Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-607/2022 29.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun vəkili X3, Cavabdeh3, onun vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «əsassız əldə edilmiş pulun vərəsələrindən tələbinə dair» mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(060)-8373/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(060)-8373/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Rəşad Qoşqarlı). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(060)-8373/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 10000 manat məbləğində borcun və 3000 manat məbləğində maddi ziyanın və 31 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 10000 manat məbləğində borcun və 3000 manat məbləğində maddi ziyanın və 31 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Belə ki, 2018-ci ildə Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsində mənzil almaq qərarına gəlmiş və həmin vaxt Hüseynov İlham Atış oğlu özünü ona dəllal kimi qələmə verərək bu işdə köməklik göstərəcəyini demişdir. O, həmin vaxt Z.Tağıyev qəsəbəsində 1 saylı yataqxananın 9 saylı otağının 13000 manata satıldığını deməklə onu həmin yataqxananın sahibi - mərhum X8 ilə tanış etmiş və həmin vaxt mərhum və onun həyat yoldaşı Şəfiqə bildirmişlər ki, razılaşdırılmış pulu onlara versin və onlar da yaxın müddətdə yataqxananı sənədləşdirməklə adına alğı-satqı edəcəklər. Bu şəxslərə inanaraq 13000 manat pul vermiş və sonradan isə məlum olmuşdur ki, bu pulun 3000 manatını makler İlham özünə götürmüş və 10000 manatını isə yataqxana sahibi kimi özünü təqdim etmiş M.Şiriyevə vermişdir. Lakin bu şəxslər vəd verdikləri vaxtda yataqxananı onun adına rəsmiləşdirməmiş və aldadıldığını başa düşərək məhkəmədə dəllala - Hüseynov İlham Atış oğluna qarşı iddia qaldırmaqla yataqxanaya görə vermiş olduğu pulları ondan tələb etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2020-ci il tarixli 2(060)- 1492/2020 saylı qətnaməsi ilə onun cavabdeh Hüseynov İlham Atış oğluna qarşı pul və mənəvi ziyan tələbinə dair iddiası qismən təmin edilməklə cavabdehdən 3400 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun, ümumilikdə 3430 manat məbləğində pulun tutulması qət edilmiş və iddia tələbi qalan hissədə rədd edilmişdir. Həmin qətnamə ilə razı olmadığı üçün apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.02.2021-ci il tarixli 2(105)- 212/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qarşı tərəf İ.Hüseynovun apellyasiya şikayəti qismən təmin edilməklə məhkəmə qətnaməsi «cavabdeh Hüseynov İlham Atış oğlundan 3400 manat məbləğində pul alınıb verilsin» hissəsində ləğv edilmiş və iddia qismən təmin edilməklə cavabdeh Hüseynov İlham Atış oğlundan 2500 manat məbləğində pulun alınaraq ona verilməsi qət edilmişdir. Həmin məhkəmə prosesində ona izah olunmuşdur ki, yataqxanaya görə ödənilmiş pul yataqxana sahibi kimi özünü təqdim etmiş Ağdam rayonundan məcburi köçkün Şiriyev Məmişə verildiyi üçün həmin pulu da ondan tələb etməlidir. Hazırda isə ona məlum olmuşdur ki, Şiriyev Məmiş dünyasını dəyişmişdir. Lakin mərhum ondan aldığı həmin pul ilə Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsində özünə 2 mərtələbəli fərdi yaşayış evi tikmiş və hazırda onun həyat yoldaşı və uşaqları qeyd edilən evdə yaşayırlar. Belə hesab edir ki, Şiriyev Məmiş artıq həyatda olmadığı üçün onun aldığı həmin vəsait onun qanun üzrə 1-ci növbə vərəsələrindən tutulmalıdır. Onu da qeyd edir ki, M.Şiriyevin həyat yoldaşı Şəfiqə onunla söhbət əsnasında pulu qaytaracağını bildirsə də həmin pulu qaytarmamışdır. Ondan alınan 10000 manat məbləğində pul ilə cavabdehlər özlərinə ev tikmiş, həmin puldan yararlanmış və bu gün də yararlanmaqda davam edirlər, lakin özü aldadılmış və ona satdıqları yataqxana adına rəsmiləşdirilməmişdir, bu səbəbdən də ona dəymiş zərərin əvəzi olaraq cavabdehlərdən müştərək qaydada 10000 manat məbləğində borcun və 3000 manat məbləğində maddi ziyanın və 31 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində cavabdeh iddia tələbini qəbul etməsə də həqiqətən də həmin yataqxanaya görə onun mərhum həyat yoldaşına pul çatdığını və həmin pulun 10000 manat deyil, 9500 manat məbləğində olduğunu etiraf etmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(060)-8373/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili X9 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki. müvəkkili aldadılıb. Yataqxananı iddiaçıya sataraq pulunu alıb, özlərinə fərdi yaşayış evi tikiblər. 10000 manatın Məmiş Şiriyevə çatdırılması məhkəmə qaydasında müəyyən olunub. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(060)-8373/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, iddiaçını aldatmamışlar, o artıq 5 ildir ki, sözgedən yataqxanada yaşayır. Evi o satmamış, mərhum əri satıb. Ümumən yataqxananın satılmağına razı deyildi. Amma ərinin işinə qarışa bilməzdi. Yataqxana 2018-ci ildə satıldı. Əri yataqxananı satdıqdan 1 ay sonra gəlib ona məlumat verdi və 4 min də pul verdi. Əri Məmiş xəstə idi. Həmin pul da onun müalicəsinə xərcləndi. Əgər iddiaçı yataqxananı onlardan aldığı formada geri qaytarırsa, bundan əlavə 5 il orada yaşadığı üçün kirayə pulunu verisə, ona 8500 manat pul qaytarmağa etirazı yoxdur. Əks təqdirdə apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(060)-8373/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 vəkili X7 apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, hazırki iddia üzrə cavabdehlərin dairəsi düzgün müəyyən olunmayıb. İddiaya cavab verməli olan şəxslər cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 deyillər. Cavabdehin izahatını təsdiq edir. Apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(060)- 8373/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proess iştirakçılarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh3 Kərim qızından 10000 (on min) manat pul alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhəri X1 20.09.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 300 kv.metr torpaq sahəsi və fərdi yaşayış evi mövcuddur. Həmin ünvanda mərhum X4 arvadı Cavabdeh3 və mərhumun qızı Cavabdeh1 yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının №2(102)-3262/2021 saylı, 20.08.2021-ci il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 18.03.2020-ci il tarixli, 2(060)-1492/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 3400 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3430 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-212/2021 nömrəli, 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İ.A.Hüseynovun verdiyi apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(060)-1492\2020 saylı qətnaməsi qismən-“cavabdeh Hüseynov İlham Atış oğlundan 3400 (üç min dörd yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin” hissəsində ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdeh Hüseynov İlham Atış oğlundan 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi, qətnamənin “iddia tələbi qalan hissədə təmin edilməsin” hissəsində dəyişdirilmədən saxlanması, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun 5,29 (beş manat iyirmi doqquz qəpik) manat hissəsinin iddiaçının özünə aid edilməsi və həmin məbləğin 24,71 (iyirmi dörd manat yetmiş bir) qəpik manat hissəsinin cavabdeh Hüseynov İlham Atış oğlundan alınıb, İddiaçı verilməsi, İddiaçı verdiyi apelyasiya şikayətinin təmin olunmaması qət edilmişdir. İddiaçı oğlunun kassasiya şikayəti təmin edilməmiş, cavabdeh Hüseynov İlham Atış oğlunun kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-212\2021 nömrəli, 10 fevral 2021-ci il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilərək, iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. İş materiallarında olan 09.02.2021-ci il tarixli əlyazmanın surətindən görünür ki, Hüseynov İlham Atış oğlu İddiaçı 500 manat pul vermiş, qalanın da mart ayının əvvəli verdiyini öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan əlyazmanın surətindən görünür ki, İddiaçı 14 sentyabr 2018ci il tarixdə Hüseynov İlham Atış oğlundan aldığı iki otaqlı yataqxanaya görə İlhama 13400 manat pul vermişdir. O, Məmiş deyən şəxsi görməmiş və tanımamışdır. O, pulu Hüseynov İlham Atış oğluna oturduğu ofisində verdiyini öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan əlyazmanın surətindən görünür ki, Şiriyev Məmiş 2018-ci il sentyabr ayının 14-də Hüseynov İlham Atış oğlunun yanına getmiş və iki otaqlı yataqxananı satmasını xahiş etmişdir. O, da müştəri İddiaçı taparaq yataqxananı 13400 manata sataraq Hüseynov İlham Atış oğlu o puldan evinə gələrək 10000 manat ona verdiyini imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Baçısının Zeynalabdin qəsəbəsində nümayəndəsinin 20.09.2021-ci il tarixli yaşayış yeri haqqında arayışdan görünür ki, Cavabdeh3 və Cavabdeh1 ünvan 2 ünvanında yaşayır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddiasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamasını, vərəsə kimi cavabdehləri əsas götürərək onlardan pul tələb etsə də, lakin onların vərəsə olması barədə heç bir sənəd məhkəməyə təqdim etməməsini müəyyəne dərək iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının №2(102)-3262\2021 saylı, 20.08.2021-ci il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 18.03.2020-ci il tarixli, 2(060)-1492/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 3400 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3430 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-212/2021 nömrəli, 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İ.A.Hüseynovun verdiyi apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(060)-1492\2020 saylı qətnaməsi qismən-“cavabdeh Hüseynov İlham Atış oğlundan 3400 (üç min dörd yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin” hissəsində ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdeh Hüseynov İlham Atış oğlundan 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi, qətnamənin “iddia tələbi qalan hissədə təmin edilməsin” hissəsində dəyişdirilmədən saxlanması, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun 5,29 (beş manat iyirmi doqquz qəpik) manat hissəsinin iddiaçının özünə aid edilməsi və həmin məbləğin 24,71 (iyirmi dörd manat yetmiş bir) qəpik manat hissəsinin cavabdeh Hüseynov İlham Atış oğlundan alınıb, İddiaçı verilməsi, İddiaçı verdiyi apelyasiya şikayətinin təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının №2(102)- 3262/2021 saylı, 20.08.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı oğlunun kassasiya şikayəti təmin edilməmiş, cavabdeh Hüseynov İlham Atış oğlunun kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-212\2021 nömrəli, 10 fevral 2021-ci il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilərək, iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 25.11.2021-ci il tarixli, 2(105)-3170/2021 saylı qətnaməsinə əsasən cavabdeh Hüseynov İlham Atış oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 18.03.2020-ci il tarixli, 2(060)-1492/2020 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, cavabdeh Hüseynov İlham Atış oğlundan 2500 (iki min beş yüz) manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Qeyd edilən məhkəmə qərarları ilə müəyyən edilir ki, İddiaçı cavabdeh Hüseynov İlham Atış oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona cavabdehin vasitəçiliyi ilə satılmış ünvan 3 ünvanında yerləşən otağın öz adına sənədləşdirilməməsi səbəbindən otağın alınması ilə əlaqədar verdiyi 13000 manatın, həmçinin vasitəçilik üçün aldığı 400 manat pulun, qaz xəttinin çəkilməsi üçün 600 manatın alınmasını xahiş etmişdir. Sonradan 600 manat ödənildiyi üçün iddianın həmin hissəsindən imtina etmiş, məhkəmə gedişatı zamanı 500 manat pul ödənilmiş, məhkəmə qətnaməsi ilə cavabdeh İlham Hüseynovdan 2500 manat pulun tutulması müəyyən edilmişdir. X11 Atış oğlu iddiaçının göstərdiyi 13400 manat pulun 10000 manat hissəsini otağın sahibi olan Şiriyev Məmiş Mikayıl oğluna verdiyini göstərmişdir. Bununla da iddiaçının otağın alınması üçün verdiyi 13400 manat pulun bir hissəsi ödənilmiş, 2500 manatının İlham Hüseynovdan alınması qət edilmiş, yerdə qalan, Məmiş Şəfiyevə verilmiş 10000 manat isə ona qaytarılmamışdır. Göründüyü kimi işdə olan məhkəmə qərarlarından müəyyən edilir ki, otağın iddiaçının adına sənədləşdirilməsi barədə tərəflər arasında razılıq olsa da, sənədləşmə baş tutmamış, iddiaçı mübahisəli otağın alınması ilə əlaqədar 13400 manat pulu vasitəçi İlham Hüseynova vermiş, həmin pulun 10000 manatı otağın sahibi Məmiş Şəfiyevə verilmişdir. Qeyd edilən hal işə birinci instansiya məhkəməsində baxılan zaman Cavabdeh3 izahatında da qeyd edilmişdir. Belə ki, Cavabdeh3 izahatında göstərmişdir ki, 2001-ci ildə Məmiş Şiriyevlə ailə həyatı qurmuşdur. 2004-cü ildə sözügedən yataqxananı almışlar və həmin yataqxanada yaşamışlar. Sonradan Məmiş səhhətinda yaranmış problemlərə görə müalicə almaq üçün yataqxananı satmaq qərarına gəlmişdir. Məmişin yataqxananı hansı qiymətə satmasından məlumatı olmamışdır. Lakin makler tərəfindən Məmişə 9500 manat pul verildiyini bilir. Həmçinin məhkəmə kollegiyasının iclasında da otağın satılmasını sonradan bildiyini, ərinin 4000 manat pulu ona verdiyini qeyd etmişdir. İş materiallarından müəyyən edilir ki, X10 ölmüş, ona məxsus fərdi yaşayış evində arvadı Cavabdeh3 və Cavabdeh1 yaşayırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə förə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının MM-nin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 16.10.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Göründüyü kimi Məmiş Şəfiyev öldükdən sonra ona məxsus Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, H.Ərəblinski (1-ci məhəllə) küçəsi ev 32 ünvanında yerləşən fərdi yaşayış evində Şiriyeva Məmiş Mikayıl oğlunun həyat yoldaşı Cavabdeh3 və mərhumun qızı Cavabdeh1 yaşayır. Bununla da müəyyən edilir ki, Məmiş Şəfiyevin vərəsəsi Şiriyeva Şəfiqə Kərim qızı müəyyən edilir. Məhkəmə kollegiyası iddia tələbinə qiymət verərək hesab edir ki, otağın alınması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş pulun 2500 manatı vasitəçi İlham Hüseynovdan məhkəmə qətnaməsi ilə tutulmuş, həmçinin müəyyən edilmişdir ki, pulun 10000 manat hissəsi otağın sahibi Məmiş Şiriyevə verilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, otağın alınması ilə əlaqədar verilmiş 10000 manat pul Cavabdeh3 alınaraq iddiaçıya verilməlidir. Eyni zamanda məhkəmə kollegiyası iddia tələbinin digər cavabdehlərə münasibətdə qeyd edir ki, cavabdeh qismində göstərilmiş Cavabdeh1 08.04.2004-cü il təvəllüdlüdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49-cu maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Hazırki işdən görünür ki, qeyd edilən şəxs 18 yaşına çatmadığından hazırki iş üzrə cavabdeh qisməndə iddiaya cavab verməli şəxs deyildir. Eyni zamanda digər cavabdeh Ariş Şiriyeva münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin şəxs Məmiş Şiriyevin oğlu olsa da, Məmiş Şiriyevin vərəsəsi olması müəyyən edilməmişdir. Həmçinin həmin şəxsin mərhum Məmiş Şiriyevə məxsus fərdi yaşayış evində də yaşaması müəyyən edilmir. Məhkəmə kollegiyası iddia tələbinin 3000 manat maddi ziyanın və 31 manat dövlət rüsumunun cavabdehdən tutulmasına münasibət bildirərək qeyd edir ki, iddiaçı ona 3000 manat zərər dəyməsini əsaslandırmamış, həmin zərərin hansı formada hesablanmasına dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi yalnız Cavabdeh3 dair hissədə təmin edildiyindən ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh3 10000 manat pul tutulub İddiaçı ödənilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "X.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “...məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinin tələbinə əsasən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.1, 385.1.2 və 385.1.3-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, işüçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh3 10000 manat pul tutulub İddiaçı ödənilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(060)-8373/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 10000 (on min) manat pul tutulub İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-607/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-607/2022
29.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver