Məhkəmə qərarları › İş №2(105)-570/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-570/2022

24.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-570/2022 24.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(012)-1838/2021 saylı qəraddadından İddiaçı nümayəndəsi X7 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(012)-1838/2021 saylı qərardadı ilə (hakim H.Y.Əhmədov) İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə müddətin bərpasından imtina edilərək Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1838/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı nümayəndəsi X7 şikayət verib, Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(012)-1838/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(012)-1838/2021 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı Azəriqaz İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 3606.80 manat zərərin və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3636.80 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının Azərbaycan Beynəlxalq Bankı ASC-nin Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1838/2021 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilib, İddiaçı X2 istifadə qaydalarının pozulması haqqında 31.01.2018-ci il tarixli ******* saylı aktına əsasən Cavabdeh təbii qazdan qeyriqanuni istifadəyə görə 431.7 manat dəymiş ziyan və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 461,7 manat pul vəsaitinin X4 xeyrinə tutulması və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı nümayəndəsi X1 Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)- 1838/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı nümayəndəsi X7 verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 20 oktyabr 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunverciliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1838/2021 saylı qətnaməsinin surəti iddiaçıya 05 iyul 2021-ci il tarixdə rəsmi qaydada verilmiş, həmin qətnamədən apellyasiya şikayəti 06 avqust 2021-ci il tarixdə, yəni 1 gün sonra «Azəri Express» poçt xidməti vasitəsi ilə verilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini icraata qəbul etməkdən imtina etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1838/2021 saylı qətnaməsi İddiaçı “Paşayeva” soyadlı nümayəndəsi tərəfindən 05.07.2021-ci il tarixdə rəsmi şəkildə qəbul edildiyi halda, iddiaçı tərəfindən məhkəmə qətnaməsindən apellyasiya şikayəti “Azəri Express” sürətli poçt daşınma xidmətinə 06.08.2021-ci il tarixdə təqdim edilmiş, 09.08.2021-ci il tarixdə isə şikayət məhkəmənin dəftərxanası tərəfindən təhvil alınmaqla iddiaçı tərəfindən məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. İddiaçı tərəfindən ərizədə qeyd olunan xüsusatlar apellyasiya şikayətinin müddətinin ötürülməsinin üzrlü hesab edilməsinə dəlalət verən hallar olmadığından, apellyasiya şikayətinin verilməsi üçün üzrlü sayılmasına əsas olan sənədlər məhkəməyə təqdim olunmadığından müddətin bərpası barədə ərizə təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünü idarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası nəzərə alır ki, Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1838/2021 saylı qətnaməsindən İddiaçı nümayəndəsi X7 tərəfindən apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpası barədə ərizənin əsaslı olması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri cərçivəsində edilməsini tələb edir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddətin bərpasına dair ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı nümayəndəsi X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(012)-1838/2021 saylı qəraddadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar