Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-591/2024 29.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın açıq hərracda satılması və satış pulunun bölünməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(060)-6621/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın açıq hərracda satılması və satış pulunun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(060)-5010/2022 saylı qətnaməsilə tərəflər arasında bərabər payla mülkiyyətçi olduğu ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin (əmlakın) real bölgüsü və payın naturada ayrılması, müəyyən edilməsi barədə iddia tələbi təmin olunmamışdır. Həmin mənzil həm iddiaçıya, həm də cavabdehə vərəsəlik qaydasında və 1/2 hissə olmaqla bərabər payda mülkiyyətlərinə verilmişdir. Bununla bağlı hər iki tərəfə də müvafiq çıxarış verilmişdir. Həmin mənzil 3 otaqdan ibarətdir və ümumi sahəsi 68,16 kv.m.-dir, yaşayış sahəsi 47,25 kv.m.-dir. Həmin mənzil paylı mülkiyyət hüququ üzrə Cavabdeh 1/2 hissə, İddiaçı 1/2 hissə ilə adlarına daşınmaz əmlakın dövlət reyestrində reyestr kitabının 106 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı Cavabdeh həmin mənzildən onun payını ayırıb verməsini, yaxud iddiaçıya payına mütənasib kompensasiya ödəməsini xahiş etmişdir. Lakin iş üzrə verilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5580 saylı ekspert rəyilə qeyd olunub ki, mənzilin tərəflər (payçılar) arasında naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Buna görə də mənzilin naturada bölünməsi tələbi məhkəmənin yuxarıda qeyd olunan qətnaməsilə təmin olunmadı. Eyni zamanda, Cavabdeh mənzilin yarı qiymətinə bərabər olan paya görə iddiaçıya kompensasiya ödəməsinə maddi imkan olmadığından və yalnız mənzil satıldıqdan sonra yarı pulunu iddiaçıya ödəyəcəyini bildirmişdir. Lakin Cavabdeh mənzili satdıqdan sonra iddiaçıya pulu ödəyəcəyinə əsaslı şübhələri vardır və uzun müddətdir ki, iddiaçını həmin mənzilə buraxmır. İddiaçı kirayədə qalır. Mənzili satıb iddiaçıya yarı dəyərini ödəyəcəyinə inanmır və kirayədə qalmağa imkanı tükənir, mənzilin satılıb iddiaçıya düşən payını alıb özünə ayrı mənzil alıb yaşamaq istəyir. Bu səbəbdən də mənzilin məhkəmə qaydasında satılmasını istəyir. Göstərilənlərə əsasən Sumqayıt şəhəri, 42-ci məhəllə, 9 saylı evin 39 saylı mənzilinin məhkəmə qərarı əsasında açıq hərracdan satılması və satış pulunun payına mütənasib olaraq iddiaçıya çatan hissəsinin ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsində İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçının tələbi tamamilə əsassızdır. Belə ki, mübahisələndirilən ev satıldıqdan sonra iddiaçıya 30.000 manat verə bilər. Hazırda iddiaçıya 30.000 manat kompensasiya verməyə razıdır. Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(060)-6621/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Sumqayıt şəhəri, 42-ci məhəllə, 9 saylı evin, 39 saylı mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin əmlakların paylı mülkiyyətçilər İddiaçı və Cavabdeh arasında ½ paya münasibətdə bərabər bölünməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(060)-6621/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri,42-ci məhəllə, 9 saylı evin 39 saylı mənzili açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin əmlakların paylı mülkiyyətçiləri İddiaçı və Cavabdeh arasında 1/2 paya münasibətdə bərabər bölünməsi qət olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin sözügedən qətnaməsi ilə AR MPM-nin 8, 14, 47.2, 76, 77, 79, 85, 88, maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqları pozulmuşdur. Məhkəmə işi düzgün araşdırmamış, işin hallarını düzgün qiymətləndirməmişdir. Məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qətnaməni qanunsuz və əsassız hesab edir. Ona görə də apelyasiya şikayəti vermək qərarına gəlmişdir. Bildirmişdir ki, işin mahiyyəti aşağıdakılardan ibarətdir ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin (əmlakın) real bölgüsü və payın naturada ayrılması,müəyyən edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Həmin mənzil həm iddiaçıya, həm də ona vərəsəlik qaydasında ½ hissə olmaqla bərabər payda mülkiyyətlərinə verilmişdir. Bununla bağlı hər ikisinə müvafiq çıxarış verilmişdir. Həmin mənzil 3 otaqdan ibarətdir və ümumi sahəsi 68,16 metrdir. Həmin mənzil paylı mülkiyyət hüququ üzrə ona ½ hissə, İddiaçı ½ hissə ilə adlarına daşınmaz əmlakın dövlət reyestrində reyestr kitabının 106 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı ondan həmin mənzildən onun payını ayırıb verməyini və ya ona payına mütənasib kompensasiya verməyini xahiş etmişdir. Lakin iş üzrə verilmiş Məhkəmə Ekspertiza Məhkəməsinin xx.xx.2022-ci il tarixli,10/5580 saylı ekspert rəyi ilə qeyd olunub ki, mənzilin tərəflər (payçılar) arasında naturada bölünməsi texniki cəhətdən mümkün deyil. Qeyd etmişdir ki, mənzilin yarı qiymətinə bərabər olan paya görə iddiaçıya kompensasiya ödəməyə maddi imkanı olmadığından və yalnız mənzil satıldıqdan sonra yarı pulunu iddiaçıya ödəyəcəyini bildirmişdir. Belə ki, ilkin hərrac zamanı evin satış qiymətinin neçə olması barədə heç bir məlumat qətnamədə qeyd olunmamışdır. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə iş üçün əhəmiyyəti olan hüquqi faktlara uyğun deyil. Onu da qeyd etmişdir ki, müvafiq məhkəmə qətnaməsini 29 dekabr 2023-cü il tarixdə rəsmi olaraq əldə etmişdir. Qətnamənin elektron sistemə yerləşdirilməsi barədə bildirş də elektron məhkəmə sisteminə daxil olmamışdır. Hesab edir ki, qətnamə çıxarılan zaman bərabərlik hüuquna əməl olunmamış, ev qiymətləndirilmədən onun qarşı tərəfə kompensasiya verməyi qərara alınmışdır. Qətnamədə iş üzrə müəyyən edilmiş həqiqi hallar nəzərə alınmamış, qətnamə çıxarılarkən tərəflərin qarşılıqlı münasibəti nəzərə alınmamışdır. Hesab edir ki, qətnamə çıxarılan zaman bərabərlik prinsipinə əməl olunmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllədə istifadədə olan 0,11 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 2-ci mərtəbəsində yerləşən 68,16 kv.m ümumi, 47,25 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 39 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə Cavabdeh 1/2 hissə, İddiaçı 1/2 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 106 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər 4 saylı dövlət notariat kontorunun dövlət notariusu M.H.Yadigarov tərəfindən verilmiş 31 avqust 2009-cu il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»dən görünür ki, 21 fevral 2009-cu ildə vəfat etmiş X1 vərəsələri bunlardır: oğlu-Cavabdeh, qızı- İddiaçı və onların hər biri 1/2 hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi idarəsinin 31 avqust 2009-cu il tarixli 14/2785 №li arayışına və xx.xx.2007-ci il tarixli 26№li reyestr kitabının 106№li vərəqində qeydiyyat № 140701220, MH №0007747 olan Çıxarışa əsasən Sumqayıt şəhəri, 42 məhəllə, ev 9, mənzil 39-da yerləşən ümumi sahəsi 68,16 kv.m., yaşayış sahəsi 47,25 kv.m. olan üç otaqlı mənzildən ibarətdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 5010/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın real bölgüsü və payın naturada ayrılması, müəyyən edilməsi” tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir Birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər mübahisəli Sumqayıt şəhəri, 42-ci məhəllə, 9 saylı evin, 39 saylı mənzilin paylı mülkiyyətçiləridirlər. Hazırda iddiaçı mübahisəli mənzilin 1/2 hissəsinin mülkiyyətçisi olaraq əmlakın açıq hərracda satılmasını və satış pulunun aralarında bölünməsini tələb edir. Cavabdeh iddia tələbinə etiraz edir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan daşınmaz əmlakın naturada bölgüsü mümkün olmadığından, bununla da ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadığından, cavabdeh iddiaçının payına uyğun tələb olunan kompensasiyanı vermək iqtidarında olmadığından, həmin əmlak açıq hərracda satılmalı və əldə olunacaq məbləğ tərəflərin payına mütənasib şəkildə bölünməlidir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Sumqayıt şəhəri, 42-ci məhəllə, 9 saylı evin, 39 saylı mənzili açıq hərracdan satılmalı və satışdan əldə olunmuş pul vəsaiti əmlakların paylı mülkiyyətçilər İddiaçı və Cavabdeh arasında ½ paya münasibətdə bərabər bölünməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220, 220.3, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci və 157.2-ci maddələrinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəlləsinin 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarına əsasən əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3, 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Mülki Məcəllənin 220.6-cı maddəsinə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Baxılan işin halları həmin dispozisiya şərtlərinə uyğundur. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulan hər bir mərhələ üçün ayrıca məhkəmə icraatının açılmasına, yəni məhkəmə qətnaməsinin olmasına zərurət yoxdur. Bunun üçün paylı mülkiyyətçinin öz payının ayrılmasını tələb etməsi kifayətdir. İşə baxan məhkəmə isə hər bir mərhələni ayrı-ayrılıqda yoxlamaqla, öz payının ayrılmasını tələb edən mülkiyyətçinin tələblərini Mülki Məcəllənin 220-ci maddəsinin tələbləri baxımından yoxlamağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin mübahisə etdikləri Sumqayıt şəhəri, 42-ci məhəllə, 9 saylı evin, 39 saylı mənzilin açıq hərracda satılması, mənzilin açıq hərracda satıldıqdan sonra satışdan əldə edilmiş vəsaitin paylara mütənasib surətdə bölüşdürülməsinə dair birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(060)-6621/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-591/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-591/2024
29.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver