Məhkəmə qərarları › İş №2(105)-601/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-601/2021

08.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-601/2021 08.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı, Cavabdehin nümayəndəsi: X1 iştirakları ilə, İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi İ.R.Mirzəyev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) iddia tələbinin təmin edilməsi, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 3A saylı evin, 10 nömrəli mənzilinə (abunə kodu: **********10100) dair itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 259.20 (iki yüz əlli doqquz manat iyirmi qəpik) manat borcun silinməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh «Cavabdeh» İB-nə qarşı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış borcun silinməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərarın ləğv edilməsi, həmin qərar əsasında hesablanmış 259.20 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 3A, mənzil 10 mülkiyyət hüququ ilə ona məxsusudur. xx.xx.2018-ci ildə “Cavabdeh” İB-nin X6 Sahəsinin əməkdaşları tərəfindən mənzilinə quraşdırılmış mexaniki tipli qaz sayğacı smartkart tipli qaz sayğacı ilə əvəz edilmişdir. Bu barədə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx xxx 2018-ci il tarixli, ******* nömrəli akt tərtib olunmuşdur. Sözü gedən akta əsasən ona sayğacın dəyəri olaraq borcun olubolmaması barədə məlumatı yoxdur. Mənzilindən çıxarılmış mexaniki tipli qaz sayğacı İnformasiya Texnologiyaları və X4 və X5 Kalibirləşmə Laboratoriyasında yoxlanılmış və tərtib edilmiş xx xxxxxxx 2018-ci il tarixli, MSK-29/1710-00733-3 saylı akta görə xətalar normaya uyğun deyil. Sayğac minimal sərfiyyatda 100% nisbi xəta ilə işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Kamera vasitəsi ilə plastmas boruya baxış keçirilmiş, heç bir kənar təsir izləri aşkar olunmamışdır. Bu səbəbdən də sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Təbii qazdan istifadə qavdalarının pozulması haqqında xx xxxxxx 2018-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş, sözügedən akta əsasən ona 259.20 manat cərimə hesablanmışdır. Mənzilinə təbii qazın verilməsi dayandırılmışdır, cavabdeh tərəfindən tərtib olunmuş aktla razılaşmır. İstehlakçı kimi qaz sayğacına bir müdaxilə etməmiş və tələb olunan məbləği əsassız hesab edir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi İ.R.Mirzəyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 6-cı mkr, ev 3A, mənzil 10 saylı yaşayış evinə quraşdırılmış təbii qaz sayğacı ilə bağlı məlumat yazılmış və təbii qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Sayğac dəyişdirilən zaman abonentə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində tərtib edilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli aktda sayğacda qeyd olunan nöqsan “smart kartla əvəzləmə, T/S, Bay. № 860508534”, yazılmışdır. Əvvəlki, yəni yararsız hala salınmış təbii qaz sayğacı təlimata uyğun olaraq İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə Dövlət Yoxlamasına göndərilmişdir. Dövlət yoxlama idarəsinin aktına əsasən qaz sayğacına “informasiya Texnologiyaları və Rabitə İdarə”nin kalibirləmə laboratoriyasında baxış keçirilmiş və məişət qaz sayğacında “xətalar normadan artıqdır, sayğac minimal sərfiyyatda 100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir, kamera vasitəsi ilə çıxış plastmas boruya baxış keçirildi, heç bir kənar təsir izi aşkar edilmədi”, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir”. Onların əməkdaşları həmin mənzilə xx.xx.2018-ci il tarixdə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib etmiş və Dövlətə vurduğu ziyan müəyyən edilərək xx.xx.2018-ci il tarixli aktla itirilmiş qazın bərpası üzrə 1296m3x0,20=259,20 manat cərimə hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin, lakin hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuşdur ki, “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər”. Lakin məhkəmə bunları nəzərə alınmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020ci il tarixli 2(060)-4741/2020 saylı qətnaməsini ləğv edib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi S.İ.Qasımova apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, iddia ərizəsinə oxşar izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərək, borcun qanuna uyğun hesablanmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi İ.R.Mirzəyevin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarında olan Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 3A saylı evin, 10 nömrəli mənzili İddiaçı adına qeydiyyatdan keçmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, məişət qaz sayğacında “xətalar normadan artıqdır, sayğac minimal sərfiyyatda 100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir, kamera vasitəsi ilə çıxış plastmas boruya baxış keçirildi, heç bir kənar təsir izi aşkar edilmədi”, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir”. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 3A saylı evin, 10 nömrəli mənzilinə 1296 m3 itirilmiş təbii qaz hesablanmışdır. İşə əlavə olan abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 3A saylı evin, 10 nömrəli mənzilinə 259.20 manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “X3”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görəfiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərarda göstərilən pozuntuya görə istehlakçı məsuliyyət daşımadığından və qeyd olunan qərar hazırki iş üzrə iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini pozduğundan, həmin qərar ləğv edilməsi barədə gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdləri mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi nəzərdə tutulur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir.Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahmisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 2(060)- 4741/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar