Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-571/2023 28.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh Şahverən oğluna qarşı mülki iş üzrə (Açar sözlər: lizinq müqaviləsi üzrə pul tələbi) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Qafari və X1 ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh Şahverən oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli e-2(067)-1744/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli 06/00024548 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1400 manat borcun və 34 manat dövlət rüsumunun, cəmi 1434 manat məbləğində pulun Cavabdeh Şahverən oğlundan tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) ilə Cavabdeh Şahverən oğlu arasında bağlanmış 2019-cu il 19 iyun tarixli 06/00024548 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh Şahverən oğlu arasında bağlanmış 06/00024548 nömrəli müqaviləyə əsasən 4600 manat öhdəlikdən 3200 manat ödəniş edilmiş, 1400 manat borcu qalmışdır. Lakin, cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.4-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da, cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən cavabdeh öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə iddiaçı qarşısında məsuliyyət daşıyır.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (lizinq verən) ilə Cavabdeh Şahverən oğlu (lizinq alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 06/00024548 nömrəli operativ lizinq müqaviləsinə əsasən lizinq verən 1 ədəd SR-2045 markalı taxılyığan kombaynı iki müddətinə lizinq alanın istifadəsinə verməyi, lizinq alan istifadə müddəti (2 ay) üçün 4600 manat ödəniş ödəməyi öhdəsinə götürmüşdür.
5. 22 aprel 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Şahverən oğlu xx.xx.2019-cu il tarixli 06/00024548 nömrəli müqavilə üzrə 3200 manat ödəniş etmiş, 1400 manat qalıq borcu vardır.
6. xx.xx.2019-cu il tarixli, 06/00024548 nömrəli “Texniki vəziyyət haqqında” AKT1-dən görünür ki, İddiaçı ASC-nin Xaçmaz RN-nin istifadəsində olan texnika xx.xx.2019-cu il tarixdə Cavabdeh Şahverən oğluna təhvil verilmişdir.
7. xx.xx.2019-cu il tarixli, 06/00024548 nömrəli “Texniki vəziyyət haqqında” AKT2-dən görünür ki, İddiaçı ASC-nin Xaçmaz RN-nin istifadəsində olan texnika həmin tarixdə Cavabdeh Şahverən oğlundan təhvil alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. Xaçmaz Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli e-2(067)- 1744/2022 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddianın təmin edilməsi, xx.xx.2019-cu il tarixli 06/00024548 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1400 manat borc və 34 manat dövlət rüsumu olmaqla, cəmi 1434 manat məbləğində pulun Cavabdeh Şahverən oğlundan tutularaq İddiaçı ASC-nə ödənilməsi qət edilmişdir.
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh Şahverən oğlu arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 739.1, 739.2, 425.1, 386.1, 385.1, 443.1, 448.1, 448.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 213, 216-220, 227, 233, 357-360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
11. Xaçmaz Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli e-2(067)- 1744/2022 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh Şahverən oğlu apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə çıxardığı xx.xx.2022-ci il tarixli, e-2(067)-1744/2022 saylı qətnaməsini ləğv edərək iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclası barədə ona məlumat verilməmiş, onun ünvanına poçt vasitəsilə məktub daxil olduqda bilmişdir ki, məhkəmə xx.xx.2022-ci il tarixdə onun iştirakı olmadan iddiaçının xeyrinə qərar qəbul etmişdir. Nəticədə məhkəməyə öz sübutlrını təqdim edə bilməmişdir. Belə ki, "xxxx" ASC-nin Xaçmaz Regional nümayəndəliyinin direktoru cənab Rafik Tağıyevə xx.xx.2022-ci il tarixdə ünvanladığı izahatda bildirmişdir ki, dislokasiya zamanı Kürdəmir rayonuna göndərilmiş SR-2045 markalı (Şassı № 561330, mühərrik 28974, Dövlət nömrə nişanı 90-T-157) kombayn 