Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-583/2024 01.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı cərimə borcunun silinməsi və hüquqların bərpası tələbinə dair (Açar sözlər: qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(060)-6553/2023 nömrəli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. Abonentin saldosundan görünür ki, abonent kodu **********00400 olan ünvana akta görə 1036.80 manat borc hesablanmışdır.
2. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcmi 8640 m3 müəyyən olunmuşdur.
3. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli aktdan görünür ki, “Sayğaca ümumi baxış keçirildi. Sayğac mənfiyə işləyib. Sayğacın yaddaş arxivinin oxunması mümkün deyil. Sayğacın element yuvasının qapağına vurulan plomb kənar təsir nəticəsində deşilib. Sol metrologiya plombunun vinti yerində aşkar olunmadı. Hesablama mexanizminin ötürücü dişləri kəsilib. Sayğac istismara yararsızdır.” qeyd olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat tərəfindən ona məxsus olan **********00400 saylı abonent koduna xx.xx.2022-ci il tarixində ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş akt əsasında hesablanmış dəymiş zərərə görə 1036.80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilat tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuş və həmin akta əsasən 1036.80 manat məbləğində borc hesablanmışdır. Onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. O, cavabdeh tərəfindən tərtib olunmuş aktla razılaşmır və qaz sayğacına heç bir müdaxilə etməmiş və tələb olunan məbləği əsassız hesab edir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
6. Sumqayıt Şəhər Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(060)-6553/2023 nömrəli qətnaməsi ilə (hakim Ə.Ələkbərov) iddia təmin edilərək Cavabdeh İB tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, 6-ci mikrorayonda yerləşən, MTK-da 43 saylı evin 40 saylı mənzilinə aid **********00400 saylı abonent koduna itirilmiş qazın sərfiyyatına görə hesablanmış 1036.80 manat borcun silinməsi, iddianın verilməsinə görə 30.37 manat dövlət rüsumunun Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən edildi ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçının yaşadığı ünvana gələrək qaz sayğacına baxış keçirmiş, sayğacın istismara yararsızlığı barədə xx.xx.2022-ci il tarixli akt tərtib olunmuş və həmin akt əsasında 1036.80 manat cərimə hesablanmışdır. İddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Habelə sayğacın nasaz vəziyyətə düşməsinin iddiaçının təqsirindən baş verməsi iş materialları, cavabdehin dəlil və sübutları ilə təsdiq olunmur. Belə ki, cavabdeh tərəfindən sayğacın iddiaçının təqsiri ucbatından yararsız vəziyyətə düşməsi barədə sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə, xx.xx.2022-ci il tarixli aktda qeyd olunanlara görə itirilmiş qazın dəyərinin iddiaçıdan tutulmasını əsaslı hesab etməmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 13-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2, 4.8 və 4.9–cu bəndlərinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti vermişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. xx.xx.2022-ci il tarixində ”Azəriqaz” İstehsalat Birliyinin ünvan 1 ünvanında İddiaçı məxsus sayğaca baxış keçirərkən qaz sayğac mənfiyə işlədiyi, sayğacın yaddaş arxivinin oxunmasının mümkun olmaması, sayğacın element yuvasının qapağına vurulan plombun kənar təsir nəticəsində deşilməsi, sol mertologiya plombunun vintinin yerində aşkar olunmadığı, hesablama mexanizminin ötürücü dişlərinin kəsildiyi müəyyən edilmişdir. Qeyd edilən hallarla bağlı xx.xx.2022-ci il tarixli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nə göndərilmişdir. İddiaçıya məxsus qaz sayğacı küçədə və ya blokda deyil, abonentin mənzilinin eyvanında yerləşir. Sayğaca hər hansı bir müdaxilə halına görə cavabdehliyi birbaşa abonentin özü daşıyır. xx.xx.2022-ci il tarixli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən Sumqayıt QİS-nin əməkdaşları tərəfindən Dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək İddiaçı Sumqayıt QİS-nin abonent bazasındakı **********00400 nömrəli abonent koduna 8640 m – 1,036,80 (bir min otuz altı manat səksən qəpik) məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş 1,036.80 (bir min otuz altı manat səksən qəpik) manat itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Abonentlə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi),habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi qətnamə çıxarılarkən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, məhkəmə əsassız iddianı təmin etmişdir. İstehlakçı hazırkı vəziyyətdə dəymiş zərərin əvəzini ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh İB-nin nümayəndəsi Azəriqaz» İB-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, əlavə olaraq bildirdi ki, mübahisəli ünvana aid qaz sayğacı mənzilin eyvanında yerləşir. Belə olan halda qaz sayğacına hər hansı müdaxilənin məhz kənar şəxslər tərəfindən edilməsi ağlabatan hesab edilə bilməz. Cavabdehin nümayəndəsi sonda apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, onun yaşadığı ünvanda qaz sayğacı mənzilin eyvanında yerləşir. Həmin sayğac o mənzili əldə etməmişdən əvvəl müvəqqəti olaraq quraşdırlmışdır. O, qaz sayğacının dəyişdirilməsi ilə bağlı müraciət etdikdən sonra sayğacdakı nasazlıq müəyyən edilmişdir. Hesab edir ki, qaz sayğacının vaxtında yoxlanılması Cavabdeh İB-nin əməkdaşları tərəfindən həyata keçirilməli idi. Qaz sayğacındakı nasazlığa görə ondan pul tələb edilməsi əsassızdır. Ona görə də iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Maddə 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın; 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir(“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9 -cu bəndləri).
16. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.
17. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(060)-6553/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(060)-6553/2023 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir
22. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı təbii qazla təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirir.
23. İddianı təmin edən birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Habelə sayğacın nasaz vəziyyətə düşməsinin iddiaçının təqsirindən baş verməsi iş materialları, cavabdehin dəlil və sübutları ilə təsdiq olunmur. Belə ki, cavabdeh tərəfindən sayğacın iddiaçının təqsiri ucbatından yararsız vəziyyətə düşməsi barədə sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır.
24. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, araşdırılan işdən müəyyən edilir ki, abonent kodu **********00400 olan ünvana akta görə 1036.80 manat borc hesablanmış, bununla bağlı aidiyyəti orqan tərəfindən dəymiş ziyanın bərpasına dair qaz sayğacının nominal qaz sərfi 4 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcmi 8640 m3 müəyyən olunmuşdur.
25. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli akt qəbul olunmuş, həm akta əsasən “Sayğaca ümumi baxış keçirilmişdir. Sayğacın mənfiyə işləməsi, yaddaş arxivinin oxunmasının qeyrimümkün olması, element yuvasının qapağına vurulan plombun kənar təsir nəticəsində deşilməsi, sol metrologiya plombunun vintinin yerində aşkar olunmaması, hesablama mexanizminin ötürücü dişlərinin kəsilməsi və sonda sayğacın istismara yararsızlığı müəyyən olunmuşdur.
26. İddiaçı yuxarıda qeyd olunanları onun təqsiri ucbatından deyil, gah mənzili almış olduğu MTK-nın, gah da Azəriqaz İB-in məsuliyyət daşımasını bildirir və qeyd edir ki, mənzilə sayğac nasaz vəziyyətdə quraşdırılmışdır.
27. Kollegiya iddiaçının bu dəlilini inandırıcı qəbul etməyərək bildirir ki, əvvala iddiaçının mübahisələndirdiyi qaz sayğacı iddia ərizəsində qeyd olunduğu kimi binanın blokunda, yəni mənzildən kənarda deyil, mənzilin daxilində, yəni eyvanda quraşdırılmışdır.
28. Göründüyü kimi sözügedən sayğaca mənzildə yaşayan şəxslərdən başqa, digər şəxslərin müdaxiləsi qeyri-mümkündür.
29. İkincisi, iddiaçı tələbində qeyd olunanlara dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbini yalnız öz izahatı ilə əsaslandırmağa çalışmışdır. İddiaçının özünün izahatına münasibətdə kollegiya bildirir ki, MPM-in 106.1-ci maddəsinə əsasən onun izahatı digər sübutlarla birgə qiymətləndirilməlidir.
30. Beləliklə, müəyyən olunur ki, işə baxmış birinci instansiya məhkəməsi sübutetmə vəzifəsini tərəflər arasında düzgün bölüşdürməmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
32. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
33. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz
34. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
35. Ona görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməlidir.
36. Qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(060)-6553/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.