Məhkəmə qərarları › İş №2(105)-612/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-612/2023

27.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-612/2023 27.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: vahid mülkiyyət hüququ-kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X10 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, İddiaçı1 vəkili X3, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(067)-1938/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə aparılmış qeydə əsasən, Xudat şəhəri, M. F. Axundov küçəsi 16 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı1, İddiaçı2, İddiaçı4, Cavabdeh və İddiaçı3 adına, həmin sahənin üzərindəki fərdi yaşayış evi isə tam şəkildə İddiaçı1 adınadır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1, İddiaçı2, X6 və İddiaçı3 iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müracət edərək, Cavabdeh Xudat şəhəri, M.F.Axundov küçəsi ünvanında yerləşən 16 saylı fərdi evdən 3000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçılar tələbi belə əsaslandırmışlar ki, Xudat şəhəri, M.F.Axundov küçəsi ünvanında yerləşən, 16 saylı fərdi ev paylı mülkiyyət hüququ əsasında onlara və cavabdehə məxsusdur. Bunu xx.xx.2020-ci ildə ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış təsdiq edir, fərdi ev 0,04 ha torpaq sahəsində yerləşir, ümumi ölçüsü 88,0 kv. m-dir. Cavabdeh 2004-cü ildən etibarən sözügedən 16 saylı fərdi evdə yaşamır. Onlar cavabdehin Xudat şəhəri, M.F.Axundov küçəsi ünvanında yerləşən, 16 saylı fərdi evdən istifadə hüququna kompensasiya verməklə xitam vermək qərarına gəlmişlər. Bu məqsədlə cavabdehə 3000 (üç min) manat təklif edirlər. Mənzildə halhazırda 6 nəfərdirlər və onların ailə üzvləri yaşayır. Yaşadıqları ərazidə 4 nəfərlik ailə üzvünün yaşaması üçün bir aylıq kirayə haqqı 80-100 manat təşkil edir (tam mənzil şəraiti olan). Mənzil darısqaldır, ailə üzvlərinin normal yaşaması və istirahəti üçün tam əlverişsiz olub yaşayış normasına cavab vermir.

4. Xaçmaz Rayon Məhkəməsi (hakim S.Səmədzadə) xx.xx.2021-ci il tarixli, 2(067)- 1938/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, X6 və İddiaçı3 tərəfindən 3000 (üç min) manat kompensasiya ödənilməklə ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüququna xitam verilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki mübahisə üzrə İddiaçı1 mülkiyyətçi olaraq kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbini irəli sürmək hüququna malik şəxs kimi qəbul edilə bilər. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu Qərarında göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Məhkəmə hesab edib ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır.

6. Məhkəmə öz mövqeyini İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və X4 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi), Mülki Məcəllənin 228.2-ci maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, R. Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu özünün 26 sentyabr 2007-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qeyd olunan əmlakda payının olmasına, yəni torpaq sahəsinin birgə mülkiyyətdə olmasına əhəmiyyət verməmiş, məhkəmə iclasında iştirakını təmin etməmiş, formal mülahizələr əsasında qərar çıxarmışdır. Qətnamədə göstərilir ki, "xxxx" Qiymətləndirmə MMC-nin xx.xx.2021-ci il tarixli, 121 saylı mütəxəssis rəyinə görə ev köhnə təmirli olmaqla bazar qiyməti 27.000 manat, likvid qiyməti isə 22.000 manatdır. Halbuki qeyd olunan yaşayış evinin dəyəri hazırki bazar qiyməti ilə 230.000-250.000 manat civarındadır. Yaşayış evi tam təmirlidir, hər cür şəraiti vardır, həyətdə 3 ticarət obyekti mövcuddur. Onlardan biri gəlinlik salonu, biri dərzi və masaj salonu, digəri isə telefon obyektidir. Həmin əmlaklardan xeyli miqdarda gəlir götürülür, başqa sözlə, onun da mülkiyyətində olan torpaq sahəsindən iddiaçılar gəlir götürürlər. Müvəqqəti olaraq əmlakından istifadə etməməsi onu əmlakından və yaşayış yerindən məhrum etmək üçün əsas ola bilməz. Onun himayəsində iki övladı və həyat yoldaşı vardır.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 may 2022-ci il tarixli, 2(105)-825/2022 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(067)-1938/2021 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilmişdir.

10. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edib ki, Xudat şəhəri, M.F.Axundov küçəsi, 16 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı1 adına qeydə alınsa da, cavabdeh İddiaçı4 həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindən biridir.

c) Kassasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı1 tərəfindən kassasiya şikayəti verilmişdir

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 21 noyabr 2022-ci il tarixli, 2(102)-5430/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 may 2022-ci il tarixli, 2(105)-825/2022 nömrəli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır.

13. Kassasiya instansiyası məhkəməsinin qənaətinə görə, məhkəmə iddianı rədd edərkən əvvəlcə iddiaçının təklif etdiyi kompensasiya məbləğinin cavabdehin istifadə hüququna xitam verilməsi üçün yetərli olmadığını bildirir, daha sonra isə qeyd edir ki, fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı1 adına qeydə alınsa da, cavabdeh həmin evin yerləşdiyi torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindən biridir. İkinci fikrin iddianın təmin edilməsinə hansı əsasla mane olması isə açıqlanmamışdır. 31. Kollegiya bildirir ki, göstərilən iki mövqe mübahisənin həllinə təsiri baxımından bir-biri ilə uzlaşmır. Belə ki, əgər cavabdehin evdən istifadə hüququna xitam verilməsi imkanı torpaq sahəsinin ümumi mülkiyyətçisi olmasına görə istisna edilirsə, bu mövqe daşınmaz əşyaya vahid mülkiyyət prinsipinin tətbiq olunması kimi qəbul edilə bilər. ç) Apellyasiya instansiya məhkəməsində ikinci icraat Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdeh nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddia tələbi üzrə istifadə hüququna xitam verilməsi tələb olunan yaşayış evinin mülkiyyətçilərindən biri də hüquqlarını müdafiə etdiyi Cavabdehdur. Yaşayış sahəsi paylı mülkiyyətdə olduğundan onun da digər mülkiyyətçilr kimi əmlakdan birgə istifadə etmək hüququ vardır. Hazırda ona 3000 manat kompensasiya verilməklə onun mülkiyyət hüququna xitam verilməsi onun mülkiyyət hüququnu pozur. Mübahisənin bu qaydada həll edilməsi düzgün deyildir. Birgə mülkiyyətdə olan əmlakın bölgü qaydasını tələblərinə uyğun olaraq ilk növbədə əmlakın naturada bölgüsü, mümkün olmadıqda kompensasiya təklif olunur və sonra hərraca çıxarılaraq daşınmaz əmlak satılır dəyəri bölünür. Kompensasiya institutu istifadə hüququna kompensasiya verilməklə həmin hüquqa xitam verilməsini nəzərdə tutursa, hazırki iddia mülkiyyət hüququna xitam verilməsi təşkil edir. Yaşayış evinin yerləşdiyi torpaq sahəsi tərəflərə torpaq islahatı zamanı verilmiş, üzərində tikilmiş yaşayış evi Cavabdeh məlumatı olmadan İddiaçı1 adına dövlət qeydiyyatına alınmışdır. Nə qədər ki, cavabdehin torpaq sahəsinə mülkiyyət hüququ var, ona məbləğindən aslı olmayaraq kompensasiya verilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərində qeyd olunur ki, hər bir halda mülkiyyət hüquqlarından birinə istinad olunmalıdır. Hesab edirik ki, nə qədər ki, cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüququ var, hazırki halda idia təmin edilə bilməz.

16. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili X2 dediklərini müdafiə edib, əlavə olaraq bildirdi ki, mübahisəli yaşayış evində qeydiyyatdadır və idiaçı tərəf onu həmin yaşayış evində yaşamasına icazə vermir. 2004-cü ildən rayona baba və nənəsinin yanına yaşamağa getmiş və onlara qulluq göstərmişdir. Hazırda həmin yaşayış evi köhnə olmaqla uçulmuşdur. Sonradan yaşayış evinə qayıtdıqda buna etiraz olunmuşdur. 4 övladı var bütün uşaqlar həmin yaşayış evində qeydiyyatdadırlar.

17. İddiaçı1 vəkili X8 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddaçılar tərəfindən təklif olunan kompensasiya məbləği 3000 manatdan 5000 manatadək artırır. Hazırda mübahisəli torpaq sahəsu İddiaçı1 tam olaraq mülkiyyətindədir. Ona görə də, yaşayış evinə olan hüququnu kompensasiya verilməklə xitam verilməsini xahiş edirik. Qaldı ki, torpaq sahəsi tərəflərin birgə mülkiyyətindədir, cavabdehin də hazırda həmin ərazidə 0,008 hektar torpaq sahəsi var bunu iddiaçı tərəf hazırda mübahisələndirmir. Birgə mülkiyyətdə olan əmlaka hüququn itirilməsi qaydasına riayət olunması qaydası məlumdur, paya oan hüququnun itirilməsi ilə bağlı gələcəkdə zərurət olacaqsa bununla bağlı da məhkəməyə müraciət oluna bilər. hazırda 2020-ci ildən İddiaçı1 adına qeydiyyadan keçmiş yaşayış evinə istifadə hüququnun itirilməsini xahiş edirik. Umumiyyətlə kompensasiya mənzildə yaşayan şəxslərə təklif olunur və həmin yaşayış sahəsindən hüququnun itirilməsi üçün verilir. Hazırda cavabdeh 2004-cü ildən həmin yaşayış evində yaşamır, bununla yanaşı cavabdehin və ailə üzvlərinə məxsus yaşayış evi vardır. Demək cavabdehin həmin evə ehtiyacı yoxdur. Cavabdeh torpağa olan hüququnu müəyyən edə və bununla bağlı çıxarış da ala bilər.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar İddiaçı2, İddiaçı4 və İddiaçı3 səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər.

19. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətindən görünür ki, apellyator Xaçmaz Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(067)-1938/2021 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddia tələbi təmin edilməməlidir.

26. İddia tələbinin mahiyyətindən aydın olur ki, iddiaçıların tələbi kompensasiya institundan istifadə etməklə öz hüquqlarının bərpa edilməsindən, yəni cavabdehə müvafiq kompensasiya ödəməklə onun istifadə hüquqluna xitam verilməsindən ibarətdir.

27. İstər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və iddiaçı tərəf öz əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquq vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, hər bir mülkiyyətçi özünə məxsus olan əmlak üzərində qanunveriliklə müəyyən edilmiş qaydada hüquqlardan istifadə etmək üçün subyektiv hüququn daşıyıcısıdır.

28. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

29. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdu

30. Öyrənilən işin faktiki halları ilə müəyyən edilir ki, sözügedən Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən 16 nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı1 adına qeydə alınmasına baxmayaraq, həmin evin yerləşdiyi torpaq sahəsi birgə mülkiyyət hüququ ilə 5 nəfərə, İddiaçı1, İddiaçı2, İddiaçı4, Cavabdeh və İddiaçı3 məxsusdur.

31. Göründüyü kimi mübahisəsi gedən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı1 adına qeydə alınsa da, cavabdeh həmin evin yerləşdiyi torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindən biridir. Başqa sözlə, hazırki cavabdeh mübahisəli evin yerləşdiyi torpaq sahəsinin həm mülkiyyətçisidir.

32. Kollegiya bildirir ki, qeyd olunan mövqe mübahisənin həllinə təsiri baxımından önəmli olmaqla, kompensasiya institutu ilə uzlaşmır. Yəni, əgər cavabdehin evdən istifadə hüququna xitam verilməsi imkanı torpaq sahəsinin ümumi mülkiyyətçisi olmasına görə istisna edilirsə, bu mövqe daşınmaz əşyaya vahid mülkiyyət prinsipinin tətbiq olunması kimi qəbul edilə bilər.

33. Belə olan halda kollegiyanın mövqeyinə görə cavabdehin torpaq mülkiyyətçilərindən biri olmasına görə iddia istisna olunursa, onda iddiaçının təklif etdiyi kompensasiyanın yetərli olub-olmamasının araşdırılmasına və qiymətləndirilməsinə gərək qalmır.

34. Mülki Məcəllənin 135.4-cü maddəsinə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

35. Mülki Məcəlləyə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.

36. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 4-cü hissəsində təsbit edilmişdir ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Bu isə o deməkdir ki, torpaq sahəsinə mülkiyyət hüququ olan cavabdehin orada olan tikiliyə də gözlənti hüquqları vardır.

37. Baxılan işdə də cavabdehin mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsində digər şəxslər, o cümlədən iddiaçılarla birgə mülkiyyət hüququnun olması, onun həmin torpaqla möhkəm bağlılığı olan (ondan ayrıla bilməyən) əşyaya vahid daşınmaz əşya və vahid mülkiyyət obyektinə də hüququnun olması anlamına gəlir.

38. Beləliklə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda qeyd edilən maddi və prossesual hüquq normalarının tələblərinə cavab vermir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə ilə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(067)-1938/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, X6 və İddiaçı3 Cavabdeh qarşı “kompensasiya verilməklə Cavabdeh Xudat şəhəri, M.F.Axundov küçəsi ünvanında yerləşən 16 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, onların həmin evdən çıxarılması” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə (və vəkil vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar