Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-607/2021 15.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddianın qismən təmin edilməsi, İddiaçı məxsus Abşeron rayonu, Novxanı bağlar massivi 4834 (abonent kodu 32043832) ünvanına hesablanmış 167,50 (bir yüz altmış yeddi manat əlli qəpik) manat borcun abonentin hesabından silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Novxanı bağları massivində yerləşən 4834 nömrəli bağ evinə hesablanmış 928,73 manat su sərfiyyatına görə olan borcun (Abonent kodu: 32043832) Cavabdeh ASC tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Novxanı bağlar massivində yerləşən 4834 saylı bağ evi faktiki olaraq uzun müddətdir ki, onun istifadəsindədir. Həmin ünvanda su təchizatı mövsumə uyğun olaraq fasilələrlə verilib. Belə ki, may ayından sentyabr ayınadək su təchizatı stabil olsa da ilin digər vaxtlarında su təchizatı ümumi olaraq dayandırılır və ayda iki dəfə olaraq sutkanın müəyyən vaxtlarında verilir. Mövcud problem barədə aidiyyatı üzrə o və orada yaşayan qonşular tərəfindən müxtəlif dövrlərdə şikayət olunsa da problem aradan qaldırılmayıb. Həmin problemlərdən irəli gələn digər problem su təchizatı sərfiyyatının müəyyən olunmasıdır. Tullantı sularının axıdılması üçün mövcud xətt olmadığından kanalizasiya xəttinə qoşulma yoxdur və hesabat yalnız su təchizatına görə hesablanır. Həmin ünvanda sayğac olmadığı üçün qeydiyyatda bir nəfər olmaqla və həyətyani torpaq sahəsi 12 sot olmaqla aylıq 65 m3 su ilə sərfiyyatı hesablanmalıdır. Həmin hesabata uyğun olaraq xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikasının Tarif Şurasının həmin dövrə müvafiq qərarına əsasən 1 m3 suyun dəyəri 0,30 manat olmaqla hesablanır və ümumi olaraq 19,5 manat olmalıdır. xx xxxxx 2018-ci il tarixədək məcburi köçkün statusunda olan X2 yuxarıda qeyd olunan bağ evində müvəqqəti qeydiyyatdadır. Bu səbəbdən də bir nəfər məcburi köçkün üçün nəzərdə tutulan 5 m3su ödənişsiz şəkildə hesablanır. Cavabdeh ASC-nin abonent haqqında məlumat kartındakı göstərcilərə nəzər yetirilsə müxtəlif illərdə tarif dəyişən tarixədək göstərilir ki, hesabat illər üzrə müxtəlif məbləğlərdə hesablanır və stabil deyil. Belə ki, 2012-ci il üzrə 117,90 manat, 2013 və 2014-cü illər üzrə 126 manat, 2015-ci illər üzrə 207 manat, 2016-cı ilin may ayında borca görə X3 tərəfindən heç bir akt tərtib olunmadan su təchizatı dayandırılmışdır. Həmin müddətə qədər su təchizatına görə olan borcu 349,48 manat təşkil etmişdir. Lakin vid kartdan görünür ki, qeyd edilən tarixdən su təchizatı dayandırılsa da, hesabat tamamilə dayandırılmamışdır. Belə ki, 2016, 2017-ci illər bütöv, 2018-ci ildə 5 ay və 2019-cu ildə 3 ay olmaqla hesabat aparılmışdır və 579,25 manat su sərfiyyatı əsassız olaraq hesablanmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı qismən təmin etməklə düzgün qərar qəbul etməmişdir. Cavabdehin nümayəndəsinin təqdim etdiyi kəsim aktı 2019-cu ilin sentyabr ayına təsadüf edir, digərki həmin aya təqdim olunan vid kartda sərfiyyat hesablanmışdır. Həmin akt indiki tarixlərdə tərtib olunub və həmin aktda borclu olan abonentin və ya həmin ərazidə yaşayan hər hansı bir sakinin imzası yoxdur. Məhkəmə tərəfindən bir çox prosessual normalarının tələbləri pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(060)-2518/2020 saylı qətnaməsini ləğv edib, ilkin iddia üzrə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinə və şikayətə oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, borcun tam silinməsi üçün iddiaçı tərəfindən sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki iş materiallarında olan xx.xx.2020-ci il tarixli Abonent kartından görünür ki, ünvan 2 ünvanında (abonent kodu 32043832) 928,73 manat borc vardır. İşdə olan abonent kartından həmçinin görünür ki, 2011-ci ildə 18.80 manat, 2012-ci ildə 89,10 manat, 2013-cü ildə (-) 74 manat, 2014-cü ildə 20,50 manat, 2015-ci ildə 147 manat, 2016-cı ildə 97,50 manat, 2017-ci ildə 254.80 manat, 2018-ci ildə 120.05 manat, 2019-cu ildə 59.85 manat, cəmi 928,73 manat borc hesablanmışdır. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydada və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanunun 61-ci maddəsinə əsasən Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. «Su təchizatı və tullantı suları haqqında» 62-ci maddəyə əsasnə Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 262 saylı Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6.-cı maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci bəndinə əsasən iddia müddəti bitdiyi üçün xx xxxxxx 2016-cı il tarixədək su təchizatına görə olan borcu silinməlidir. Lakin birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin bu tələbinə məhəl qoymayaraq həmin Məcəllənin 551.2-ci bəndinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahmisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli 2(060)- 2518/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə olan Novxanı bağlar massivində yerləşən 4834 bağ evinə hesablanmış su sərfiyyatına görə olan qalıq borc 928 (doqquz yüz iyirmi səkkiz) manat 73 (yetmiş üç) qəpik (abonent kodu 32043832) Cavabdeh ASC-i tərəfindən silinsin. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-607/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-607/2021
15.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver