Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-596/2024 07.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Cavabdeh iştirakı ilə (sonuncu məhkəmə iclasında gəlməmişdir) Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)-391/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, “HOWO” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər PME********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır.
2. Abşeron DYP tərəfindən tərtib olunan inzibati tənbeh vermə haqqında xx.xx.2023cü il tarixli qərara əsasən “HOWO” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir.
3. Dəymiş ziyan aktının surətindən görünür ki, qeyd edilən yolnəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus olan işıq dirəyinə 974.68 manat məbləğində maddi zərər dəymişdir.
4. xx.xx.2023-cü il tarixli 1AS230439 saylı sığorta ödənişi aktından görünür ki, "xxxx" ASC tərəfindən 974.68 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
5. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 504-04/23 SH saylı məktubunun surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi üçün xəbərdarlıq edilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən, ekspertiza təyini haqqında qərarda göstərilən işıq dirəyinə dəymiş ziyanın ümumi məbləği 974.68 manat müəyyən edilir. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 974,68 manat yolnəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30,40 manat dövlət rüsumu, ümumilikdə 1005.08 manat alınıb "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “HOWO” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobil Abşeron rayonu, Qobu qəsəbəsində hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nəticədə "xxxx" MMC-yə məxsus olan işıq dirəyinə dəymiş və nəticədə sonuncuya maddi zərər dəymişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Abşeron DYP tərəfindən tərtib olunan inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən “HOWO” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “"xxxx" MMC-ə məxsus olan işıq dirəyinə 974.68 (doqquz yüz yetmiş səkkiz manat, altmış səkkiz qəpik) manat məbləğində maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsi üzrə İAS230230439 saylı Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 974.68 (doqquz yüz yetmiş səkkiz manat, altmış səkkiz qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. AR Mülki Məcəlləsinin 936-cı maddəsinə (subroqasiya hüququ) əsasən sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ mövcuddur.
9. Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)-391/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 974,68 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30,40 manat dövlət rüsumu, ümumilikdə 1005,08 manat alınıb "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir (hakim Mirələm Quliyev).
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 445.1, 445.7 və 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayəti verərək, Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)-391/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, iddia tələbindən göründüyü kimi, Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə (subroqasiya hüququ) əsasən sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ mövcuddur. Qətnamədə daha sonra qeyd edilmişdir ki, işdə olan dəymiş ziyan aktının surətindən görünür ki, qeyd edilən yolnəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus olan işıq dirəyinə 974.68 manat məbləğində maddi zərər dəymişdir. İşdə olan "xxxx" ASC-nin xx.xx.2023cü il tarixli 504-04/23 SH saylı məktubunun surətindən görünür ki, Cavabdeh Ərəstun oğluna borcun odənilməsi üçün xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum bilmir, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, məlum hadisə nəticəsində "HOWO" markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin işığ dirəyinə toxunması nəticəsində dirək baş tərəfdən təxminən 30-40 sm əyilmiş, dib tərəfdən isə təxminən 1-1,5 sm içəri batıq vəziyyət almışdır. İşıq dirəyinin bərpası üçün çox cüzi, təxminən 40-50 manat xərc tələb olunduğu halda məhkəmə zərər aktını sübut kimi qəbul etmişdir. Məhkəmə cavabdehin iştirakını təmin etməmiş, iş üzrə məhkəmə (qiymətləndirmə) ekspertizası təyin edərək rəy almamış, yalnız sığorta şəhadətnaməsini əsas hesab etmişdir. Ona görə də məhkəmənin gəldiyi nəticə əsaslı ola bilməz və zərər aktı da tamamilə şişirdilmiş rəqəmlər əsasında tərtib edilmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmış və onun iştirakını təmin etməmiş, nəticədə cavabdeh özünün müdafiəsini təşkil edə bilməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
14. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
18. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
20. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
21. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
22. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
23. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
24. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
25. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
26. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununu
27. Maddə 63.1. Avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
32. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
33. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
41. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)-391/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etmişdir.
42. Ona görə də kollegiya Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)-391/2023 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, ekspertiza xərci cavabdehdən tutulmalıdır.
44. İşin hallarından görünür ki, xx.xx.2023-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “HOWO” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsus olan işıq dirəyinə dəymiş və nəticədə sonuncuya maddi zərər dəymişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “"xxxx" MMC-ə məxsus olan işıq dirəyinə 974,68 manat məbləğində maddi zərər dəymişdir. "xxxx" ASC tərəfindən 974,68 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
45. Göründüyü kimi, Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayındığından, iddiaçı "xxxx" ASC 974,68 manat məbləğində sığorta ödənişin əvəzini cavabdehdən subroqasiya qaydasında tələb edir.
46. Kollegiya qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
47. Göründüyü kimi, qanunverici sığotaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir.
48. Cavabdeh apellyasiya şikayətinin dəlillərində işə baxılarkən onun iştirakının təmin edilməməsinə istinad etmişdir. Həmin dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işə məhkəmə iclası keçirilmədən sadələşdirilmiş qaydada baxmışdır.
49. Həmçinin işə baxılması barədə apellyatora lazımi qaydada məlumat verilməsi məqsədi ilə cavabdehin rəsmi qeydiyyat ünvanına məktub göndərdiyindən, kollegiya apellyasiya şikayətinin bu dəlilini əsaslı hesab etmir.
50. Kollegiya cavabdehin apellyasiya şikayətində ekspertizanın keçirilməsinə dair dəlili ilə bağlı ekspertiza təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən, ekspertiza təyini haqqında qərarda göstərilən işıq dirəyinə dəymiş ziyanın ümumi məbləği 974,68 manat müəyyən edilmişdir. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.
51. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, birinci instansiya məhkəməsinin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
52. Beləliklə kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək, qeyd edir ki, hazırkı iş üzrə ekspertiza rəyi nəzərə alınmalı, qeyd olunan dəlillər hazırkı iddia tələbinin rədd olunması və apellyasiya şikayətinin təmin olunması üçün əsas kimi çıxış edə bilməz.
53. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
54. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)-391/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)-391/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.