Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-59/2024 21.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı2 və onun nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsi tələbinə dair” mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(059)-19/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Siyəzən Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(059)-19/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı2 tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2000 (iki min) manat kompensasiya verilməklə, sonuncuların övladları - 23 dekabr 2009-cu il təvəllüdlü X8 və 21 noyabr 2018-ci il təvəllüdlü X6 ilə birlikdə Siyəzən şəhərində yerləşən A.Qaradağlı küçəsindəki 7 saylı evə olan istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarılmaları, ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Bəylər Ələkbərov). Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti vermişlər. İşin halları: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 1440 manat məbləğində kompensasiya verilməklə onun, arvadı Cavabdeh2, eləcə də, övladları - 23 dekabr 2009-cu il təvəllüdlü X8 və 21 noyabr 2018-ci il təvəllüdlü X3 Siyəzən şəhəri, A.Qaradağlı küçəsində yerləşən 7 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının qızı İddiaçı2 20 may 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, anası İddiaçı1 xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən, MPM-in 58.1-ci maddəsinə müvafiq olaraq, işin icraatının iddiaçının hüquqi varisi qismində onunla davam etdirilməsini xahiş etmiş, bununla əlaqədar 13 iyun 2022-ci il tarixdə mərhum İddiaçı1 hüquqi varisi olan yeni İddiaçı2 ilə əvəz edilmişdir. Bundan sonra, İddiaçı2, MPM-in 53-cü maddəsinə əsasən, tələbin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2000 manat kompensasiya verilməklə, sonuncuların övladları - 23 dekabr 2009-cu il təvəllüdlü X8 və 21 noyabr 2018-ci il təvəllüdlü X6 ilə birlikdə Siyəzən şəhəri, A.Qaradağlı küçəsi, 7 saylı evə olan istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən, yaşayış sahəsi 23.2 kv.m-dən ibarət, 2 otaqlı fərdi yaşayış evi tam pay hüququ ilə İddiaçı1 xüsusi mülkiyyətindədir. Bu evdən o da daxil olmaqla 5 nəfərin, cavabdehin arvadı və iki azyaşlı uşaqları nəzərə alınsa, 8 nəfərin istifadə hüquqları vardır. Lakin, hal-hazırda bu evdə 8 nəfərin yaşaması faktiki qeyri-mümkündür. Ona görə ki, yaşayış sahəsi normasının adambaşına 12 kv.m müəyyən olunması nəzərə alınsa, sözügedən evdə hər nəfərə təxminən 3 kv.m yaşayış sahəsi düşər ki, bu da qeyd olunduğu kimi, yaşayış üçün əlverişsizdir. Bundan başqa, cavabdehlər Bakı şəhərində işlədiklərinə görə onların Siyəzən şəhərində mübahisəli evdə yaşamağa heç ehtiyacları yoxdur. Buna baxmayaraq, cavabdehlərin məqsədi gələcəkdə mülkiyyətçi öldükdən sonra bu evə sahib çıxmaqdır. Lakin Cavabdeh1 məhkəmə qaydasında ləyaqətsiz vərəsə elan edilmişdir. Digər tərəfdən, Cavabdeh1 məxsus Abşeron rayonunun Məmmədli kəndində yerləşən 0,03 ha torpaq sahəsində hal-hazırda tikintiyə dair sənəd alınmasa da, faktiki bu torpaq üzərində tikilmiş evdə cavabdeh və ailəsi yaşayırlar. Bundan başqa, cavabdeh sözügedən evdə yaşayarkən mütəmadi olaraq birgə yaşayış qaydalarını pozmuş, niyyəti isə hər dəfə onları necə olur-olsun evdən qovmaq olmuşdur. Cavabdeh1 məhkəmə qaydasında ləyaqətsiz vərəsə sayıldığından onun gələcəkdə vərəsə kimi evə hər hansı hissədə gözlənilən hüququ da məhdudlaşdırılmışdır. Kompensasiya verilməklə, istifadə hüququna xitam verilməsi mülkiyyətçinin qanunla müəyyən edilən hüququdur. Yəni, istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə, onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmamışdır. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil, eyni zamanda istifadəçinin evin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Hesab edir ki, məhkəmə tərəfindən iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsi təmin edilməli və mübahisəli evdən cavabdehlərin istifadə hüququna kompensasiya ödənilməsi yolu ilə xitam verilməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş “bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməsi” dedikdə, cavabdehin müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülür. Bu baxımdan nəzərə alınmalıdır ki, cavabdehlər hər nəfərə təxminən 3 kv.m yaşayış sahəsi düşən bir evdən istifadə hüququna malikdirlər. Eyni zamanda, cavabdehlər hazırda ailələrinə məxsus xüsusi həyətyanı sahədə inşa edilən evdə faktiki yaşayırlar. Belə vəziyyətdə mülkiyyətçi tərəfindən təklif olunan kompensasiya məbləğinin ağlabatan və ədalətli olub-olmaması həmin meyarlara əsasən qiymətləndirilməlidir. Beləliklə, tələbin qeyd edilən faktiki əsasları ilə müəyyən olunur ki, cavabdehin iddiaçıya məxsus evdən istifadə etməsi iddiaçının iradəsinə ziddir, habelə iddiaçının xüsusi mülkiyyət hüququ ilə özünə məxsus əmlakdan istədiyi kimi istifadə etməsinə maneələr törədilir. Cavabdehlər onun evində formal qeydiyyatda olduğundan o, heç vaxt evi üzərində sərəncam hüququnu həyata keçirə bilməyəcək, bununla da mülkiyyət hüququndan ömürlük məhrum olacaqdır. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 02/17279 nömrəli arayışdan görünür ki, mübahisəli fərdi yaşayış evinin 28 oktyabr 2019-cu il tarixli bazar dəyəri 15000 manat təşkil edir. Siyəzən rayonu ərazisində şəraitinə görə oxşar evlərin aylıq kirayə haqqı 40 manat təşkil edir. Bu baxımdan hesab edir ki, hazırda cavabdehlərə təklif olunan 2000 manat kompensasiya qaneedicidir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. İş üzrə yuxarıda qeyd olunan qətnamə qəbul edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Siyəzən Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(059)- 19/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Belə ki, mübahisəli evdən istifadə ilə bağlı tərəflər arasındakı münasibətlər 2000-ci ildən çox əvvəl yarandığı halda məhkəmə həmin münasibətlər üzrə ortaya çıxan mübahisənin həllinə 01 sentyabr 2000-ci ildən qüvvəyə minmiş Mülki Məcəllənin 228-ci maddəsinin müddəalarını tətbiq etmişdir. Halbuki, əvvəlki Mülki Məcəllədə yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi nəzərdə tutulmurdu. Məhkəmə sonradan yaranmış bu hüququ daha əvvəl yaranmış münasibətlərə tətbiq etməklə onların mübahisəli evə iddiaçı ilə bərabər olan hüquqlarını pozmuş, iddiaçıya qanunsuz olaraq üstün hüquq vermişdir. Məhkəmə cüzi kompensasiya müqabilində onların ata-baba yurdunda yaşamaq hüquqlarına xitam verməklə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Əslində onlar təklif edilən kompensasiyanın məbləğindən asılı olmayaraq həmin evdə qalıb yaşamaq istəyirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin dəlillərini müdafiə etdi. Həmçinin bildirdi ki, iddiaçı sözügedən evin vəziyyəti və dəyəri barədə qəsdən yanlış və qeyri-real təsəvvür yaradır, guya həmin ev yararsız haldadır, dəyəri 15000 manatdan artıq deyil, Siyəzən şəhərində belə evlərin kirayə haqqı 40 manatdır. İddiaçı bu yolla təklif etdiyi cüzi məbləğdə kompensasiyanın məqbul olmasını əsaslandırmağa çalışır. Əslində sözügedən evin hazırkı satış qiyməti 28-30 min manatdan aşağı deyil və Siyəzən şəhərində həmin vəziyyətdə olan evlərin aylıq kirayə haqqı 120-150 manat civarındadır. Digər tərəfdən, o, valideynlərinin oğul övladı kimi ata yurdunu qorumaq məqsədilə orada yaşamaq istəyir və kompensasiyanın məbləğindən asılı olmayaraq bacısının iddia tələbi ilə razılaşmır. Bacıları onu evdən uzaqlaşdırıb sonra evi satmaq istəyirlər. O isə buna imkan verməyəcək. Apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 və onun nümayəndəsi Nümayəndə izahat və çıxışlarında bildirdilər ki, mübahisəli evin mülkiyyətçisi olmuş anaları İddiaçı1 sağlığında Cavabdeh1 məhkəmə qaydasında ləyaqətsiz vərəsə elan etdirərək onu mirasdan məhrum etmiş, evini qızı İddiaçı2 vəsiyyət etmişdir. Hazırda evin mülkiyyətçisi İddiaçı2dır. Lakin cavabdehlər iddiaçının mülkiyyət hüquqlarını pozaraq, iddiaçının evinə gəlib-getməsinə və orada yaşamasına imkan verməyərək evə yiyələnməyə çalışırlar. Əslində cavabdehlərin həmin evə ehtiyacları yoxdur, onlar Bakı şəhərində yaşayıb işləyirlər.Eyni zamanda, onların Abşeron rayonunun Məmmədli kəndində torpaq sahəsi və evi vardır. Lakin onlar bu evdən də əl çəkmək istəmirlər. Onlar cavabdehlərə ən çoxu 3000 manat məbləğində kompensasiya təklif edə bilərlər. Hər bir halda cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsini xahiş edirlər. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin hazırkı iş üzrə 26 sentyabr 2022-ci il tarixli, 2(059)-19/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2019cu il, qeydiyyat nömrəsi ********** olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 2 ünvanda 0,03 ha torpaq sahəsində yerləşən 69,30 kv.m-dən ibarət fərdi yaşayış evi İddiaçı1 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. İşdə olan Siyəzən Rayon Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 592 nömrəli məktubundan görünür ki, İddiaçı1 12 iyun 2021-ci il tarixdə vəfat etmiş və 07 iyul 2021-ci il tarixdə mərhumun qızı İddiaçı2 adına 8V-105 nömrəli Vəsiyyət üzrə vərəsəlik işi açılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2022ci il, qeydiyyat nömrəsi ********* olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Siyəzən şəhərinin Aydın Qaradağlı küçəsindəki 0,03 ha torpaq sahəsində yerləşən 69,30 kv.m-dən ibarət 7 saylı fərdi yaşayış evi İddiaçı2 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(059)-19/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar (hazırkı iş üzrə cavabdehlər) Cavabdeh1 və Cavabdeh2 övladları - 23 dekabr 2009-cu il təvəllüdlü X8 və 21 noyabr 2018-ci il təvəllüdlü X6 ilə birlikdə Siyəzən şəhəri, M. Əzizbəyov (indiki A.Qaradağlı) küçəsi, 7 saylı fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. İşdə olan "X5" MMC tərəfindən 04 mart 2021-ci il tarixdə tərtib edilmiş 123 nömrəli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanda 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69,3 kv.m olan fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixə bazar dəyərinin 15000 manat, 1 aylıq kirayə haqqının orta hesabla 40 manat təşkil etdiyi müəyyən edilmişdir. İşdə olan 09 dekabr 2019-cu il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün 20 manat dövlət rüsumu ödəmişdir. İşin müəyyən olunmuş hallarına əsasən, İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 1440 manat məbləğində kompensasiya verilməklə onun, arvadı Cavabdeh2, eləcə də, övladları - 23 dekabr 2009-cu il təvəllüdlü X8 və 21 noyabr 2018-ci il təvəllüdlü X3 Siyəzən şəhəri, A.Qaradağlı küçəsində yerləşən 7 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 12 iyun 2021-ci il tarixdə vəfat etmiş və hüquqi varisi olan qızı (yeni iddiaçı) İddiaçı2 ilə əvəz edilmişdir. İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2000 manat kompensasiya verilməklə, sonuncuların övladları - 23 dekabr 2009-cu il təvəllüdlü X8 və 21 noyabr 2018-ci il təvəllüdlü X6 ilə birlikdə Siyəzən şəhəri, A.Qaradağlı küçəsi, 7 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsi iddianın təmin edilməsinə dair 26 sentyabr 2022-ci il tarixli, 2(059)-19/2022 saylı qətnamə qəbul etmişdir. Həmin qətnamə ilə razılaşmayan cavabdehlər ondan apellyasiya şikayəti vermişlər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarında məhkəmə vurğulamışdır ki, kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair" 27 may 2008-ci il tarixli və "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 26 sentyabr 2007-ci il tarixli qərarlardakı hüquqi mövqeyə əsasən, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasındakı fərq daim diqqətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, yaşayış sahəsindən istifadə etmək hüququnu ağlabatan müddət ərzində təmin edə bilməsinə kifayət etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin kompensasiyanın məbləği ilə bağlı gəldiyi nəticə ilə razılşamayaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin yetərli hesab etdiyi kompensasiya məbləğinin cavabdehlərə davamlı surətdə və müəyyən müddət daxilində (yəni özlərinə məxsus yaşayış sahəsi əldə edə və ya mənzil kirayəsi haqqını öz hesablarına ödəyə biləcəkləri vaxtadək) başqa yerdə əvvəlki ilə oxşar şəraitli bir mənzildə yaşamaq imkanı verəcəyi ağlabatan görünmür. Belə ki, Siyəzən Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 ailə üzvləri (həyat yoldaşı Cavabdeh2, övladları - 23 dekabr 2009-cu il təvəllüdlü X8 və 21 noyabr 2018-ci il təvəllüdlü X6) ilə birlikdə mübahisəli evdən istifadə hüququnun verilməsi və həmin evə köçürülmələrinin qət edilməsi cavabdehlərin özlərinə məxsus başqa yaşayış yerinin olmamasına dəlalət edir. Digər tərəfdən, internet resurslarında olan məlumatlardan görünür ki, hazırda Siyəzən şəhərində orta təmirli 2-3 otaqlı evlərin (mənzillərin) aylıq kirayə haqqı 120-150 manatdan aşağı deyil. Belə vəziyyətdə 2000 manat civarında kompensasiya məbləğini cavabdehlərə münasibətdə qanunvericiliyin nəzərdə tutduğu məqsədlər baxımından yetərli hesab etmək olmaz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 12 iyul 2016-cı il tarixli Qərarına əsasən, birinci instansiya məhkəməsi iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Lakin birinci instansaiya məhkəməsi kompensasiya məbləğini müəyyən etmək üçün özü lazımi araşdırma aparmadan həmin məbləği müəyyən etməyi iddiaçının öhdəsinə buraxmış və iddiaçının öz imkanına uyğun olaraq təklif etdiyi məbləğlə razılaşmışdır. Məhkəmə kollegiyası mübahisəli evin hazırkı vəziyyətini və müvafiq ərazidə oxşar şəraitli evlər üçün aylıq kirayə haqqının məbləğini, habelə cavabdehlərin uzun müddət sözügedən evdə yaşayıb ümumi təsərrüfatın aparılmasında iştiraklarını, yeni mülkiyyətçinin (iddiaçının) isə evi əvəzsiz (ödənişsiz) əqd əsasında (vərəsəlik qaydasında) əldə etməsini nəzərə alaraq hesab edir ki, cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi və oradan çıxarılmaları müqabilində onlara ödəniləsi kompensasiya məbləğinin 4000 (dörd min) manat məbləğində müəyyən olunması məqsədəuyğun və ədalətli sayılmalıdır. Məhkəmə kollegiyası tərəfindən iddiaçıya iddia tələbinin təmin olunması üçün cavabdehlərə həmin məbləğdə kompensasiya verməli olması, əks təqdirdə iddiasının təmin edilməsinin mümkün olmayacağı bəyan edilmişdir. Lakin iddiaçı yalnız 3000 manat kompensasiya verə biləcəyini, bundan artıq məbləğə imkanının olmadığını bildirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehlərə məhkəmə kollegiyası tətərfindən təklif edilən 4000 manat kompensasiya məbləğini verməyə razı olmadığından, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxarkən maddi hüquq normalarının, o cümlədən Konstitusiya Məhkəməsinin müvafiq qərarlarının təfsir və tətbiqində səhvə yol vermiş, gəldiyi nəticə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamışdır. Bununla da məhkəmə qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Siyəzən Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(059)- 19/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul olunsun. İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsi tələbinə dair” iddiası təmin edilməsin. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-59/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-59/2024
21.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver