Məhkəmə qərarları › İş №2(105)-569/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-569/2022

07.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-569/2022 07.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(012)-4839/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(012)-4839/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı Cavabdehnə qarşı cərimənin silinməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 1924,90 manat borcun abonent kodu **********00073 olan İddiaçı məxsus abunə hesabından silinməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivi ünvanına quraşdırılmış sayğaca görə qanunsuz olaraq ona hesablanmış 1924,9 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o, Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00073 olan qaz sayğacından istifadə edir. 31.01.2018-ci il, 28.02.2018-ci il və 30.04.2018-ci il tarixlərdə Cavabdeh əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında müvafiq olaraq 0139697, ******* və ******* saylı aktlar tərtib edilmiş və ümumilikdə 1924,9 manat dəymiş ziyana görə cərimə hesablanmışdır. Həmin aktlarda sayğacdan kənar xətt aşkarlandığı və təbii qazdan qeyri-qanuni istifadə edildiyi qeyd olunmuşdur. Bu aktlar qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Belə ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi 2013-cü ildən başlanmış, 2019-cu il tarixdə yekunlaşmışdır. Göstərilən evdə yaşayış 2019-cu ildən olmuşdur. Həmin müddətə qədər torpaq sahəsində tikilmiş fərdi yaşayış evi qaz xəttinə qoşulmadığından, o, "xxxx" MTK-ya məxsus evdə kirayə yaşamışdır. Bunu qonşular tərəfindən tərtib olunmuş akt əsasında Abşeron rayon İHB-nin Hökməli qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış da təsdiq edir. Qeyd edilən aktlar isə fərdi yaşayış evində yaşayış olmadığı dövrdə, yəni 2018-ci ildə tərtib olunmuşdur. Həmin evdə yaşayış olmadığı halda, cərimə borcunun yazılması əsassızdır. Həmçinin əgər sayğacdan kənar xətt aşkarlanıbsa, bunu təsdiq edəcək hər hansı fotoşəkil də sübut kimi akta əlavə olunmamışdır. Aktların tərtib olunması ilə bağlı heç bir məlumatı olmamışdır. Aktlarda isə guya onun aktları imzalamaqdan imtina etdiyi göstərilmişdir. Həmin aktlardan yalnız son vaxtlar karta pul vurulan zaman avtomatik tutulma olduqda məlumatı olmuşdur. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh təşkilat apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə iddiaçının **********00073 saylı abonent kodu verilmiş fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq olaraq 31.01.2018-ci il tarixli, ******* saylı, 28.02.2018-ci il tarixli,0149254 saylı, 30.04.2018-ci il tarixli, ******* saylı aktlar tərtib edilmişdir. İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə cavabdehə ziyan vurmuşdur. Lakin birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış müqaviləyə istinad etmişdir. Halbuki müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzinin ödənilməsi müqavilədə “istehlakçı”nın vəzifəsi kimi müəyyən edilir. Digər tərəfdən, məhkəmə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlara istinad etmişdir. Həmin aktlara əsasən abonent kodu verilmiş ünvanda təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən və sayğaca baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, yəni iddiaçı tərəfindən qaz borusuna özbaşına qoşulma faktları aşkar edilmiş və bu əsasla da həmin aktlar tərtib edilmişdir. Həmçinin dəymiş ziyanın bərpasına dair tələbnamələrdə dəymiş ziyanın həcminin hansı qaydada hesablanması göstərilmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, onun yaşadığı evin qaz sayğacı evdən kənarda, küçədə quraşdırılmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilən zaman həmin evdə yaşayış olmamışdır, buna görə də sayğacdan kənar təbii qazdan istifadə edilməsi də mümkün deyildir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı arasında 30.05.2018-ci il tarixli, T/17701 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.01.2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh 31 yanvar 2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə (abonent kodu **********000073) itirilmiş qazın sərfiyyatı 4317 kub metrdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28.02.2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar xətt aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh 28 fevral 2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə (abonent kodu **********000073) itirilmiş qazın sərfiyyatı 1008 kub metrdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.04.2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən təbii qazdan qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh 30 aprel 2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə (abonent kodu **********000073) itirilmiş qazın sərfiyyatı 4392 kub metrdir. İş materiallarında olan Abşeron rayonu Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 1142 saylı, 03.08.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Hökməli qəsəbəsi Yeni yaşayış massivində özünə məxsus sənədləşməmiş fərdi yaşayış evi vardır, göstərilən evdə yaşayış 2019-cu ildən olmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə (abonent kodu **********000073) akta görə borc 1924,90 manat təşkil edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının yaşadığı evin qaz sayğacı evdən kənarda, küçədə quraşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxslərin evlərinə quraşdırılmış qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. “Qaz təchizatı haqqında” qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin qanunun 13-cü maddəsinin 8-ci və 9-cu hissələrinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, 31.01.2018-ci il tarixli, ******* saylı akt iki nəfər Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmişdir və həmin, eləcə də digər aktların tərtibində hal şahidlərinin iştirakı təmin edilməmişdir. Digər tərəfdən, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə 30.05.2018-ci il tarixdə bağlanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar isə 31.01.2018-ci il, 28.02.2018-ci il və 30.04.2018-ci il tarixlərdə, yəni qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmamışdan əvvəl tərtib edilmişdir. İş materiallarında isə 30.05.2018-ci il tarixdən əvvəl Cavabdeh ilə İddiaçı arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisİ arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmasını və İddiaçı yaşadığı evin təbii qazla təchiz edilməsini təsdiq edən hər hansı bir sənəd yoxdur. Halbuki təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlarda təbii qazdan sayğacdan kənar istifadə edildiyi qeyd edilmişdir. Həmçinin Abşeron rayonu Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 1142 saylı, 03.08.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Hökməli qəsəbəsi, Yeni yaşayış massivində özünə məxsus sənədləşməmiş fərdi evdə yaşayış 2019-cu ildən olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmiş və düzgün olaraq iddiaçının onun barəsində cərimənin yazıldığına dair aktların tərtib edildiyini bildiyi, yəni hüququnun pozulduğunu bildiyi andan məhkəməyə müraciət etməsini müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(012)- 4839/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar