Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-564/2025 21.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5576/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1621 manat əsas borcu, 500 manat penya borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-2023-2024-cü illər üçün 500 manat, cəmi 2621 manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 47 manat dövlət rüsumunun tutulması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli, SF/008-2019 saylı nisyə satış müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh 2640 manat dəyəri olan “Mondial 100 SFC” markalı motosikli nisyə satmağı, cavabdeh isə satılmış əşyaya görə 220 manat ilkin ödəniş edərək motosikli qəbul edib, bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 1) müəyyənləşdirilmiş müddətə və qaydada faizsiz, hissə-hissə ödəmək şərtilə 2420 manat məbləğində pul məbləğini ödəməyi öhdəsinə götürür. Cavabdeh nisyə satış müaviləsinə Əlavə №1-də (ödəniş cədvəli üzrə) mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, nisyə satış müqavilə obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərinin 2.4.4-cü bəndini pozmuşdur. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, nisyə satış müqavilə obyektini geri qaytarmaqdan imtina etmişdir. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh xx.xx.2024-cü il tarixə iddiaçıya 1621 manat əsas borcu, 500 manat penya borcu, cəmi 2121 manat borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli, SF/008-2019 saylı nisyə satış müqaviləsi üzrə son ödənişini xx.xx.2021-ci il tarixdə 149 manat, ümumilikdə cəmi 799 manat ödəniş etmişdir. İddiaçı MMC 2017-ci il tarixdən nisyə satış üzrə fəaliyyət göstərir. Azərbaycan Respublikasında yarandıqdan bu günə qədər özünə məxsus işguzar nüfüz və təsərrüfat imici əldə etmişdir. Yuxarıda qeyd olunanlardan da görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq İddiaçı MMC-nə maddi ziyan vuraraq, onun yarandığı vaxtdan bu günə qədər şəffaf sahibkarlıq fəaliyyəti nəticəsində qazanmış olduğu təsərrüfat imicinə, işgüzar nüfuzuna xələl gətirən və nəticə etibarı ilə iddiaçını birbaşa və dolayı şəkildə maddi və mənəvi ziyan çəkməyə məruz qoymuşdur.
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5576/2024 nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2019-cu il tarixli, SF/008-2019 nömrəli müqavilə üzrə əsas borc qismində 1621 manat, cərimə borcu qismində 50 manat olmaqla, cəmi 1671 (min altı yüz yetmiş bir) manat məbləğində pul vəsaiti və ödənilmiş 47 manat dövlət rüsumunun 36 (otuz altı) manat, 71 (yetmiş bir) qəpik hissəsinin tutularaq İddiaçı MMC-yə yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə nisyə satış müqaviləsi bağlanmış, həmin müqavilənin predmeti olan əşya cavabdehə təhvil verilmişdir. xx.xx.2019-cu il tarixli müqavilə üzrə satılan əşyanın ümumi qiyməti 2640 manat müəyyən edilmiş və tərəflərin razılığına əsasən ödəniş müddəti 04 iyul 2019-cu il tarixdən 04 dekabr 2021-ci il tarixədək, ödəniş məbləği isə hər ay 81 manat, son ay 71 manat olmaqla müəyyən edilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Alıcı Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməyərək aldığı əşyaların dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır. Lakin iddiaçı cavabdehin öhdəliyini gec icra etməsinin səbəbləri, yəni cavabdehin qərəzli olaraq öhdəliyi gec icra etdiyini, öhdəliyin icrasından yayınmasını, təqsirli olaraq hərəkətə (hərəkətsizliyə) yol verməsi kimi vacib olan halları sübuta yetirə bilməmiş və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. cərimənin məbləği tənasübsüz surətdə yüksək olduğundan iddia tələbi həmin hissədə qismən əsaslıdır
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.2.1, 448.1, 425.1, 462.1, 467, 567, 600, 601.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(060)-5576/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bildirişlərinin və yekun məhkəmə qətnaməsinin göndərildiyi ünvanda yaşamır. Ona görə də məhkəmə qətnaməsindən, işdən məlumatlı olmamışdır. Həmin ünvan formal qeydiyyatda olduğu ünvandır və Sumqayıt şəhəri, 50-ci məhəllə ünvanda yaşayır. Onun məhkəmədə iştirakı təmin olunmamış və nəticə etibarilə konstitusion prinsip olan –“çəkişmə” prinsipinin, “bərabərlik hüququ” kobud şəkildə pozulmuşdur. Hansı ki, keçirilən məhkəmə iclaslarında iştirak etsə idi, iddianın verilməsinin, borcun tutulmasının əsasında dayanan xx.xx.2019-cu il tarixli, SF/008-2019 saylı nisyə satış müqaviləsinin saxta olduğu ortaya çıxardı. Qeyd edir ki, məhkəmələr işə baxarkən əgər müqavilə əsasında hansısa tələbə dair işə baxırsa mütləq şəkildə müvafiq müqavilənin etibarlı olub-olmamasına baxmalıdır. Həmin müqavilədə onun adından çəkilən imza ona məxsus deyildir. İddiaçı şirkətlə müvafiq müqaviləni bağlamamışdır. Həmin müqavilə və borc məbləği ilə heç bir əlaqəsi yoxdur. Əgər ortada imzası saxta olan bir müqavilə mövcuddursa, subyekt yoxdursa, onda hansı etibarlı müqavilədən və onun əsasında tələb edilən borcdan söhbət gedə bilər. Hansı ki, məhkəmə iclasda iştirakını təmin etməməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Ona nə məhkəmə bildirişləri, nə də qətnamə rəsmi qaydada təqdim edilməmişdir. Bu qeyd edilənlərlə bağlı onu bildirir ki, məhkəmə bildirişlərinin və yekun məhkəmə qətnaməsinin göndərildiyi ünvanda yaşamıram.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı təşkilat tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclası və vaxtı barədə rəsmi qaydada, eləcə də telefon zəngi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak emtəmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
11. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SF/008- 2019 nömrəli nisyə satış müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən «Mondial 100 SFC» markalı motosiklet almışdır.
12. xx.xx.2019-cu il tarixli, SF/008-2019 nömrəli nisyə satış müqaviləsinə 2 nömrəli Əlavədən görünür ki, Cavabdeh SF/008-2019 saylı müqavilənin predmeti olan əşyanı təhvil almışdır.
13. xx.xx.2019-cu il tarixli, SF/008-2019 nömrəli nisyə satış müqaviləsinə əlavədən görünür ki, tərəflər müqavilə üzrə ödənişlərin 04 iyul 2019-cu il tarixdən 04 dekabr 2021-ci il tarixədək ödənilməsi barədə razılığa gəlmişlər.
14. İddiaçı MMC tərəfindən tərtib edilmiş 05 avqust 2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsi üzrə 1621 manat əsas borc, 500 manat cərimə olmaqla, cəmi 2121 manat borcu vardır.
15. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 1621 manat pul vəsaitinin 3 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə nisyə satış müqaviləsinə birtətəfli qaydada xitam verilməsi, İddiaçı MMC tərəfindən müvafiq məhkəmə orqanına müraciət olunacağı, iddianın təmin olunduğu təqdirdə qeyd edilən məbləğlə yanaşı, vurulmuş zərər məbləği, məhkəmə icraatının başlanmasına sərf olunan məsrəflərin də ödənilməsi öhdəliyinin cavabdehin üzərinə düşməsi barədə xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 462.1.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən, kreditorun həm əmlak mənafeləri, həm də, bütün əsaslı mənafeləri nəzərə alınır.567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 582.2. Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 614.1. Pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür.
17. Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.[174] 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
18. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5576/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı iddia tələbinin təmin edilən hissədə yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5576/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, tərəflər arasında bağlanmış müqavilədən görünür ki, dəyəri 2640 manat olan «Mondial 100 SFC» markalı motosiklet cavabdeh tərəfindən alınmış, ilk ödəniş kimi 220 manat ödəniş edilmiş, həmin əmlak cavabdehə təhvil verilmiş, iddiaçı tərəfindən öhdəlik icra edilsə də, cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmiş, iddiaçıya əşyanın dəyərini tam ödəməmiş və iddiaçıya 1621 manat borcu qalmışdır. Bu səbəbdən də iddiaçı qalan borcu tələb etməkdə haqlı olmuşdur. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, ödəliyi icra etmədiyi üçün iddiaçının cavabdehdən cərimə borcu tələb etməkdə haqlı olsa da məhkəmə 500 manat cərimə məbləğinin tənasübsüz sürətdə çox olması qənaətinə gələrək iddianı həmin hissədə qismən təmin etməkdə də haqlı olmuşdur.
21. Məhkəmə kollegiyası şikayətin dəlillərinə, işə onun iştirakı olmadan baxılması, müqavilənin onun tərəfindən imzalanmaması, saxta olmasına qiymət verərək qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə iclasları barədə cavabdehin qeydiyyatda olduğu ünvana məktub göndərilmiş, göndərilmiş məktublar “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Cavabdeh şikayətində qeydiyyatda olduğu ünvanda yaşamadığını, Sumqayıt şəhəri, 50-ci məhəllədə yaşadığını bildirmişdir. Bununla bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Bundan başqa məhkəmə kollegiyasının iclasları barədə şikayətdə qeyd ediyi ünvana göndərilmiş məktublar məhkəməyə geri qayıtmış, məhkəmə iclasları barədə sms bildiriş və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış cavabdehə məxsus elektron kabinet vasitəsi ilə, o cümlədən telefon zəngi vasitəsi ilə məlumat verilsə də cavabdeh məhkəmə kollegiyasının iclaslarında iştirak etməmiş, şikayətdə göstərdiyi xüsusatları təsdiq edəcək sübutları təqdim etməmişdir. Hərçənd ki, cavabdeh müqavilədək imzanın ona məxsus olmadığını və buna görə də müqavilənin etibarsız olduğunu iddia etdiyi təqdirdə məhkəmə iclasında iştirak etməklə eksperimental imza nümunələrini məhkəməyə təqdim etməli olduğu halda bunu etməmişdir. Hərçənd ki, məhkəmə kollegiyası məhz bu məqsədlə məhkəmə iclaslarını bir neçə dəfə təxirə salmış, lakin cavabdeh məhkəmə kollegiyasının iclaslarına gəlməmişdir.
22. Belə olduğu təqdirdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
23. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5576/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q ƏT E T D İ :
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5576/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.