamaxı rayonu "xxxx" sahibkar müəssisəsi arasında bağlanmış müqaviləyə əsasən Çuxuryurd kəndində yerləşən “Su sexi” və həmin sexin tikintisi üçün ayrılmış torpaq sahəsinin Şamaxı rayonu "xxxx" sahibkar müəssisəsinə verilmiş, Çuxuryurd bələdiyyəsi ilə X4 arasında bağlanmış 03 mart 2001-ci il tarixli 03 nömrəli "‘Torpaqların alqı-satqısına” dair AKT-a əsasən 0,5 ha torpaq sahəsinə dair hər hansı əməliyyatın aparılmasına qadağa qoyulması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinə və müvafiq ərazi idarəsinə iddianın təmin tədbirinə dair qərardad çıxarılaraq göndəriş məktubu ilə birlikdə göndərilməsini xahiş etmişdir.

3. Şamaxı Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli 2(074)-266/2020 nömrəli qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtarana kimi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evnin və Çuxuryurd bələdiyyəsi ilə X4 arasında bağlanmış 03 mart 2001-ci il tarixli 03 nömrəli "Torpaqların alqı-satqısına” dair AKT-a əsasən X5 tərəfindən satın alınmış 0,5 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi, sənədləşdirilmə işlərinin (alqı-satqı, qeydiyyata alınması, vərəsəlik və s.) həmin torpaq sahəsi ilə bağlı hər hansı tikinti, söküntü işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır.

4. Şamaxı Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli, 2(074)-266/2020 nömrəli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli 2(074)- 266/2020 nömrəli qərardadındakı qərardadın tarixi 06 fevral 2020-ci il əvəzinə 07 fevral 2020-ci il kimi oxunması qərara alınmışdır.

5. İddiaçı nümayəndəsi və vəkili Vəkil yenidən iddianın təmini tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmənin 2(074)-266/2020 saylı, 06 fevral 2020-ci il tarixli qərardadı ilə həmin işə mahiyyəti üzrə baxılıb qurtarana kimi ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin və Çuxuryurd bələdiyyəsi ilə X4 arasında bağlanmış 03 mart 2001-ci il tarixli 03 nömrəli “Torpaqların alqı-satqısına” dair AKT-a əsasən X4 tərəfindən satın alınmış 0,5 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi, sənədləşdirilmə işlərin (alqı-satqı, qeydiyyata alınma, və s.) həmin torpaq sahəsi ilə bağlı hər-hansı tikinti, söküntü, işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Lakin, mübahisə predmeti olan miras qalmış "xxxx" MMC-nin özgəninkiləşdirilməsi və digər əməliyyatların aparılmasına qadağa qoyulması qeyd olunmamışdır. Hazırda Cavabdeh1 notariat və vergi orqanlarına müraciət edərək hamin cəmiyyətin özgəninkiləşdirilməsinə çalışır. Odur ki, "xxxx" MMC-nin (********** VÖEN) özgəninkiləşdirilməsi və cəmiyyətlə bağlı digər əməliyyatların aparılmasına qadağa qoyulması barədə qərardad qəbul edilməsini və həmin qərardadın müvafiq orqana göndərilməsini xahiş etmişdir.

6. Şamaxı Rayon Məhkəməsinin 2(074)-266/2020 saylı, 18 avqust 2020-ci il tarixli qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtarana kimi "xxxx" MMC-nin (********** VÖEN) özgəninkiləşdirilməsi, digər sənədləşdirilmə işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır.

7. Şamaxı Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(074)-38/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim Etibar Hümbətov) İddiaçı cavabdeh X6 qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, imtina ərizələrinin etibarsız hesab edilməsi, vərəsə kimi tanınma və miras əmlakdan ikidə bir payının müəyyən olunması barədə iddiası rədd edilmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3047/22 nömrəli iş üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Şamaxı Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(074)-38/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Azərbaycan Respublikası Ali Məhkməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 3618/2022 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3047/2021 nömrəli 09 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək Şamaxı Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli 2(074)-266/2020 saylı qərardadını ləğv edərək, həbsin götürülməsinə köməklik göstərilməsini xahiş etmişdir.

11. Cavabdeh1 yenidən məhkəməyə ərizə ilə müraciət edərək Şamaxı Rayon Məhkəməsinin 2(074)-266/2020 saylı, 18 avqust 2020-ci il tarixli qərardadını ləğv edərək, Xeyriyyə MMC-yə və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə qoyulmuş həbsi və bütün qadağaların ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

14. Şamaxı Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakim E.Z.Hümbətov) ərizənin təmin edilməsi, Şamaxı Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli 2(074)-266/2020 saylı qərardadı ilə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evnin və Çuxuryurd bələdiyyəsi ilə X4 arasında bağlanmış 03 mart 2001-ci il tarixli 03 nömrəli "Torpaqların alqı-satqısına” dair AKT-a əsasən X5 tərəfindən satın alınmış 0,5 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi, sənədləşdirilmə işlərinin (alqı-satqı, qeydiyyata alınması, vərəsəlik və s) həmin torpaq sahəsi ilə bağlı hər hansı tikinti, söküntü işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi və Şamaxı Rayon Məhkəməsinin 2(074)-266/2020 saylı, 18 avqust 2020-ci il tarixli qərardadı ilə "xxxx" MMCnin (********** VÖEN) özgəninkiləşdirilməsi, digər sənədləşdirilmə işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi kimi təminat tədbirlərinin ləğv edilməsi qərara alınmışdır.

15. İddiaçı İskəndərova Sıma Sabır qızı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

16. Şamaxı Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qərardadı ilə İskəndərova Sıma Sabır qızı tərəfindən verilmiş şikayət əsassız hesab edilərək baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Şikayətin dəlilləri

17. Şikayət onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qərardadı əsassızdır və ləğv edilməlidir. Belə ki, məhkəmə iş üzrə sonuncu Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarından onun əlavə kassasiya şikayəti vermək hüququnun olmasını nəzərə almadan qərardad qəbul etmişdir. O, Ali Məhkəmənin Qərarını rəsmi qaydada almadığından, məcbur olub Qərarı gözləmək məcburiyyətində qalmışdır. Məhkəmə bildirişi ünvanına gələndən sonra bilmişdir ki, mülki iş rayon məhkəməsinə geri qaytarılmışdır. Bununla da kassasiya şikayəti vermək hüququ pozulmuşdur. Şamaxı Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 158.1.1. Məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. Maddə 158.1.3. Məhkəmə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 162.1. Müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Maddə 162.3. İddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər.

Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Şamaxı Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 2(074)-38/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Şamaxı Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 2(074)- 38/2021 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 2(074)-38/2021 nömrəli və bununla bağlı 27 dekabr 2022-ci il tarixli 2(074)-38/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, iş materiallarından müəyyən olunur ki, Şamaxı Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(074)-38/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X6 qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, imtina ərizələrinin etibarsız hesab edilməsi, vərəsə kimi tanınma və miras əmlakdan ikidə bir payının müəyyən olunması barədə iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)- 3047/22 nömrəli iş üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Şamaxı Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(074)-38/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 3618/2022 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3047/2021 nömrəli 09 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

21. Göründüyü kimi iddiaçının iddia tələbi rədd edilmiş, mübahisə başa çatmış və qətnamə qanuni qüvvəsini almış, hazırkı iş üzrə müvəqqəti təminat tədbiri öz əhəmiyyətini itirmişdir.

22. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir.

23. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır.

24. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1-ci maddələrini rəhbər tutaraq

Q Ə R A R A A L D İ:

İddiaçı İskəndərova Sıma Sabır qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 2(074)-38/2021 nömrəli və bununla bağlı 27 dekabr 2022-ci il tarixli 2(074)-38/2021 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar