Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-584/2023 30.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X3 ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(060)-1326/2021 nömrəli qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Sumqayıt “ASAN Xidmət” Mərkəzi notariat ofisinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib, onların miras qoyan X2 övladları olmaqla birinci növbə vərəsələri olmasını və miras qoyanla birlikdə yaşamalarına baxmayaraq atalarının adına torpaq sahələrinin olmasından xəbərsiz olmalarını, Cavabdeh1 ikinci növbə vərəsə olmasına baxmayaraq onlardan gizlin miras əmlaka dair vərəsəlik şəhadətnamələri almasını əsas göstərməklə Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzi notariat ofisinin 30 sentyabr 2014-cü il tarixli, 2v-602, 2v-601 və 2v/826 reyestr nömrələri qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Cavabdeh1 adına aparılmış 17 oktyabr 2014-cü il tarixli qeydiyyatın ləğv edilməsi və miras əmlaka onların vərəsəlik hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(060)-1326/2021 nömrəli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddia təmin edilmişdir. Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2021-ci il tarixli, 2(105)-2135/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(060)-1326/2021 nömrəli qətnaməsi mübahisəli torpaq sahələrinə iddiaçılar İddiaçı1 və İddiaçı2 vərəsəlik hüquqlarının tanınması hissəsində ləğv edilərək iddianın həmin hissədə rədd olunması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında aparılmış qeydiyyatın ləğv edilməsi hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2022-ci il tarixli, 2(102)-863/2022 nömrəli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, iddiaçıların kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2021-ci il tarixli, 2(105)-2135/2021 nömrəli qətnaməsi iddiaçıların vərəsəlik hüquqlarının tanınması tələbinin rədd olunmasına dair hissədə ləğv edilmiş, iş həmin hissəyə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(105)-1021/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(060)-1326/2021 nömrəli qətnaməsi iddiaçıların vərəsəlik hüquqlarının tanınması tələbinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(060)-1326/2021 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən yenidən apellyasiya şikayəti verilmiş və həmin şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası daxil olmuş apellyasiya şikayətini iş materialları ilə birlikdə, əlaqəli şəkildə araşdıraraq və şikayətin mümkünlüyü məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayətinə baxılması yolverilməz hesab edilməklə, yəni qeyri-mümkün hesab edilməklə geri qaytarılmalıdır. Kollegiya mövqeyini aşağıda göstərilənlərə əsasən əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Maddə 46. Tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Maddə 47.2. İşdə iştirak edən şəxslər məhkəmə qərarlarından şikayət etmək hüququna malikdirlər. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2-ci maddəsinin tələbinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarının mənasından da göründüyü kimi qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Lakin təqdim olunmuş iş materiallarından göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(060)-1326/2021 nömrəli qətnaməsinin bir hissəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2022-ci il tarixli, 2(102)-863/2022 nömrəli qərarı, qalan hissəsi isə Sumqayıt Apellyasiya Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(105)-1021/2022 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, mübahisələndirilən qətnamə qanuni qüvvəyə minməklə, hətta icraya yönəldilmişdir. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipi də bunu tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 14 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən məhkəmə tərkibinin mövqeyi ondan ibarət olmuşdur ki; Qeyd edilənlər baxımından məhkəmə tərkibi belə qənaətə gəlir ki, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, şikayətin bu əsasla geri qaytarılması apellyasiya instansiyası məhkəmələri tərəfindən şikayətin mümkünlüyünün yoxlanılması mərhələsində, onun qeyri-mümkün hesab edilməsinə dair qərardadın qəbulu yolu ilə, kassasiya instansiyası məhkəməsi tərəfindən isə şikayətin icraata qəbulu mərhələsində şikayətin icraata qəbulundan imtina haqqında qərardadın qəbulu yolu ilə həyata keçirilməlidir. Qərardadın 44-cü bəndində həmçinin qeyd edilmiuşdir ki, apellyasiya instansiyası məhkəməsi qeyri-mümkünlük haqqında qərardadı qəbul etməklə yanaşı, şikayət verən tərəfə mübahisələndirmək istədiyi həmin hissənin kassasiya qaydasında yoxlanılmadığı halda kassasiya şikayəti vermək hüququnu izah etməlidir. Belə ki, hər bir halda apellyasiya instansiyası məhkəməsi özünün qanuni qüvvədə olan və mübahisələndirilməyən qətnaməsi mövcud olduğu halda işə eyni hissədə digər tərəfin şikayəti əsasında yenidən baxmaqla həmin qətnamə ilə müəyyən edilmiş halları təkzib edə biləcək yeni qətnamə çıxarmaq imkanına malik olmadığından, həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız kassasiya instansiyası məhkəməsində mübahisələndirilə bilər. Çünki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu və onun qanuni qüvvəsini itirməsini yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq yuxarı instansiya məhkəməsi müəyyən edə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.İbrahimovanın şikayəti üzrə 2017-ci il 08 iyun tarixli Qərarı). Həmin qərardadın nəticə hissəsinin 3-cü bəndinə görə məhkəmə aktlarının apellyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apellyasiya şikayəti (və ya şikayətləri) apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Qeyd olunan qərardadın nəticə hissəsinin 3-cü bəndinə görə məhkəmə aktlarının apellyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apellyasiya şikayəti (və ya şikayətləri) apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Beləlilkə, məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, hazırki halda birinci instansiya məhkəməsinin tam şəkildə hüquqi qiymət verilmiş və yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış qətnamələri olduğundan, işə eyni hissədə digər tərəfin şikayəti əsasında yenidən baxmaqla həmin qətnamə ilə müəyyən edilmiş halları təkzib edə biləcək yeni qətnamə çıxarmaq imkanına malik olmadığından, həmin iş üzrə yenidən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Kollegiya sonda bildirir ki, MPM-in 366.4 və 402-ci maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan yuxarı instansiya məhkəməsinə şikayət nəzərdə tutulduğundan, hazırki qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(060)-1326/2021 nömrəli qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün (yolverilməz) hesab edilməklə geri qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-584/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-584/2023
30.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver