Məhkəmə qərarları › İş №2(105)-579/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-579/2024

09.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-579/2024 09.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(060)-2486/2023 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur.

2. “Azəriqaz” İB tərəfindən verilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, istehlakçı İddiaçı ******* saylı xx.xx.2023-cü il tarixli akt əsasında fərdi evə sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunması ilə əlaqədar, 360 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 34560 kub metr əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyət kimi 4147,20 manat məbləğində borc yazılmışdır.

3. İddiaçı adına olan **********00480 saylı abonentin saldosundan görünür ki, İddiaçı abonent hesabına “Qalıq və aktlar” əsasında 2023-cü il üzrə 4147,20 manat borc yazılmışdır, ünvan üzrə sayğac Zenner G4T İtron Diafraqma tiplidir, quraşdırılma tarixi xx.xx.2017-ci ildir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən tərtib olunan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın qanunsuz hesab edilərək ləğv edilməsi və xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən hesablanmış 4147,20 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, o, öz ailə üzvləri ilə birlikdə mülkiyyətində olan Sumqayıt şəhəri, Stansiya Sumqayıt, ev 1, mənzil 48 ünvanında yerləşən mənzildə yaşayır. Ailə üzvləri ilə birlikdə yaşadığı mənzilin qaz sayğacına “Azəriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən mütəmadi olaraq yoxlamalar həyata keçirilmiş, lakin 2023-cü ilin fevral ayında bu yoxlamalar daha da artmışdır. Demək olar ki, hər gün “Azəriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən qaz sayğacı yoxlanılırdı. Yoxlamalar zamanı ilk öncə işçilər onları xəbərdar edir sonra isə borulara və sayğaca baxış keçirirdilər. Bu baxış zamanı isə “Azəriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən hər hansı bir qanunsuz əməlin törədilməməsinə inanaraq onlar çox vaxt həmin işçinin yanında olmur və öz işləri ilə məşğul olurdular. Bu yoxlamaların nəticəsində onların yaşadığı evin qaz sayğacında heç bir problem yaşanmadığı və onlara hər şeyin düzgün olduğu bildirilirdi. Yəni evin qaz sayğacında heç bir pozuntu aşkar edilməmiş və onlara heç bir pozuntu barədə xəbərdarlıq edilməmişdir. “Azəriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən aparılan yoxlanışlardan birində, daha dəqiq 14 fevral 2023-cü il tarixdə onun xəbəri və iştirakı olmadan işçilər tərəfindən qanunsuz olaraq təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Lakin qanunvericiliyə əsasən bu akt istehlakçının yəni onun yanında tərtib olunaraq bir nüsxəsi ona təqdim edilməli olsa da, onlar bu aktdan tərtib olunduğu gündən 13 gün sonra, yəni 27 fevral 2023-cü il tarixdə xəbərdar olmuşdur. Buna görə də, o, bu aktı mübahisələndirmək üçün qanunvericiliklə nəzərdə tutulan müddəti ötürməmişdir. Belə ki, bu qanunsuz akt tərtib olunduqdan sonra onun yaşadığı evə qaz verilməsi anidən dayandırıldı. O, bunun hər hansı təmir-tikinti ilə bağlı olduğunu düşündü. Lakin üzərindən bir neçə gün keçdiyinə və qış ayları olduğuna görə qaz idarəsinə gedərək bu məsələ ilə maraqlanmağa başladı. Burada isə ona bu məsələnin texniki problem olduğunu və həll olunacağını bildirdilər. Lakin ona akt barədə məlumat vermədilər. O, aktın mövcudluğundan məhz 27 fevral tarixində evdə qaz təminatının olmaması ilə bağlı qaz idarəsinə getdikdə xəbərdar olmuşdur. Nəticədə, “Azəriqaz” istehsalat Birliyinin işçiləri tərəfindən qanunsuz olaraq təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmiş, buna görə də evə qazın verilməsi tamamilə qanunsuz bir şəkildə dayandırılmış və bu barədə onlara heç bir məlumat verilməmişdir. Nəticədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən “abonent sayğacdankənar qeyri-qanuni xəttdən istifadə edir” qeyd edilməklə dəymiş ziyanın ödənilməsinə dair qanunsuz şəkildə 4147,20 manat məbləğində cərimə hesablanmışdır. Akta qeyd olunmuşdur ki, istehlakçı imzası yerində “imtina edir” göstərilmişdir. Aktın sonunda isə aktın bir nüsxəsinin onlara təqdim ediləcəyi qeyd edilmişdir. Aktın bir nüsxəsi onlara təqdim edilsə də, bu qanunvericiliklə nəzərdə tutulmuş müddətdən daha sonra baş vermişdir. Yəni onlar aktdan qanunvericiliklə nəzərdə tutulan müddət ərzində xəbərdar olmamışlar. Həmçinin akt onların iştirakı olmadan tərtib edilmişdir. Bu da qanunvericiliyə ziddir. Bütün bunlara görə də “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş aktla razılaşmır və tələb olunan məbləği əsassız hesab edir. Onun və ya ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmişdir. Əgər belə bir hal olsa idi, demək olar ki, hər gün olan yoxlanışlardan sonra ona bu barədə məlumat verilərdi. Lakin ona heç bir xəbərdarlıq olunmamışdır. Həmçinin “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarının tərtib etdiyi aktın həqiqiliyini sübut edən heç bir vasitə yoxdur. Lakin burada akt tərtib olunarkən sübutlara əsasən tərtib olunmalı və bunlar da istehlakçıya izah edilməli idi. Bu məsələyə dair sübutetmə yükü də məhz istehsalçıda, yəni “Azəriqaz” İstehsalat Birliyindədir.

6. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi iddia ərizəsinə yazılı etiraz verərək göstəmişdir ki, ünvan 1 ünvannda yaşayan İddiaçı məxsus mənzilə quraşdırılmış qaz sayğacına cavabdehin nümayəndələri tərəfindən baxış keçirilmiş, yerində ******* saylı xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş və aktda sayğacda qeyd olunan nöqsan “Abonent sayğacdan kənar qeyri-qanuni xətdən istifadə edir” yazılmışdır. Qeyri-qanuni xəttin olmasını təsdiq edən fotoşəkillər və video görüntüdən də məlum olmuşdur ki, abonent sayğaca müdaxilə edərək Dövlət əmlakını talamış, işlətdiyi qazın pulunu ödəməmişdir. Abonent saldosuna nəzər yetirsək abonentin 2021-ci il ərzində cəmi: 84 manat, 2022-ci il ərzində cəmi: 93 manat, 2023-cü ilin üç ayı ərzində isə cəmi: 25 manat ödəniş etmişdir. 2020-ci ilin və ondan əvvəlki illərin ödənişlərinə nəzər saldıqda isə il ərzində 200 manat və daha çox ödəniş olunduğunu görmək olar. Bu da son iki ildə abonentin qeyri qanuni xətdən istifadə etdiyini göstərir. İtirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesabatı aparılmış və dəymiş ziyan: qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə 4m3 x 24 x 90 = 34560 m3 x 0,12 qəpik = 4.147,20 (dörd min yüz qırx yeddi manat iyirmi qəpik) manat hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(060)-2486/2023 nömrəli qətnaməsi ilə (Şəbnəm Həxiyeva) iddia tələbi qismən təmin edilərək, İddiaçı **********00480 saylı abunə hesabından “Azəriqaz” İB tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 3801,60 (üç min səkkiz yüz bir manat, altmış qəpik) manat borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və cavabdeh “Azəriqaz” İB-dən 58,01 (əlli səkkiz manat, bir qəpik) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının kənar xətdən istifadə etməsi nəticəsində hesablanmış borc xx.xx.2023-cü il tarixli hesabat üzrə 345,6 (2880 x 0,12 =345,6) manat təşkil edir, buna görə də, təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində qaz sərfiyyatına görə iddiaçıdan ümumilikdə 345,6 manat məbləğində borcun tələb edilməsi əsaslıdır.

9. İddiaçıdan ümumilikdə 4147,2 manat borcun tələb edilməsi hissəsinə münasibət bildirən məhkəmə hesab etmişdir ki, ümumi sərfiyyat üzrə abonent saldosunun “qalıq və aktlar” bölməsində 2023-cü ilin fevral ayı üzrə 4147,2 manat məbləğində borcunun olması qeyd olunsa da, bu borcun nəyin əsasında hesablandığı iş materialları ilə müəyyən olunmur.

10. İddia tələbinin cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2023-cü il tarixli aktın ləğv edilməsindən imtina barədə gəldiyi nəticəni onunla əslandırmışdır ki, həmin aktda sayğaca baxış keçirilmiş, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin yuxarıda qeyd edildiyi kimi, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1, 139.1-ci maddələri, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən “abonent sayğacdankənar qeyri-qanuni xəttdən istifadə edir” qeyd edilməklə dəymiş ziyanın ödənilməsinə dair qanunsuz şəkildə 4147,20 manat məbləğində cərimə hesablanmışdır. Lakin onun və ailə üzvlərinin bütün bunlardan akt tərtib olunduğu gündən 14 gün sonra xəbəri olmuşdur. Bu zaman isə akta baxdıqda istehlakçı imzası yerində “imtina edir” yazılmaqla güya onların akta imza atmaqdan aktı alarkən imtina etdikləri qeyd edilmişdir. Aktın sonunda isə aktın bir nüsxəsinin bizə təqdim ediləcəyi qeyd edilmişdir. Aktın bir nüsxəsi onlara təqdim edilsə də, bu qanunvericiliklə nəzərdə tutulmuş müddətdən daha sonra baş vermişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiası qismən təmin edilsə də, bu qətnamə ilə iddianın tam təmin edilməməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, iddianın tam təmin olunmaması işin hallarına da uyğun olmamışdır.

14. Qətnamədən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində ”Azəriqaz” İstehsalat Birliyinin ünvan 2 ünvanında yaşayan İddiaçı məxsus sayğaca baxış keçirərkən sayğacdan kənar qeyri-qanuni xətt askarlamış, bununla bağlı xx.xx.2023-cü il tarixli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Azəriqaz” İB-nə göndərilmişdir. xx.xx.2023-cü il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən Sumqayıt QİS-nin əməkdaşları tərəfindən dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək İddiaçı Sumqayıt QİS-nin abonent bazasındakı **********00480 nömrəli abonent koduna 34560 m3 – 4147.20 (dörd min yüz qırx yeddi manat iyirmi qəpik) məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. İddiaçının mübahisələndirdiyi borc itirilmiş qazın məbləğinə görə yaranmış borc olduğundan abonentin özü tərəfindən tam ödənilməlidir və bu tələb tərəfələr arasında bağlanılmış alqısatqı müqaviləsindən irəli gəlməkdədir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.1-ci yarımbəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirilən qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı verdiyi apellyasiya şikayətini müdafiə edib, cavabdehin apellyasiya şikayətinə etiraz edərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Qanuni nümayəndə cavabdehin apellyasiya şikayətini müdafiə edib, iddiaçının apellyasiya şikayətinə etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

21. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

22. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın

23. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

24. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

25. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

26. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

26. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

28. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

29. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

32. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Belə ki, İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğunun aşkar olunaraq ona məkumatı və iştirakı olmadan tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında əlavə qazdan istifadə nəticəsinə görə borc yazıldığına istinad edərək həmin aktın ləğv olunaraq borcun silinməsini xahiş edir.

36. İşdə olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və 14 fevral 2023-cü il tarixli dəymiş ziyanın tələbnaməsinə əsasən qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün ümumilikdə 34560 kub metr əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyət kimi 4147,20 manat məbləğində borc yazılmışdır.

37. Məhkəmə kollegiyası nəzərə alır ki, tərtib edilmiş akt baxış zamanı mövcud olmuş vəziyyəti təsvir etdiyindən və hər hansı hüquqi nəticə yaratmadığından, birinci instansiya məhkəməsi tərəfindən aktın ləğv edilməsi barədə tələbin təmin edilməməsi barədə gəlinən nəticə düzgün olmuşdur.

38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin borcun qismən silinməsi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, 14 fevral 2023-cü il tarixli dəymiş ziyanın tələbnaməsinə əsasən qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə 4147,20 manat məbləğində borcun mövcudluğu qəbul edilə bilməz.

39. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

40. Qazdan istifadə qaydalarına uyğun olaraq idiaçının qazdan istifadə edilməsi, onun təbii qazdan istifadə edilməsi ilə bağlı sayğac ilə təmin oluması və sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdehliyi istehlakçıya münasibətə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi daşıdığından və hər ay sayğaca nəzarət etməsini təmin etməli olduğundan iddia tələbinin bir aylıq qaz sərfiyyatına görə iddiaçıdan ümumilikdə 345,6 manat məbləğində borcun tələb edilməsi əsaslıdır.

41. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətlərinin təmin edilmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(060)-2486/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar