Məhkəmə qərarları › İş №2(105)-578/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-578/2021

02.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-578/2021 02.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun abonent hesabından silinməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)1487/2020 saylı qətnaməsindən Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)1487/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı **********00660 saylı abonent hesabına hesablanmış 216 manat məbləğində borc pulun onun abonent hesabından silinməsi qət edilmişdir(hakim Rahim Həsənov) Qətnamədən Cavabdeh İstehsalat Birliyi apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)1487/2020 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-nin Xaçmaz RQİİ-nin Quba xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, ******* saylı qərara əsasən abonent koduna vurulmuş 260 manat məbləğində əsassız borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəməyə müraciət edərək Cavabdeh-nin Xaçmaz RQİİ-nin Quba xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı qərara əsasən abonent koduna vurulmuş 216 manat məbləğində əsassız borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh İstehsalat Birliyinin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Qətnamə iddiaçının əsassız mülahizələri əsasında qəbul edilmişdir. Təşkilat tərəfindən təqdim olunmuş sübutlar qiymətləndirilməmişdir. “ Cavabdeh “ X1 RQİİ-si ilə İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında təbii qazdan istifadə edir. Abonent üçün G-4 markalı Elster tipli ******* saylı qaz sayğacı quraşdırılmışdır. Xaçmaz RQİİ-nin Quba rayon XS-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan qaz sayğacına baxış keçirilmiş və sayğaca müdaxilə olunduğu müəyyən edilərək növbədənkənar dövlət yoxlamasına göndərilmək üçün çıxarmışlar. Bu barədə akt tərtib edilmiş, abonent heç bir irad bildirməmişdir. Laboratoriyanın aktına əsasən qaz sayğacının plastmas borusu oturacaqdan aralanıb, sayğacdan qaz keçir, hesablama müxanizmi keçən qazı qeyd etmir. xx.xx.2020-ci il tarixli,0242551 saylı akta əsasən qaz işlədicilərinin saatlıq qaz Sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş qazın miqdarı 2162 m3 həcmində və ya 216 məbləğində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Göründüyü kimi, sayğacın qorunmasına və ona müdaxiləyə yol verilməməsinə İddiaçı məsuliyyət daşımışdır. Bu zaman sayğaca müdaxilənin bilavasitə abonent və ya bir başqası tərəfindən törədilməsinin əhəmiyyəti yoxdur. Tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə “müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-nin Şurasının xx xxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalarına uyğun olaraq tənzimlənir. Qeyd olunanlara əsasən Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)1487/2020 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edib, iddia ərizəsinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməməsi, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)1487/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdeh İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Quba şəhəri, Qəçrəş yolu massivində yerləşən 0,05 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində **********26 qeydiyyat nömrəsi ilə xx xxxxx 2012-ci il tarixdə qeydiyyata alınmaqla, onun xüsusi mülkiyyətindədir. İş materiallarında olan ******* saylı aktdan görünür ki, ******* nömrəli sayğacın çıxış plastmas borusu oturacaqdan aralanıb, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi hesablanarkən 2160 m3 sərfiyyat müəyyən edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərinin yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qazdan istifadə qaydaları haqqında qərarının 4.2-ci bəndində qeyd olunmuşdur ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-ci bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-cimaddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən). Həmçinin həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa qaz sayğacının zədələnməsində istehlakçı İddiaçı təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Sonradan isə Cavabdeh X1 X2 İdarəsi tərəfindən itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiyanın xx.xx.2020-ci il tarixli qərarı ilə 2162 kub metr qaz itkisi hesablanmışdır. Oeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh X1 X2 İdarəsinin itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiyanın xx.xx.2020-ci tarixli qərarı əsasında İddiaçı hesablanmış 216 manat borc silinməlidir. Məhkəmə hesab etmişdir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac iddiaçının yaşadığı evdən kənarda yerləşdiyindən, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 216 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin tələblərinə görə iddiaçı fiziki şəxs olaraq qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini əsaslandıra bilməmiş, buna dair sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır, Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)1487/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar