Məhkəmə qərarları › İş №2(105)-582/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-582/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-582/2025 21.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə (sonuncu məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-170/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. “İcarə müqaviləsi”nin surətindən göründüyü kimi, ünvan 1i ünvanında yerləşən qeyri-yaşayış sahəsi, icarəyə verən Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən 5 il müddətinə X3 icarəyə verilmişdir.

2. CFİ-0156/2023-AKT231/234 saylı “Sığorta Aktı”ından görünür ki, xx.xx.2024-cü il tarixində sığortalı X1 bank hesabına 8295 (səkkiz min iki yüz doxsan beş) manat məbləğində sığorta ödənişi köçürülmüşdür.

3. xx.xx.2024-cü il tarixli “Ödəniş tapşırığı”ndan görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC vasitəsilə X1 hesabına 8295 (səkkiz min iki yüz doxsan beş) manat məbləğində pul ödənilmişdir.

4. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan göründüyü kimi, xx.xx.2023-cü il tarixində, saat 04 radələrində ünvan 1i ünvanında yerləşən Cavabdeh tərəfindən icarəyə verilmiş qeyri-yaşayış sahəsində baş vermiş yanğnla əlaqədar Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 8295 (səkkiz min iki yüz doxsan beş) manat məbləğində sığorta ödənişinin və 103.35 (yüz üç) manat, 35 (otuz beş) qəpik məbləğində dövlət rüsumunun, cəmi 8398.35 (səkkiz min üç yüz doxsan səkkiz) manat, 35 (otuz beş) qəpik məbləğində pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortalı RAZ********** saylı, xx.xx.2023-ci il tarixli “Daşınmaz Əmlakın İcbari sığortası” şəhadətnaməsi ilə "xxxx" ASC-də sığorta təminatı almış və ünvan 1i ünvanında yerləşən qeyri-yaşayış sahəsinə xx.xx.2023 -cü il tarixdə yanğın hadisəsi nəticəsində maddi zərər dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikası FHN-in Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən müəyyən edilmişdir ki, cavabdeh qeyri-yaşayış obyektində üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları” nın 6.1, 6.2-ci bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. CFİ-0156/2023-AKT231 saylı sığorta aktına əsasən 8295 (səkkiz min iki yüz doxsan beş) manat məbləğində sığorta ödənişi sığortalı X1 bank hesabına köçürülmüşdür.

7. Cavabdeh iddiaya etiraz təqdim edərək etirazını onunla əsaslandırmşdır ki, iddia tələbini qəbul etmir. Belə ki, ünvan 1i ünvanında yerləşən qeyri-yaşayış sahəsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununa əsasən, RAZ********** saylı, xx.xx.2023-cü il tarixli “Daşınmaz Əmlakın icbari sığortası şəhadətnaməsi” ilə "xxxx" ASC tərəfindən sığorta olunmuşdur. Həmin qeyri-yaşayış sahəsinə xx.xx.2023-cü il tarixdə yanğın hadisəsi nəticəsində maddi zərər dəymişdir. CFİ-0156/2023-AKT231 saylı sığorta aktına əsasən 8295 (səkkiz min iki yüz doxsan beş) manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən sığortalı X1 bank hesabına köçürülmüşdür. İddiaya əsas olaraq göstərilmişdir ki, cavabdeh, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 6.1, 6.2-ci bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 6.1, 6.2 və 6.5-ci bəndlərinin tələblərinə əsasən elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı həmin qurğular müvafiq qaydalara və digər normativ sənədlərə uyğun olaraq istismar edilməlidirlər; elektrik mühərrikləri, idarə etmə aparatları, işə salıb nizamlama, nəzarət ölçü cihazları və mühafizə aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri), müvafiq qaydaların tələblərinə uyğun olaraq seçilib quraşdırılmalı, eləcə də artıq yükləmədən və qısa qapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməlidirlər, elektrik aparatlarını və cihazlarını onu hazırlayan müəssisənin tövsiyələrinə (təlimatlarına) uyğun olmayan şəraitdə və ya yanğına səbəb ola bilən nasazlığı olduqda istifadə etmək, eləcə də örtüyü (izolyasiyası) zədələnmiş və ya sıradan çıxmış naqilləri və kabelləri istismar etmək və nasaz elektrik qurğularından istifadə etmək qadağan olunur. “Ticarət, və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi Qaydaları”nın 3.5.3.3 və 3.5.4-cü bəndlərinin tələblərinə əsasən qısaqapanma, artıq yükləmədən, artıq daxili və atmosfer gərginliklərindən və s. pozulmalardan mühafizə aparatlarının saz olmasına müntəzəm nəzarət etmək, bütün elektrik qurğularının yanğın və alışmaya gətirib çıxaran təhlükəli amillərdən mühafizəedici aparatının olmasına elektrik qurğularının vəziyyətinə cavabdeh olan şəxslər borcludurlar. Baş vermiş hadisədə yanğının qısaqapanma nəticəsində baş verdiyi qeyd olunmuşdur. Onların “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”-nın 6.1, 6.2-ci bəndlərinin tələblərini pozduğunu qeyd olunsa da, buna heç bir sübut və əsas gətirilməmişdir. Əsassız olaraq iddia irəli sürülmüşdür. Həmçinin baş vermiş hadisə qısaqapanma kimi tanınırsa və sığorta müqaviləsi bu riski əhatə edirsə, sığortaçı ödəniş etməlidir. Sığorta müqaviləsi üzrə ödənilən sığorta haqqı sığorta təminatının bir hissəsi olaraq qəbul edilir. Yəni, sığorta haqqı müqavilədə nəzərdə tutulan risklərin qarşılanması üçün ödənilir və sığorta riski baş verdikdə ödənişin təmin edilməsi məqsədi daşıyır. Sığorta hadisəsi baş verdikdə, sığorta edən sığorta müqaviləsinə uyğun olaraq zərəri kompensasiya edir. Bu halda sığorta haqqı artıq ödənilmiş və sığortaçının riski təmin etmək öhdəliyi yerinə yetirilmiş sayılır. Yanğın qısaqapanma nəticəsində baş veribsə, sığortaçının (sığorta edən) məsuliyyətləri və yoxlama tələbləri sığorta müqaviləsinin şərtlərinə, sığorta növünə və tətbiq olunan qanunvericiliyə əsasən müəyyən edilir. Ümumiyyətlə, sığortaçının sığorta olunan obyektin təhlükəsizlik vəziyyətini yoxlaması, texniki yoxlanış keçirməsi və ya profilaktik tədbirlər görməsi sığorta müqaviləsində göstərildiyi hallarda məcburidir. Sığorta müqaviləsində sığortaçının (sığorta edən) sığorta olunan obyektin texniki vəziyyətini yoxlaması və ya müəyyən təhlükəsizlik tədbirləri tələb etməsi şərtləri varsa, sığortaçı müəyyən dövrlərdə obyektin təhlükəsizlik vəziyyətini yoxlamaq hüququna malikdir. ünvan 2i ünvanında yerləşən qeyri-yaşayış sahəsində baş verən sığorta hadisəsi, sığorta edənin səhlənkarlığı səbəbindən də baş vermişdir. Təhlükəli və yanğına səbəb olacaq hallar aşkar olunduğu təqdirdə sığorta şirkəti bunu aradan qaldırmalı idi. Sığorta edilən obyektə, sığorta olunarkən baxış keçirilməli və hər hansı təhlükəli hal aşkarlanarsa, bu onlara bildirilməli idi. Onlar "xxxx" ASC tərəfindən sığorta xidmətlərindən istifadə etmişdilər. Sığorta olunmuş sahəyə dəyən maddi ziyana görə sığorta ödənişini həyata keçirmək sığorta edənin vəzifəsidir

8. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-170/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Aydın Babayev).

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 152.2, 936.1, 1097, 1108, 1114-cü maddələrinə, “İcbari sığortalar haqqında” Qanunun 13.1, 13.4, 23.1.6, 35.1-ci maddələrinə, “Ticarət, və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi Qaydaları”nın 1.2, 1.4, 3.5.3.3, 3.5.4-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-170/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 8295 (səkkiz min iki yüz doxsan beş) manat məbləğində sığorta ödənişinin və 103.35 (yüz üç manat 35 otuz beş) qəpik məbləğində dövlət rüsumunun, cəmi 8398.35 (səkkiz min üç yüz doxsan səkkiz) manat, 35 (otuz beş) qəpik məbləğində pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(027)-170/2025 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, sığorta hadisəsi baş verən anda sığortalanmış əmlaka sahiblik cavabdehlə faydalanan şəxs arasında bağlanmış icarə müqaviləsi əsasında faydalanan şəxsə verilmişdir və cavabdehin baş vermiş sığorta hadisəsinin törədilməsində təqsiri müəyyən edilmir.

12. İşin hallarından müəyyən edilir ki, cavabdehin təqsiri nəticəsində sığorta hadisəsinin baş verməsi Azərbaycan Respublikası FHN-in Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən müəyyən edilmişdir. Həmin qərara əsasən cavabdeh qeyri-yaşayış obyektində üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları” nın 6.1, 6.2-ci bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir.Qeyd edilən qərar hazırda da qüvvədədir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 24 dekabr 2024-cü il tarixli, 2-2(103)-955/2024 nömrəli qərarında da məhz ibtidai istintaq orqanının qanuni qüvvəyə minmiş qərarı ilə təqsirin müəyyən olunduğunu əsas gətirərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və "xxxx" ASC-nin haqlı iddiasını təmin etmişdir. Göründüyü kimi məhkəmə əsassız olaraq iddianı təmin etməmişdir.

13. Azərbaycan Respublikası MPM-inin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Lakin məhkəmə işin hallarını hərtərəfli təhlil etməmiş və istinad edilən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Göstərilən hallar həm də məhkəmə tərəfindən qətnamənin əsaslandırılmadığını və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2-ci bəndinin tələblərinin pozulduğunu deməyə əsas verir. Qeyd edilən qərarın müvafiq bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-inin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

14. Məhkəmənin gəldiyi üçün mühüm əhəmiyyəti olan iddiaçının sübut kimi işə əlavə etdiyi və cavabdehin təqsirini müəyyən edən Azərbaycan Respublikası FHN-in Əməliyyat- İstintaq İdarəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə müəyyən edilmiş halın (cavabdehin yanğın təhlükəsizliyi qaydalarına riayət etməli olan şəxs olduğu halda həmin qaydalara riayət etməməsi nəticəsində yanğın hadisəsinin baş verməsi) iddiaçının subroqasiya hüququnu yaradıb-yaratmaması aydınlaşdırılmamışdır.

15. Məhkəmənin iddiaçının subroqasiya hüququnun yaranmaması barədə gəldiyi nəticə qanuni qüvvəsini almış Azərbaycan Respublikası FHN-in Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına ziddir və məhkəmənin cavabdehin baş vermiş sığorta hadisəsinə görə təqsirinin olmaması barədə gəldiyi nəticə həmin qərarda müəyyən edilmiş halla (cavabdehin qeyriyaşayış obyektində üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları” nın 6.1, 6.2-ci bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməməsi) tam təkzib olunur.

16. Göstərilənlərə əsasən məhkəmə tərəfindən qətnamədə göstərilmiş nəticə işin halına cavabdehin baş vermiş sığorta hadisəsinə görə təqsirinin Azərbaycan Respublikası FHN-in Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə öz təsdiqini tapması uyğun deyildir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz ünvanlayaraq təmin edilməməsini xahiş etmişdir.

18. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, şikayət əsassızdır. Belə ki, ünvan 1i ünvanında yerləşən qeyri-yaşayış sahəsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununa əsasən, RAZ********** saylı, xx.xx.2023-cü il tarixli “Daşınmaz Əmlakın icbari sığortası şəhadətnaməsi” ilə "xxxx" ASC tərəfindən sığorta olunmuşdur. ünvan 1i ünvanında yerləşən qeyri-yaşayış sahəsinə xx.xx.2023-cü il tarixdə yanğın hadisəsi nəticəsində maddi zərər dəymişdir. CFİ-0156/2023-AKT231 saylı sığorta aktına əsasən 8295 (səkkiz min iki yüz doxsan beş) manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən sığortalı X1 bank hesabına köçürülmüşdür. İddiaya əsas olaraq göstərilmişdir ki, cavabdeh, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 6.1, 6.2-ci bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 6.1, 6.2 və 6.5-ci bəndlərinin tələblərinə əsasən elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı həmin qurğular müvafiq qaydalara və digər normativ sənədlərə uyğun olaraq istismar edilməlidirlər; elektrik mühərrikləri, idarə etmə aparatları, işə salıb nizamlama, nəzarət ölçü cihazları və mühafizə aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri), müvafiq qaydaların tələblərinə uyğun olaraq seçilib quraşdırılmalı, eləcə də artıq yükləmədən və qısa qapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməlidirlər, elektrik aparatlarını və cihazlarını onu hazırlayan müəssisənin tövsiyələrinə (təlimatlarına) uyğun olmayan şəraitdə və ya yanğına səbəb ola bilən nasazlığı olduqda istifadə etmək, eləcə də örtüyü (izolyasiyası) zədələnmiş və ya sıradan çıxmış naqilləri və kabelləri istismar etmək və nasaz elektrik qurğularından istifadə etmək qadağan olunur. “Ticarət, və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi Qaydaları”nın 3.19.3 və 3.19.4-cü bəndlərinin tələblərinə əsasən qısaqapanma, artıq yükləmədən, artıq daxili və atmosfer gərginliklərindən və s. pozulmalardan mühafizə aparatlarının saz olmasına müntəzəm nəzarət etmək, bütün elektrik qurğularının yanğın və alışmaya gətirib çıxaran təhlükəli amillərdən mühafizəedici aparatının olmasına elektrik qurğularının vəziyyətinə cavabdeh olan şəxslər borcludurlar. Baş vermiş hadisədə yanğının qısaqapanma nəticəsində baş verdiyi qeyd olunmuşdur. Onların “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”-nın 6.1, 6.2-ci bəndlərinin tələblərini pozmaqları qeyd olunsa da, buna heç bir sübut və əsas gətirilməmişdir. Əsassız olaraq iddia irəli sürülmüşdür. Həmçinin baş vermiş hadisə qısaqapanma kimi tanınırsa və sığorta müqaviləsi bu riski əhatə edirsə, sığortaçı ödəniş etməlidir. Sığorta müqaviləsi üzrə ödənilən sığorta haqqı sığorta təminatının bir hissəsi olaraq qəbul edilir. Yəni, sığorta haqqı müqavilədə nəzərdə tutulan risklərin qarşılanması üçün ödənilir və sığorta riski baş verdikdə ödənişin təmin edilməsi məqsədi daşıyır. Sığorta hadisəsi baş verdikdə, sığorta edən sığorta müqaviləsinə uyğun olaraq zərəri kompensasiya edir. Bu halda sığorta haqqı artıq ödənilmiş və sığortaçının riski təmin etmək öhdəliyi yerinə yetirilmiş sayılır. Yanğın qısaqapanma nəticəsində baş veribsə, sığortaçının (sığorta edən) məsuliyyətləri və yoxlama tələbləri sığorta müqaviləsinin şərtlərinə, sığorta növünə və tətbiq olunan qanunvericiliyə əsasən müəyyən edilir. Ümumiyyətlə, sığortaçının sığorta olunan obyektin təhlükəsizlik vəziyyətini yoxlaması, texniki yoxlanış keçirməsi və ya profilaktik tədbirlər görməsi sığorta müqaviləsində göstərildiyi hallarda məcburidir. Sığorta müqaviləsində sığortaçının (sığorta edən) sığorta olunan obyektin texniki vəziyyətini yoxlaması və ya müəyyən təhlükəsizlik tədbirləri tələb etməsi şərtləri varsa, sığortaçı müəyyən dövrlərdə obyektin təhlükəsizlik vəziyyətini yoxlamaq hüququna malikdir. ünvan 1i ünvanında yerləşən qeyri-yaşayış sahəsidə baş verən sığorta hadisəsi, sığorta edənin səhlənkarlığı səbəbindən də baş vermişdir. Təhlükəli və yanğına səbəb olacaq hallar aşkar olunduğu təqdirdə sığorta şirkəti bunu aradan qaldırmalı idi. Sığorta edilən obyektə, sığorta olunarkən baxış keçirilməli və hər hansı Təhlükəli hal aşkarlanarsa, bu onlara bildirilməli idi. Onlar "xxxx" ASC tərəfindən sığorta xidmətlərindən istifadə etmişlər. Sığorta olunmuş sahəyə dəyən maddi ziyana görə sığorta ödənişini həyata keçirmək sığorta edənin vəzifəsidir. Ona görə də iddia əsassızdır və rədd edilməlidir. Sığorta haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, sığorta müqaviləsi sığorta olunanla sığortaçı arasında sazişdir. Bu müqaviləyə görə sığortaçı sığorta hadisəsi zamanı sığorta olunana və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxsə sığorta ödənişi verməyi, sığorta olunan isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqı ödəməyi öhdəsinə götürür. Sığorta haqqında Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın əmlakına və ya əmlak mənafelərinə dəyən zərərin yerini doldurmaq üçün ödənilən pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin məcəllənin 922.2-ci maddəsinə əsasən, sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin məcəllənin 922.3-cü maddəsinə əsasən, sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Həmin məcəllənin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin məcəllənin 926.2-ci maddəsinə əsasən, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci va 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında hayata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 88-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-ci və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

19. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlan verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, bununla belə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

21. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

24. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

26. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

27. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

28. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

29. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

30. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

31. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

32. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

33. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

34. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarına əsasən, yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13. Sığorta hadisəsi

36. 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. ...

37. 13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur.

Maddə 35. Daşınmaz əmlakın icbari sığortasının məqsədi və təyinatı

38. 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. ... Maddə 23. Sığortaçının hüquq və vəzifələri

39. 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: ....

40. 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək

“Ticarət, və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi Qaydaları”

41. Bənd 1.2. Qüvvədə olan qanunvericiliyə müvafiq otaraq ticarət ictimai iaşə müəssisələrinin baza və anbarların yanğın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyəti bu obyektlərin rəhbərləri inzibatı heyəti və ya sahibkarlar (sonradan rəhbərləri) daşıyırlar.

42. Bənd 1.4. Şöbələrin bölmələrin, sexlərin, emalatxanaların, ticarət köşklərinin, çadırların, pavilyonların, bufetlərin, qəlyanaltıların, ayrıca anbarların və sair binaların yanğın təhlükəsizliyinə cavabdehliyi onların sahibləri icraçıları və ya ticarət ictimai iaşə müəssisəsi, baza və anbarların rəhbərliyinin əmri ilə xüsusi olaraq təyin edilmiş vəzifəli şəxslər daşıyır Yanğın təhlükəsizliyinə cavabdehlik daşıyan şəxslərin adları qeyd olunan lövhələr gözə çarpan yerlərdən asılır

43. Bənd 3.5.3.3. Qısa qapanmalardan, artıq yüklənmələrdən, artıq d li və atmasfer gərginliklərindən və s. pozuntulardan mühafizə aparatlarının saz olmasına müntəzəm surətdə nəzarət etmək.

44. Bənd 3.5.4. Bütün elektrik qurğularının yanğın və alışmaya ğətirib çıxaran təhlükəli amillərdən mühafizəediçi aparatı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

54. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

55. Apellyasiya şikayətindən görünür ki, nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-170/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

56. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-170/2025 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Beləliklə, məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, ünvan 1i ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən 5 il müddətinə X3 icarəyə verilmişdir. Sözügedən qeyri-yaşayış sahəsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununa əsasən, RAZ********** saylı, xx.xx.2023-cü il tarixli “Daşınmaz Əmlakın icbari sığortası şəhadətnaməsi” ilə "xxxx" ASC tərəfindən sığorta olunmuşdur. ünvan 1i ünvanında yerləşən qeyri-yaşayış sahəsində xx.xx.2023-cü il tarixdə elektrik naqillərində yaranmış qısaqapanma nəticəsində yanğın hadisəsi baş vermiş və maddi zərər dəymişdir. “Daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC tərəfindən hadisə nəticəsində ziyan dəymiş icarəçi X3 zərərə görə sığorta ödənilmişdir. İddiaçı olan sığorta şirkəti subroqasiya qaydasında ödənilmiş sığorta ödənişlərini icarə verən Cavabdeh tələb etmiş, birinci instansiya məhkəməsi isə iddia tələbini təmin etməmişdir.

59. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə icarə obyektinə dəymiş zərər üzrə hüquqa zidd əməl üçün zərərvuranın təqsiri olmadıqda zərərin əvəzinin ödənilməsi ilə bağlı qanunvericiliklə müəyyən olunmuş hər hansı maddi əsas müəyyən olunmamışdır. Elektrik naqillərində yaranmış qısaqapanmadan yanğın baş verməsi sığorta hadisəsi kimi müəyyən olunmuşdur. Sığorta hadisəsi baş verən anda sahiblik cavabdehlə sığorta hadisəsi üzrə faydalanan şəxs arasında bağlanmış icarə müqaviləsi əsasında icarəçidə olmuşdur. Qeyd edilən xx.xx.2023-cü il tarixli qərar üzrə araşdırma zamanı ekspertiza aparılması mümkünsüz olduğundan, qısaqapanmanın hansı səbəbdən baş verməsi müəyyən olunmamışdır, Cavabdeh tərəfindən icarəyə verilmiş qeyri-yaşayış sahəsində baş vermiş yanğınla əlaqədar əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Belə olan halda, sığorta haqqında qanunvericiliyin tələbini əsas götürərək, cavabdehin sığorta şirkəti qarşısında qeyd edilən məbləğdə sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı hüquqi məsuliyyəti müəyyən olunmadığından, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

60. İddiaçı apellyasiya şikayətin dəlillərində göstərmişdir ki, məhkəmənin iddiaçının subroqasiya hüququnun yaranmaması barədə gəldiyi nəticə qanuni qüvvəsini almış Azərbaycan Respublikası FHN-in Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına ziddir və məhkəmənin cavabdehin baş vermiş sığorta hadisəsinə görə təqsirinin olmaması barədə gəldiyi nəticə həmin qərarda müəyyən edilmiş halla (cavabdehin qeyri-yaşayış obyektində üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları” nın 6.1, 6.2-ci bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməməsi) tam təkzib olunur. Göstərilənlərə əsasən məhkəmə tərəfindən qətnamədə göstərilmiş nəticə işin halına cavabdehin baş vermiş sığorta hadisəsinə görə təqsirinin Azərbaycan Respublikası FHNin Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə öz təsdiqini tapması uyğun deyildir.

61. Məhkəmə kollegiyası qeyd olunan dəlilə münasibət bildirərək qeyd edir ki, nə qədər ki, cinayət təqibi qaydasında və ya inzibati xəta üzrə araşdırma nəticəsində cavabdehin baş vermiş yanğının törədilməsində təqsiri müəyyən olunmamışdır, hazırkı iddia təmin oluna bilməz.

62. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

63. Beləliklə kollegiya birinci instansiya məhkəməsinin mövqe ilə razılaşaraq, hesab edir ki, baş vermiş yanğın hadisəsi nəticəsində zərərin vurulması Cavabdeh qanunazidd təqsirli əməli nəticəsində baş vermədiyindən, həmçinin cavabdehin sığorta şirkəti qarşısında tələb edilən məbləğdə sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı mülki məsuliyyəti müəyyən olunmadığından, qeyd olunan dəlillər hazırkı iddia tələbinin təmin olunması üçün əsas kimi çıxış edə bilməz.

64. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

65. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-170/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 66 Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-170/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar