Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-568/2022 22.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Talibl oğlunun iştirakı ilə, İddiaçı cavabdeh X1rşı qaz sayğacının yoxlanılması haqqında aktın qanunsuz hesab edilməsi və həmin aktın əsasında qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 4777/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 2(012)- 4777/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh X3 tərəfindən sayğaca görə tərtib edilmiş 29.03.2019-cu il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi, həmin akta əsasən əsassız hesablanmış 486 (dörd yüz səksən altı) manat borcun abonent kodu **********06530 olan İddiaçı məxsus abunə hesabından silinməsi qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-4777/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdehnə qarşı qaz sayğacının yoxlanılması haqqında aktın qanunsuz hesab edilməsi və həmin aktın əsasında qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 29.032019-cu il tarixli aktın ləğv edilməsi və həmin akta görə onun adına hesablanmış 486 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan **********06530 saylı abonent kodu verilmiş yaşayış sahəsinə quraşdırılmış qaz sayğacı akt əsasında çıxarılaraq yoxlamaya göndərilmişdir. Yoxlama nəticəsində “Azəriqaz ” İB-nin Metrologiya Departamenti tərəfindən tərtib edilmiş akta əsasən, yəni qüsura görə nəticə hissəsinə əsasən sayğacına müdaxilə edildiyi aşkar olunmuş və bu barədə «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 29.03.2019-cu il tarixli, ******* saylı Akt tərtib olunmuşdur. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. Yaşayış sahəsinə quraşdırılmış qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kim maraqlı ola bilməz. Lakin birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi əsaslıdır. İş materiallarında olan sübutlara nəzər yetirilsə hamısı iddia tələbinin əsassız olmasını göstərir. Digər tərəfdən birinci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair saldoda yer almış məlumatları da araşdırmamışdır. Belə olmasaydı birinci instansiya məhkəməsi iddiaçının uydurma izahatına inanıb əsassız qətnamə yox, iddiaçının müdaxilə edilməsi faktını rəqəmlərlə təsdiqləyən Saldoya əsasən iddia tələbinin rədd edilməsinə dair əsaslı qətnamə çıxarmış olardı. Göründüyü kimi iş materiallarında yer alan, mübahisələndirilən qətnamədə də öz əksini tapan və birinci instansiya məhkəməsinin istinad etdiyi sübutlar iddia tələbinin təmin edilməsinə yox, iddia tələbinin rədd edilməsinə əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.3-cü bəndi əsasən Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. İddiaçı ilə cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Beləliklə, iddiaçı və cavabdeh arasında imzalanmış müqaviləyə əsasən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəri abonentin özü tərəfindən ödənilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdırmış, cavabdehin ətraflı, geniş iş materiallarına istinadən verdiyi izahata göz yummuş və bununla da səhv nəticəyə gələrək borcun silinməsinə dair qətnamə çıxarmışdır. Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla bağlı bildirilir ki, iddiaçı öz tələbinin nə dərəcədə əsaslı olması ilə bağlı heç bir sübut təqdim etməmişdir. İddiaçının öz tələbində iş materiallarında olan cavabdeh tərəfindən tərtib edilmiş rəsmi sənədlərə istinad edilmişdir ki, bu da iddia ərizəsinin birbaşa rədd edilməsi üçün əsasdır. Lakin birinci instansiya məhkəməsi iddiaçı tərəfindən haqlı olması ilə bağlı hər hansı bir sübutun onun tərəfindən verilməməsinə baxmayaraq iddiaçının uydurma izahatı əsasında səhv nəticəyə gələrək qanunsuz qətnamə qəbul etmişdir. İş materiallarında olan cavabdeh tərəfindən tərtib edilmiş yazılı sübutlar isə birbaşa iddia tələbinin rədd edilməsi üçün əsaslardır. Məhkəmə Kollegiyasının diqqətinə çatdırılır ki, iddiaçıya aid olan **********06530 abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Buna baxmayaraq, məhkəmə itirilmiş qazın dəyərini hər hansı bir hüquqi əsas olmadan əsassız borc kimi qələmə verərək abonent hesabından silinməsini qət etmişdir. İddiaçı məhkəməyə əsaslı olması ilə bağlı uydurma izahatından başqa heç nə təqdim edə bilməmişdir. Qeyd edilir ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kim maraqlı ola bilməz və bu faktdır. Odur ki, apellyasiya şikayətinin təmin edilərək Abşeron Rayon Məhkəməsinin 2(012)-4777/2021 saylı, 07.10.2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və əsassız iddia ərizəsinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasıın iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-4777/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, aktın ləğv edilməsinə dair hissədə ləğv edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 29.03.2019-cu il tarixli, ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonent nömrəsi **********06530 olan İddiaçı məxsus Abşeron rayonunda yerləşən evə quraşdırılmış qaz sayğacına baxış zamanı MSK-29/1710-01034 saylı rəyə əsasən sayğacın çıxış plastmas borusu deşildiyindən dəymiş ziyanın hesablanması qərara alınmış, akt tərtib edilərkən abonent tərəfindən imza edilməkdən imtina edilməsi barədə qeydiyyat aparılmışdır. İş materiallarında olan Cavabdeh İB-nin 29.03.2019-cu il tarixli tələbnaməsindən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 4860 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq 29.03.2019-cu il tarixli ******* saylı akt olmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonent kodu **********06530 olan ünvan 1 ünvanında 25.05.2020-ci il tarixdə «Zenner G4T» Mexaniki tipli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), abonentə 2019-cu ildə 486 manat borc müəyyən edilmişdir. Cavabdeh İB-nin 24.04.2019-cu il tarixli, MSK-29/1710-01034 saylı aktından görünür ki, 1602AZ**********384 saylı sayğacın çıxış plastmas borusu deşildiyindən müdaxilə nəticəsində qaz itkisi olmuş, Fransa istehsalı olan G4 markalı smart kart tipli qaz sayğacı həmin tarixdə yararsız hesab olunmuşdur. Azərbaycan Respublikası Konstitutsiyasının 60-cı maddəsinin birinci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir, 60-cı maddəsinin ikinci bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş Qazdan istifadə Qaydalarına müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydaların 3.1.3. bəndinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profılaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı, bu qərarın 3.1.7. bəndinə əsasən isə qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qərarın 4.8. bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Eyni zamanda bu qərarın 5.2. bəndinə əsasən isə Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinəəsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Smart-kart tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə sayğacın smart tipli olduğunu, onun mərkəzdən idarə olunduğunu, ona nəzarət edilməli olduğunu, borc yarandıqda kartı bloklamak mümkün olduğunu nəzərə alaraq hesab etmişdir ki, vəziyyətin bu hala gəlib çıxmasına səbəb bir başa qaz idarəsidir və qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Qərarın tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə belə qənaətə gəlmişdir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlamalı olduğu halda vəzifə borcunu yerinə yetirməmişdir. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıqlar vaxtında aşkar edilməmişdir. Bundan başqa İddiaçı adına olan abonent saldosundan görünür ki, iddiaçıya tərtib olunmuş 29.03.2019-cu il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən 2019-cu il tarixi üçün ödənilməli olan borc qismində 486 manat olduğu qeyd olunmuşdur. Məhkəmə iclasında tədqiq edilən 29.03.2019-cu il tarixli, ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edildiyi və aktda hal şahidlərinin iştirakının təmin olunmadığı müəyyən olundu ki, bu isə həmin aktların qüsurlu tərtib edilməsinin göstəricisidir. Belə ki, akt hər hansı bir faktı təsdiq edilməsi üçün hal şahidlərinin iştirakı ilə imzalanan sənəddir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının sübut üçün göstərdiyi akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Bundan başqa həmin aktda sayğaca kənar müdaxilə müəyyən edilsə belə, bunun iddiaçının qəsdən törətdiyi qanunsuz hərəkətləri nəticəsində səbəb olduğu sübut edilməmişdir. Belə ki, sayğacın iddiaçının mənzilindən kənarda quraşdırılması həmin sayğacın onun tərəfindən mühafizə olunmasını istisna edir. Göründüyü kimi bütün bunlar iddiaçının sayğaca müdaxilə edərək qeyri-qanuni təbii qazdan istifadə olunmasını tamamilə inkar edir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən sayğacdan qeyri-qanuni istifadə edildiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşmüş, lakin cavabdehin nümayəndəsi isə bununla bağlı mötəbər sübutların təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qeyd edilənlərə əsasən məhkəmə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi borcun silinməsinə dair düzgün nəticəyə gəlsə də aktın ləğvinə dair gəldiyi nəticə ilə razılaşmaq olmaz. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 29.03.2019-cu il tarixli, ******* saylı aktın etibarsızlığı üçün əsas yoxdur. Belə ki, həmin aktda sayğaca müdaxilə edildiyi faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin yuxarıda qeyd edildiyi kimi, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia aktın ləğvi hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, aktın ləğv edilməsinə dair hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-4777/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsi qismən, aktın ləğv edilməsinə dair hissədə ləğv edilsin. İddia Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 29.03.2019-cu il tarixli, ******* saylı aktın ləğv edilməsi hissəsində təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-568/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-568/2022
22.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver