Məhkəmə qərarları › İş №2(105)-6/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-6/2022

15.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-6/2022 15.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11215/2017 saylı, 29 avqust 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11215/2017 saylı, 29 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 8b/26 saylı evin 43 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. ( hakim İ.M.Mahmudov) Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11215/2017 saylı, 29 avqust 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 yanvar 2019-cu il tarixli, 2(105)-80/2019 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə icraat İddiaçı vərəsələrinin dairəsi dəqiq müəyyən olunana və vərəsəlik şəhadətnaməsi verilənə qədər dayandırılmışdır. Müvafiq qurumlara sorğuların verilməsinə baxmayaraq İddiaçı vərəsələrinin dairəsinin müəyyən etmək mümkün olmamış, habelə iş üzrə icraatın təzələnməsinə dair məhkəməyə hər hansı müraciət daxil olmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2022-ci il tarixli, 2(105)-6/2022 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq belə qərara gəlir ki, iş üzrə iddiaçı X3 qızı ölmüş, müvafiq qurumlara sorğuların verilməsinə baxmayaraq İddiaçı vərəsələrinin dairəsinin müəyyən etmək mümkün olmamışdır. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat ŞÖbəsinin AZ-İ 911162 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı 06.02.2018-ci il tarixdə ölmüşdür. Hazırda onun vərəsələrinin dairəsi müəyyənləşdirilməmişdir. AR Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 261.0.7-ci maddələrinə görə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasındakı mübahisə edilən hüquq münasibətləri hüquq varisliyinin yaranmasına yol versə də, X1 mirası ilə bağlı müvafiq qurumlara sorğuların verilməsinə baxmayaraq İddiaçı vərəsələrinin dairəsinin müəyyən etmək mümkün olmamışdır. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, X1 hüquqi varisləri müəyyən ediləcəyi təqdirdə hazırki mübahisə ilə bağlı məhkəməyə müraciət etmək hüquqları istisna edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 263, 264, 306, 391, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11215/2017 saylı, 29 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar