Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-599/2022 10.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında Şamaxı Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(074)-999/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(074)-999/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Natiq İsmayılov) İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış cərimənin silinməsi tələbinə dair iddia təmin edilmiş, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 14 may 2021-ci il tarixli, 202859 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 1317,66 manat borcun İddiaçı abunə hesabından silinməsi qət edilmiş, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 14 may 2021-ci il tarixli, 202859 saylı aktının etibarsız hesab edilməsi və həmin akta görə hesablanmış 1317,66 manat cərimə məbləğinin onun abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, o, ünvan 1indəki evində mövsümi yaşayır. Şəxsi evində elektrik enerjisindən istifadə edir və vaxtlı-vaxtında enerjidən istifadəyə görə yaranan borcu ödəyir. O, evi alarkən evdə işıq sayğacı olmuş və evin qarşısındakı küçədə yerləşdirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları onun evinə məxsus sayğaca baxış keçirmiş və sayğacın işləmədiyini müəyyən edərək, sayğacın dəyişdirilməsini və yenisi ilə əvəz edilməsini müəyyən etmişlər. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları sayğacı dəyişdirmiş və ona “Elektrik enerjisindən istifadə Qaydaları”nı pozduğu üçün 1062,16 manat və aktiv köhnə tarifi 255,50 manat nəzərə alınmaqla, cəmi 1317,66 manat cərimə hesablamışlar. Hesablanmış cərimə məbləği əsassızdır, tərtib edilmiş akt ləğv edilməli və əsassız hesablanmış cərimə məbləği silinməlidir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 14 may 2021-ci il tarixli, 202859 saylı aktın kim tərəfindən tərtib edilməsi, habelə həmin akt tərtib olunan zaman şahid və hal şahidlərinin imzası olan qrafanın kim tərəfindən doldurulması aydın deyildir. Mübahisəli sayğac evi alarkan yerində olmuş, sayğaca heç bir müdaxilə olunmamışdır. Sayğaca baxış keçirilərkən ona məlumat verilməmiş, iştirakı təmin edilməmişdir. Sayğac yenisi ilə əvəz olunmuş, nəticədə heç bir sübut olmadığı halda, ona 1317,66 manat məbləğində cərimə yazılmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X2 də hazırki işə cavabdeh qismində cəlb edilməsini və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 14 may 2021-ci il tarixli, 202859 saylı aktının etibarsız hesab edilməsi və həmin akta görə hesablanmış 1317,66 manat cərimə məbləğinin onun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, 14.04.2021-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları R.Şahməmmədov və B.Musayev tərəfindən Şamaxı rayonu Nağaraxana kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının işləmədiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən 14.04.2021-ci il tarixli, R202859 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən 27.07.2021-cı il tarixində X2 əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yenisi ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı ******* saylı protokol tərtib olunaraq elektrik sayğacı rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Laboratoriyanın 28.07.2021-ci il tarixli, 224853 saylı protokolu ilə elektrik sayğacının daxili sxemində yaranmış qüsur səbəbindən axan yükü qeyd etmədiyi barədə rəy verilmişdir. 14.04.2021-ci il tarixli, R202859 saylı akta əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şimal-Qərb RETSİ-nin akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 365 gün üçün 0,07 manatla 3650 kvt.s (dəyəri 255.50 manat) və 0.11 manatla 9656 kvt.s (dəyəri 1062.16 manat) olmaqla, toplamda 1317,66 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Məhkəmənin qeyd etdiyi norma çoxmərtəbli yaşayış binalarına aid edilir. Belə ki, çoxmərtəbəli yaşayış binalarının mənzillərinə aid olan elektrik sayğacları cəm şəkildə bir qutunun içərisinə quraşdırılır və həmin qutunun üzərində enerjitəchizatı müəssisəsinin möhürü olur. Yalnız həmin sayğaclara cavabdehliyi enerjitəchizatı müəssisəsi daşıyır. Təktək quraşdırılmış və abonentə təhvil verilmiş elektrik sayğaclarına cavabdehliyi isə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.11-ci bəndinə əsasən abonent özü daşıyır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi, apellyasiya şikayətinin təmin edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti faktiki olaraq iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 14 may 2021-ci il tarixli, 202859 saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman elektrik sayğacının işləmədiyi aşkar edilmişdir. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğac üzrə 17.08.2015-ci il tarixdən 05.08.2021-ci il tarixə qədər olan dövr üzrə 463,33 manat, aktlar üzrə 1484,72 manat borcu vardır. İddiaçı 730,32 manat ödəniş etmiş, 1217,73 manat borcu mövcuddur. İş materiallarında olan məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 27.07.2021-ci il tarixli, ******* saylı protokolun surətindən görünür ki, 27/324 saylı iş tapşırığına və 202859 saylı akta əsasan İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinin sayğacı dəyişdirilib, yenisi ilə əvəz olunmuşdur. İş materiallarında olan sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında 224853 saylı, 28 iyul 2021-ci il tarixli protokolun surətindən görünür ki, abonent kodu **********00043 olan İddiaçı məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğac daxili sxemdə yaranmış qüsur səbəbindən axan gücü qeyd etmir. “Elektroenergetika haqqında” qanunun 11-ci maddəsinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.17-ci bəndinə görə enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.3-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. İş materiallarından görünür ki, 14 may 2021-ci il tarixli, 202859 saylı akt tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının yaşadığı evin elektrik sayğacı evdən kənarda quraşdırılmışdır. Belə olan halda həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericiliyin mənasına görə mümkün deyildir. Belə ki, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, 14 may 2021-ci il tarixli, 202859 saylı akt qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən və elektrik sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyindən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şamaxı Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(074)-999/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-599/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-599/2022
10.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver