Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-581/2025 07.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-215/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. Xaçmaz RQİİ-nin Quba XS-nin xx.xx.2024-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İkram Paşayevə məxsus fərdi yaşayış evinə baxış keçirərkən, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur.
2. İş materiallarında olan abonentin saldosundan görünür ki, X2 2024-cü il üzrə 3732,48 manat məbləğində borcu vardır.
3. DVD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə X13 rayonu, Hacıqayıb kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman (sayğac nömrəsi qeyd edilməklə) sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin Quba XSnin əməkdaşlarının barəmdə tərtib etdikləri “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* Akt əsasmda hesabladıqları 3732,48 ( üç min yeddi yüz otuz iki manat, qırx səkkiz qəpik) manat borcun onun abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu Hacıqayıb kəndində atası X3- mülkiyyətində olan fərdi yaşayış evi vardır və hal-hazırda o və atası həmin evdə yaşayır. Cavabdeh təşkilatla bağladıqları müqaviləyə əsasən təbii qazdan istifadə edərək istifadə etdikləri qazın dəyərini vaxtlı- vaxtında ödəyirlər. xx.xx.2024-ci il tarixdə cavabdeh təşkilatın Quba XS-nin nümayəndələri yaşadığları ünvana gələrək istifadə etdikləri qazın sayğacına baxış keçirərkən guya sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi əsas gətirərək “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* Akt tərtib edərək 3732,48 manat borc hesablamışlar. İddiaçı həmin aktla və hesabldıqları ziyanla razılaşmadığı üçün akta qol çəkməkdən imtina edib. O, Azəriqaz İB-nin tərtib etdiyi 29 mart 2024-ci il tarixli aktı ilə razılaşmır və bir daha qeyd edir ki, aktda qeyd olunan hallar mövcud olsaydı onlar hall şahidlərinin iştirakı ilə akt tərtib etməli idilər. Göstərilən borc qanunsuz və əsassız hesablandığından silinməlidir.
6. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi ilə ünvanlayaraq göstərib ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, abonentin qaz xətlərinə, qaz sayğacına və qaz işlədici cihazlarına 29 mart 2024-cü il tarixdə Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza Nəzarət şöbəsinin və Quba xidmət sahəsinin satış xidmətinin işçiləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan əvvəl xəttə qoşulmuş rezin boru vasitəsi ilə evinə qaz xətti aparıldığı və təbii qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. Abonent İddiaçı barəsində xx.xx.2024-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə Qaydaları’nın pozulması haqqında akt tərtib edilərək 31104 m3 və ya 3 732,48 manat itirilmiş qazın ziyanı onun abonent koduna işlənilmiş, abonent aktı heç bir irad bildirmədən imzalanmışdır. Abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır. Bundan başqa İddiaçı abonent saldosundan görünür ki, onun sayğacı hətta qış aylarında belə 2-3 manatdan artıq sərfiyyat qeydə almamışdır. Lakin sayğacdan kənar xətt aşkar edilərək ləğv edildikdən sonra 2024-cü ilin dekabr ayında qaz sərfiyyat 348 m3 və ya 41,76 manata yüksəlmişdir. Halbuki, 2022-ci ilin dekabr ayında cəmi 47 m3 və ya 5,64 manat, 2023-cü ilin həmin ayında 34 kub və ya 4,08 manat qaz sərfiyyatı qeydə alınmışdır. Video çəkilişlə abonentin evində təbii qazdan qanunsuz çəkilmiş rezin boru vasitəsi ilə istifadə edilməsi halı tam aydın şəkildə əks olunmuşdur. Buna görə də o evdə qanunsuz istifadə olunan təbii qazın bərpası üçün ziyan onun koduna hesablanmış və onun tərəfindən ödənilməlidir. İddiaçı evində qaz xəttində quraşdırılmış qaz işlədici cihazların saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Göstərilənlərə əsasən İddiaçı iddia tələbi məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir.
7. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-215/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.(hakim V.Seyidov)
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən edilib ki, X6 təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd olunmuşdur ki, X2 Quba rayonu, Hacıqayıb kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna ümumilikdə 3732,48 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. İddiaçı onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməməsini, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməməsini qeyd etsə də, DVD diskə baxış keçirilən zaman təbii qazdan qeyriqanuni istifadə edildiyi müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edib ki, iddia təmin edilməməlidir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2, 4.8, 4.9-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir.
11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin iş üzrə qəbul etdiyi qətnamə qanunsuz və ədalətsiz olmaqla maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, məhkəmə işə baxarkən AR MPMnin 14-cü maddəsinin tələblərini pozmuş işin tam, obyektiv və hərtərəfli araşdırılması üçün tədbir görməmiş nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir. O, məhkəmədə ifadə verərkən bildirib ki, yaşadığı evdə formal sayğacdan kənar xətt o evə köçməzdən əvvəl mövcud olub və o da həmin xəttin ləğv edilməsini tələb etmişdir. Cavabdeh təşkilat isə xətti ləğv etmək əvəzinə 29 mart 2024-cu il tarixdə mübahisəli ünvana gələrək onu dəvət etmədən şahidlərin iştirakını təmin etmədən qanunsuz və ədalətsiz akt tərtib edərək 3732, 48 manat əsas borc hesablayaraq ondan tələb edir. Məhkəmə isə heç bir araşdırma aparmadan cavabdeh təşkilatın qanunsuz aktını əsas tutaraq iddia tələbini təmin etməmişdir. Məhkəmənin hərtərəfli və obyektiv araşdırma aparmaması bir daha onunla sübuta yetir ki, qətnamənin 2-ci vərəqəsində X5 adlı şəxsin abonent kodunda olan çıxarışlara istinad edərək qaz sərfiyyatı barədə çıxarışa istinad edərək guya onun sayğacdan kənar xətdən istifadə etməyinin sübuta yetirilməsi qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən aellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, iddia tələbi əsaslıdır. Belə ki, mübahisəli ünvanda əvvəllər mərhum atası yaşamışdır. Hazırda isə o yaşayır. Həmin ünvanda qaz sayğacına onun tərəfindən hər hansı müdaxilə edilməmişdir. Cavabdeh müəssisənin əməkdaşları tərəfindən mübahisəli ünvana dair qaz sayğacının yerləşdiyi ərazidən təxminən 15 metr məsafədə yeraltı xətt aşkar edilmişdir. Lakin həmin xəttin yaşadığı ünvana heç bir aidiyyatı yoxdur. Bundan başqa cavabdehin əməkdaşları tərəfindən analoji akt qardaşının yaşadığı ünvana dair tərtib edilmiş və həmin akt əsasında hesablanmış borcun silinməsinə dair iddia tələbi Quba Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə təmin edilmişdir. Lakin hazırkı işə baxan məhkəmə əsassız olaraq iddia tələbini rədd etmişdir. Göstərilənlərə əsasən iddiaçı sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamış və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
15. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”:
6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
17. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)- 215/2025 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-215/2025 nömrə nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.
21. Araşdırılan işin faktiki hallarından müəyyən edilmişdir ki, qaz sayğacı İkram Paşayevin adına qeydiyyata alınsa da, işin hallarından görünür ki, həmin sayğacın quraşdırıldığı evdə mərhumun oğlu iddiaçı - İddiaçı yaşayır, akt da məhz həmin yaşayış evinə quraşdırılmış sayğacla bağlı tərtib olunmuşdur. Konkret halda abonent kimi İkram Paşayev qeydə alınsa da, həmin sayğac iddiaçıya məxsus fərdi yaşayış evində quraşdırıldığından iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək hüququ olmuşdur.
22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını düzgün tətbiq etməməklə səhv nəticəyə gəlmişdir.
23. Belə ki, yuxarıda istinad olunan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunun 8-1-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin tələbindən göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir
24. Cavabdeh tərəfindən iddiaçının qanunsuz qaz xəttinə qoşulması ilə bağlı akt tərtib olunsa da qazın talanmasında onun təqsirli olmasına dair müvafiq orqanın qanuni qüvvəyə minmiş qərarının olması müəyyən edilməməkdədir. Buna görə də cavabdeh təşkilatın iddiaçının abonent hesabına vurulmuş zərər məbləği qismində daxil edərək, ondan tələb etməsi əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə mübahisəyə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunun 8-1-ci maddəsinin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndini tətbiq etməli olduğu halda tətbiq etməmişdir ki, bununla da maddi hüquq normasının pozulması ilə nəticələnən və əsassız hesab olunan qətnamə çıxarmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hesablanmış borcun silinməsi ilə bağlı iddia tələbi əsaslı olmuşdur.
25. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-215/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh İB tərəfindən ******* nömrəli akt əsasında hesablanmış 3732.48 manat borc abonent kodu **********00760 saylı abonent hesabından silinməlidir.
26. Kollegiya sonda qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.
27. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-215/2025 nömrəli qətnaməsi ləğv edilssin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilsin. Azəriqaz” İB Xaçmaz RQİİ-nin 29 mart 2024-cü il tarixli, ******* nömrəli aktı əsasında hesablanmış 3732.48 (üç min yeddi yüz otuz iki manat, 48 qəpik) manat zərər məbləği **********00760 saylı abonent hesabından silinsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.