06 iyun 2019-cu il tarixdən 12 iyun 2019-cu il tarixinə kimi sürətlər qutusunda yaranan nasazlığa görə Kürdəmir rayonunda təmirə dayanmışdır. Nasazlıq aradan qaldırıldıqdan sonra Xaçmaz rayonuna gəlmiş və 17 iyun 2019-cu il tarixdən 20 iyun 2019-cu il tarixinə kimi yenidən surətlər qutusunda olan nasazlıq səbəbindən dayandırılmışdır. Ümumiyyətlə surətlər qutusunun iki dəfə təmir olunmasına 1050 (bir min əlli) manat vəsait sərf olunmuşdur. Həmin vaxtdan kombayn işləməmiş və ödənişlər olunmamışdır. Müraciəti əsasında "xxxx" ASC-nin Xaçmaz Regional Nümayəndəliyinin direktoru cənab Rafik Tağıyevin, Regional Nümayəndəliyin baş mühəndis-mexaniki X5 və Regional Nümayəndəliyin mexanizatoru X2 iştirakı ilə 19 iyun 2019-cu il tarixdə müvafiq akt tərtib edilərək təsdiqlənmişdir. Aktdan göründüyü kimi həqiqətən də kombaynın göstərilən tarixlərdə sürətlər qutusunda nasazlığa görə iki dəfə təmirə dayanması və təmirinə 1050 manat tərəfindən vəsait sərf olunması təsdiqini tapır. "xxxx" ASC-nin Xaçmaz Regional Nümayəndəliyinin direktoru cənab Rafik Tağıyev tərəfindən "xxxx" ASC-nin İdarə Heyyətinin sədri vəzifəsini icra edən cənab Nümayəndə1 ünvanlanmış xx.xx.2019-cu il tarixli, 107 nömrəli təqdimatda göstərilir ki, həqiqətəndə göstərilən tarixlərdə kombayn işləməmiş, sürətlər qutusunda yaranan nasazlığa görə dislokasiya zamanı Kürdəmir rayonunda xx.xx.2019-cu il tarixdən, xx.xx.2019-cu il tarixə kimi, Xaçmaz rayonuna gəldikdən sonra isə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu ilə kimi yenidən surətlər qutusunda nasazlıq səbəblərindən dayanmış, sürətlər qutusunun iki dəfə təmir olunmasına 1050 manat vəsait sərf olunmuşdur. Xahiş edilir ki, təmirə sərf olunmuş vəsait öhdəlik planından silinsin. İstifadəsində olmuş SR-2045 markalı taxılyığan kombayn təmirdən sonra saz vəziyyətdə "xxxx" ASC-nin Xaçmaz Regional nümayəndəliyinə təhvil verilmiş, bu barədə 31 iyul 2019-cu il tarixli, AKT 2№ 06/00024548 saylı akt tərtib olunmuşdur. Ötən müddət ərzində hesab etmişdir ki, kombaynın təmirinə sərf olunmuş 1050 manat vəsait hesabdan silinmişdir. Məhkəmə prosesin çəkişmə prinsipini təmin etmiş olsaydı, göstərilən sənədlər məhkəmədə tədqiq olunardı və iddia rədd olunardı. Müqavilə əsasında istifadəsində olmuş taxılyığan kombaynın sürətlər qutusunun təmiri əsaslı təmirdir və təmir lizinq verən tərəfindən aparılmalı idi. Dislokasiya zamanı Kürdəmir rayonunda taxılyığan kombaynın sürətlər qutusu dağıldıqdan sonra "xxxx" ASC-nin Xaçmaz Regional nümayəndəliyinin direktoru cənab Rafik Tağıyevə müvafiq məlumat vermişik və rəhbərlik işlərin dayandırılmaması üçün sürətlər qutusunun əsaslı təmirini öz vəsaiti hesabına aparmağı, əsaslı təmirə xərclənən pul vəsaitinin lizinq müqaviləsində nəzərdə tutulan ödənişlərdən çıxılacağını bildirdikdən sonra təmiri öz vəsaiti hesabına apararaq dağılmış sürətlər qutusunu bərpa etdirmişdir. Sonradan Xaçmaz rayonunda da rəhbərlik tərəfindən eyni ilə ona bildirilmişdir ki, sürətlər qutusunun əsaslı təmirinə qoyduğu vəsait hesabından çıxılacaqdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
14. Cavabdeh apellyasiya şikayətini müdafiə edib təmin olunmasını xahiş etdi. Həmçinin apellyasiya şikayətinin əsası olaraq Xaçmaz RN tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli təqimatın sübut növü olaraq qəbul edilməsini xahiş etdi.
15. İddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Bildirdi ki, lizinq obyekti müqavilə müddətindən əvvəl, yəni 31 iyul 2019-cu il tarixdə geri qaytarılmışdır. Cavabdehin vaxtından əvvəl texnikanı geri qaytarması ilə iddiaçı şirkət zərərə uğramış olur, bu səbəbdən müqavilə müddəti üçün razılaşdırılmış lizinq ödənişini tam ödəməlidir. Tələb olunan məbləğ müqavilə şərti ilə nəzərdə tutulmuş və cavabdeh tərəfindən ödənilməmiş qalıq lizinq borcudur.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Xaçmaz Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir.
20. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq təmin etmişdir.
21. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
22. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
23. Həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.
24. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) ilə Cavabdeh Şahverən oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 06/00024548 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2045 markalı taxılyığan kombayn sonuncunun istifadəsinə verilmişdir. Həmin müqavilədən görünür ki, müqavilənin müddəti iki ay, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli, 06/00024548 nömrəli “Texniki vəziyyət haqqında” AKT1-dən görünür ki, İddiaçı ASC-nin Xaçmaz RN-nin istifadəsində olan texnika xx.xx.2019-cu il tarixdə Cavabdeh Şahverən oğluna təhvil verilmişdir. xx.xx.2019-cu il tarixli, 06/00024548 nömrəli “Texniki vəziyyət haqqında” AKT2-dən görünür ki, İddiaçı ASC-nin Xaçmaz RN-nin istifadəsində olan texnika həmin tarixdə Cavabdeh Şahverən oğlundan təhvil alınmışdır. Qeyd olunan “Texniki vəziyyət haqqında” aktlardan göründüyü kimi Cavabdeh Şahverən oğlu tərəfindən İddiaçı ASCyə məxsus konbayndan xx.xx.2019-cu il tarixdən istifadəyə başlanılmış və xx.xx.2019cu il tarixdə, yəni vaxtından 19 gün əvvəl geri qaytarılmışdır. Texnika lizinq alanın istifadəsində olduğu müddətdə sonuncu tərəfindən 3200 manat ödəniş edilmişdir. Bu göstərilənlər işin mübahisəsiz hallarıdır.
25. İddiaçı (lizinq verən) lizinq müqaviləsinin şərtlərinin cavabdeh (lizinq alan) tərəfindən pozulduğunu, lizinq ödənişinin tam ödənilmədiyini iddia edir və lizinq ödənişi olaraq müəyyən edilmiş və lizinq alan tərəfindən ödənilməmiş qalıq 1400 manat məbləğin ödənilməsini tələb etmişdir.
26. Birinci istansiya məhkəməsi tərəfindən iddia əsaslı hesab edilərək, Mulki Məcəllənin 739-cu maddəsinə istinadən təmin edilmişdir.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır, apellyasiya şikayətini birinci instansiya məhkəməsi tərəfindən maddi normaların pozuntusuna yol verilməsi, tərəflər arasında hüquq münasibətlərinə düzgün hüquqi qiymət verilməməsi hissəsində əsaslı hesab edir.
28. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
29. İşin müəyyən edimiş hallarından göründüyü kimi tərəflər arasında lizinq müqaviləsi ilə bağlı münasibət yaranmışdır. Odur ki, mübahisə Mülki Məcəllənin «Lizinq» münasibətləri ilə bağlı müddəaları çərçivəsində həll edilməlidir. Qeyd olunmalıdır ki, mülki hüquq baxımından lizinq əmlakın istifadəyə verilməsi üzrə öhdəliklər qrupuna aiddir və Mülki Məcəllənin 38-ci fəsli ilə tənzimlənir.
30. Mülki qanunvericiliyə görə lizinq alan əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla istənilən əmlakı müvəqqəti sahibliyə və istifadəyə qəbul edə bilər. Lizinq alan lizinq obyektindən istifadəyə görə lizinq verənin xeyrinə lizinq ödənişlərini həyata keçirməlidir (maddə 748-10.1).
31. Göründüyü kimi cavabdeh lizinq obyekti onun istifadəsində olduğu müddət ərzində (41 gün istifadəsində olub) 3200 manat ödəniş etmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin arasında razılaşdırılmış iki ay müddət üçün lizinq ödənişi 4600 manat olmaqla, bir gün istifadə üçün (4600 manat /60 gün=76.66 manat) həmin məbləğ 76,66 manat təşkil edir. Odur ki, cavabdehin lizinq obyektinin istifadəsində olduğu müddətə görə ödəmiş olduğu lizinq ödənişi müqavilə şərtinə uyğun hesab edilməlidir.
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin həlli ilə bağlı hüquqi baxımdan əhəmiyyət kəsb edən texnikaların təhvil-qəbul aktları üzrə hüquqi dəyərləndirmə aparmamış, sübutları hərtərəfli araşdırmamış, işin faktiki hallarına qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün qiymət verməmişdir.
33. Qeyd olunan təhvil aktından görünür ki, lizinq alan (cavabdeh) lizinq obyektini vaxtından 19 gün əvvəl, 31 iyul 2019-cu il tarixdə geri qaytarmışdır.
34. Lizinq alan əmlakı geri qaytarmaqla həmin əmlakdan istifadə etmək imkanını itirmişdir.
35. Qanunvericiliyin qedy olunan normalarının göstərişinə əsasən məhkəmə kollegiyası lizinq obyektinin lizinq verənə geri qaytarılmaqla istifadədə olmadığı müddətə görə lizinq ödənişinin tələb edilməsini qanunvericiliyin şərtlərinə və lizinq müqaviləsinin qanunla müəyyən edilmiş mahiyyətinə uyğun hesab etmir.
36. Tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndində də göstərilmişdir ki, istifadəçi texnikadan istifadəyə görə istifadəyə verənə…, ödənişlərin həyata keçirilməsini öhdəsinə götürür.
37. Göründüyü kimi tərəflərin iradəsinə uyğun sərbəst şəkildə bağlanmış müqavilə şərtində də texnikanın istifadəsinə görə ödənişlərin ödənilməsi razılaşdırılmışdır.
38. Müqavilə azadlığı prinsipinə əsaslanaraq qeyd etmək lazımdır ki, Mülki Məcəllənin 390-cı maddəsinə uyğun olaraq, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.
39. Mülki qanunvericiliyin tələbinə görə lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır.
40. Məhkəmə kollegiyası bu şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamışdır.
41. Şikayətin digər dəlili ondan ibarətdir ki, texnikanın surətlər qutusunda olan nasazlığa görə təmirə 1050 manat vəsait sərf olunmuş, həmin vaxtdan kombayn işləməmiş və bu hal texnikanın əsaslı təmiri olmaqla, çəkilən xərc öhdəyin ödənilməsi üçün nəzərə alınmalıdır.
42. Cavabdeh şikayətin qeyd olunan dəlilini Xaçmaz RN tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli təqdimatla əsaslandırmışdır.
43. xx.xx.2019-cu il tarixli, 107 nömrəli Təqdimatda göstərilir ki, dislokasiya zamanı Kürdəmir rayonuna göndərilmiş SR 2045 markalı kombayn xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi surətlər qutusunda nasazlığa görə təmirə dayanmışdır. Nasazlıq aradan qaldırıldıqdan sonra Xaçmaz rayonuna gəlmiş və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu ilə kimi yenidən surətlər qutusunda nasazlıq səbəblərindən dayanmışdır. Ümumilikdə sürətlər qutusunun iki dəfə təmir olunmasına 1050 manat vəsait sərf olunmuşdur. Kombaynın öhdəlik planından silinməsini xahiş edilir.
44. Kollegyiası şikayətin bu dəlilini əsassız hesab edir.
45. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, təqdim edilmiş sübut şikayətdə göstərilən halları təsdiq edən tutarlı sübut əhəmiyyəti daşıya bilməz. Təqdimatın məzmunundan göründüyü kimi texnika xx.xx.2019 - xx.xx.2019, həmçinin xx.xx.2019-xx.xx.2019-ci il tarix aralağında surətlər qutusunda nasazlığa görə təmirə dayanmışdır ki, həmin dövrdə texnika cavabdehin istifadəsində olmamışdır. Sənədlərdən də göründüyü kimi tərəflərin arasında lizinq müqaviləsi 19 iyun 2019-cu il tarixdə bağlanmışdır.
46. Məhkəmə kollegiyası həmçinin şikayətin, cavabdehin birinci instansiya məhkəməsindəki icraat zamanı məhkəmə iclasları barədə məlumat verilməməsi ilə bağlı dəlilini də əsassız hesab edir.
47. İş materiallarından görünür kimi cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmışdır.
48. Məhkəmə kollegiyası qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bir sıra qərarlarında ədalətli məhkəmə araşdırması hüququna xüsusi önəm vermişdir. Məhkəmənin gəldiyi nəticəyə görə, "mülki hüquq və vəzifələr" ilə bağlı "mübahisə" yarandıqda, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində şəxsin öz mülki hüquq və vəzifələri ilə bağlı məhkəməyə və ya tribunala iddia ərizəsi ilə müraciət etmək hüququ təsbit edilmişdir. Bununla, həmin maddənin bir tələbi də məhkəmələrdə mülki icraatın başlanmasına hüquq verən “məhkəməyə müraciət etmək hüququ”ndan ibarətdir. Əlavə olaraq bura həm məhkəmənin təşkili, həm də tərkibi, icraatın aparılması ilə əlaqədar 6cı maddənin 1-ci bəndində müəyyən edilən zəmanətlər əlavə olunur. Bütün bunların hamısı ümumilikdə “ədalətli məhkəmə araşdırması” hüququnu təşkil edir (X3rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar, § 36).
49. Məhkəmə müdafiəsi təminatının əsas mexanizmlərindən biri kimi çıxış edən ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri Mülki Prosessual Məcəllədə öz əksini tapmışdır.
50. Mülki prosessual qanunvericiliyə uyğun olaraq, apellyasiya məhkəməsi işə baxarkən birinci instansiyası məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Belə qərar yalnız o halda qəbul edilir ki, birinci instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalar və ya prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun (MPM maddə 384, 385).
51. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min matadan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Şahverən oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli e-2(067)-1744/2022 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı ASC-nin Cavabdeh Şahverən oğluna qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən şikayət verilə bilməz.