Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-573/2022 07.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(012)-4257/2021 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(012)-4257/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair ilk iddiası təmin edilməmiş, Cavabdeh1 İddiaçınə qarşı mənzillərə sahiblik və istifadə hüququnun tanınması, mənzillərin təhvil verilməsi və yaradılan maneələrin aradan qaldırılması tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, İddiaçı tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr 3 otaqdan ibarət 344 nömrəli mənzilə və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr 3 otaqdan ibarət 272 nömrəli mənzilə Cavabdeh1 sahiblik və istifadə hüququnun tanınması, həmin mənzillərin ona təhvil verilməsi, həmin mənzillərə daxil olmaq üçün “FAM-88" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmiş, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “FAM-88" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cəmiyyətlə Cavabdeh1 arasında cəmiyyətin ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr, 3 otaqdan ibarət 344 nömrəli mənzilin tikintisi haqqında 08 avqust 2020-ci il tarixli və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr, 3 otaqdan ibarət 272 nömrəli mənzilin tikintisi haqqında 08 avqust 2020-ci il tarixli müqavilələrin və 08 avqust 2020-ci il tarixli arayışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, cəmiyyətlə Cavabdeh1 arasında cəmiyyətin ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr, 3 otaqdan ibarət 344 nömrəli mənzilin tikintisi haqqında 08 avqust 2020-ci il tarixində və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr, 3 otaqdan ibarət 272 nömrəli mənzilin tikintisi haqqında 08 avqust 2020-ci il tarixində müqavilələr bağlanmışdır. Cavabdeh1 adına guya onun həmin mənzillərin dəyərinin ödənilməsi barədə 08 avqust 2020-ci il tarixində maliyyə arayışları da yazılaraq verilmişdir. Cavabdehin adına müqavilələr və həmin mənzillərin dəyərinin ödənilməsi barədə 20 avqust 2020-ci il tarixində maliyyə arayışları yazılsa da, müqavilələrin 3.3-cü bəndinə əsasən hər iki müqaviləyə görə 90000 manat cəmiyyətə ödənilməmişdir. Razılaşmaya görə Cavabdeh2 adlı şəxsin cəmiyyətin sənədləşmə işlərinə kömək etmək məqsədilə cavabdehin adına mənzillər vermək barədə öhdəlik götürülmüşdür. Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün müqavilələrin və maliyyə arayışlarının ləğv olunması və həmin sənədlərin əsillərinin qaytarılması barədə xəbərdarlıq olunsa da, bu barədə cavabdehə bildiriş göndərilsə də, cavabdeh göstərilən sənədləri geri qaytarmaqdan imtina etmiş və həmin sənədlərin əsilləri cavabdehdə qaldığı üçün cavabdeh bu fürsətdən istifadə etməklə əsassız varlanmaq niyyətinə düşmüşdür. Göründüyü kimi, mənzil tikintisi üçün pul tam ödənilmədiyindən, müqavilələr və maliyyə arayışları başqa əqdi pərdələmək və görünüş üçün bağlandığından həmin sənədlər etibarsız hesab edilməlidir. Cavabdeh1 qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək İddiaçı tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr 3 otaqdan ibarət 344 nömrəli mənzilə və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr 3 otaqdan ibarət 272 nömrəli mənzilə onun sahiblik və istifadə hüququnun tanınması, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr 3 otaqdan ibarət 344 nömrəli mənzilin və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr, 3 otaqdan ibarət 272 nömrəli mənzilin İddiaçı tərəfindən ona təhvil verilməsi, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr 3 otaqdan ibarət 344 nömrəli mənzilə və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4cü bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr 3 otaqdan ibarət 272 nömrəli mənzilə daxil olmaq üçün “FAM-88" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılmış süni maneələrinin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, onunla “FAM-88" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ünvan 2 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr 3 otaqdan ibarət 344 nömrəli və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr, 3 otaqdan ibarət 272 nömrəli mənzillərin tikintisi haqqında 08.08.2020-ci il tarixində müqavilələr bağlanmış və həmin müqavilələr üzrə nəzərdə tutulan hər mənzilə görə 45.000 manat, cəmi 90000 manat onun tərəfindən cəmiyyətə ödənilmişdir. Bununla bağlı cəmiyyət tərəfindən maliyyə arayışları da verilmişdir. Aralarında bağlanmış müqavilələrin predmeti ondan ibarət olmuşdur ki, icraçı, yəni "FAM-88” Məhdud Məsuliyyətli Cəmiyyəti öz öhdəsinə götürmüşdür ki, müqavilələrdə göstərilən mənzilləri ona təhvil verməlidir. Lakin İddiaçı öz öhdəliyindən yayınaraq, həmin mənzilləri ona təhvil verməmiş, dəfələrlə onun tərəfindən mənzillərə baxış keçirilməsi tələb olunsa da, "FAM-88“ Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi buna süni surətdə maneələr yaratmışdır. Hətta o, mənzilləri satmaq istədiyini bildirdikdə belə, ona maneələr yaradılmışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cəmiyyətlə Cavabdeh1 arasında cəmiyyətin ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr, 3 otaqdan ibarət 344 nömrəli mənzilin tikintisi haqqında 08 avqust 2020-ci il tarixində və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr, 3 otaqdan ibarət 272 nömrəli mənzilin tikintisi haqqında 08 avqust 2020-ci il tarixində müqavilələr bağlanmışdır. Cavabdeh1 adına guya həmin mənzillərin dəyərinin ödənilməsi barədə 08 avqust 2020-ci il tarixində maliyyə arayışları da verilmişdir. Əslində cavabdehin adına müqavilələr və həmin mənzillərin dəyərinin ödənilməsi barədə 08 avqust 2020-ci il tarixində maliyyə arayışları yazılsa da, müqavilənin 3.3-cü bəndinə əsasən hər iki müqaviləyə görə 90.000 manat cəmiyyətə ödənilməmişdir. Razılaşmaya görə Cavabdeh2 adlı şəxsin cəmiyyətin sənədləşmə işlərinə kömək etmək məqsədilə cavabdehin adına mənzillər vermək barədə öhdəlik götürülmüşdür. Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün müqavilələrin və maliyyə arayışlarının ləğv olunması və həmin sənədlərin əsillərinin qaytarılması barədə xəbərdarlıq olunsa da, bu barədə bildiriş göndərilsə də, cavabdeh göstərilən sənədləri geri qaytarmaqdan imtina etmiş və həmin sənədlərin əsilləri cavabdehdə qaldığı üçün cavabdeh bu fürsətdən istifadə etməklə əsassız varlanmaq niyyətinə düşmüşdür. Mənzillərin tikintisi üçün pul tam ödənilmədiyindən, müqavilələr və maliyyə arayışları başqa əqdi pərdələmək və görünüş üçün bağlandığından həmin sənədlər etibarsız hesab edilməlidir. Tərəflər arasında bağlanan müqavilələrin 5.7-ci bəndinin tələbləri cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Ona görə də, müqavilənin qeyd edilən bəndinə əsasən müqavilə payçının qohumu Cavabdeh2 tərəfindən cəmiyyətə sənədləşmə işlərinin görülməsi ilə əlaqədar qüvvəyə mindiyindən, payçı tərəfindən şirkətə pul ödənilmədiyi üçün girov qoyulmuş müqavilələr etibarsız sayılır və cəmiyyət tərəfindən birtərəfli qaydada ləğv olunur. Bu müqavilə 1 il müddətinə qüvvədədir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv olunması, ilk iddia tələbinin təmin və qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, Cavabdeh1 “FAM-88“ Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi barəsində şikayət edəcəyini bildirdikdə, cəmiyyətin məsul şəxsləri həmin mənzilləri özləri almaq istədiklərini bildirmişlər. Cavabdeh1 hər iki mənzili ayrılıqda 45.000 manata alsa da, hazırda mənzillərin qiymətinin artdığını, buna görə də mənzillərin hər birini 60.000 manata satacağını bildirmişdir. “FAM-88" Məhdud Məsuliyyətli Cəmiyyətinin məsul şəxsləri həmin qiymətlə razılaşaraq bir mənzilə görə Cavabdeh1 5000 manat məbləğində pul vermişdir ki, heç bir yerə şikayət etməsin, yerdə qalan məbləği 01.06.2021-ci ildə ödəyəcəklər ki, mənzilə dair müqavilələri və maliyyə arayışlarını cəmiyyətə qaytarsın. İddiaçı Cavabdeh1 yazdığı həmin ərizəni məhkəməyə sübut kimi təqdim edərək qeyd edir ki, həmin ərizə pul vəsaitinin ödənilmədiyini sübut edir. Bu isə absurddur. Belə ki, ərizənin məzmunundan aydın olur ki, Cavabdeh1 344 saylı mənzilə görə şirkətdən 5.000 manat almış, şirkətin ona 55.000 manat borcu qalmışdır. Əgər həqiqətən Cavabdeh1 tərəfindən mənzillərə görə pul ödənilməmişdirsə, nə üçün cəmiyyət tərəfindən 5.000 manat pul vəsaiti Qurban Əhmədova qaytarılırdı. Bu fakt özü də təsdiq edir ki, iddiaçının mənzillərə görə pul ödənilməməsini qeyd etməsi əsassızdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilk iddia üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 062-M saylı, 08 avqust 2020-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, “İcraçı” "FAM-88“ Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayon İH Başçısının 14.03.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 1 ünvanında 4-cü blok, 15-ci mərtəbəsində yerləşən 272 nömrəli izolə olunmuş 3 otaqdan ibarət mənzili “Payçı” Cavabdeh1 təhvil verməyi, “Payçı” isə 45000 manat məbləğində pulu tamamilə İddiaçınə ödəməyi və mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş 08 avqust 2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında 4-cü blok, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.m olan 3 otaqlı, 272 saylı mənzilin pay dəyəri payçı Cavabdeh1 tərəfindən 45000 manat tam ödənilmişdir, MMC-yə borcu yoxdur. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 134-M sayı, 08 avqust 2020-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, “İcraçı” "FAM-88“ Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayon İH Başçısının 14.03.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 1 ünvanında 5-ci blok, 15-ci mərtəbəsində yerləşən 344 nömrəli izolə olunmuş 3 otaqdan ibarət mənzili “Payçı” Cavabdeh1 təhvil verməyi, “Payçı” isə 45000 manat məbləğində pulu İddiaçınə ödəməyi və mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş 08 avqust 2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında 5-ci blok, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.m olan 3 otaqlı, 344 saylı mənzilin pay dəyəri payçı Cavabdeh1 tərəfindən 45000 manat tam ödənilmişdir, MMC-yə borcu yoxdur. Azərbaycan Respublikası MM-nin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. İş üzrə araşdırılmış sübutlardan görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 062-M və 134-M saylı, 08 avqust 2020-ci il tarixli mənzil tikintisi haqqında müqavilələr bağlanmış və müqavilələrə əsasən "FAM-88“ Məhdud Məsuliyyətli Cəmiyyəti inşa etdiyi ünvan 1 ünvanında 4-cü blok, 15-ci mərtəbəsində yerləşən 272 və 5-ci blok, 15-ci mərtəbəsində yerləşən 344 nömrəli mənzilləri Cavabdeh1 təhvil verməyi, Cavabdeh1 isə hər mənzil üçün 45000 manat məbləğində pulu İddiaçınə ödəməyi və mənzilləri qəbul etməyi öhdələrinə götürmüşlər. Cavabdeh1 tərəfindən mənzillərin dəyəri tam ödənilmiş və bu barədə İddiaçı tərəfindən 08 avqust 2020-ci il tarixli maliyyə arayışları verilmişdir. İşdən görünür ki, İddiaçı iddia tələblərini mənzillərin tikintisi üçün pulun tam ödənilməməsi, müqavilələr və maliyyə arayışlarının başqa əqdi pərdələmək və görünüş üçün, yəni Cavabdeh1 qohumu Cavabdeh2 tərəfindən cəmiyyətə sənədləşmə işlərinin görülməsi ilə əlaqədar bağlanmaları ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, əqdlərin uydurma və yalan olmasının əsasları və bunun hüquqi nəticələri bir-birindən fərqlənir. Azərbaycan Respublikası MM-nin 337.1 və 337.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə kollegiyası qeyd edir ki, 062-M və 134-M saylı, 08 avqust 2020-ci il tarixli mənzil tikintisi haqqında müqavilələrin hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmasına dair iş materiallarında heç bir sübut yoxdur. Azərbaycan Respublikası MM-nin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarında qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. İş üzrə araşdırılmış sübutlarla İddiaçı ilə Cavabdeh1 arasında 062-M və 134-M saylı, 08 avqust 2020-ci il tarixli mənzil tikintisi haqqında müqavilələrin başqa əqdi pərdələmək məqsədi ilə bağlanması öz təsdiqini tapmamışdır. Həmçinin Cavabdeh1 qohumu Cavabdeh2 tərəfindən İddiaçınə konkret olaraq hansı sənədləşmə işlərinin görülməsinə dair də məhkəməyə sübut təqdim edilməmişdir. Şərh olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(012)-4257/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-573/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-573/2022
07.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver