Məhkəmə qərarları › İş №2(105)-579/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-579/2021

02.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-579/2021 02.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1681/2020 saylı qətnaməsindən Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1681/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi,, həmin akt üzrə yazılmış xx.xx.2018-ci il tarixli qərarın ləğv edilməsi. İddiaçı məxsus Quba rayonu, Küsnət kəndində yerləşən fərdi yaşayış evinə dair xx.xx.2018-ci il tarixli qərar üzrə hesablanmış 129,60 manat məbləğində borcun İddiaçı məxsus abonent hesabından silinməsi qət edilmişdir (hakim Rahim Həsənov) Qətnamədən Cavabdeh İstehsalat Birliyi apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1681/2020 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi, həmin akt üzrə yazılmış xx.xx.2018-ci il tarixli qərarın ləğv edilməsi və ona məxsus Quba rayonu, Küsnət kəndində yerləşən fərdi yaşayış evinə dair xx.xx.2018-ci il tarixli qərar üzrə hesablanmış 129,60 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Qətnamə iddiaçının əsassız mülahizələri əsasında qəbul edilmişdir. Təşkilat tərəfindən təqdim olunmuş sübutlar qiymətləndirilməmişdir. “ Cavabdeh “ X1 RQİİ-nin Quba XS ilə İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında təbii qazdan istifadə edir. Abonent üçün G-4 markalı Elster tipli ******* saylı qaz sayğacı quraşdırılmışdır. Xaçmaz RQİİ-nin Quba rayon XS-nin əməkdaşları tərəfindən xx.xx.2018-ci ildə iddiaçının istifadəsində olan qaz sayğacına baxış keçirilmiş və sayğaca müdaxilə olunduğu müəyyən edilərək növbədənkənar dövlət yoxlamasına göndərilmək üçün çıxarmışlar. Bu barədə akt tərtib edilmiş, abonent heç bir irad bildirməmişdir. Laboratoriyanın aktına əsasən qaz sayğacının hesablama müxanizmi keçən qazı qeyd etmir. xx.xx.2018-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və dəymiş ziyan 1296 m3 həcmində və ya 129,60 manat məbləğində abonentin hesabına işlənmişdir. Göründüyü kimi, sayğacın qorunmasına və ona müdaxiləyə yol verilməməsinə İddiaçı məsuliyyət daşımışdır. Bu zaman sayğaca müdaxilənin bilavasitə abonent və ya bir başqası tərəfindən törədilməsinin əhəmiyyəti yoxdur. Tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazm alqf-satqısı barədə “müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii X2nın pozulması haqqında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-nin Şurasının xx xxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalarına uyğun olaraq tənzimlənir. Qeyd olunanlara əsasən Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)- 1681/2020 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə İddiaçı və Cavabdeh İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan Quba RİHB-nın Küpçal İƏD üzrə nümayəndəliyin xx.xx.2020-ci il tarixli 383 saylı arayışından görünür ki, İddiaçı Quba rayonu, Küsnət kəndində yaşayır. İş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus yaşayış evində Elester tipli ******* nömrəli sayğac çıxarılmış və əvəzində 11454561 nömrəli sayğac quraşdırılmışdır. İş materiallarında olan Xaçmaz RQİİ-nin ******* nömrəli aktından görünür ki, ARDNŞ-nın İT və Rİ-nin 29/İHO01366 saylı rəyinə əsasən ******* sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi hesablanarkən 1296 m3 sərfiyyat müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2018-ci ilin oktyabr ayı üzrə aktlar əsasında 129,60 manat məbləğində qalıq borcu vardır. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə əsasən iddianı təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80№-li qərarına, istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80№li qərarı ilə təsdiq olunmuş “X2”nın 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Hazırki işdə də işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, qaz sayğacı iddiaçının evində deyil, hasarın küçəyə baxan hissəsində quraşdırılıb və nəzərə alınsa ki, iddiaçı fiziki şəxs olan istehlakçıdır, belə olan halda, onun həmin sayğacın işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi istisna olunur. Qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, istehlakçı olaraq iddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanmasına cavabdehlik daşımır, onun üzərinə sayğacın işlək vəziyyətdə saxlanılmasına görə hər hansı vəzifə qoyula və bu əsasla cərimə də hesablana bilməz. Bu baxımdan, akt üzrə 129,60 manat məbləğində borcun hesablanması əsassız olduğu üçün həmin borcun silinməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə də düzgündür. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas sayıla bilməz. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1681/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh İstehsalat Birliyinin apelyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1681/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar