Məhkəmə qərarları › İş №2(105)-584/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-584/2022

06.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-584/2022 06.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(060)-6994/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) İddiaçı "xxxx" ASC tərəfindən ünvan 1-də iddiaçının adına olan kod üzrə hesablanmış 790 manat məbləğində borcun silinməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib olunmuş 07.07.2021-ci il tarixli, 223407 saylı aktın əsasında yaşadığı ünvan 1-ə dair əsassız olaraq hesablanmış 790 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında məskunlaşmışdır. Həmin ev faktiki olaraq onun istifadəsində və sahibliyindədir. O, Cəbrayıl rayonundan məcburi köçkündür. 07.07.2021-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən faktiki olaraq onun istifadəsində və sahibliyində olan evin elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, guya o, kənar xətdən istifadə edir. Ona görə də 07.07.2021-ci il tarixli, 223407 saylı akt tərtib olunmuşdur. Həmin aktın əsasında ona 790 manat məbləğində cərimə hesablanmışdır. O, həmin aktı əsassız hesab edir. Belə ki, kənar xətdən istifadə etməmiş və tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmişdir. Bu abunə haqqında bildirişdən də müəyyən olunur. Cavabdeh "xxxx" ASC-nin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Bu istehlakçı olaraq onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Borcun silinməsi üçün dəfələrlə cavabdeh "xxxx" ASC-yə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Həmin aktın əsasında əsassız olaraq hesablanmış 790 manat məbləğində borc silinməlidir. Həmçinin qeyd edir ki, akt tərtib olunarkən onun iştirakı təmin olunmamışdır. Bu da qanunverciliyin tələbinə ziddir. O, aktın tərtib olunmasından xəbərsiz olmuşdur. Hesab edir ki, akt tərtib olunarkən onun iştirakı təmin olunmalı idi. Lakin cavabdeh "xxxx" ASC-nin əməkdaşları onun iştirakını təmin etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmiş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsi lazımi əsaslandırılmadan qəbul edilmişdir. İş üzrə obyektiv araşdırma aparılmadığından qətnamədən narazıdır. Qətnamə tamamilə qanunsuz və əsassızdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, 07 iyul 2021-ci il tarixli aktdan görünür ki, o həmin aktı imzalamışdır. Həmçinin video materialdan görünür ki, mənzildə kənar xətt aşkar olunmuşdur və bu xətdən istifadə olunur. Lakin məhkəmə bu halları araşdırmamış, imzanın ona məxsus olmasını və video görüntüdəki ünvanın ona aid olub-olmadığını müəyyən etməmiş, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddiaçının qeyd etdiyi borc məbləği enerji təchizatı müəssisəsindən onun istifadə etdiyi elektrik enerjisinə görə hesablanması, enerjitəhcizatı müəssisəsi tərəfindən iddiaçının mənzilinə hesablanmış həmin borc məbləği və həmin borcu tələb etməsi vətəndaşın hüququnun pozulması kimi qiymətləndirilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Baxılan iş üzrə iddia tələbi borcun silinməsi barədədir. İşin mübahisə olunmayan halı isə ondan ibarətdir ki, iddiaçı ünvan 2 ünvanında məskunlaşmış və 07.07.2021-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən kənar xəttdən istifadə ilə bağlı 223407 saylı akt tərtib olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır. Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. İstehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr üçün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır (Həmin Qaydaların 8.2., 8.4., 8.9-cu bəndləri). İşdən görünür ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan mənzildə kənar xətt edildiyi müəyyən edilmiş və bu fakt müvafiq aktla rəsmiləşdirilmişdir. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar